Kərim Məmmədov – Türk xalqlarının pedaqoji fikir tarixindən seçmələr

Print Friendly, PDF & Email

Tədris vəsaitində türk xalqlarının ortaq pedaqoji fikrini formalaşdıran görkəmli filosof-pedaqoqların əsərləri orijinaldan araşdırılmış, həmin əsərlərdən nümunələr verilmiş, onların həm fəlsəfi, həm də pedaqoji baxımdan təhlilləri aparılmışdır.

Tədris vəsaiti ali məktəb tələbələri, müəllimləri və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulmuşdur.

GİRİŞ

 Türk xalqlarının zəngin tarixi, mədəniyyəti olduğu kimi, zəngin pedaqoji fikir tarixi də mövcuddur. İslamdan əvvəl və islamı qəbul etdikdən sonrakı dövrlərə nəzər salsaq türk tayfalarının şərəfli bir mədəniyyətə sahib olduqlarını görmək mümkündür. Bu xalqlar Anadolu yarımadasından tutmuş, Sibir, Uzaq Şərq, Orta Asiya, Avropanın bir çox ərazilərində məskunlaşaraq öz milli mədəniyyəti, elm və təhsili ilə digər xalqlara nümunə olmuşdur. Bu xalqların qazandığı zəngin mədəni sərvətləri qorumaq bütün türk dünyasının mənəvi borcudur.

Fərəhli haldır ki, ötən əsrin əvvəllərindən başlayaraq, bu günümüzə qədər belə mənəvi sərvətlərimizin tədqiq edilməsinə Türkiyə Respublikası, Azərbaycan, Qazaxıstan və Orta Asiya türkləri xüsusi əhəmiyyət vermiş, pedaqoji fikir tarixinə dair bir sıra sanballı əsərlər ərsəyə gətirmişlər. Belə tədqiqatlar sırasında Türki­yə­nin tanınmış alimləri Yəhya Akyüzün (“Türk egitim tarixi” əsəri), Ayişə Sidiqə Oq­tayın (“Xınalızadə Əli əfəndi və onun “Əxlaqi-Əlayi” əsəri), Azər­bay­canda Əhməd Seyidov, Fikrət Seyidov, Hüseyn Əhmədov, Yusif Talıbov, Fərrux Rüs­təmov, Əjdər Ağayev və s. əsərlərinin adını çəkmək olar.

Oxuculara təqdim edilən bu tədris vəsaitində əsas məqsədimiz türk dün­ya­sının yüzlərlə pedaqoq, maarifpərvərlərinin pedaqoji görüşlərini araşdıran müəl­lif­lərin toxunmadıqları problemləri araşdıraraq, gələcək nəslə ötürməkdən ibarətdir.

Araşdırdığımız materialların müəlliflərinin pedaqoji fikir və ideyalarının doğruluğunu mənbələrə istinad etməklə göstərməyə çalışmışıq. Tədqiqata cəlb edilən əsərlərdəki pedaqoji problemlərə – tərbiyə işinin metodikası problemlərinə daha çox yer ayrılmışdır.

Qazaxıstan və Orta Asiya respublikalarından lazımi materialların əldə olun­ma­sına səy göstərsək də, buna nail ola bilmədiyimiz üçün yalnız Türkiyə və Azər­baycan pedaqoji ədəbiyyatında pedaqogika tarixinə aid toxunulmayan problemlərin şərh edilməsinə çalışmışıq.

Türk xalqlarının pedaqoji fikir tarixinə dair daha geniş məlumatları əldə et­mək üçün yuxarıda adları çəkilən müəlliflərin əsərlərinə müraciət etməyi məs­ləhət görürük.

Əli Xınalızadənin “Əxlaqi-Əlayi” əsərindəki pedaqoji problemləri araş­dı­rarkən doktor, professor Ayişə Sidiqə Oqtayın adı çəkilən əsərindən geniş istifadə olunmuşdur. Bunun üçün müəllifə dərin təşəkkürümüzü bildiririk.

Dərs vəsaitindəki çatışmazlıqlara görə təklif və tövsiyələr söylənilərsə, əv­vəl­cədən müəlliflərə öz təşəkkürümüzü bildiririk.

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.