Nəhəng Partlayış

Print Friendly, PDF & Email

  • İrlandiya arxiyepiskopu Ceyms Aşer (1581-1656) Əhdi-Ətiqin və başqa qədimi mənbələrin mətnini araşdırandan sonra belə nəticəyə gəlib ki, İlahi kainatı e.ə.4004-cü il sentyabr ayının 22-dən 23-nə keçən gecə yaradıb.
  • Bu dəqiq tarix Qərb təriqətli xaçpərəstlər üçün bu günədək inkaredilməzdir. İnanmayan özü hesablayıb yoxlaya bilər.  
  •  Astrofiziklər zənn edirlər ki, kainatdakı obyektlərin yalnız 5 faizi gözə görünəndir, çünki işıq saçandır. Daha 25 faizi qaranlıq maddəyə aid edilir. Bunlar da işıq saçırlar, lakin işıqları gəlib bizə çatmır.
  •  (Sistemoloji hesablamalara binaən astrofiziklər öz elmini bir az da inkişaf edirtsələr, onda başqa nəticəyə gələrlər: kainatın görünən hissəsi 0,44 faizdən, görünməz hissəsi – «qaranlıq maddə» 3,47 faizdən artıq deyil).
  •  Qaranlıq maddənin mövcudiyyətini görünən obyektlərin saçdığı işıq yolunun əyrilməsi əsasında müəyyən edirlər. Hesab olunur ki, hər bir belə əyrilmənin səbəbi qurs görünməz obyektlərin işığı özünə cəzb etməsidir.
  •  Qalan 70 faizi isə həmin «qaranlıq enerjidir» ki, astrofiziklərə kainatın müşahidə edilən varlıqlara zidd olmayan nümunəsini qurmaq üçün lazımdır.
  •  Ötən əsrin 20-ci illərində Aleksandr Fridman və Jorj Lemetr kainatın quruluşunun kosmoloji nəzəriyyəsini işləyib hazırlamışlar. Bunların nümunəsinə görə Nəhəng Partlayış və sonrakı inkişaf nəticəsində bütün maddə (oxu: kütlə) kainat miqyasında eyni tərzdə təqsim olunur.
  •  Bu nümunə kainatın var olmasının iki əsas ssenarisini: ya əbədi genişlənməsini, ya da sıxılma ilə əvəzlənən genəlməsini fərz edir. Lakin hər iki ssenari üzrə intişar (genəlmə) aləmin, həndəsi ölçülərdən məhrum və hüdudsuz enerji sıxlığına, başqa sözlə – sonsuz hərarətə malik, xüsusi (aləmin törədilməsinə bənzər) vəziyyətindən başlanır. Bu cür başlanğıc nöqtəsinə «sinqulyar» (latınca sinqularis), yəni ibtida vəziyyət deyiblər.
  •  Birinci ssenari üzrə aləmi bir kərə yaradıblar – bu əbədi intişar edən aləm öz varlığını ibtidadan başlayır, fəqət heç zaman daha ibtidaya qaytarılmır.
  •  İkinci ssenari üzrə aləmi dəfələrlə yaradıblar – kainat öz intişarında hər dəfə müəyyən hüduda çatır, sonra isə yenidən çəkilib başlanğıc vəziyyəti alır.
  •  Fridman və Lemetr tənlikləri riyazi cəhətdən qüsursuzdur, amma açıq-aydın əsasi çətinliyə malikdir: nə qədər böyük olursa olsun, lakin qapalı məkanda enerjinin hüdudsuzluğu – riyazi anlayışıdır, təbiətdə belə şey olmur.
  •  Astronomlar (nəcmşünaslar) uzun-uzadı mübahisə edirdilər ki, kainatın intişarının sürəti necə olur – azalır yoxsa dəyişməz qalır. Nəhayət, 10 il öncə müəyyən ediblər ki, sürət artır, yəni kainat təcillə genişlənməlidir. Bu, onlar üçün gözlənilməzlik oldu, çünki onların nümunəsindəki maddənin kainat miqyasında eyniliyindən artıq söz gedə bilməzdi.
  •  Dərhal belə bir güman ortaya çıxdı ki, bu təcilin maddi səbəbi vardır və həmin varlıq «qaranlıq enerji» adını qazandı, baxmayaraq ki, astrofiziklərdən heç kəs bu varlığın nə olduğunu bilmir. Loru dildə deyilsə, bu nə isə bir «yay»dır ki, kainatı intişar etməyə, özü də daima artan təcillə genəlməyə vadar edir; «qaranlıq enerji» adı isə Albert Eynşteynin kosmoloji sabitəsi, başqa sözlə – vakuumun (boşluğun) enerjisi haqqında çoxdankı fikrinə görə verilib.
  •  Güman edilən «qaranlıq enerji» indi bütün «maddədən azad» məkanı doldurur və mənfi təzyiq adlanan xassə daşıyır. Mənfi təzyiq hesabına «qaranlıq enerji» cazibə itələnməsi doğurur: qurs obyektlər biri-birinə, cazibə nəzəriyyəsi göstərdiyi üzrə yaxınlaşmır, əksinə, biri-birindən uzaqlaşır, kainatın intişar təcili də məhz bununla izah olunur.
  •  Kosmoloji sahə fərziyyəsinə görə «boş» kosmik fəzanın hər кubmetrində nə qədərsə eyni enerji vardır. Enerjinin bu cür olması isə sadə dildə hərarətin artırılması deməkdir, buna görə də həmin kosmoloji enerji «vakuum hərarətini» yüksəltməlidir. İsidilmiş qaz qabın divarcıqlarına təsir göstərdiyi kimi (buğ, qaynayan çaydanın qapağını qaldırdığı şəkildə) boşluq sahəsində «qızdırıcı» enerji də kainatı içərisindən basıb partlatmalıdı. Bax, bu təzyiq guya kainatı tədricən intişar etdirir.
  •  Məhz həmin «vakuum enerjisi» hesabına boşluğun istənilən nöqtəsində elektron ilə antielektron sayağı mikrohissəciklər zühur edə bilər və həqiqətən, sınaqlar sübut etdiyi üzrə, bunlar arasıkəsilmədən peyda olub oradaca biri-birini puça çıxardır. Belə qıqqılı hissəciklərin «doğulmasını» boşluq sahələrinin real mövcudluğunun sübutu hesab edirlər.
  •  Lakin bunların hamısı boşluğun mikrohəcmlərinə aiddir. Fiziklər həmin düsturlar ilə bütün kainatdakı boşluq sahəsinin məcmu enerjisinin nə qədər olmasını hesablamağa cəhd göstərdikdə isə müşahidə edilən təcili intişar yaratmaqdan ötrü kifayət miqdardan 10123 (!) qat artıq kəmiyyət əldə ediblər. Azacıq isitmə üsulu axtararkən elə hərarət yaradıblar ki, kainat üçün “soyuducu” icad etmə vaxtı gəlib çıxıb.
  •  Təbii sualdır: kainatın nümunəsini quraşdıraraq törədilmə məqamından vaz keçmək mümkün deyilmi? Yəni, belə nümunə qurmaq ki, kainat ibtida («sinqulyar») vəziyyətdən yox, adi, yəni hazırdakına oxşar vəziyyətdən başlansın? Sonra bir qədər vaxt azalan təcillə intişar etsin, daha sonra «sussun» və yenidən əvvəlki vəziyyətə çəkilsin, amma ibtidaya gedib çıxmasın?
  •  Belə nümunələr yaradılıb. Bunlara dövrlü nümunə deyirlər.
  •  Lakin bu genəlib-yığılan kainat nümunələrində bir-birinin ardınca gələn dövrlər uzunlaşır. Bunların tarixini zaman çərçivəsində geriyə döndərdikcə dövrlər gödəlir və nəticədə həmən ibtidaya gedib çıxır. İbtidanın başlanğıcı qapıdan qovurlar, bacadan girir.
  •  Odur ki, fiziklər «qaranlıq enerji»nin öz sıxlığına içəridən basan təzyiqini bildirmək üçün xüsusi w əmsalını işə salıblar. Hesablamalar göstərirdi ki, həmin ölçü, kainatın hazırda müşahidə edilən xassələrini nəzərə almaqla, –1,3-dən –0,9-dək (–1,3 < w < –0,9) yerləşdiyi hüdudlar daxilində olmalıdır. Əgər bu əmsal dəqiq 1-ə bərabərdirsə, «qaranlıq enerji» kosmik xassəlidir. Yox, əgər azacıq –0,9-a yaxınlaşırsa, onda «qaranlıq enerji» bambaşqa fiziki xassəlidir – o, «kvintessensiya» sahəli enerjidir.
  •  «Kvintessensiya» qədim zamanda guya bütün varlığı dəlib keçən incə xəyali ünsürə deyilirdi. Müasir kosmologiyada həmçinin xəyalən təsvir edilən və hər şeyə daxil olunan xüsusi sahəyə də belə deyilir. Bu sahə Eynşteynin kosmoloji sahəsindən fərqli olaraq, daimi qalmır – istər zaman, istərsə də məkan daxilində nöqtədən-nöqtəyədək dəyişilə bilir. Burada içəridən basan təzyiq az olduğuna görə ümumkainat intişar təcili də azdır.
  •  Amma axıcı intişar (genəlmə), w-nin qiyməti yalnız 0-dan –1-dək olduğu halda mümkündür. Bu qiymət –1-dən daha aşağı düşsə, kainat ya partlar və partlayışvarı şəkildə, özü də qurtaracağa (sona) malik zaman ərzində yoxa çıxar – bu sayaq təkamülün ssenarisinə Nəhəng Partlaq yerinəadı qoyulub. Deyək, w təqribən – 1,33-ə bərabərdirsə, kainat 33 milyard ildən sonra axıra çatasıdır.
  •  Mövcud olaylardan birini seçmək üçün onlarca yox, bir neçə yüz ən yeni ulduz təsvir edilmişdir – bu, nəticənin etibarlılığını artırmalı idi. Tədqiqat göstərdi ki, w –1-ə çox yaxın olan daimi kəmiyyətə malikdir. Əmsalın qiyməti belə olduqda kainat həqiqətən əbədi, amma yeknəsəq təcilləşən intişara düçardır. Bu cür kainat öz ölçülərini sonsuz artıracaq və əməlin gedişatında bütün maddəvi hissəcikləri məhv edəcək – lakin bunların hamısı sonsuz zaman ərzində baş verəcəkdir.
  •  Alimlər həmin yeniliyi dərk edənəcən, astronom Bred Şeffer bəyan edib ki, onun məlumatına görə w heç də daimi deyil, əksinə dəyişkəndir. Bundan əlavə əgər w bu gün –1-ə yaxındırsa, ilkin kainatda (10 milyard il bundan əvvəl) o hətta müsbət qiymətli idi, yəni intişarı sürətləndirmirdi – yubandırırdı! Nəcmşünas ən yeni ulduzlara olan məsafələri ölçmək əvəzinə kosmik γ-işartı deyilən mənbələrə olan məsafələri ölçərək bu nəticələri əldə etmişdir.
  •  Nəhayət, Loris Baum, həm də Pol Fempton əslində Nəhəng Partlayış ilə Nəhəng Partlağı birləşdirən nümunə qurmuşlar. Bunların nümunəsində kainat ibtida vəziyyətindən başlanmır. İntişarının ilkin mərhələsində w istənilən qiymət kəsb edə bilər, lakin ən axırda –1-dən az olur. Nəticədə kainat birbaşa Nəhəng Partlağa doğru istiqamət alır, amma bu olayın son hüdudunda (müəllifin seçdiyi ölçülərdə – sona 10–27 saniyə qalmış) dayanır.
  •  Bu məqamda kainat bomboş fəzanın sərbəst «qırıntı»larına ayrılıb dağılır, bunlar biri-birindən işıqdan sürətli təcillə uzaqlaşır və ona görə də biri-birinə heç bir cür qarşılıqlı təsir göstərmir. Belə çıxır ki, «qırıntı»ların hər birisi öz keçmişindən bixəbər aləmə çevrilir (şəkilə bax). Bunlarda maddə yoxdur, ancaq «qaranlıq enerji» ilə elektromaqnit şüalanma vardır.
  •  Həmin «qırıntı»lar daha intişar etmir – əksinə, sıxılmağa başlayır. Ən kiçicik həcminə çatandan sonra bu aləmlər bir sıra dəyişikliklərə məruz qalır və dəyişikliklər nəticəsində, demək olar ki, dərhal adi maddə yaranır. Bu zaman «qırıntı»lar öz həcmini nəhəng təcillə artırır (buna «inflyasiya fəzası» deyirlər), sonradan isə sakit intişara keçir. Hər bir aləm öz partlaq nöqtəsinə yaxınlaşır və hər şey yenidən təkrar olunur. Hər genəlib-sıxılma bir çox yeni genəlib-sıxılan kainatların doğulmasına gətirib çıxarır.
  •  Ancaq bu nümunəyə aid də çoxlu sual vardır. Məsələn, aydın deyil ki, ilkin «qırıntı» haradan əmələ gəlmişdir? Niyə məhz belə ölçülər seçilibdir ki, bunlar işə salındıqda yeni «qırıntı»lar «doğan» ana kainat məhv olunmalıdır? Nə üçün ana kainatın maddəsi vasitəsilə «qırıntı»ya onun keçmişi haqqında heç cür informasiya ötürülməməlidir? Nəhayət, aydınlaşdırılmır ki, «qaranlıq enerji» nədir?
  •  Bütün ziddiyyətlər, prinsipcə, yalnız ona görə üzə çıxır ki, kosmoloqlar kainatı mütləq şəkildə fikrən yaratmağa, ya da onu bir oturumda təsvir etməyə (bunlar elə eyni şeydir) can atırlar. Əhatəsizlik isə əhatə olunmaz.
  •  Astrofiziklərin köklü səhvi ondan ibarətdir ki, dünya onu təsvir etmək üçün işlənib hazırlanan nəzəriyyələrə nisbətdə daha mürəkkəbdir. Kainatın yeganə ayrıca sistem şəklində xarici cizgilərini çəkmək olmaz. Niyə? Bu barədə növbəti buraxılışlarda bəhs ediləcək. Hələlik isə «qaranlıq enerji»nin nə olduğu, başqa sözlə, «isti vakuum» haqqında bir neçə söz.
  •  Maddənin təşəkkül səviyyəsi eyni mürəkkəb tərzli obyektlərin hamısının cəmidir. Məhz hamısının – bunlar harada olursa olsun və hansı obyektlərin tərkibinə daxil edilirsə edilsin. Bu günədək alimlərə 16 təşəkkül səviyyəli obyektlər məlumdur. Bunların (şərti olaraq) ən aşağısı subnüvə səviyyəsidir.
  •  Fəqət – bu şübhəsizdir – təbiətdə hələlik elmə naməlum daha sadə obyektlər mövcuddur: sistemologiya qanunlarının birinə əsasən, istənilən obyekt özünə görə sadə obyektlərdən ibarətdir. Bunların cəmi daha dərin səviyyələr təşkil edir. Bax, bu subnüvə səviyyəsindən daha dərin təşəkkül səviyyəli obyektləri astrofiziklər «qaranlıq enerji» kimi qəbul edirlər.
  •  Subnüvə səviyyəsinə olduqca yaxın səviyyəli obyektlərin daha «soyuq» hissəsi kainatın ən sıx sahələrində azacıq imkan yaranarkən getdikcə «bizim» aləmin yeni-yeni obyektlərini əmələ gətirir. Daha «soyuq» nə deməkdir və həmin imkan nədən ibarətdir – bu xüsusda növbəti buraxılışı oxuyun.
  •  Bir sözlə, Nəhəng Partlama və yaxud Nəhəng Partlaq o gözəlmi, yaxud da qorxulumu olsun, (oxucunun zövqündən asılı) o nağıldan başqa bir şey deyil. Kainat birdəfəlik və ya dəfələrlə yaradılmayıb. Kainat daima yaranır. Buna görə də o, izsiz yoxa çıxa bilməz. Elə hazırda bu sətirləri oxuduğunuz zaman da, çox güman, haradasa «qaranlıq enerji»dən yeni kəhkəşan, ulduzlar topası ya da qara dəlik əmələ gəlməkdədir.

 
 
 
Müəllif: Bahadur Tahirbəyov
 Ümumdünya sistemoloqlar
 Klubunun müxbir üzvü
 
 
 
“Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından
 Bakı, Nərgiz nəşriyyatı, 2012, səh.166-171
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.