Naxçıvanda toy mərasimi

Print Friendly, PDF & Email

Çimnaz Əzizqızının Nənəmdən – Nəvəmə kitabından.

Vəd etdiyimiz kimi Çimnaz Əzizqızının “Nənəmdən Nəvəmə” kitabından hissələri dərc etməyə başlayırıq.

   Hazırda sizə təqdim olunan “Naxçıvanda toy mərasimi” məqaləsi “Nənəmdən Nəvəmə” kitabının 13 – 32 səhifələrində dərc olunmuşdur.

   Mövzunu davam etdirməyə çalışacağıq:

–  Maraqlananlar aşağıda kitabın mündəricatı ilə tanış ola bilərlər

–  Müəlliflə əlaqə yaratmaq istəyənlər də bizə müraciət edə bilərlər.

 

“AqRa” EİDİB.

 

NAXÇIVANDA TOY MƏRASİMİ

Eldən-elə, dildən-dilə müdrik qocalarımız nənə-babalarımız vasitəsi ilə yayılan və yaddaşlarda yaşayan yörəsəl adət və ənənələr, folklor nümunələri zaman-zaman unudulur, təhriflərə və dəyişikliklərə uğrayır.
Bu cür yörəsəl adət-ənənələrdən olan toyların keçirilmə qayda-qanunlarında da dəyişikliklər baş verməkdədir. İndi az-az ailə tapılar ki, 50-60-cı illərdə olduğu kimi nübar xonçaları, xına gecəsi, gəlin hamamı, paltarbiçdi ilə toy eləsin və ya milli bayramlarımızın hər birinin özünəməxsus qayda-qanunu ilə xonça aparsın. Yəni vaxt, zaman keçdikcə bu ənənələrin böyük qismi unudulur.
Yeni yaradılmış şadlıq sarayları və restoranlarda keçirilən toy məclislərində keçmiş qayda-qanunları unudulmaqla yanaşı, bəzən yeniləri də əlavə olunur. Məsələn, indi bəy-gəlin birlikdə toy tortunu kəsərək qaşıqla bir-birilərinə uzadırlar, və ya bir-birilərinin əlindən şampan şərabı içirlər, hansı ki, bu ənənə heç zaman bizim toylarda olmayıb.
1940-cı ildən sonra Naxçıvanda keçirilən toy adət-ənənəsi yaddaşlardan silinməsin deyə yaşlı nəslin nümayəndələrindən eşitdiklərimi, gördüklərimi qələmə aldım və oxuculara çatdırmağı lazım bildim.
Naxçıvanda toy adət-ənənəsi, əsasən yerində qalmaqla, bəzi detallar istər-istəməz zaman-zaman dəyişir. Məsələn, əvvəllər gəlini atla, dəvə ilə, faytonla, hətta piyada aparırdılarsa, indi avtomobildə aparırlar. Və ya əvvəllər gəlinin paltarı mütləq qırmızı rəngli idisə, indi ağ rəngli gəlin paltarı geyinirlər və s.
Mən anam Şəfiqə xanımın mənə danışdığı və onun gəlinlik dövrünü əhatə edən, qismən də öz gözlərimlə gördüyüm Naxçıvan toylarından yazacağam.
Nənəmin və anamın dövründə Naxçıvanda küçə adları olmayıb, o zaman məhəllə adları olub, indi də xalqın yaddaşında həmin adlar yaşayır. Məsələn, Naxçıvanda igid, mərd, dəliqanlıları ilə məhşur olan Şahab (həmin küçədən böyük bir bulaq axırdı. Şah elə şah, ab isə su deməkdir), Sarvanlar, Əlixan, Gomayıl, Xıncov, Çuxur məhlə və s. kimi.
Qız bəyənmə. O zamana görə qızları əsasən oğlanın anası, bacısı hamamda, çeşmə başında görüb bəyənərdilər. Bəzən də qızı gözəl əl qabiliyyətinə görə, qanacaq-mərifətinə görə seçərdilər. Lakin bu o demək deyil ki, oğlanların öz seçimi olmazmış. Qohum-qonşu uşaqları ilə kiçik yaşlarından bir yerdə böyüyən və həddi-buluğa çatdıqdan sonra ayrılan oğlanlar sonradan həmin qızları sevib evlənirmişlər.
Kiçik elçilik. Bu üsulların hansı biri olursa-olsun, oğlanın anası, nənəsi, xalası və s. yığışıb, qız evinə gedər, əvvəlcə havadan-sudan söhbət edər, yavaş-yavaş mətləb üstünə gələrdilər. Qadınlar yalnız gəlmələrinin səbəbini söyləyərdilər ki, buna da «ağız aramaq» deyilir. Şübhəsiz ki, qız adamı hələ ki, fikrini demir, evin kişiləri ilə məsləhətləşəcəklərini bildirirdilər. Əgər razılıq olarsa oğlan evinə xəbər çatdırardılar.
Oğlan adamı öz evlərinə qayıdanda bir nəfər ehtiyatla əyilib yerdən bir daş götürər və niyyət edib öz evlərində bir yerə qoyardılar. Əgər bu arada işləri yaxşı gətirsə, yaxın qohumlardan ölən-itən olmasa, qızın ayağı sayalı sayılardı. Əksi olsa, fikirlərini elə oradaca dəyişərdilər.
Böyük elçilik. Qız evinin razılıq xəbərindən sonra, ikinci dəfə ağsaqqal və ağbirçəklər elçi gedərdilər. Bu elçilik işinə çox həssaslıqla yanaşardılar, çünki, necə deyərlər, qız qapısı – xan qapısı hesab edildiyindən qız evinin bəzi şıltaqlıqlarına dözərdilər.
Elçilik razılıqla bitərsə, ortalığa şirin çay gələrdi. Sözü gedən qızın «hə»si verildisə, ətrafa səs yayılırdı ki, filankəsin qızının şirnisi içilib.
Naxçıvanda adətən qızı uzun müddətə nişanlı saxlamazlar. Deyərlər ki, qalan işə şeytanın barmağı qarışar. Odur ki, məsələni tezləşdirərlər.
Bəlgə. Naxçıvanda nişandan (böyük nişan) başqa bir «bəlgə» aparmaq da var. Çox az-az təsadüf edilsə də, bu da bəzən olur. Bəlgəni o zaman aparırlar ki, qızın «hə»-si verilir, lakin oğlan ya uzaq səfərdə olur, ya hansısa hüzür düşdüyündən tezliklə toy etmək olmur. O zaman qız evinə nişan üzüyü (buna xatircəmlik üzüyü də deyilir), bir yaylıq və şirniyyat aparılır.

Nişanlılıq. Qızı əgər bir müddətliyə nişanlı saxlayırdılarsa, bu müddətdə qarşıdan gələn Novruz, Qurban, Ramazan bayramlarında qız evinə tabax gedərdi. Qurbanda hökmən bəzəkli bir qoç, qıza hədiyyə və müxtəlif şirniyyat və meyvələr göndərilirdi. Novruzda isə əsasən
paxlava, şərəkbura, bayram çöçəsi, qoz, fındıq, badam, şirniyyat, meyvə və quru meyvəyə üstünlük verilirdi. Naxçıvanda nişanlı qızlara yeni çıxan meyvələrdən «nübar» apararlar. Yəni nişanlı qızlar toya qədər daim diqqət mərkəzində olurlar.

Əgər nişanlılıq müddəti qış aylarına düşərsə, dekabrın 22-də qız evinə xonçada çillə qarpızı və müxtəlif şirniyyatlar aparılır.
Ramazanda qızın yaşlı nənəsi və babası varsa, onlara da hədiyyə qoyulmaqla meyvə və şirniyyat tabaqları tutulurdu. Bu bayramlar silsiləsinə Xıdır Nəbi də daxildir. Toy, nişan keçirmək üçün oğlan evi qız evinə xərc verərdi. Bura başına xına çəkilmiş, buynuzuna qırmızı bağlanmış qoyun (bir neçəsi də olur), yağ, düyü, un, qənd, çay və s. daxildir.
Nişanda gəlinə gətirilən qızıllar xüsusilə qeyd olunardı. Onlar əsasən boyunbağı qismində çəçik, qarabatdax, sərmə, hel, ayulduz sırğa, nacağı və ya qaşlı sırğa, qolbaq və ya üzükdən ibarət olur. Çəçik üç-dörd cərgə düzülmüş boğazdan sinəyə qədər pullu boyunbağıdır. Bunun lap böyüklərinə silsilə deyilir. Qarbatdax – qızıl və incə muncuqlardan düzülmüş boyunbağıdır. Sərmə – damcı şəklində hazırlanmış, içərisi nəbati naxışlarla işlənilir. Hel – dairəvi və oval şəkillərində olan qızıl boyunbağıdır. Naxçıvana məxsus bir qızıl əşya növü də boğazaltıdır. Boğazaltı adından göründüyü kimi, boğaz altından başa qədər müəyyən uzunluqda olur. Başlıqları qızıldan çəngəl hazırlayırlar. Təmiz piltə qızılın biri digərinə halqalarla bərkidilir. Ortası firuzə və yaqutla bəzədilir ki, bu növünə işkəbel boğazlatı deyilir. Əsasən baş yaylığının düşməməsi üçün istifadə olunan boğazaltı eyni zamanda çənəaltı buxağı da çəkərək çox sallanmağa qoymur. İmkanlı ailələr sadalanan qızılların hamısını imkansızlar isə, heç olmasa, bir üzük, bir boyunbağı, bir cüt də sırğa apararlar.

Toya qədər qız anası qızının yorğan-döşəyini hazırlamalıdır. Yorğan-döşək salma mərasiminə oğlanın yaxın qohumları, anası, bacısı, bibisi gəlib döşək üstünə pul və şirinlik atarlar. Bunlar yorğan-döşək salana çatar. Toya qədər görüləcək işlərdən biri də çörək yapmaqdır. Naxçıvanda təndir yeraltı olur. Toy çörəyini yapmaq üçün xüsusi çörək yapan və köməkçilər dəvət olunur ki, buna da mədədçi deyilir. Həm oğlan evi, həm də qız evi toy üçün lavaş yapırlar. Yaxın qohumlar hər iki evə “çörək üstü”nə gedirlər və hədiyyə pul
bağışlayırlar. Bunlar isə çörək yapana və mədədçilərə qalır. Naxçıvanda çörək bişirilən, təndir olan yerə təndirəsər deyirlər.
Danışıq. Üçüncü dəfə ən yaxın adamlardan 3-4 nəfər gedib toyun vaxtını müəyyənləşdirərdilər. Qəti qərardan sonra oğlanın anası gəlini üçün illərdən bəri yığıb saxladığı əşyalara bir daha göz gəzdirər, çatışmayanları alar, son hazırlıqlar bitdikdən sonra yaxın qadınlardan birini çağırıb toyun, paltarbiçdinin, gəlin hamamının və duvaqqapmanın vaxtını deyər və dəvət olunacaq qonum-qonşunun adını bir-bir söyləyərdi. Dəvətliləri çağıran qadına «nəvə» deyilir.
Nəvə toya dəvət edilmiş hər kəsin bir-bir qapısını döyər və məsəl üçün, belə deyərdi: – Ay Fatma, Səkinə sizi ailənlə birlikdə oğlunun toyuna çağırır. Həftənin cümə axşamı paltarbiçməyə, cümə günü gəlin hamamına, şənbə günü xına gecəsinə, toya və duvağa gəlin. Evin kişisi yalnız toyda iştirak etsə də, qadınlar qalan mərasimlərin hamısına gedirlər. Nəvəyə isə hamı mütləq şirinlik bir şey bağışlayardı.
Toyun paltarbiçdisi. Paltarbiçdi böyük nişanla birlikdə olur. Oğlan evi qız üçün nə alıbsa hamısını (ayaqqabıdan başqa, ayaqqabı darlıq hesab edildiyindən əvvəlcədən gətirməzlər) gətirir.

Qız evi yemək-içmək hazırlayır, yeyib-içəndən sonra oğlanın anasının göstərişiylə bir nəfər qadın qıza alınmış əşyaları bir-bir hamıya göstərir. Əşyaları göstərən qadın uca bir yerdə durduğundan hamı onu maneəsiz görür. İştirakçılar hər bir əşyanı gördükcə yerdən oğlan anasına alqış edib deyirlər: – Sağ olsun, oğlan doğanı, afərin, maşallah və s. Sonra gəlin olacaq qızı gətirib otuzdururlar. Oğlanın bacısı qız üçün alınmış üzüyü yavaş-yavaş qızın barmağına keçirir və deyir: – Üzük girmir. Bu zaman qızın anası həm nişan taxanın, paltar göstərənin və əşyaları gətirənlərin hamısına hədiyyə verir ki, buna da xələt deyirlər.
Sonra gəlin üçün alınmış parçalardan gəlin paltarı biçilir. Duvaq günü geyinəcəyi və bir-iki dənə gündəliyə geyiləcək parçaları dərziyə verirlər ki, tiksin. Dərziyə həm oğlan, həm də qız anası xalat verir. Çağırılan qonaqlar və qohumlar biçilən parçanın üstünə az miqdar pul, şirniyyat qoyardılar.
O zaman üçün ən gözəl parçalar, zərxara, qumaş, küçə mənə dar gəlir, alışdım – yandım, gülü məxmər, pombarxit hesab olunurdu. Gəlinlik paltarı üçün qırmızı rəngli parça seçilərdi. Toyun ən maraqlı və yadda qalan detallarından biri də odur ki, paltarbiçmədə oğlanın ən yaxın qohumları qıza tabaq (xonça yox) tutardılar. Tabaq xonçadan çox böyük olur. Bir stolun üstü tutacaq qədər, müxtəlif konfet, şirniyyat, meyvə, çərəz və qıza hədiyyə qoyulur. Tabağa heyva və üzüm qoyulmaz. Deyərlər ki, heyva xəstəlik, üzüm isə göz yaşı əlamətidir. Məsələn, deyirlər ki, filankəs heyva kimi saralıb-solur.
Nişanla toy arasında bir kəbin mərasimi də var. Kəbin Naxçıvanda iki cür kəsilir. Bir dövlət nigahı, bir də dini nigah. Dövlət nigahı olmasına baxmayaraq, dini nigah mütləq olmalıdır. Çünki dini nigah halallıq və məhrəmlik hesab olunur. Əvvəllər azyaşlı qızlarla evlənən oğlanlar yalnız dini nigahla kifayətlənirdilər. Dini nigah oğlanın ikinci, üçüncü dəfə evlənməsinə mane olmur. Kəbin kağızların hər ikisi qızın anasına verilir. Nigah günü bəylə gəlin hər iki tərəfin şahidliyi ilə kəbin kəsmə mərasimindən sonra qız evinin hazırladığı kiçik qonaqlıqla yekunlaşır.
Toy hamamı. Nişan və paltarbiçmədən sonra oğlan evində üç gün toy çalınardı. Oğlanın qohumlarından 5-10 nəfər həftənin cümə günü gedib qızı gəlin hamamına aparardılar. Həmin günə oğlan evi hamamı 2-3 saatlığa bağlatdırardı.
Oğlan evindən qız üçün hamam boxçası gedərdi. Boxça artıq qalmış cürbəcür ipəkdən, qumaşdan qurama olurdu və içərisində gəlin üçün qətfə, fitə, ləçək, alt və üst paltarları, torbada isə bütün hamam ləvazimatları: sabun, kisə, lif, ürüşül, daraq, daban daşı və s. toplayardılar.
Adını çəkdiyim əşyalardan bəzisi müasirlərimiz üçün anlaşılmaya bilər. Məsələn, lif-sabunlanmaq üçündür, ürüşül isə heyvanın haram iliyindən və üyüdülmüş yüksək keyfiyyətli mərmərdən hazırlanan kosmetik vasitədir. Onu hamamda yaş sifətə azacıq sürtməklə üzün dərisini təmizləyir və sifətə bir təravət gətirir.

Fitə – metr yarım qırmızı parçadır ki, bahalısı ipəkdən, ucuzlusu çitdən olur. Keçmişdə hamamda fitəsiz çimmək çox böyük ayıb hesab edilərdi. Yetkinlik yaşına çatmış qızlardan tutmuş qoca qarılara qədər hamı fitə ilə özünü örtüb, böyüklərdən və az yaşlı uşaqlardan abır saxlayardılar.
Hamamda qadınlar çalıb-oxuyar, deyib gülərdilər, ən yaxın adamlardan biri, əsasən yengə gəlini fitə ilə örtüb bir tərəfdə oturub onu çimizdirər və ona evlilik həyatına dair bəzi məsləhətlər verərdi. Gəlini çimizdirdikdən sonra ona təzə alt və üst paltarı geyindirər, yad baxışlardan qorunsun deyə başına böyük qırmızı yaylıq salar və evə qədər aparardılar. Qız evində gələnlərə isti samavar çayı və quymaq ikram edilərdi. Oğlanı isə toy günü səhər-səhər sağdış-solduşunun müşayətilə bəy hamamına aparardılar.
Xına gecəsi (xınayaxdı). Şənbə günü (yəni xına gecəsi) günorta vaxtı oğlanın anasının göndərdiyi məşşattə (gəlini bəzəyən) iki-üç nəfərlə qız evinə gəlir, bəzək əşyalarını gətirirlər. Bura daxildir: xına, rasıx, ətir, ənlik, kirşan və s. Məşattə qızın cehiz döşəyini açır, yerdə sərir. Əvvəlcə üstünə bir oğlan uşağı uzandırır (yəni gəlinin ilki oğlan uşağı olsun deməkdir) sonra gəlin döşəkdə uzanır və toy gününə qədər saçından, birçəyindən, qaşından bir tük belə götürülməyən qızın qaşlarını, üzünü alardılar. Ona tel və birçək kəsilərdi.
Qız evi verilən xərcə xırda əlavələr edib, toyu yola verir, qızın cehizini yığıb yığışdırmağa, son tamamlama işlərini görməklə məşğul olurlar!
Naxçıvan toylarının keçmişdən indiyə qədər ən maraqlı və yadda qalan günü “Xına gecəsi” keçirilən gündür.
Həmin gün axşama doğru oğlan anası bir kasa xına isladar. Ümumiyyətlə, xına müsəlman aləmində müqəddəs hesab olunur. Məhəmməd peyğəmbər deyir ki, xına cənnət nişanəsidir. Üç halda müsəlman aləmində xına qoyarlar. Gəlinə xınanı ona görə qoyarlar ki, ərinə qurban – adax deyilib. Əsgər gedən oğlana ona görə xına yaxarlar ki, vətənə qurban olsun. Toyda və qurban bayramında qıza gedən quzuya xına yaxarlar ki, bu da qurban mənasındadır. Xına ilə bərabər qıza rasıx da (qaşa çəkilir) hazırlanır. Rasıx xına gecələrinin olmazsa olmazıdır. Rasığı qaşa çəkirlər. Mazı deyilən bir bitki var, onu azacıq su töküb daşa sürtürlər, dəmir ərsini də odda qızdırıb bu suya basırlar. Qatı bir maye əmələ gəlir. Bu mayeni balaca qablara töküb xüsusi çöplərlər qaşa çəkirlər. Quruduqdan sonra yuyurlar. Bu rəng on günə qədər qaşda qalır. Xına gecəsi oğlan evi xonça düzəldib, qız evinə gedər. Hələ giriş qapısına çatmamış, gəldiklərini bildirmək üçün hakuşka gedərlər. Hakuşka bəzən atmaca xarakteri daşıyır. Hakuşkaların bəzilərinin məzmunu gəlin-qaynana münasibətinə aid olur. Məsələn: Qaynana adından kimsə deyir:

 

Evimə ozan gətirmişəm, hakuşka,
Pərgarı ozan gətirmişəm, hakuşka.
Gündüz olan işləri, hakuşka,
Gecələr yazan gətirmişəm, hakuşka.

*
Yaşıllar, ay yaşıllar
Ağaca dırmaşırlar.
Bu zamanın qızları
Ər üstdə dalaşırlar.

*
Əzizim badamçalar,
Bar verməz badamçalar.
Bu zamanə qızları
Əqrəb tək adam çalar.

*
Gəlinin qohumları da söz altda qalmaz və deyərlər:
Yedin noğul qaynana,
Doğdun oğul qaynana.
Oğluvu əlindən aldım,

*
Çatla, boğul qaynana.
Damda dirək qaynana,
Tövlədə kürək qaynana.
Oğlun evə gələndə,

*
Hamıdan zirək qaynana.
Maşın gəlir bərk gəlir,
İçi dolu qənd gəlir.
Mən şirin çay içəndə,

*
Qaynanama dərd gəlir.
Bu bir zarafat olduğunu və inciklik düşməsin deyə, qonum-qonşular başqa bir bayatı deyər və iştirakçılar bir ağızdan hakuşka deyərlər:
Hakuşka gedək ikimiz,

*
Gülabətin yükümüz.
Məxmər döşək, gül yastıq,
Arasın açaq ikimiz.
Aftafa burma-burma,

*
İçində sarı xurma.
Məktub yazıb yolladım,
Üç gündən artıq durma.
Xəncəri işlə yolla,

*
Üstün gümüşlə yolla.
Mənə üç alma göndər,
Birini dişlə yolla.
Zirzəmilər dərində,

*
Yerimi sal cərində.
Bir dəstə gül olaydım,
Sevgilimin əlində.
Araba bizim olaydı,

*
Təkəri qızıl olaydı.
Yar yanıma gələndə,
Gecələr uzun olaydı.
Ay doğdu pərli-pərli,

*
Eyvanı qoşa nərli.
Girəydim yar qoynuna,
Çıxaydım tərli-tərli.
Oğlan, adın Əlidi,

*
Köynəyin düyməlidir.
Özün əcəb oğlansan,
Ancaq anan ölməlidir.
Şəftəliyəm, kalam mən,

*
Dilim yoxdu lalam mən.
Qonşuda bir qız sevdim,
Pulum yoxdu alam mən.
Moskiviçin yaşıldır,

*
Nə xod gedən maşındır.
Məni bu dərdə salan,
Sənin çatma qaşındır.
Ayım-ulduzum, ay qız,

*
Dibəkdə duzum, ay qız.
Aldım qardaşıma səni,
Oldum baldızın, ay qız.
Stol üstə vaz nədir?

*
Vaz nədir, kağız nədir?
Əgər məni sevirsən,
Yanındakı qız nədir?

Kostyumunun dəstinə,
Ətir səpim üstünə.
Neyləyim, arvadın var,
Məni də al üstünə.

*
Oğlan, adın Talıbdı,
Gün dağlarda qalıbdı.
Aldığın o üzüklər,
Barmağımda qalıbdı.

*
Əzizim, qızıl alma,
Tabağa düzüm alma.
Babalın qoy boynuma,
Bədəsil qızı alma.

*
Köynəyi yaşıl, oğlan,
Əcəb yaraşır, oğlan.
Məhləmizə gələndə,
Anam dalaşır, oğlan.

*
Badyada qaymaq gərək,
Qablara yaymaq gərək.
Yad yerə gedən qızın,
Gözlərin oymaq gərək.

*
Samavarım qızıldı,
Min bir yerdən sızırdı.
Mən sevdiyim oğlanın,
Qabaq dişi qızıldı.

*
Sandıq üstə sandığım,
Sandığa dayandığım.
Heyf, çəkdiyim zəhmətə,
Yad oğluna yandığım.

*
Köhləni xallı-xallı,
Ayağı qoşa nallı.
Vədə verib gəlmədin,
Nigaran qoydun xalxı.

*
Pəncərəndə gül ollam,
Gül ollam, bülbül ollam.
Bilsəm məni sevirsən,
Qapınızda qul ollam.

*
Ay gedir batan yerə,
Mələklər yatan yerə.
Min yol qurban gedərəm,
Yar ayaq atan yerə.

Hər bayatının sətir başında hamı birlikdə qaval və ya nağarının müşayəti ilə ritm tutaraq, hakuşka deyir.
Xına gecəsi hakuşka getməklə bitmir, eyni zamanda məclis əhli əlinə-ayağına xına qoyar, qaşlarına rasıx çəkərdilər, səhərə qədər yuxusuz qalıb, deyə-gülə toyun dolmasını bükər, düyüsünü arıtlayar, ət çəkər, eyni vaxtda lətifələr söyləyər, deyib gülərdilər. Bu zaman yorğunluqdan gedib yatanları yorğan-döşəyə tikər, saç-saça hörər, üz-gözlərini gülünc vəziyyətdə boyayardılar. Səhər oyananlar yorğan-döşəkdən qalxa bilməz, saç-saça bağlandıqlarından başlarını qaldırdıqları zaman bir-birini incidər, gülüşə səbəb olardılar. Əsl qəh-qəhə isə ayna qabağında sir-sifətlərini görüncə qopardı.

Xına gecəsi məzəli olsun deyə, qoca qarılardan biri cavan gəlin kimi geyinər, üz-gözünü bağlayar, barmaqlarına üskük taxar və xına yaxan, dolma bükən, deyib-gülən qadınların yanına gələrdi. Hamı onun rəqs etmək fikrində olduğunu başa düşərdi. Qadınlardan biri indi də qulaqlarımda səslənən qədim bir hava ilə “gəlini” yarı xoş, yarı zor ortalığa çəkər, yerdə qalanlar da bir-neçə dəqiqəlik iş-gücü buraxıb əl çalardılar. “Gəlin” bu rəqsə barmaqlarındakı üsküklər bir-birinə vuraraq çox məzəli oynayardı. Qaval çalan qadın belə oxuyurdu:
Bu torpağın adı Ənzəli,
Çopur Ağəli!
Bir addım da tullan irəli,
Ay mənim balam!
“Gəlin” bir az da ortaya gəldikdə, nəğmənin davamını oxuyradılar:

Oyna, bənövşəli xanım,
Əlləri şüşəli xanım.

Sonuna qədər yadımda qalmayan bu rəqslər bitər-bitməz qadınlardan biri yalançı “gəlin”in baş yaylığını açır və bu zaman rəqs edənin kim olduğu aşkar olur, gülüş səhərə qədər davam edərdi.
Ortalığa çəkilmiş “gəlin” rəqs edə-edə deyirdi:
Qaynanam öləndə özüm ağlaram,
Şiş götürüb dabanından dağlaram.
Eşşək kimi samanlıqda bağlaram.
Qaynana, qaynana, xanım qaynana,
Tumanıvı geyim gedim meydana.

Rəqs edən “gəlin” yaşlı olduğundan qayınana-gəlin münasibətinə nə qədər sataşsa da, ondan heç kim inciməz. Əksinə, gülüşərdilər. Bəzən “hakuşka”dakı sözlər həddi-hüdudu aşardı:

Damdan düşəsən, qaynana,
Dam kimi şişəsən, qaynana.
Sidik yolun tutulsun,
Hardan işəyəsən, qaynana.

Toy günü. Toy günü oğlan evi çalğıçılarla birlikdə qız evinə gəlib, gəlini geyindirib, son dəfə öz toyunda oynadırlar. Gəlinin başına çoxlu pul yığılır, sonra onu yenidən otağa qaytarıb gedirlər. Gəlin evə qayıtdıqdan sonra məşattə son tamamlama işlərini görür. Xüsusi isidilmiş maşa ilə gəlinin teli birçəyi burulur, yaxşı dursun deyə ona ərik ağacını şirəsindən hazırlanmış xüsusi «lak» sürtürlər. Gözünə sürmə, qaşına rasıx (rasıx xına gecəsi gəlinin əlinə xına qoyularkən qaşına çəkilir, yuyulduqdan sonra uzun müddət getmir) üzünə azacıq ənlik və kirşan çəkilir. Gəlini bəzəyənin başıbütöv (yəni əri və uşağı olan) qadın olması şərtdir.

Gəlinlik paltarının üstündən qırmızı yaylıq salınır və üzərinə parlaq cığ-cığalar sancaqlanır. Qızın anası bir lavaş (yuxa) arasında yağla bal gətirib qızına verir və tapşırır ki, bəylə bölüb yesinlər. Bu o deməkdir ki, münasibətləri yağla bal kimi olsun. Corabının içinə azacıq qənd tikəsi qoyarlar, getdiyi evə şirinlik gətirsin, evdən çıxanda isə ardınca bir ovuc düyü atarlar ki, toyda iştirak edən qızların da baxtı açılsın.
Oğlan evi səs-küylə gəlini aparmağa gəlir. Gəlinin qarşısında güzgü ayağının altında «ata ocağı» anlamına gələn neft lampası yanır. Qohum-əqraba qızın yanına yığışar, oğlanın qardaşı gəlinə yaxınlaşır və əlindəki kəmərlə qızın belini bağlayır.
Allah-taaladan xeyir-dua istəyərək – Allah, Məhəmməd ya Əli deyib üç dəfə kəməri gəlinin başından salır, ayağından götürür və deyir:
Anam, bacım, qız-gəlin,
Əli, ayağı düz, gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.
Gəlinin beli kip bağlanır, bu kəmər sanki təmizliyin, paklığın, bakirəliyin simvolu, banderoludur, onu yalnız bir nəfər – bəy aça bilər. Bel bağlamanın bir anlamı da belini bizə bağla, yəni bizə etibar elə deməkdir.
Qızın belini bağlayanda qız evi xalat verir, qızın babası, atası və ya əmisi onun əlindən tutub ata ocağı anlamına gələn lampanın ətrafında yeddi dəfə fırladırlar və həmin lampanı yengə götürüb qızla bərabər bəy otağına aparıb qoyur. Yəni gəlin ata evindən ər evinə bir nur, istilik, aydınlıq gətirir deməkdir.
Qızın atası, yaxın qohumları ona xeyir-dua, öyüd-nəsihət verirlər və Quranın, çörəyin altından keçirdirlər.
Qapıdan çıxmaq istəyəndə qızın qardaşı və ya qohumlarından biri qapını əlləri ilə tutur (buna qapı kəsmə deyilir) və deyir ki, gəlini vermirik. Əlbəttə ki, bu da toya bir şirinlik qatmaq üçün edilən zarafatdır. Oğlanın atası, əmisi və ya digər qohumları qapı kəsənin də xalatını verir.
Qızını gəlin köçürən ana çox vaxt özündə-sözündə olmur, onun nə dərəcədə diqqətli olub-olmadığını həmin günü evdən «oğurlanan» kiçik əşyalar sübut edər. Naxçıvanda gəlin evindən qənd qabı, duz qabı, kiçik yastıq və s. götürmək ənənəsi var. Odur ki, oğlan adamı gələnə kimi çalışıb gözə dəyən xırda-para nə varsa gizlədərlər. Yoxsa, sabahı gün öz əşyaları ilə oğlan evində rastlaşar və gülüş hədəfinə çevrilə bilərlər.
Nəhayət, oğlan evi halla-halla ilə gəlini ata, dəvəyə, faytona və s. mindirər, yol yaxınsa piyada çalğıçıların müşayəti ilə qarşısında güzgü, çıraq tutaraq aparardılar.
Gəlinin qohumlarından biri dəmir qabla qaşıq götürüb, yol boyu döyəcləyərdi ki, şər qüvvələr uzaqlaşsın. Bir başqası isə əlində bir toyuq tutar, çığırda-çığırda oğlan evinə aparardı. Bu isə o deməkdir ki, bəylə gəlin övladlı, uşaqlı olsunlar.
Oğlan evində imkanı olanlar gəlinin ayağı altında qurban kəsərdilər. Bəy evin damına çıxar gəlinə şirniyyat, doğranmış alma atar, ətrafdakılar isə gəlini mümkün qədər bu «zərbə»lərdən qorumağa çalışardılar. Atılan şirinliyin mənası o deməkdir ki, qadını əllə vurmazlar, şirniyyatla «döyər»lər. Bəy bu zarafatı ilə sanki birinci gündən gəlinin gözünün «odunu» alır.
Qapıdan içəri girən kimi kandarda üzü üstə qoyulmuş boş nimçəni gəlin ayağı ilə vurub sındırır və bununla bütün şər qüvvələri qovmuş olur. Gəlin üçün oturmağa yer göstərilsə də o, uzun müddət oturmur. Bu zaman oğlanın bütün qohumları müxtəlif hədiyyələr verirlər ki,
buna da «dizayağı» deyilir. Bundan sonra gəlinin oturacağı yerə əvvəlcə bir oğlan uşağı otuzdurub, götürürlər və gəlin oturur. Gəlin oturduqdan sonra oğlanın anası bir məcmeyi şirniyyatı, xırda pulu onun başından tökür və ətrafdakı gənclər, uşaqlar sürətlə onu yerdən yığırlar, gələnlər hamı bu toy şirnisindən evinə, yaxın qohumuna da pay aparır ki, onlara da toy qismət olsun.
Bununla toya gələnlər dağılışır, gəlini bəy otağına aparırlar. Yengə mübarək xəbəri qız evinə götürəcəyi məqamı, sağdış-solduş isə «qələbə»ni qeyd etməyi gözləyir. Yengəyə həm qız anası, həm də oğlan anası pul, hədiyyə verərdi. Bakirə qız gəlin olduqda ilk hədiyyəni oğlan özü verir. Allah göstərməsin ki, qız həmin gecə bakirə olmasın. Bu halda qızı böyük rüsvayçılıq gözləyir. Lap qədimdə bakirə olmayan qızları toy gecəsinin səhəri saçlarını qırxıb eşşəyə mindirərək küçə-küçə gəzdirərmişlər. Gəlin köçəndə qızın anası və qohumları oğlan üçün bəy tabağı tutardılar. Bəy tabağında bəy üçün qoyulmuş xüsusi hədiyyələr: köynək, alt paltarı, corab, dəsmal, qətfə, şirniyyat və meyvə olardı.
Duvaqqapma. Naxçıvanda qız evi qabaqcadan gedib gəlin otağı bəzəmir, toyun səhəri duvaqqapma olur. Həmin gün gəlinin cehizləri gəlir. Oğlan evi həmin gün üçün yemək-içmək hazırlayır. Oğlanın qohumları toyun sonuncu günü gəlini duvaq paltarında gətirib oynadır və bir stula əyləşdirirlər. Başına əlavə balaca bir qırmızı yaylıq salırlar. Başı bütöv qadınlardan biri bar verən (əsasən tut) ağacın budağından ikisini kəsib götürür, onunla gəlinin başındakı duvağı bükə-bükə deyir:
– Gəlin deyər: – Yoxdur atam, Qoyunu quzuya qatam. – Əli sənin böyük atan (oğlan atası) gəlin, xoş gəldin, xoş gəldin, bəyə tuş gəldin, tuş gəldin.
– Gəlin deyər yoxdur anam, kəsilməmiş qalıb xınam, Səkinə sənin böyük anan. Gəlin, xoş gəldin, xoş gəldin, bəyə tuş gəldin, tuş gəldin.
– Gəlin deyər, yoxdur bacım, alıblar başımdan tacım. Baldızındır sənin bacın, gəlin xoş gəldin, xoş gəldin. Bəyə tuş gəldin, tuş gəldin.
Və beləliklə oğlanın bütün qohum qəbiləsini sayar (həmin gecə gəlin olan qız üçün bəy, bəyin atası, anası hədiyyə verərlər) və əlavə edərdi:
– Gəlin gəldi nə gətirdi? Üç dənə şey gətirdi. Biri uzun, biri yoğun, biri qısa. Uzun – ömrü, yoğun – var-dövləti, qısa – dilidir. Sonuncu küncləri də budaqla bükər və həmin yaylığı ağaca atarlar. Oğlan uşaqlarından biri yaylığı (duvağı) götürüb qaçar, ev yiyəsi həmən uşağa pul, hədiyyə verib, duvağı geri alardı. Duvaqqapma günü qız anası dilli-dilavər bir qadından xahiş edərdi ki, qızının cehizlərini göstərsin. Qadın zarafat edə-edə, ona, buna sataşa-sataşa qızın cehizlərini təqdim edərək deyir:
– Ay camaat, baxın, bu gəlinin xalçasıdır, salacaq tut kölgəsinə əri ilə oturub söhbət edəcək, bu gəlinin qab-qaşığıdır. Anası, bacısı gələndə, yemək bişirib, qabaqlarına qoyacaq. Qız adamı güllükdən tox, oğlan adamı ac gedər. Sağ olsun qız doğanı.
Bu da qayçısı və bıçağıdır. Baldızlar çox danışsa, dilini bununla kəsəcək. Baldız axı çuvaldızdır və s. və i.a.
Toyun üçüncü günü bəy və gəlin qızın atası tərəfindən qonaq çağırılır. Buna əlöpmə deyirlər. Əlöpmədə gəlin və bəyə hədiyyə qoyulur. Bu qonaqlıq eyni zamanda bəyin bu evə sərbəst gəlib getməsi naminə də edilir. Buna da ayaqaçdı deyirlər. Oğlan evi də qız tərəfi qonaq çağırdıqdan sonra hamı kimi yaşamağa başlayırlar.
Azərbaycanda Sovet hökuməti qurulana qədər kəbin mərasimləri mövcud ZAQS (VVAQ)idarələrində deyil, məsciddə molla tərəfindən kəsilirdi. Kəbindən başqa insanlar siğə deyilən müddətli (bir illik, beş aylıq, hətta üç günlük) evliliklər də həyata keçirirdilər. Ən maraqlı izadivaclardan biri də elə bu siğə yolu ilə bağlanan nigahlar idi. O zamankı dini deyimlərə görə əri olmayan dul qadınlar ölərkən onun tapşırma duası evin süpürgəsinə oxunarmış. Bu da qoca və dul qadınları çox qorxudurdu. Qoca yaşlarında yenidən oğul uşaqlarını nəzərə almadan ərə getməyi isə özlərinə yaraşdırmazdılar. Odur ki, qohumda-qonşuda olan az yaşlı oğlan uşaqlarına siğə oxutdurardılar. Guya “ərə getdilər” və adlarının üstündə bir “kişi” adı oldu. Bununla da qarılar o dünyalarını təmin etmiş olurdular.

 

 

 

Kitab necə yarandı………………………………………………………………………………………..3

Naxçıvanda toy mərasimi…………………………………………………………………………….11

Yeddi keçirmək………………………………………………………………………………………….27

Ad qoyma………………………………………………………………………………………………….28

Süd dişi …………………………………………………………………………………………………….28

Dil açan körpələrin ilk sözləri ……………………………………………………………………..29

Toyla bağlı atalar sözləri və deyimlər …………………………………………………………..31

Naxçıvanda yas mərasimi ……………………………………………………………………………33

Hüzr və yasla bağlı atalar sözləri və deyimlər ………………………………………………..38

Yasla bağlı təskinləşdirici sözlər ………………………………………………………………….39

Yasla bağlı inanclar ……………………………………………………………………………………39

Ölümlə bağlı qarğışlar ………………………………………………………………………………..40

Dini ayinlər………………………………………………………………………………………………..40

Naxçıvanda məhərrəmlik mərasimi……………………………………………………………….42

Novruz bayramı …………………………………………………………………………………………43

Naxçıvanda Xıdır Nəbi bayramı……………………………………………………………………46

Ramazan …………………………………………………………………………………………….47

Qurban bayramı ……………………………………………………………………………………48

Atalar sözü və deyimlər ………………………………………………………………………….49

Alqışlar ……………………………………………………………………………………………..84

Qarğışlar …………………………………………………………………………………………….85

Andlar ……………………………………………………………………………………………….86

Ayamalar …………………………………………………………………………………………..87

Naxçıvanda çeşmə və bulaq adları …………………………………………………………..89

İnanclar ……………………………………………………………………………………………..90

Lətifələr ………………………………………………………………………………………………94

Rəvayətlər……………………………………………………………………………………………106

Sərhədlər açıldı…………………………………………………………………………………..121

Söz atma ………………………………………………………………………………………….123

Şəkilarxası yazılar ……………………………………………………………………………….126

Naxçıvanın maraqlı adamları ………………………………………………………………..128

Uşaq folkloru…………………………………………………………………………………….131

Uşaq oxşamaları ………………………………………………………………………………….131

Acıtmalar və Öcəşmələr ……………………………………………………………………..136

Sanamalar …………………………………………………………………………………………..141

Uşaq oyunları …………………………………………………………………………………….144

Qarabağ folkloru …………………………………………………………………………………147

Abdal Qasım və bəy ……………………………………………………………………………..147

Aşıq gördüyünü çağırar ………………………………………………………………………148

Sarı Aşıq …………………………………………………………………………………………….149

Miflər ……………………………………………………………………………………………….154

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.