Fonemlərin musiqi dünyası

Print Friendly, PDF & Email

Dünyada müasir sivilizasiyanın başlanğıc nöqtə­si hesab edilən, Nuh peyğəmbərin məskunlaşdığı bir ərazi kimi tanınan qədim Naxçıvan, əsrlər boyu Azərbaycana, dünyaya yüzlərlə məşhur mütəfəkkir alim, me`mar, elm və mədəniyyət xadimləri, aşıq ustadları, xanəndələr, yazıçı və şairlər, görkəmli siyasət və dövlət xadimləri bəxş etmişdir. Bu proses günümüzdə də davam etməkdədir…

Mövzuya keçməzdən əvvəl məni “Söz”-lərin sehrli aləminə qərq edən insana, professor Buludxan Xəlilovun sözləri ilə desək, “…elm aləmində titulu olmayan, həm də buna ehtiyac hiss etməyən, öz mə`nəvi dünyası ilə yaşayan…” gözəl ziyalı, dilçi olmasa da öz araşdırmaları ilə dilçilik elminə böyük yeniliklər gətirən, sözlərin mə`nasının açılmasında fonemlərin rolunu riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqla təhlil edərək onlardan necə asılı olduğunu  tam şəkildə ortaya qoyan mərhum Fikrət Rzayevə hörmət-ehtiramımı bildirmək istəyirəm.

F.Rzayevin “Söz. Söz konstruktorluğu. Sözün sirri” monoqrafiyasında sözün mə`nasının açılmasında fonemlərin haqqında deyilən, göstərilən arqumentlər, istiqamətlər, parametrlər elmi baxımdan çox dəyərli və yeni müddəalardır. Əminəm ki, yaxın gələcəkdə bu istiqamətdə xeyli iş görüləcək və dilçi alimlərimiz F.Rzayevin fikirlərini əsas götürərək sözlərin mə`nalarının fonemlərdən asılılığını bu baxımdan bir daha dəyərləndirəcəklər.

…Digər sahələrdə olduğu kimi musiqi elmində də müəyyən araşdırma aparmaqla musiqi elmimizin bünövrəsi hesab edilən muğam, xüsusilə də Azərbaycanda işlədilən 7 əsas laddan bə`zisinin mə`nalarının fonemlərdən asılılığının F. Rzayevin nəzəriyyəi əsasında aydınlaşdıraraq bu sahədə ilkin addım atmaq istəyirəm.

Muğam haqqında əl-Fərabidən (865-950) tutmuş günümüzədək çoxlu dəyərli əsərlər yazılmış, muğamlar sistemləşdirilmiş, şöbə-guşələrə ayrılmış, təhlil edilmişdir. Muğam sözünü və 7 əsas lad adlarının mə`nasını isə göstərilən şəkildə açıqlayan olmayıb… Bu baxımdan da qeyd olunan metodologiya əsasında bu sözlərin mə`nasının açıqlanması düşünürəm ki, əsrlər boyu işlənən sözlərə yeni çalarlar gətirər.

Muğam

Yazıdan göründüyü kimi “Muğam” sözü 5 hərfdən (fonemdən) ibarətdir. Burada “M” –fonemi: hadisələr arasında əlaqə, uyğunluq, oxşarlıq, nəyinsə (kiminsə) vasitəsilə hər hansısa bir işin görülməsinin əlamətlərini bildirir. Muğam sözündə bu əlamətlər tamamilə özünü doğruldur. Belə ki, bir muğamın şö`bə və guşələri arasındakı uyğunluğun, bağlılığın sübuta ehtiyacı yoxdur. Düzdür, bəzi muğamlarda “Şikəsteyi-fars” şö`bəsi segah ladına istinadən çalınıb oxuur, amma bu müvəqqəti xarakter daşıyır və şö`bənin sonu əsas lad məqamı ilə tamamlanır. Beləliklə də muğamda ümumi uyğunluq, əlaqə itmir, pozulmur. O ki qaldı nəyinsə vasitəsilə işin görülməsinə,  bu da ortadadır. Sazəndələrin və xanəndələrin vasitəsilə muğam ifa olunur, dolayısı ilə iş görülür.

“U” – fonemi ululuğu, uzunzamanlığı, hadisənin və bir nöqtədən, bir yerdən başlayaraq irəliləməsini və sonradan yenə də həmin nöqtəyə dönərək orada tamamlanmasını, bitməsini əlamətləndirir ki, bu da bizim muğamlarımızın hamısına xas olan bir ortaq nöqtədir. Muğamların ulu, çox qədim bir tarixə malik olması, onların “Bərdaşt” şö`bəsini  giriş hesab edərək “Maye” şö`bəsindən başlayıb kulminasiya nöqtəsinədək hərəkət etməsi, ayaq verib “Maye”yə qayıtması və bu nöqtədə muğamın tamamlanması “U” foneminin tam mə`nasını əks etdirir.

“Ğ” – fonemi hadisələrin mühitdən mühitə (muğamlarda şö`bədən şöbəyə və ya guşəyə) keçdikcə xarakter e`tibarı ilə dəyişikliyə mə`ruz qalma əlaməti də muğamda özünu tam şəkildə göstərir. Muğamlarda hər şö`bə və guşənin müxtəlif  xarakterdə coğqulu, həzin, yanıqlı, təmtəraqlı və s. ifa edilməsi hadisələrin mühitdən mühitə (şö`bə və guşələrə) keçdikcə xarakter e`tibarı ilə dəyişikliyə mə`ruz qalmasının göstəricisidir.

“A” – fonemi –elm, bilik, ilahiyyat, səs əlamətlərini bildirərək bu əlamətlərin indiyədək muğamların araşdırılması zamanı göstərilən dəyərlərlə üst-üstə düşdüyünü bildirir.

XVII əsrin musiqi nəzəriyyəçisi Dərviş Əlinin musiqi traktatından mə`lum olur ki, ən qədim muğam hesab edilən     “Rast”:

“Adəm peyğəmbərin dövründən bizə gəlib çatmış və hər şeydən əlini üzmüş ən birinci insanın cənnət haqqında naləsini təşkil edir”.

 Beləliklə, “a” foneminin əks etdirdiyi ululuq, ilahi qüvvə, İlahidən yönəldilən (göndərilən) səs anlamı görkəmli musiqişünas, nəzəriyyəçi Dərviş Əlinin bu misrasında tamamilə özünü doğruldur.Səs əlamətinin isə sübuta ehtiyacı yoxdur. Belə ki, muğam Azərbaycanda ta qədim dövrlərdən xanəndələr tərəfindən böyük məharətlə ifa olunub və olunmaqdadır. Gözəl səs üçün isə həmişə “Tanrı vergisidir” deyiblər… Burada belə bir fikir də özünü doğruldur ki, xanəndəsi olmayan ölkələrin muğam sənətində nəyəsə iddia etmələri yanlış bir məqamdır və onların muğamın instrumental ifası ilə məşğul olması daha da məqsədəuyğun olardı.

Hesab edirəm ki, yuxarıda göstərilənləri nəzərə alaraq muğam sözünün mə`nasına açıqlama verərkən biz hökmən ululuq, elm, səs, hadisələrin cərəyan etməsi (xarakter etibarı ilə) ifanın bir nöqtədən başlayıb eyni nöqtəyə qayıtmasını və s. və i.a kimi faktları əks etdirən fikir formalaşdırmalı və bu fikri ifadə edən muğam sözünün açıqlamasını verməliyik.

Rast

“Rast” muğamı göründüyü kimi 4 fonemdən ibarətdir. F. Rzayevin metodologiyası ilə desək göstərilən sözdə “R” fonemi yer, çoğrafi yer, məkan, “a” – fonemi elm, bilik, ilahiyyat, səs, “s” fonemi işıq (nur), düşüncə, səs, yaratma, “t” fonemi isə uzaqdan tə`sir əlamətlərini bildirirlər. Müxtəlif dövrlərdə görkəmli musiqişünasların, nəzəriyyəçilərin “Rast” muğamı haqqında söylədikləri fikirlərə nəzər yetirsək görərik ki, bu muğamda olan fonemlərin əlamələri böyük dəqiqliklə həmin fikirlərlə üst-üstə düşür. Məsələn: “Muğam” sözündəki fonemlərin əlamətlərini təhlil edərkən görkəmli musiqişünas Dərviş Əlinin “Rast” haqqında dediklərini və “a” foneminin əlamətlərini yada salsaq “Rast” muğamında bu fikrin necə özünü doğrultduğunun şahidi olarıq (bax muğam bölümünə). “R” foneminin əlamətlərini də üstə gəlsək görərik ki, təkcə bu iki fonemin əlamətləri “Rast” muğamının məkanı, coğrafi yeri, elm, bilik, səs əlamətləri ilə necə də ahəngdar səslənir. O ki, qaldı “s” və “t” fonemlərinin əlamətlərinə, bunu Üzeyir Hacıbəylinin “Rast” haqqında  söylədiyi belə bir fikir ilə tamamlamaq istəyirəm. Üzeyir Hacıbəyli “Rast”ı əqlə qida verən bir musiqi hesab edərək yazırdı: “Rast” vaqiən rastlığa, düzlüyə və ülvi cənablığa meyl etdirən qiymətli bir dəsgahdır. Zənn edirəm ki, “Rast” hissiyyata deyil, əqlə qida verən bir musiqidir”. Bu fikir məncə “s” foneminin düşüncə, nur və “t” foneminin uzaqdan tə`sir əlamətlərinin ən dəyərli ifadəsinin nümunəsidir.

Hamımıza yaxşı mə`lumdur ki, muğamlar hisslərimizə tə`sir edərək bizi necə düşüncələrə qərq edir. O ki, qaldı Rast muğamının və onun şö`bə, guşələrinin yaratdığı düşüncələrə bunu görkəmli muğam ustadı Kamil Əhmədovun dili ilə desək daha məqsədəuyğun olar: “Rast dəsgahı qoca, pirani, müdrik, dünya görmüş babanın nəsihəti, xalqımızın olub keçmişini, mübarizəsini göstərir”. Burada xalqımızn mərdliyi, qəhrəmanlığı əks etdirilmişdir. Məhz görkəmli musiqişünasların söylədikləri bu müddəalar “Rast” muğamının adının mə`nasını, onu təşkil edən fonemlərin əlamətlərinə tam cavab verdiyini bir daha təsdiq etməkdədir.

Şür

Göründüyü kimi “Şur” dəstgahının adı üç fonemdən ibarətdir.”Sur” sözündəki “u”,”r” fonemlərinin əlamətləri haqqında məqalənin əvvəlində araşdırdığımız “Muğam” və “Rast” sözlərinin mə`nasını açıqlayarkən ətraflı mə`lumat vermişdik.”Ş” foneminin əlamətinə gəldikdə isə, bu muğamda onun da əlaməti tamamilə özünü doğruldur.Belə ki,fonemin əlamətlərindən hesab edilən içdə qoşalıq,çoxluq yaratma əlaməti “Şur” muğamında daha da qabarıq şəkildə özünü göstərməkdədir.”Şur” məqam-lad əsasında olan “Əbu-əta”, “Dəşti”, “Bayatı-kürd”, “Şahnaz” kimi kiçik həcmli muğamlar və mövcud olan 10 zərb muğamdan üçünün: ”Səmayi-şəms”, “Mani”, “Arazbarı”-nın “Şur” məqam-ladında olması bu muğamda çoxluq yaratma əlamətinin bariz nümunəsidir.Beləliklə  göstərilən faktlara əsaslanaraq qətiyyətlə demək olar ki, “Şur” muğamı adını təşkil edən fonemlərin əlamətləri bu muğamın adının açıqlanmasını tamamilə əks etdirir.

Söz yox ki, növbəti yazılarımda digər məqam-ladlarımız haqqında lazımi mə`lumatlar verəcəyəm. Ancaq buna qədər yazı haqqında oxucuların fikirlərini bilmək istəyirəm.

Mə`lumdur ki, ilkin “addımlar” hər zaman kövrək olar və mə`na dolu baxışları üzərinə çəkər. Bu baxımdan da yazı olsun ki, bəzi mübahisələrə səbəb olacaq. Amma “fikir fikirdən doğar” deyiblər. Mən də musiqi camiəmizdən mübahisə yox məhz yeni mülahizələr eşitmək istəyirəm.

 

Rəfail  Kərimov,

Naxçıvan Muxtar Respublikasının Əməkdar  İncəsənət Xadimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.