Şeyx Məhəmməd Rasizadə

Şeyx Məhəmməd Rasizadə Azərbaycan maarifçilik tarixində iz buraxmış, XX əsrin əvvəllərinin intellektual mühitini formalaşdıran görkəmli ziyalılardan biridir. O, Naxçıvanda 1878-ci ildə anadan olmuş, ilkin dini təhsilini Təbriz və Urmiya ruhani məktəblərində almış, 1917-ci ildə isə İrəvan Maarif İdarəsinin nəzdində fəaliyyət göstərən kursu bitirmişdir. Klassik ruhani təhsili almasına baxmayaraq, Şeyx Məhəmməd dövrünün mütərəqqi maarifçilik ideyalarına sadiq qalaraq, 1906-cı ildən etibarən Naxçıvanda üsuli-cədid məktəbinin yaradıcalarından biri kimi pedaqoji fəaliyyətə başlamışdır. Şeyx Məhəmməd yalnız bilik ötürən müəllim kimi deyil eyni zamanda düşüncə formalaşdıran ziyalı kimi tanınmışdır, onun pedaqoji fəaliyyəti Azərbaycanın elm və ictimai-siyasi həyatında mühüm rol oynamış Heydər Əliyev, Həsən Əliyev, Abbas Zamanov, Yusif Məmmədəliyev, Lətif Hüseynzadə kimi şəxsiyyətlərin formalaşmasında xüsusi yer tutmuşdur. Şeyx Məhəmməd müəllimlik missiyasını özü belə ifadə etmişdir:
“Öyrənmək,öyrətmək mənim məsləkim,
Sizlərdən də budur mənim diləyim”
XX əsrin əvvəllərindən başlayaraq dövrün aparıcı mətbu orqanları olan “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”, “İqbal”qəzet və jurnallarında, sonra isə sovet dövründə, xüsusilə “Şərq qapısı”qəzetində dərc etdirdiyi şeirlərlə xalqı elmə, maarifə və mədəni tərəqqiyə səsləmişdir. 1922-1924-cü illərdə Naxçıvanda fəaliyyət göstərən seminariyanın ən mötəbər müəllimləri sırasında yer alan Şeyx Məhəmməd həmin dövrün mədəni proseslərinin bilavasitə mərkəzində olmuşdur. Böyük dramaturq Hüseyn Cavidin qardaşı olması, eyni zamanda aydın və prinsipial mövqeyi onu dövrün ideoloji təzyiqlərindən kənarda qoymamış, Hüseyn Cavidin həbsindən sonra o da repressiyanın sərt üzünə məruz qalmış, 1939-cu il 24 dekabr tarixində ağır xəstəlikdən vəfat etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Şeyx Məhəmmədə məxsus çoxsaylı əlyazmalar, sənədlər və s. mühafizə edilir. Onların arasında Təsərrüfat Texnikumunun I sinfi üçün tərtib etdiyi ədəbiyyat fənni proqramı, eləcə də Naxçıvan ölkə Komitəsinin şəhər klubunda fəaliyyət göstərən ədəbiyyat dərnəyi tərəfindən onun “Sabir gecəsi”nə dəvət olunmasına dair məktub, Salman Mümtazın “Seyid Əhməd Hafiz İsfahini: Təribənd”, Axund Molla Məhəmməd Bağırın “Cami-Şəvahid”, Səməd bəy Hacıəlizadənin “Rəhbəri-cəbr” (1919) adlı əsərləri xüsusi diqqət çəkir.

Mənbə: https://www.facebook.com/share/p/1aTZyLy1ur/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir