Xəlilov Fərman Yunis oğlu

Print Friendly, PDF & Email

Fərman Xəlilov 1952-ci il martın 31-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Burada 9 nömrəli orta məktəbi bitirdikdən sonra (1969) Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1969-1973). Əmək fəaliyyətinə Naxçıvan MR Culfa rayonunun Milax kənd orta məktəbində başlamış 

(1973), hərbi xidmətdən sonra (1974) Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə (1975-1996) və Naxçıvan Türk Liseyində (1992-2004) müəllim işləmişdir. Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli orta məktəbdə işlədiyi müddətdə ərəb əlifbasını öyrətmək məqsədilə pulsuz kurslar təşkil etmişdir.

1984-cü ildə işlədiyi Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli orta məktəbdə, 1985-ci ildə muxtar respublikada qabaqcıl iş təcrübəsi yayılmışdır. Həmin il metodist-müəllim adına layiq görülmüşdür. Ali dərəcəli müəllimdir. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda mühazirələr oxumuşdur.

1980-1985-ci illərdə Naxçıvan MR Dövlət Arxivində ədəbiyyat və incəsənət xadimlərinin (H.Razi, M. Tutayuq, Q. Baharova və b.) şəxsi fondlarının yaradılmasında fəal iştirak etmişdir. Fərman Xəlilovun Naxçıvan MR Dövlət Arxivində 701 nömrəli şəxsi fondunda (1986-cı ildə yaradılmışdır) Azərbaycan ədəbiyyatı, mədəniyyəti və maarifi tarixi ilə əlaqədar bir sıra sənədlər mühafizə olunmaqdadır.

1969-cu ildən bu günədək dövri mətbuatda çap olunmuş 100-dən çox elmi, publisistik və metodik məqalə və rəylərinin əsas mövzusu XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, teatr tarixi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası ilə bağlıdır. Elmi yaradıcılığının əsas istiqaməti Cənubi Azərbaycan ədəbiyyatı problemlərinin, xüsusilə də M.Ə.Möcüz ədəbi irsinin tədqiqidir. Naxçıvan teatrının tarixinə aid xüsusi araşdırmaları vardır.

“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın ikinci cildinin (Bakı: Elm, 1983) tərtibçilərindəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin ilk dissertantı olmuş, “M.Ə.Möcüzün yaradıcılıq yolu” mövzusunda (akademik M.İbrahimovun rəhbərliyi ilə) namizədlik (1982), “Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda doktorluq dissertasiyası (2011) müdafiə etmişdir.

Xidmət illərinə görə 2004-2013-cü illərdə təqaüddə olmuşdur. 2013-cü ilin noyabr ayından AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiridir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2006).

Ailəlidir, bir oğlu və bir qızı vardır.

Bəzi kitabları:

1) Ömür yolu:       Kitabı yüklə

2) Naxçıvanı öyrənən elmi cəmiyyət:       Kitabı yüklə

3) Naxçıvan teatrı-məqalələr, xatirələr:       Kitabı yüklə

4) Hüseyn Razi, Biblioqrafiya:       Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.