Ümumdünya subasmasının Naxçıvana meteoroloji və mədəni təsiri

Print Friendly, PDF & Email

Təbiət qüvvələri ilə mübarizəsi nəticəsində cürbəcür miflər və əfsanələr meydana gəlmiş, dinlər və sonra isə müxtəlif fəlsəfi cərəyanlar yaranmışdır. Bir çox əfsanələrin real kökləri olsa da əsrlər boyu insan təxəyyülü onu fantastik bir duruma gətirib çıxarmışdır.

Bu səbəbdən də insan ağlının yaratdığı həmin mif və əfsanələrin real köklərinin olub-olmamasının araşdırılması sivilizasiyanın indiki inkişaf mərhələsində cəmiyyətin qarşısında vacib bir elmi problem kimi durur. Digər tərəfdən Yer üzündə vaxtaşırı baş verən zəlzələlər, tufanlar və subasmalar bu əfsanələrin yaranma səbəblərini araşdırmağı bir daha aktuallaşdırır.
    Min illərlə insan yaddaşında həkk olunmuş, onun təbiət və ilahi qüvvələr qarşısında nə qədər aciz olduğunu göstərən əfsanələrdən biri də Nuhun tufanı haqqında əfsanədir. Elmi ədəbiyyatda bu hadisə ən çox «Ümumdünya subasması» kimi qeyd olunur ki, bu da onun əsasən Bibliya variantına istinad edilməsi ilə bağlıdır. Ümumdünya su basması – Nuhun tufanı haqqında əfsanənin Yer kürəsinin müxtəlif yerlərində müxtəlif xalqlar arasında yayılması, ona müxtəlif dini təlimlərdə real fakt kimi yanaşılması və hətta müasir xalqların Yer üzərində yayılmasının birbaşa bu əfsanə ilə bağlı olduğunun göstərilməsi onun daima elmi ictimaiyyətin diqqət mərkəzində olmasını şərtləndirmişdir. Qeyd edək ki, ümumdünya subasması əfsanəsinin dəhşətli tarixi hadisələrin mifləşdirilməsinin nəticəsində yarandığı fikrini irəli sürən alimlər də vardır (1, s. 78-79). Onların fikrincə Urun III sülalə dövründə yaranan subasma əfsanəsi sonradan Babilistan və Assur ideologiyasında üstünlük təşkil etmişdir. Bu mifologiyaya görə subasma Allahın cəzası və düşmən hücumu mifologiyası ilə bağlıdır. “Akkadın lənəti” mixi yazılı mətnində subasma kimi  kutilərin hücumu-axını nəzərdə tutulur. Bu axın da 7 gün, 7 gecə davam etmişdir. Urun süqutundan sonra subasma ideologiyasında da dəyişikliklər olmuşdur (1,s. 78-79).
    Nuhun tufanı haqqında əfsanənin ən qədim variantı XIX əsrdə arxeoloq Arno Pöbelin nəşr etdiyi Şumer variantıdır. Burada Enki allahı padşah Ziusudranın evinin divarına subasma olacağı haqda xəbər verir. Eyni ilə əfsanənin Babilistan variantında da Ninnihiku-Ea allahı Utnapiştimin daxmasının divarına fəlakət olacağı haqda xəbər verir. Bir çox tədqiqatçılar bu «xəbər vermə» faktının zəif zəlzələ silkələnmələrinin nəticəsi olduğunu qeyd edirlər. Nəhayət, Tövrat və Quran Kərimdə bu fəlakətin Allahın qəzəblənərək insanlara göndərdiyi cəza olduğu göstərilir. Qeyd edək ki, yuxarıda adı çəkilən variantların hamısında fəlakət təqribən oxşar şəkildə təsvir olunur: güclü cənub küləyi ilə müşayiət olunan və ardı-arası kəsilmədən 40 gün 40 gecə davam edən leysan yağışları. Buradan belə nəticəyə gəlmək olur ki, əfsanənin qədim Şumer və Babilistan variantlarında, Tövratda və Quran Kərimdə çox qədimdə baş vermiş bir təbii fəlakət haqqında məlumat verilir. Haqqında son 200 ildə saysız-hesabsız əsərlər yazılsa da Ümumdünya su basmasının tarixi hələ də tam dəqiqləşdirilməmişdir.
    Geoloq, arxeoloq və tarixçi alimlərin ümumi rəyinə əsasən ən dəhşətli ümumdünya subasması e.ə. XII-IX minilliklər arasında baş vermişdir. Lakin Nuhun adı ilə bağlı olan Ümumdünya su basmasının Dəclə və Fərat çayları arasında 5-6 min il bundan əvvəl olduğu da göstərilir (2,s. 19-29). Bu dəhşətli hadisənin baş verdiyi yerdən çox-çox uzaqlarda da yayıldığını, qədim yazılı mənbələrdə və dini kitablarda da öz əksini tapdığını nəzərə alsaq onun tarixinin, harada və hansı miqyasda baş verməsini aydınlaşdırmağın mühüm əhəmiyyətə malik olduğunu görərik. Ehtimal ki, bəhs etdiyimiz Ümumdünya su basması bəşər tarixində yazıya alınan axırıncı ən böyük su basma hadisəsi olmuşdur. Ondan sonra baş vermiş subasmalar miqyasca kiçik olmuş və qədim dünyada geniş rezonans doğura bilməmişdir. Yunan tarixçilərinin b.e.ə. 1550-ci ildə baş verdiyini ehtimal etdikləri Prometeyin oğlu Devkalionla bağlı su basma da lokal təbii fəlakətlərdən hesab oluna bilər.
    Nuhun adı ilə bağlı Ümumdünya subasmasının həqiqətən baş verdiyi geoloqlar və arxeoloqlar tərəfindən artıq elmi tədqiqatlarla sübut olunmuşdur. Lakin hadisənin baş verdiyi (Dəclə və Fərat çayları arası) ərazi ilə əfsanənin yayıldığı ərazi arasında miqyasca olduqca böyük fərqin olmasının da obyektiv səbəbləri vardır.
    1929-cu ildə, qədim Ur şəhərinin qazıntısı zamanı ingilis arxeoloqu Leonard Vulli subasmanın 3,5 m. qalınlığında izlərini aşkar etdikdən sonra Nuhun tufanı haqqında əfsanəyə elmi ictimaiyyətin münasibəti dəyişdi. Lakin L.Vullinin aşkar etdiyi izlər çox qədim mədəni təbəqənin üzərində yerləşdiyindən təbii olaraq subasma hadisəsinin də tarixini qədimləşdirirdi. Sonradan qədim Şuruppak şəhəri ətrafında və Kiş şəhərinin yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qum qarışıq gil qatı e.ə. III minilliyin əvvəllərinə aid mədəni təbəqənin üzərində yerləşirdi. Məhz bu tarix Nuhla bağlı subasmanın tarixinə daha çox uyğun gəlirdi. Beləliklə, Nuhun Ümumdünya subasması hadisəsinin e.ə. 3100-2900-cü illər arasında baş verdiyi daha çox qəbul olunan tarixdir. Lakin, Cənubi Qafqazın bir çox eneolit abidələrində Mesopotamiya mədəniyyətinin güclü təsirinin aşkar olunması və hətta bunun etnik miqrasiya zəminində yarandığını  nəzərə alaraq bu dəhşətli hadisənin  daha da qədimdə, ən azı eneolit dövrünün sonlarında baş verdiyi ehtimalı ilə razılaşmaq olar.
    Bizi ən çox maraqlandıran Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantıdır. Öncə qeyd edək ki, bu variant Avropa alimlərinə hələ də məlum deyil və ona öz tədqiqatlarında istinad etməmişlər və etmirlər. Buna baxmayaraq inamla deyə bilərik ki, Naxçıvan variantının başqa variantlardan üstün cəhətləri çoxdur və bu xüsusilə qeyd olunmalıdır.
    Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantına görə uzun sürən tufan və leysan  yağışları nəticəsində hər tərəfi sel-su basır. Ancaq hündür dağların zirvəsi görünürmüş. Tufan yatandan sonra Nuhun gəmisi dayanmağa yer axtara-axtara hündür bir dağa yaxınlaşır. Sıldırım qayalar, qar, buz dayanmağa imkan vermir. Burada çox əzab-əziyyət çəkdiyindən dağın adı həmin vaxtdan «Ağrı dağı» olaraq qalır. Gəmi Ağrı dağından şərqə tərəf üzüb daha bir dağda dayanmaq istəyir, lakin çox əziyyət çəksə də burada da dayana bilmir və deyir ki, «bu dağ da o dağdan Kəm deyil». O vaxtdan da dağın adı «Kəmki dağı» adlanır. Oradan Nuhun gəmisi daha hündür dağlara tərəf üzür. Bir yerdə gəminin altı suyun altında qalmış dağın zirvəsinə ilişib dayanır. Oradan çətinliklə çıxdıqdan sonra Nuh deyir: «İnan ki, dağdır». Deyilənlərə görə həmin dağ İlanlı dağ olub. Hətta deyirlər ki, İlanlı dağın zirvəsini Nuhun gəmisi iki yerə parçalayıb. Ona görə də el arasında İlanlı dağa həm də «Haça dağ» deyirlər.
    Gəmi ordan uzaqlaşıb hündür dağların ətəyində əlverişli bir yerdə dayanır. Bu zaman suyun səviyyəsi də artıq aşağı düşürmüş. Nuhun gəmisinin dayandığı yer Nəsirvaz kəndinin yaxınlığındakı dağ idi ki, bu dağ o vaxtdan «Gəmi qaya» adlanır. Deyirlər ki, gəminin qalıqları indi də həmin dağda qalır. Gəmi qaya indi elmdə tunc dövrünə aid qaya üstü rəsmləri ilə məşhurdur.
    Gəmi dayandıqdan sonra Nuh peyğəmbər öz uşaqları ilə birlikdə Naxçıvan dağlarının ətəklərində, çay qıraqlarında kəndlər salıb yaşayırlar. İndiki Naxçıvan əhalisi də o vaxtdan burada məskən salmış Nuhun övladlarıdır. Nuh peyğəmbərin ən çox Naxçıvan çayın Arazla qovuşduğu yer xoşuna gəlir. Burada kənd salıb yaşayır. Onun qəbri də Naxçıvandadır («Nuh daban» adlanan yerdə). Nəsirvaz kəndinin adındakı «Nəsir» sözünün əfsanənin Şumer variantındakı «Nisir» dağının adı ilə oxşarlığı da maraq doğurur.
    Əfsanədən göründüyü kimi Naxçıvanda və ona yaxın ərazidə dörd böyük dağın adı Nuh peyğəmbərin adı ilə əlaqələndirilir.
    Bəzi alimlər Nuhun tufanı haqqında əfsanənin müsəlman xalqlar arasında yayılmasının yalnız Qurani Kərimlə bağlı olduğunu göstərirlər. Bəlkə də bir çox müsəlman xalqlara bu əfsanə Qurani Kərim vasitəsilə məlum olmuşdur. Lakin yuxarıda gördüyünüz kimi əfsanənin Naxçıvan variantı Qurani Kərimdə olan variantdan köklü surətdə fərqlənir və dəqiq lokal xüsusiyyətlərə malikdir.
    Min illərlə Naxçıvanın qədim qəbilələrinin yaddaşında qorunub saxlanan bu əfsanənin nə vaxt və necə yarandığı olduqca maraqlıdır. Ümumiyyətlə, Ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında (Mesopotamiyada) baş verdiyini artıq bilirik. Onda bəs sual oluna bilər, əfsanənin Arazboyu ərazi ilə, xüsusən, Naxçıvan bölgəsi ilə nə əlaqəsi? Əgər xəritəyə nəzər salsanız Dəclə və Fərat çaylarının coğrafi cəhətdən Araz çayından o qədər də uzaqda olmadığını görərsiniz. Başqa sözlə əfsanədə göstərilən təbii fəlakətin Naxçıvanla birbaşa əlaqəsi də ola bilərdi. Diqqət etsəniz əfsanənin Naxçıvan variantında təbii fəlakət «subasma» yox «tufan» adlanır. Bizim fikrimizcə Nuhun tufanı baş verən vaxt təkcə Mesopotamiyada deyil, qonşu regionlarda da, xüsusən dağlıq ərazilərdə güclü metereoloji dəyişikliklər baş vermişdir. Naxçıvan ərazisində dağıdıcı küləklə (tufan) müşayiət olunan leysan yağışları yağmışdır. Buna səbəb isə fars körfəzində dənizin dibində zəlzələ ilə müşayiət olunan vulkan püskürməsi nəticəsində çoxlu su buxarlanması və güclü küləklər olmuşdur. Ehtimal ki, güclü küləklər nəticəsində Zaqros dağlarının cənubundan keçən buludlar Kiçik Qafqazın Zəngəzur və Qaradağ silsilələri rayonunda uzun sürən dəhşətli yağışlar törətmişdir. Ağlagəlməz sellər olmuşdur. Bu sellərin izlərini Naxçıvan ərazisində, Zəngəzur silsiləsinin cənub ətəklərində indi də açıq – aşkar müəyyən etmək olur. Deməli, Nuhun tufanı adlandırdığımız təbii fəlakət Naxçıvan ərazisinə də təsir etmişdir. Qədim insanların yaddaşında silinməyən izlər buraxmış bu hadisə əfsanənin Naxçıvan variantının yaranmasına səbəb olmuşdur.
    İkincisi, Mesopotamiyada (Dəclə və Fərat çayları arasında) baş verən təbii fəlakət nəticəsində dəhşətə gələn əhalinin bir hissəsi ordan uzaqlaşıb başqa yerlərdə məskən sala bilərdi. Təbii ki, dəniz tərəfdən gələn fəlakətdən qaçan insanlar dağlara pənah gətirmiş, Kiçik Asiyanın şimal-şərq hissələrinə və Cənubi Qafqaz ərazilərinə miqrasiya etmişlər (4,s. 154). Ehtimal ki, həmin vaxt Naxçıvan ərazisinə köçüb məskən salanlar da olmuşdur. Beləliklə, Nuhun tufanı haqqında əfsanə Naxçıvanda bu yolla da yarana bilərdi. Tunc dövründə Naxçıvan ərazisinin qədim sivilizasiya mərkəzləri ilə əlaqəsi məlumdur. Azərbaycan MEA müxbir üzvü V.Əliyevin ehtimalına görə artıq tunc dövründə Naxçıvan ərazisində şəhərlər mövcud idi. Bəlkə də qədim dünyanın mədəni mərkəzlərindən kənarda yerləşən Naxçıvan ərazisində şəhərlərin meydana gəlməsinin səbəblərindən biri də Nuhun tufanı vaxtı Mesopotamiyadan əhalinin bir qisminin buraya miqrasiyası olmuşdur. Mesopotamiyanın mədəni təsiri Naxçıvanın İlk və Orta Tunc dövrü abidələrində, xüsusən də keramika və bəzəklərdə daha aydın izlənilir (4,s. 3; 5,s. 9,187,190; 6,s. 86-93).
    Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantından danışarkən bir məsələni xüsusilə qeyd etmək lazımdır. Əsrlərlə Naxçıvan türklərinin yaddaşında qorunub-saxlanmış bu əfsanə son orta əsrlərdə ermənilər arasında da yayılmış və beləliklə əfsanənin «erməni variantı» meydana çıxmışdır. Öncə qeyd edək ki, erməni variantında Naxçıvan variantının yalnız dörddən bir hissəsi öz əksini tapmışdır. Nuhun tufanı haqqında əfsanənin erməni variantında gəmi Ararat (Ağrı) dağında dayandıqdan sonra Nuh peyğəmbər Naxçıvanı özünə yaşayış məskəni etmişdir. Naxçıvan adı da o zamandan yaranmışdır. Guya Nax-ilk, içevan-dayanacaq mənasındadır.. Bu haqda «Yepiskop Sebeosun tarixini» tərcümə etmiş (İrəvan, 1939) Malxasyantsın qeydini olduğu kimi veririk: «…Naxçevan ili Naxçavan – qlavnıy qorod kantona toqo-je imeni Vaspurakanskoy provinüii na reke Araks. Slovo Naxçavan po sostavu oznaçaet mesteçko Naxç-a (ili Naxuça, Naxiça) kak Ervandavan, Vaqarşavan i pr. No v XVIII v. armənskie qramotei eqo istolkovali inaçe: Naxiçevan – pervaə stoənka, v svəzi s predaniem, budto Noev Kovçeq ostonovilsə na qore Ararat i Noy, soydə s qorı, tut, na meste gtoqo qoroda stroil svoö pervuö stoənku. Na osnovanii gtoy naivnoy gtimoloqizaüii s tex por nazvanie gtoqo qoroda stali pisatğ Naxiçevanğ» (7. prim. 90).
    «Naxçevan yaxud Naxçavan Vaspurakan (ərəb mənbələrində Basfurracan adlanır – B.İ.) əyalətinin Araz çayı sahilində eyni adlı kantonunun baş şəhəridir. Naxçavan sözü tərkibinə görə «Naxça yeri» (yaxud Naxıça, Naxuça) deməkdir. Ervandavan, Vaqarşavan və s. olduğu kimi. Lakin XVIII əsrdə erməni savadlıları onu başqa cür izah edirdilər: Naxiçevan – ilk dayanacaq. Rəvayətə görə Nuhun gəmisi Ararat (Ağrı – B.İ.) dağında dayanmış, dağdan enən Nuh bu yeri özünə ilk dayanacaq yeri etmişdir. Bu bayağı etimologiya əsasında da şəhərin adı o vaxtdan Naxiçevan kimi yazılır». Gördüyünüz kimi şərhə ehtiyac yoxdur. Təəssüf ki, bir çox rusdilli nəşrlərdə şəhərin adı hələ də təhrif olunmuş şəkildə yazılır.
    Nuhun tufanı haqqında əfsanənin erməni variantının necə yaranması haqqında İ.Şopenin də fikri maraqlıdır («İstoriçeskiy pamətnik sostoəniə Armənskoy oblasti v gpoxu   prisoedineniə k Rossiyskoy imperii»  S.P. – 1852 q.).
     O, qədim yəhudi tarixçisi İosif Flafiyə ( 37-100 illər) əsaslanaraq Naxçıvan şəhərinin Nuhla bağlı olduğunu yazır. İ.Şopen eyni zamanda Nuhun qəbrinin Naxçıvanda olması faktının ilk dəfə erməni coğrafiyaşünası Vartan tərəfindən qeyd olunduğunu göstərir. O qeyd edir ki, Naxçıvanda təkcə Nuhun deyil, onun bacısının da qəbri vardır. Lakin müəllif özü-özünə belə bir sual verir ki, qəribədir, nəyə görə Vartana qədər olan erməni müəllifləri, xüsusən də «erməni tarixinin atası» sayılan Moisey Xorenatsi bu haqda bir kəlmə də yazmamışdır? İ.Şopenin fikrincə Nuh əfsanəsi ermənilərə midiyalılardan keçmişdir. Guya həmin midiyalılar I Tiqran (e.ə. 565-520 illər) tərəfindən Astiaqın ölümündən sonra onun ailəsi ilə birlikdə əsir götürülən midiyalılar idilər ki, onlar da indiki Naxçıvan ərazisinə köçürülmüşlər. Naxçıvan ərazisində midiyalıların yaşadığını və ermənilərin Nuhun tufanı haqqında əfsanəni onlardan götürdüyünü ehtimal etmək olar. Yalnız həmin midiyalıların I Tiqran tərəfindən buraya köçürüldüyü inanılmazdır. Ona görə ki, Moisey Xorenatsidən başqa heç bir tarixi mənbədə bu haqda məlumat yoxdur. Digər tərəfdən XVII və XIX əsrlərdə Naxçıvan ərazisinə köçürülən ermənilər də sadəcə olaraq yerli əhalidən əfsanəni eşidib özününküləşdirə bilərdilər. Təkcə əfsanə və eposlarımız deyil mənəvi mədəniyyətimizin bir çox nailiyyətləri qonşularımız tərəfindən mənimsənilmişdir. Hələ də torpaqlarımızdan gözlərini çəkməyən bir sıra elmə yabançı ünsürlər Nuhun tufanı haqqında əfsanədən öz çirkliməqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar hətta xristian din xadimlərinin və dinə meyilli iş adamlarının Naxçıvana vaxtaşırı yürüşünü təşkil etməyə, Gəmi qayada Nuhun heykəlini qoymaqla buranı ibadətgah edib onların buraya mütəmadi səfərlərini planlaşdırmağa cəhd göstərmişdilər. Yaxşı ki, milli ruhlu ziyalılarımızın, Muxtar Respublika rəhbərliyinin və müvafiq dövlət orqanlarının səyi nəticəsində bu gülünc və eyni zamanda təhlükəli plan baş tutmadı. Biz alimlərin borcu «Nuhun tufanı haqqında əfsanənin» real tarixi köklərinin olub olmamasını bir daha araşdırmalı, xalqımızın mənəvi sərvətlərinin başqaları tərəfindən mənimsənilməsinə və ya elmə yabançı adamlar tərəfindən ucuz şouya çevrilməsinə imkan verməməliyik.

 

Bəhlul İbrahimli,
    Tarix elmləri namizədi,
           AMEA-nın Arxeologiya və
         Etnoqrafiya institutunun aparıcı elmi işçisi

 

“Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından
Bakı, Nərgiz nəşriyyatı, 2012, səh.183-190

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.