“Kitablardan pıçıltılar”

Print Friendly, PDF & Email

 Qəlbimin döyündüyü, fikrimin ümman olduğu yerdən yazıram!!!

                                  “Kitablardan pıçıltılar”

 Üzümüzə açılan günəşli gündüzlər, üzümüzə qapanan zifri qaranlıqlar.  Hər gecə sivilizasiyanın məhşərə danışdığı ölümsüz kitablar və hər səhər yeni ümidlərlə nəfəsi qoxan şəhər…Mən bu şəhərin aşiqi, mən bu kitabxanaların və kitabların vurğunuyam.

 Yalqızlığın zamanda gecələdiyi pandemi dönəmlərinə getdi xəyalım. Onlarla könüllü onlayn kitab müzakiərəsinə qoşulur, həyatın sabaha hamilə olmadığı bir dönəmdə oxucular böyük ümidlə zamansız və məkansız olaraq “kitablardan pıçıltılar”ı gözləyirdilər. Bizim oxucularla dostluğumuz və sevgimiz elə o zamandan başladı. Könüllü könüllülər səfərbər oldu kitabxanaya. Könüllər, Aytəkinlər, Bəyimlər, Ömərlər, Ruslanlar, Aminələr, Gülçinlər, Çiçək,  əkərək becərdilər Gülsevərləri, Heydərləri, Hikmətləri, Samirələri, Fatimələri. Göz oldular Aliyələr, Aysunlar, Ayşənlər, Aytaclar, Ceyranlar, Cəfərlər, Qulaq verdilər haqqın səsisnə Fövqiyyələr, Yaşarlar, Gülarələr, Gülnarlar, Jalələr. Elə bu an  Fidan oldu bağrında Gülsümlər Məhəmmədlər, Nazirlər, Nilgünlər, Leylalar, Billürlar, Nurcanlar, Nurtənlər, Seymurlar. Sevinc oldu Songüllər, Zeynəblər və bir çox adsız qəhrəmanlar. Bəzən saatlarca ilişib qalmaqdı səhər saat doqquza, axşam saat onbirə və hər gün yuxudan durarkən saralmış səhifələri oxuyub doymamaqdı kitab sevgisi. Sonra..sonra dərsdən əvvəl və sonra kitabxanalarda kitablarla söhbət etmək. Ümidlər daha çox kitab şəkilində ortaya  çıxır. Fransa, sirri, səthin ölçülərində axtaran kubist Pikassonu yetişdirəndə, İngiltərə həmin sirri səthləri yaradan atomların daxilində axtaran Ceyms Çedviki yetişdirdi. onun neytronu kəşf etməsi XX əsrdə ilk dəfə nüvə enerjisindən istifadəyə yol açdı. Artıq möcüzə yaratmaq qüdrəti sənətin, dinin deyil, elmin əlində idi. Bu da əsərlərin deyil müəlliflərin təkammülə uğramasına işarə edirdi. “Pikassonun uğuru və uğursuzluğu” kitabında Con Bercer Əndəlüslü rəssamın şöhrətini fransız və ingilis həmkarları Jan Fransua Mille və Con Everet Millenin, yaxud Çarlı Çaplinin kinodakı şöhrəti ilə müqayisə edərək qeyd edir ki, Pikassodan fərqli olaraq bu sənət adamlarını bütün dünyada əsərləri ilə tanıyırdılar, amma həmin dünyada Pikasso adını əzbər bilənlərin arasında onun hər hansı əsərinin adını xatırlayan yüz nəfərdən biri olar, ya olmazdı.

 Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, bir neçə il əvvəl yanıb kül olan Notr-Dam Kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar. Ona görə yox ki, məşhur Hüqonun “Paris Notr-Dam kilsəsi” adlı əsəri var, ona görə ki, hələ XIX əsrin əvvəllərində Paris Şəhərsalma İdarəsinin məmurları uçub-dağılmış viranə görünüşü ilə “Parisin gözəlliyi”nə xələl gətirdiyi üçün bu kilsəni sökməyə qərar vermişdilər. Xəbəri qəzetdən oxuyan Hüqo bu müqəddəs abidəni qorumaqdan ötrü altı ay ərzində məşhur “Paris Notr-Dam kilsəsi” romanını yazdı və romanda baş verən hadisələr; biri bakir öləcəyinə tanrı qarşısında söz versə də, qadın gözəlliyi qarşısında şəhvət hissinə əsir olan keşiş Klod Frollo, digəri, bəlkə də, dünyanın ən eybəcər adamı, qozbel kilsə zəngçisi olan Kvazimodo ilə kilsəyə sığınmış qaraçı qızı Esmeralda arasında yaranan “məhəbbət üçbucağı” parisliləri elə heyran qoydu ki, romanın nəşrindən sonra kilsənin qədim şöhrəti, “uçub-dağılmış” müqəddəsliyi sanki bir anda yenidən özünə qayıtdı.

 Xalqın kilsəyə “yenidən doğulan” sevgisini görən məmurlar tarixi binanı sökməyə cəsarət etmədilər; çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı.

Realist yazıçı Mirzə Fətəli Axundov belə bir psixi ideya irəli sürürdü: “Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”. İnsanları birləşdirən məkan və zaman  yox duyğular və hissetdikləridi. Deməli eyni duyuğuları yaşayanlar eyni məkanda öz hisslərini bölüşür, özlərini laiq olduğu yerdə tamamlayır.

Kitab deyərkən ilk növbədə hər birimizin ağlına bədii ədəbiyyat gəlir. İnsanın insan kimi formalaşıb şəxsiyyət kimi yetişməsində və müstəqil fikrə sahib olmasında oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır. Əslində onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünki düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara   səbəbə oxuduğumuz kitablardır. kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir.

          Yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. Lakin ətrafımızda ömründə, bəlkə də, bircə kitab da oxumayan xoşbəxt insanlar var. Çünki bəzən bilgisizlik ən böyük xoşbəxtlikdir. Məncə, insan daha çox öyrəndikcə narahatlığı və əzabları artır. Xəyal gücünün sərhədsizliyi qaçışı olmayan real dünyanı daha darıxdırıcı, daha da maraqsız edir. Düşünürəm ki “kitab adam”lar bədbəxtlikləri naminə olsa belə heç biri kitabsız dünyanı arzulamaz.

          Hər bir oxucunun öz kitab dünyası ilə bağlı saysız-hesabsız xatirəsi, arzusu var. Eko və Karyerin “Kitablardan qurtula biləcəyinizi sanmayın” kitabında deyilir: “Kitab eynilə qaşıq, çəkic, təkər və ya qayçı kimidir. Bir dəfə icad etdikdən sonra daha yaxşısını düzəldə bilməzsiniz.” Yaşadığımız zaman kəsiyində İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı bizə kağız kitabların alternativlərini təqdim edir ki, onların da üstünlüklərini danmaq olmaz. Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaqdır. ictimai nəqliyyatda kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən pdf-ni endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə, insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var – vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunun qırıq-tökük xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq.

 Məşhur Türk yazıçısı Orhan Pamukun “Yeni həyat” romanı bu cümlə ilə başlayır. “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”. Mənə elə gəlir ki, həyatımızı təkcə bir kitab yox, gözlənilməz bir dialoq, ani bir qarşılaşma  da dəyişə bilər. Bəlkə, kitaba mistik dəyər qazandıran səbəblərdən biri də budur. Karlos Mariya Domingez “Kağız ev” povestində yazır ki, Hessenin “Demian” əsəri sayəsində minlərlə gənc hinduizmə tapındı, Heminquey onları idmançılara çevirdi. Düma minlərlə qadının həyatını alt-üst etdi və həmin qadınları kulinariya kitabları xilas etdi.

 Evimizdəki əşyalar sıradan çıxır, köhnəlir və dəyərsizləşir ancaq kitablar sahibi istəmərsə cırılmaz, yandırılmaz və toxunduğu hər yerdə iz buraxar. Argentinada diktatura dövründə bir çoxları kitabları unitazlarda, vannada yandırır, topladıqlarını isə gizlin yerlərdə məhv edirdilər. O zamanlar kitablar adamların üzünə durur, ürək aynasında çata dönürdü. Kitablara bəşəriyyətin münasibəti hərzaman ziddiyyətlərlə dolub-daşıb. Hegel fəlsəfəsi bizə öyrədib ki, təbiətdə hər şey öz ziddi ilə mövcuddur. Həyat davam etdikcə hər şey öz ziddi ilə mövcud olmaqda davam edəcək. Xeyirlə şərin mübarizəsi kimi. Makedoniyalı İskəndər Əhəməni imperiyasına hücum edərkən minlərlə kitabın saxlanıldığı, arasında “Avesta”nın da olduğu kitabxananı yandırdı. Yuli Sezarın hücumu nəticəsində İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə görə, kitabxanada 700 min kitab var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən “Cinsi münasibətlərin araşdırılma institutu”nun kitabxanasını, arxivini yandırdı. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin “Bilgi məbədi” Ərəb baharı zamanında atılan Molotov kokteyllərinə görə yandı. Tarixdə bir çox hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib.

Amerikan yazıçısı Donald Bartelmin də dediyi kimi:  “Sənət ona görə çətin deyil ki, çətin olmağa çalışır, ona görə çətindir ki, (incə) sənət olmağa can atır.  Son nəfəs qədər incəlir, içi büsbütün həsrət, qüssə və dərdlə dolu nəfəs qədər”.

Qışda çantamızda yayda bağrımızın başında daşıdığımız kitablara əyilərək qalxa bilərik laiq olduğumuz yerə. Kitabların içində yaşamaq qəribə hisdir, səni heç zaman tərk etmir. Kitab olan adamlar da var, tək-tük. Hərdən öz-özünə açılır, örtülür, hərdən də başını dik tutub gəzdiyi yerdə içindən yıxılır və durmur.

 Gəlin ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə bu mavi məbəddə Allaha çatdıraraq “kitab adam” olaq. Bizi-bizə oxuyan kitablara əyilərək ucalmaq varkən niyə ucalaraq məğrurlaşaq? Gəlin bizim olana nəfəs olaq, can olaq. Ramiz Rövşənə hər gün yeni bir “nəfəs”, İlqar Fəhmiyə hər gecə “misra-misra” elegiya, Mir Şahinə “Heç nə haqqında hər şey” olaq. “Ovod”a – ümid, “Sevil”ə – azadlıq, “Dumanlı Təbriz”ə – Günəş olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq onlar desin..bizi oxu..bizi oxu!!!

 

                             NDU Elmi Kitabxanasının direktoru: Fariz Əhmədov

                              

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.