Qaranlığın köksündə dəhşətli bir partlayış

Print Friendly, PDF & Email

Qaranlığın köksündə dəhşətli bir partlayış… Ətrafa dalğa-dalğa yayılan güclü işıq və istilik qarşısına çıxan hər şeyi yandırıb-yaxa, kül edib göyə sovura bilərdi, amma buna izin verilməmişdi, ixtiyarı yoxdu. Öz məcrasında üsulluca axıb gedirdi etiraz etmədən. Vəzifəsi yanaraq, külə dönərək can verməyə, ölərək dirilişə vəsilə olmaqdı. Sərt məzaclı olsa da, aciz varlıqlara qarşı olduqca şəfqətli idi.

Gözlərini açdıqda ucsuz-bucaqsız qaranlığın qoynunda irəlilədiyini gördü. Qəfildən diksindi, tərəddüd keçirdi. Məchulun qaranlığı, qaranlığın məchulu çökürdü üstünə. Yol-iz bilmədən irəliləyirdisə, deməli, onu kimsə yeridirdi. Bəs kim idi bu kor və acizə göz olan və qüvvət verən? Ağlında var-gəl edən bu suallarla dayanmadan yoluna davam edirdi Foton. Ətrafına göz gəzdirdikdə özü kimi saysız-hesabsız fotonların da onun kimi irəlilədiyini gördü. Hər birində mühüm bir vəzifənin məsuliyyəti ilə qarışıq həyəcan vardı.

Foton: “Bu fasiləsiz gedişin bir məramı, bir mənası mütləq olmalıdır”, − deyə düşünməyə başladı. İlk əvvəl kimdən soruşacağını kəsdirə bilmədi. Dayana və geri qayıda bilməzdi. Başını çevirib geri baxanda gördü ki, bütün fotonlar alov topasına bənzər bir kütlədən qopub gəlir. Foton bu alov topasını seyr etmək üçün başını qaldıranda qorxusundan az qaldı ürəyi ağzına gəlsin. Onun səthindən qıpqırmızı alovun dilləri yüksəlirdi. Alov topasının əzəmətli böyüklüyü qarşısında özünün nə qədər kiçik olduğunu dərk etdi. “Bu nəhəng varlıq suallarıma cavab verə bilər”, − deyə ağlından keçirdi. Onun adını başqa bir fotondan öyrənib dedi:

− Ey Günəş, sən indiyə qədər gördüyüm ən böyük və ən güclü məxluqsan. Mən gözlərimi açanda özümü qaranlıq diyarda irəliləyən gördüm. Bəlkə, sən bilərsən, mən hara gedirəm? Kiməm, vəzifəm nədir?

Günəş danışmaq üçün boğazını arıtlayanda hər tərəfi vəlvələyə saldı. Sinəsindən qopan partlayışlarla ətrafa saysız-hesabsız yeni fotonlar səpələndi:

− Hər şey çiyninə yüklənmiş vəzifəsi ilə həyat səfərini qət edir. Həqiqət qaynağından hər kəsə ərməğan edilmiş mənalar var. Mənim vəzifəm işığın qaynağı olub ətrafı aydınlatmaqdır. Qaranlıqda boğulmuşların üstünə işıq saçıb onları aydınlığa çıxarmaqdır. Siz isə mənim köməkçilərim, məsləkdaşlarımsınız. Məndən sizə gələn işığı dünyaya aya çatdırmaq sizin əsas vəzifənizdir. Nə qədər kiçik görünsəniz də, vəzifəniz çox böyükdür. Qaranlıqda qalan sirləri aydınlığa çıxarmaq xırda bir iş deyil axı.

Foton heyrətlə onun dediklərini düşündü. Qopub gəldiyi yerə bir göz yetirdi. Eşitdiyi şeylər ona müəmmalı gəldi:

− Sənin kimi əzəmətli bir varlığa kim vəzifə tapşıra bilər axı? Deməli, sən də əmr qulusan?

− Fanilik libası geyinmiş hər şey əmr quludur. Məndən də böyük neçə-neçə varlıq var ki, vaxtı çatanda varlıq səhnəsindən silinib getmişdir. Cismən böyük olmaq həqiqi böyüklük demək deyil, əksinə böyük varlıq daha çox şeyə möhtac olduğundan kiçik sayılır. Çünki istər ən nəhəng, istər ən kiçik varlığı xəlq etmək Onun üçün eynidir, fərqi yoxdur. Sənin kimi saysız-hesabsız fotonları qoruyan və mənzilinə yetişdirən mənim də sahibimdir.

Foton: “Günəş bu qədər heybətlidirsə, gör onun sahibi nə qədər əzəmətlidir?” − düşünüb heyrətləndi. Anladı ki, ağlı bu qədər böyüklüyü təsəvvür etməkdə acizdir. Bu qədər əzəmətli Sahibin tapşırdığı vəzifəyə qarşı məsuliyyətsizlik edə bilməzdi. Bu, həm də sədaqətsizlik olardı. İçində Sahibinə qarşı qımıldayan sevgi dalğası onu titrətdi:

− Yaxşı, bəs qaranlıqda nələr gizlənib? Zülməti dağıtmaq niyə bu qədər əhəmiyyətlidir?

− İşıq olmayan yerlər qaranlıqdır. Əslində, qaranlıq yoxdur, yalnız işıqsızlıq var. Məna dənizinin incilərini tapıb ortaya çıxarırıq. Sinəsində kainatın xülasəsini daşıyan çəyirdəklərin çatlayıb zoğ atmasına, ağacların meyvə verməsinə vəsilə oluruq.

− Qaranlıq çox pis şeydir?

− Sən və mən bunu tamamilə dərk edə bilmərik. Çünki bizim vəzifəmiz iradəmizdən asılı olmayaraq hər kəsə bilik ərməğanı aparmaqdır. Əlimizdəki çox qiymətli hədiyyənin dəyərini bilmirik, çünki ölçməkdə acizik. Zülmət yoxluğu andıran tükürpədici bir şeydir. Qaranlıq içində boğulanlar yollarını tapa bilməzlər. Bəzən şimşək çaxıb onlara bir anlıq yol göstərsə də, yenə də zülmətin girdabında boğularlar. Onların halı pərişandır. Həmişə elə sanarlar ki, ətrafı düşmən bürüyüb. Hər kəsin özləri kimi özbaşına, necə gəldi yol getdiyini düşünər, onların dərdini çəkərlər. Hansı səsi eşitsələr, yetimlərin, kimsəsizlərin fəryadı, məzlumların iniltisi sanarlar. Hər şeyi fəzaya atılmış yiyəsiz varlıqlar hesab etdiklərindən içləri zülmət, fikirləri bədbin olur onların. Aqibətlərindən ümidsiz olarlar. Bir-iki əyləncə ilə həyatlarına rəng qatmağa çalışsalar da, qaranlıq pusquda dayanan ovçu kimi yaxalarından əl çəkməz, fürsət düşən kimi darmadağın edər bu rəngləri. Qaranlıqda qalmağın nə demək olduğunu bilmək istəyirsənsə, göz işlədikcə uzanıb gedən ucsuz-bucaqsız boşluqda yalqız və tənha olduğunu təsəvvür elə! Hara getdiyini bilmirsən, başına nələr gələcəyindən xəbərin yoxdur. Hər an bir maneəyə rast gəlib işığını itirə, qaranlığa gömülə bilərsən. Nəhayət, işin sonrası haqda da məlumatın yoxdur. Bu, necə şeydir, səncə?

Foton günəşin dediklərini təsəvvürünə gətirmək istəsə də, bacarmadı. İçində anlaşılmaz bir fırtına qopdu. Başqa fotonlarla toqquşmamaq üçün özünü güclə saxladı. “Bu, dəhşətdir!” kəlmələri qopdu dodaqlarından. Zülmətə qərq olmuşlara qarşı dərin bir şəfqət hissi baş qaldırdı içində.

− Madam ki, işıq kimi son dərəcə qiymətli bir nemət əlimdədir, nə qədər işığa möhtaclar var, onlara kömək etmək istəyirəm. Bir iş nə qədər qiymətlidirsə, mükafatı da o qədər böyükdür. Zülməti dağıtmaq böyük bir işdir, kim bilir, necə mükafatı var?

Günəş dərindən bir nəfəs alınca dalğa-dalğa işıq şüaları qaranlığa hücum etdi. Qulaqları cingildədən partlayışlar bir-birinə qarışdı. İndi günəşin səsi boğuq və iniltili gəlirdi:

− Ətrafa işıq saçmaq üçün bu yolda alovlanmaq, dərdli könülləri güldürmək üçün çırtaçırt yanmaq gərəkdir. Söylə, od tutub yanan, alovda qovrulan bir təmənna umarmı?  Ən amansız düşmənimiz, işığımızı udub bizi məhv edən ən böyük qaranlıq təmənnadır. Özünə bir bax, sən bu yolda təmənnasız xidmət üçün yaradılmısan. Başqa varlıqlar kimi heç kütlən də, çəkin də yoxdur. Əks halda, bu məsuliyyəti daşıya bilməz, məhv olub gedərsən. Başqa şeylərə könül vermək ən böyük xəyanət, nankorluq və zillətdir. Aç köksünü, yox olsun sinəndə qaranlıqlar, gətirdiyin işıqla məhv olsun qorxular, ümidsizliklər. Zülməti dağıt, qaranlıqda işıq ol, məğlubiyyətdən qorxma. Zülmətə qalib gələ bilməsən, kədərlənmə, qatı qaranlığı alatorana çevirsən, bəsdir.

Foton xətalarını anlamışdı.  Günəşin söylə-diyi sözlər onu dərindən həyəcanlandırmışdı. İndi sürətlə titrəyir, durmadan dalğalanırdı. Eşitdiklərini işıqlandırır, anlamağa çalışırdı. İçində vəzifəsinə qarşısıalınmaz bir sevginin coşduğunu hiss edirdi. Kütləsiz vücudu ilə tonlarla ağırlığı olan varlıqları işıqlandırmaq arzusu hiss etdi:

− Mən bu yolda qorxmadan yürümək, vəzifəmin öhdəsindən gəlmək istəyirəm. Önümə çıxan əngəllərə fikir vermədən hədəfimə doğru irəliləməliyəm. Mənə bu vəzifədə nələr tövsiyə edirsən?  Bu yol çox çətindir?

Kainatın boşluğunu gurultu ilə lərzəyə gətirən bir səs Fotonun sözünü ağzında qoydu. Elə bil qiyamət qopur, hər şey bir-birinə qarışıb darmadağın olurdu. Ona bir anlıq elə gəldi ki, hər yeri qaranlıq bürüyəcək, hər şey yox olub gedəcək. Günəş isə yerində dimdik dayanmışdı, üzündə qorxudan əsər-əlamət belə yox idi:

− Qorxma, ey Foton, bu, supernovadır. Yəni enerjisi tükənmiş böyük  ulduzların partlamasıdır. Bundan ətrafa yayılan enerji mənim milyard ildə yaydığım enerjiyə bərabərdir. Amma təlaşlanmağa ehtiyac yoxdur. Supernovanın da sahibi var. Bizə heç bir şey edə bilməz. Biz də onun Sahibinə  xidmət edirik. Bütün varlıqların Sahibini tanıyan baş verən hər şeyi ibrətli nəzərlərlə izlər və heç nədən qorxmaz. Görürsən, ulduzun partlayışı fəzada gözəl rəng harmoniyası çəkir. Sənə verilən vəzifəni layiqincə yerinə yetirmək istəyirsənsə, qabağına çıxan bütün əngəlləri dəf etməyə əzm göstərməlisən. Özünü, varlığını unudacaqsan, hətta sənə pislik edənlərə, hiylə işlədənlərə hirslənmədən, gözünün ucu ilə baxmadan yoluna davam edəcəksən. Özündən keçəcək, yalnız işıq kimi var olacaqsan. Bu xüsusiyyətlər, onsuz da, səndə var, sən xalis bir işıqsan. Fitrətinə zidd hərəkət etməsən, yad xülyalara qapılmasan, uğur qazanacaqsan.

Foton günəşə təşəkkür edib mənzilinə çatmaq üçün sürətini artırdı. Digər fotonlarla belə xeyirli işdə yarışmaqdan ləzzət alırdı. Hamısı qüdsi vəzifələrinin məsuliyyəti ilə Günəşdən yerə doğru süzülürdü.

Yer qapqaranlıqdı, aydınlıqdan əsər- əlamət görünmürdü. Bir neçə yerdə zəif işıq parıltısı gözə çarpsa da, sönmək üzrə idi. Zülmət yeri dərin quyuya çevirmişdi, qaranlıqdan ah-nalələr yüksəlirdi. Foton var gücü ilə yoldaşlarına hayqırdı:

− Tələsin, dostlar, yer üzünü qaranlıq bürüməkdədir. Dayanmaq vaxtı deyil, bütün qüvvəmizlə irəliləməliyik. Gəlin elə edək ki, yer üzündə işığa çıxmamış bir parça, işıqla üzü gülməyən bir canlı qalmasın. Çətinliklər bu yolun balı, şərbətidir. Həyatı puça gedənlər ola-ola, rəvadırmı ki, biz özümüzü düşünək? Hər kəs dalğa-dalğa yerə doğru şığısın, gecə qaranlığını çəkib getsin, dan yeri sökülsün, zülmətin yırtıcıları gizlənməyə yer axtarsın!

Birdən Foton qarmaqarışıq çığırtılar eşitdi və dönüb qayıdanları gördü. Narahat oldu ki, görəsən, bəziləri niyə geri dönürlər? Sahibinə güvənərək irəli atıldı. Qarşıda sərt Atmosferi gördü. Bəzi fotonlar Atmosferin sərtliyini dəlib keçə bilmir, geri qayıdırdılar. Əhdinə sadiq qalanlar isə əzm və qərarla Atmosferi parçalayıb geniş və rahat yola çıxırdılar. Foton heç qorxub-çəkinmədən Atmosferə səsləndi:

− Çəkil yolumdan, ey Atmosfer! Bu yürüşün əmri uca aləmlərdən verilib. Sən kimsən ki, bizə əngəl olmaq istəyirsən? Biz işıq xadimləri, nurlu sabahların carçılarıyıq. Vəzifəmiz qaranlığı yarıb gündüzləri bərqərar etməkdir.

 Atmosfer Fotona baxıb qəhqəhə çəkdi. Fotonun dostlarından bir neçəsinə sillə vurub fəzanın dərinliklərinə atdı:

− Ey balaca, sən nə karəsən ki, qaranlığı boğasan? Qaranlıq çoxdan çöküb, çəkilən deyil. Gör kimlər və nələr onun qarşısında baş əyib?! Görmürsən, dostların necə geri dönür?! Məni keçsən də, qarşıda səni çox əngəllər gözləyir. Gəl bu fikrindən daşın, geri qayıt. Dünyanı aydınlığa çıxarmaq məgər sənə qalıb?

Fotonun gözlərindən sel kimi yaş axdı. Həm Atmosferə əsəbiləşdi, həm də onun halına acıdı. Bu boyda Atmosfer qaranlığın pisliyini necə dərk etmirdi, hansı vicdanla əngəl olurdu səmalardan axıb gələn işıq ordusuna. “Səbir etmək və dözmək zamanıdır”, −  deyə öz-özünə düşündü.

− Bizim işimiz hər şeyə, hər yerə, hər kəsə işığı gətirməkdir. Kin və nifrət hissini əbədi gömmüşük. Bizim bircə düşmənimiz var, o da qaranlıqdır. Aldanıb ona dəstək olanların, arxa çıxanların üzünə də açıqdır qəlb qapılarımız. Bir gün işığın, aydınlığın nə olduğunu sən də anlayacaqsan. Bax onda bu elədiklərinə min dəfə peşman olacaqsan.

 Foton bütün gücünü toplayıb atmosferin ağuşuna atıldı. Əvvəl bir az dalğalandı, sonra bərk silkələndi. Dişini dişinə sıxıb dözməyə çalışdı. Axır ki, bir neçə dostu ilə çiyin-çiyinə, əl-ələ verib Atmosferi yarıb keçə bildi. Mənzil başına çatana qədər bir çox maneələrlə qarşılaşacaqlarını bilirdilər, ona görə də arxayınlaşmırdılar. Ayıq-sayıq, bir-birilərinə dəstək olaraq elə hey irəlilədilər.

  Dərdlər, məşəqqətlər sona çatmış, çətin günlər  arxada qalmışdı. Foton və dostları ürəkdən şükür edirdilər. Nəhayət, vüsal vaxtına az qalmışdı, çiyinlərində daşıdıqları müqəddəs vəzifənin icrası sona yaxınlaşırdı. Fotonlar öz aralarında hər yeri bölüşdürdülər, hər yerə gedəcək, hər kəsə bilik aparacaqdılar. Dağları, elləri, obaları, yurd-yuvaları aydınlığa qərq edəcəkdilər. Bütün yuxuya getmişlər oyanacaq, hər yerdə həyatın, canlanmanın, dirçəlişin nəğməsi səslənəcəkdi. Ürəklərdə kök atmış qaranlıq qorxusunun kökü kəsiləcəkdi.

Şəfəq sökülürdü. Gecənin səssizliyini ötən quşlar, mələşən quzular pozurdu. Sübh çağının bərəkətinə, bol ruzi vaxtı olduğuna inanan insanlar dan yeri ağarandan ayaqüstə idilər. Yeni bir günün gəlişinə sevinirdilər.

Foton bir evi nişanlamışdı. Gedib oranı da işığa, aydınlığa qərq edəcəkdi. Sürətlə yerə yaxınlaşdıqca istiqamətini həmin evə doğru yönəldirdi. Dostları ilə vidalaşıb evin pəncərəsinə tərəf süzdü. Pəncərə şüşəsindən bir göz qırpımında keçib içəri girdi. Pəncərənin yanında bir uşaq mışıl-mışıl yuxuya getmişdi, anası isə yorğun gözləri ilə övladına baxırdı. Foton günəşə baxıb sonuncu dəfə təbəssüm etdi. Günəş də gülümsəyərək qarşılıq verdi.

  Foton yaxınlaşıb astaca uşağın yumşaq üzünə qondu. Vəzifəsini layiqincə yerinə yetirdiyinə sevinib gözlərini yumdu.

Uşaq günəşin şüaları ilə isinən üzünü qaşıyıb yuxudan ayıldı. Qara gözlərini anasının gözlərinə zilləyib gülümsündü. Ananın üzündəki kədər yox olub getdi. Balasının saçlarını şəfqətlə oxşamağa başladı. Körpə yüngülcə öskürürdü. Ana əlini balasının alnına qoyub hərarətini yoxladı. Çöhrəsinə gülüş qondu. Yuxusuz keçirdiyi gecənin yorğunluğu ilə yerindən qalxıb lampanı söndürdü.

Abdülgafur Neft Çalalı

Azərbaycan beynəlxalq Təhsil mərkəzi,

Gülüstan dərgisi (jurnal) N1, səh 21-25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.