“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO

Print Friendly, PDF & Email
“Sənət adamı sənətsiz qala bilməz. Bu mümkün olan bir şey deyil. Bu bilirsiniz nəyə oxşayır? Sən bir adamla 50-60 il dostluq edirsən, amma bir yerdə oturanda onun haqqında danışmırsan. Sənət də bizim dostumuzdur. Əlbəttə ki, bu gün cavanlıq illərindəki kimi sənət eşqi, sevdası qalmayıb. Bu heç mümkün də deyil. Bütün söhbətlərimin əvvəli sənətlə başlayıb, sənətlə bitir. Demək olar ki, 2012-ci ilin fevral ayından bu günə qədər tarı professional şəkildə ifa etmirəm. 2-3 dəfə çəkilişlərdə, dostların təkidi ilə ailə məclislərində tarı dizimin üstünə qoyub ifa etmişəm. Ürəyimdə problem olduğuna görə bu davamlı olmur. Dostlar deyir ki, əla ifa edirsən, mən amma utanıram. Tarı təkcə barmaqla, əllə ifa etmirsən, həm beyin, ürək lazımdır. Yaddaş yerində olmalıdır. Bəzi şeylər yadımdan çıxıb. Ürək lazımdır. İnsan gözəl sənəti o vaxt yaradır ki, ilk növbədə onun istedadı olur. İstedadlı insan üçün isə sənət o vaxt yaranır ki, sənin ürəyinlə beynin bir yerdə çalışır. Virtuoz da olsan ürəyin olmasa, sənin o ifan heç bir insanın qəlbinə yol tapmayacaq. Bu təkcə tar ifaçılığı sənətində deyil, müğənnilik, xanəndəlikdə də belədir. Bəzən deyirlər ki, filankəsin səsi yoxdur, amma böyük ürəyi var. Ürəksiz iş görmək mümkün deyil”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, musiqişünas, ustad tarzən Əkrəm Məmmədli deyib. 
 
Sənətkar paytaxtdan uzaqda, doğulub boya-başa çatdığı Naxçıvanda yaşayıb, fəaliyyət göstərməsini Allahın qisməti hesab edir.
 
“Öz dəst-xəttimlə ifa edən musiqiçi olmuşam. Mən Hacı Məmmədov, Əhsən Dadaşov, Bəhram Mansurovu div tarzənlər hesab edirəm. Bunlar öz sözlərini deyən sənətkarlardır. Bu gün də öz sözünü deyən tarzənlər yetişir. Böyük kamança ifaçımız, xalq artisti Şəfiqə Eyvazova müsahibələrinin birində demişdi ki, Əkrəmin Naxçıvanda yaşayıb, orada fəaliyyət göstərməsi medalların, fəxri adların Əkrəmsiz qalması ilə nəticələnib. Sağ olsun Şəfiqə xanım, o mənim əziz bacımdır. Amma bütün bunlar məni heç vaxt maraqlandırmayıb. Mən öz ürəyimin tələb etdiyi işləri görmüşəm. Nə olar ki, bir çox fəxri adlardan uzaq düşmüşəm,  amma saysız-hesabsız tələbələr yetişdirmişəm. Əziz dostum, bəstəkar Sərdar Fərəcov deyirdi ki, bəlkə sən Naxçıvana getməsəydin bu qədər işləri görməyəcəkdin. Mən də belə düşünürəm. Mən Azərbaycan muğamlarının hamısını nota köçürmüşəm. Elə nota almışam ki, bunu təkcə yerli yox, əcnəbilər də rahatlıqla ifa edə bilər. Bu o deməkdir ki, muğam sahəsi çox ağır və zəngin sahədir. Hər musiqiçi bu ağırlığa dözə bilmir. Bu dəqiqə Cənubi Azərbaycanın 90 faizi mənim qələmə aldığım həmin kitabdan istifadə edir. O kitabı kimsə istifadə edəndə orada mənim adımı görüb, mən olmayandan sonra da mənə rəhmət oxuyacaq. 92 yallını axtarıb tapdım, onları nota köçürdüm. Mən yallıları araşdırandan sonra belə qənaətə gəldim ki, yallıların ocağı Şərurdadır. Bundan başqa etüdlər yazmışam. İnşallah ki, bunu da kitab halında nəşr etdirəcəm. Musiqiçilər, böyük sənətkarlar deyir ki, kim bu etüdləri ifa etsə hazır tarzən olacaq. Mən o etüdlərimi yazanda tarımın ən pik səviyyəsində ifaçılığım var idi. Niyə? O etüdlər məni o qədər inkişaf etdirmişdi ki. Asəf Zeynallı adına musiqi kollecinin direktoru, əziz dostum Nazim Kazımov mənə bir dəfə dedi ki, sən o etüdlərini tar üçün yazmısan, amma bizim məktəbdə onu kanon, qarmon ifaçıları da ifa edir. Bu mənə çox xoş gəlir. Uzun müddət Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşam. Bu illərdə də özümə tələbatım çox olub. Mən bir şeyin öhdəsindən gəlməsəydim onu özümə sığışdırmazdım. Naxçıvan Dövlət Universitetinin musiqi fakültəsində müəlliməm. 58 il olacaq ki, əmək fəaliyyətim var. Heç yorulmamışam. O yerdəki sənin öz işinə sevgin, sayğın varsa gördüyün işdən yorulmursan” deyə sənətkar bildirib.
Əkrəm Məmmədli bildirib ki, gəncləri tənqid etmək düzgün deyil.
 
“Bu gün gənclərdə çox böyük inkişaf var. Elə bizim dövrümüzdə də hər gənci tərifləmək olmazdı. Gənc var idi ki, heç əlinə kitab götürüb iki əsər oxumurdu, iki dəfə tarda ifa etmirdi. Gənc də var idi ki, gündə 12 saat kitab oxuyub, ifa edirdi. Dövr həminki dövrdür. Bu günki gəncliyin yolu hamardır. O vaxt belə kitablar, vəsaitlər yox idi. Biz ordan-burdan tapıb güc-bəla ilə oxuyurduq. Bu gün təkcə tar üçün 30-dan çox əsər yazılıb. Geniş imkanlar var ki, bundan istifadə edəsən. Bizim vaxtımızda bu qədər imkanlar geniş deyildi. Konsertin üzünü köçürmək üçün 5 gün gözləməli idin. İndi bu prossesi 5 dəqiqənin içində həll edə bilirsən” deyə sənətkar bildirib.
Əkrəm Məmmədli böyük sənətkarlarla işbirliyindən də danışıb.
“Mən müşayiətçi kimi çox işləməmişəm. Daha çox solist kimi çalışmışam. Konsertlərdə solist kimi çıxış edirdim. Müşayiətçi kimi Şövkət xanımı ilk dəfə Moskvada müşayiət etmişəm. O vaxt Moskvada “Azərbaycan ədəbiyyatı və incəsənəti” günləri keçirilirdi. Mən tarda, Hilal Məmmədov da kamançada ifa edirdi. Mahnı və Rəqs ansamblında çalışırdıq. Bizə dedilər ki, Şövkət xanım iki mahnı oxuyacaq, onları gərək siz müşayiət edəsiniz. Şövkət xanımla məşq edəndə utanırdıq. Hilal da, mən də. Onun sənəti qədər insanlığı da böyük idi. Elmira Rəhimova ilə də çalışmışam. Onun mənə çox yaxşılığı dəyib. Məni Naxçıvan Dövlət Filarmoniyasında vəzifəyə qoyanda dedim ki, Elmira xanım, işlərim yaxşı getmir,  planı vaxtı-vaxtında verə bilmirik. O gəlib Naxçıvanda konsetlər verirdi. Nəinki o, elə Şövkət xanım da, Flora xanım da. Onların sayəsində plan dolurdu. Şahmalı Kürdoğlu ilə çox yaxın dost olmuşam. Şahmalı mənə deyirdi ki, gəl sənə ev alım, maşın alım, otur Bakıda, gedək Ağdamın toylarını çalaq. Mən toylara getmirdim. Düzdür, 1-2 dəfə maddi vəziyyətim yaxşı olmadığına görə getdim, sonra qətiyyən getmədim. Çünki tələbəlik illərində kirayə qalırdıq, ehtiyacımız var idi. Mən toyları yox, səhnəni sevirdim. O vaxt toylara getsəydim bu günki Əkrəm olmazdım. Cahangir Cahangirovun sayəsində ifaçılıq sənətinin nə olduğunu öyrəndim. Mənə elə gəlir ki, Azərbaycan tarzəni muğamların hamısını mükəmməl ifa etmirsə ona tarzən demək olmaz. Muğamı mükəmməl bilməlidir. Gecə də yuxudan oyatsalar ifa etməlidir. Onu da mən gözəl, əziz müəllimim Kamil Əhmədovdan öyrənmişəm. O muğam aləminin alimi idi. Onun mənə etdiyi yaxşılığı heç vaxt unutmaram. Konsertlərdə Orta Mahur, Çahargah, Bayatı- Kürd və s. muğamları ifa edirdim. Bu gün Çahargah muğamını ifa edirdimsə, sabah Rahab çalırdım. Repertuarı hər zaman dəyişmişəm. Təkrarçılığı heç vaxt sevməmişəm” deyə sənətkar bildirib.
Əkrəm Məmmədli arzularından da danışıb.
 
“Arzular tükənmir. Arzularım odur ki, etüdlərimi nəşr etdirim. İkinci arzum da budur ki, oğlum Kənan Məmmədli ilə araşdırdığım yallılar əsasında “Yallı suita” yaradım. Arzulardan arzu doğur. Bunları da həyata keçirəndən sonra başqa arzular yaranacaq. Bəzən insan keçdiyi illərə görə də heyfslənir. Hər şeyi gərək vaxtlı-vaxtında edəsən. Sənətə maddi qazanc mənbəyi kimi baxmaq olmaz, onu gərək sevəsən. Maddiyat da dolanmaq üçün lazımdır, amma bunu ən sonda düşünmüşəm. Gənclərə tövsiyyəm odur ki, eqoistlikdən, mənəm-mənəmlikdən uzaq olsunlar” deyə sənətkar bildirib.
Əkrəm Məmmədli itirdiyi insanlardan da danışıb.
 
“O insanları itirməklə sənin onlara olan sevgin bitmir. Sevgi bitirsə insanlıqdan kənarlaşırsan. Ölüm hissini təbii sayıram. Bir gün gələn bir gün gedir. Mən də bir gün gedəcəm. Ən son itirdiyim həyat yoldaşım oldu. 74-75 yaşına qədər birgə yaşadıq. İndi görürsən ki, 40-45 yaşında da dünyasını dəyişənlər olur. Nəinki həyat yoldaşının, ananın, atanın da dünyadan köçməsi insana pis təsir edir. Bu acılar köz bağlamır, yaşa dolduqca düşünürsən ki, sənin onlara daha çox ehtiyacın var” deyə sənətkar bildirib.
 

One comment

  • Thanks for one’s marvelous posting! I definitely enjoyed reading it, you might be a
    great author. I will be sure to bookmark your blog and may
    come back down the road. I want to encourage you to continue your great
    posts, have a nice holiday weekend!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.