Naxçıvan bölgəsində duzla bağlı folklor nümunələri və onların şərhi

Print Friendly, PDF & Email

Qədim Naxçıvanın ən möcüzəli yerlərindən bir olan Duzdağın hər bir qarışında, dağında, daşında tarixin izləri vardır. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, duzla bağlı Naxçıvan folklor nümunələrinin toplanması, araşdırılması həm folklorşünaslığımız üçün dəyərli mənbə olub, onu zənginləşdirər,  həm də  bu tarixi yerin öyrənilməsinə və ümumiyyətlə isə Naxçıvan diyarının daha geniş və ətraflı öyrənilməsinə bir kömək olar.

  Tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur.  Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Belə rəvayət edirlər ki,  Nuh peyğəmbərin nəvəsi  Türk xanın oğlu Tütək xan duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu duymuşdur. Ona məlum olmuşdur ki, bu duzdur. O vaxztdan duz mətbəxdə istifadə edilməyə başalmışdır.

Naxçıvan bölgəsində duzla bağlı xeyli atalar sözləri, bayatılar, nağıllar, xalq təbabəti, əfsanə və rəvayətlər mövcuddur.
 Məqaləmizdə duzla bağlı naxçıvan folklor nümunələri təhlil edilir, onların şərhi, açıqlamaları verilir.  

 Naxçıvan qədim və zəngin mədəniyyətə malik olmaqla, bəşər sivilizasiyasının, şəhər mədəniyyətinin ilk beşiklərindən biri kimi həmişə regionun mədəni,

iqtisadı həyatında  mühüm yer tutmuş və özünün zəngin arxeoloji, etnoqrafik, xüsusilə  folklor qaynaqları ilə tədqiqatçıların diqqətini cəlb etmişdir.

Naxçıvan diyarının qədimliyi, ümumtürk mədəniyyəti ilə sıx bağlılığı, özünəməxsus zəngin mədəniyyəti və ədəbiyyatı Naxçıvan folklor mətnlərində öz parlaq əksini tapmışdır. Deyə bilərik ki, xalqın ilkin mədəniyyəti, mənəviyyatı, əxlaqı, ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli baxışı folklor nümunələrindən başlayır və bu nümunələrdə  öz müdrik ifadəsini tapır. Azərbaycan folklorunun tərkib hissəsi olan  Naxçıvan folkloru öz zənginliyi, qədimliyi, orijinallığı və xüsusilə semantik anlamı ilə həm filoloji, həm də elmi-ictimai əhəmiyyəti ilə xüsusi diqqət kəsb etməkdədir.

 Naxçıvan folklorunu dərindən öyrənməyi, ciddi tədqiq etməyi Ulu Öndərimiz Heydər Əliyev bir vəzifə kimi qarşıya qoymuşdur. O,  2002-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin açılışında etdiyi çıxışında qeyd edirdi ki,  Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir…

Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. “Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi – həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür” (1, 17).

Naxçıvan folklor nümunələri bu regionun  tarixini, mədəniyyətini, adət və ənələrini, insanlarının həyat tərzi və məişətini, inancını, mifik və real təfəkkürünü əks etdirir.

Naxçıvan tarixən həm də ən qədim, ən zəngin və ən dadlı duz məkanıdır. Duzla müalicəxanalar, duz mağaraları, duz daş baltaları bu məkanda tapımışdır.

 Naxçıvanda duzun istismarı daş dövrünə gedib çıxır. 1870-ci arxeoloji qazıntılar  zamanı  buradan tapılmış daş baltalar, daş alətlər, külünglər də bunu təsdiq edir. Naxçıvan duz dağından  tapılmış  daş baltalar Naxçıvan muzeyinə, Sankt- Peterburq və Tiflis muzeylərinə göndərilmişdir.   

Deyilənə görə, hələ 6 min il əvvəl – Nuh-Nəbi dövründən buradan duz çıxarılıb. Şöhrəti dünyaya səs salan “İpək yolu”ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə – xüsusilə Şumerlərə buradan duz daşınıb. Şumerlərdə duz müqəddəs sayılıb, duza səcdə etmişlər. Şumer əfsanəsi ilə Gəmiqaya, Nuh tufanı əfsanəsi üst-üstə düşür. Türkiyəli şümeroloq tədqiqatçıların araşdırmalarına görə- xüsusilə prof. doktor İlmiyyə Müzəyyən bildidir ki, Şümerlər özlərinə Kəngər demişlər. Kəngərlilər isə Naxçıvanda yaşamış, bu gün də Naxçıvanda Kəngərli soyadı, Kəngərli royonu mövcuddur. Atı əhliləşdirənlər, arabanı kəşf edənlər Kəngərlərdir ki, Gəmiqaya rəsmlərində iki təkərli və dörd təkərli araba, at və atlı  rəsmləri vardır. (7,13). Heç şübhəsiz bu arabalardan bir nəqliyyat vasitəsi kimi istifadə edilmiş və Şumerlərə bu arabalar vasitəsilə  duz daşınmışdır. 

Məlumatlara görə, 1866-cı ildə Naxçıvanda 11 min ton duz çıxarılırdı. 1880-cı illərdə isə Naxçıvanda orta hesabla hər il 4800 ton duz istahsal edilirdi.

Qədim Naxçıvanın ən möcüzəli yerlərindən bir olan Duzdağın hər bir qarışında, dağında, daşında sirli-sehirli tarixin izləri gizlənib. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, duzla bağlı Naxçıvan folklor nümunələrinin toplanması, araşdırılması həm folklorşünaslığımız üçün dəyərli mənbə olub, onu zənginləşdirər,  həm də  bu tarixi yerin öyrənilməsinə və ümumiyyətlə isə Naxçıvan diyarının daha geniş və ətraflı öyrənilməsinə bir kömək olar.

 Duzla bağlı ən zəngin folklor materialları da Naxçıvandadaır. Buradakı duz dağ uzun əsrlər boyu  insanların qida təıminatını ödəmiş və hələ 1000  illər boyu da  bu duz dağ insanların xidmətində olacaqdır. Duz insanların ən lazımlı qida məhsuludur. Duzsuz yaşamaq  olmaz. Qədim vaxtlarda Hollandiyada məhbusları cəzalandırmaq üçün onlara  duzsuz yemək verərdilər. Nəticədə adamlar bir neçə aydan sonra həyatla vidalaşırdılar. Bu onu göstərir ki, duz olmadan yaşamaq mümkün deyildir.

Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər mövcud olub. Yaşlıların söylədiyinə görə, ətraf kəndlərin əhalisi kənardan açıq şəkildə görünən duz laylarını qırıb götürmüş, bəzən çox da dərin olmayan oyuqlar, lağımlar qazmışlar. El arasında hər kəsin açdığı lağım bəlli olmuşdu, yəni heç kəs başqasının açdığı lağıma girməzdi.

Bəzi rəvayətlərdə Duzdağdan Qaraquca (Qaravuşa) qədər yeraltı yol olduğu da bildirilir. Düzdür, bu fikirlər rəvayət olsa da, unutmaq olmaz ki, onlar xalq arasında söylənilən müəyyən məlumatlara söykənir. Ərazidəki daş alətlər, keramika və obsidiand qırıqları buranın qədim tarixə malik bir yer olduğunu təsdiq edir. 
      Tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur.  Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Belə rəvayət edirlər ki,  Nuh peyğəmbərin nəvəsi  Türk xanın oğlu Tütək xan duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu duymuşdur. Ona məlum olmuşdur ki, bu duzdur. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başalmışdır (6).

Naxçıvan atalar sözlərində duzla bağlı xeyli atalar sözləri, bayatılar, xalq təbabəti, əfsanə və rəvayətlər mövcuddur. Onların bir  çoxunu “İstiqlal” ordenli, Əməkdar müəllim, 106 il omür sürmüş, qocaman müəllim, babam Lətif Hüseynzadənin xatirələrindən, yaddaşında olan məlumatlardan eşitmişəm ki, onları bu gün pedaqoji, ədəbi ictimaiyyətə çatdırmaqda  fayda görürəm.

Bu barədə bir neçə atalar sözünə və onların açıqlamasına nəzər sala bilərik: “Hələ duza gedir” (4). Açıqlamasını belə izah etmək olar: Bir insan hələ xamdır, həyat çətinliklərini görməmiş, duza gedib oradan duz gətirməyin ağırlığını hələ dərk etməmişdir.

 “Axşamdan duza gedən çox olar” (4). Açıqlaması belədir:

Bəzən düşünüb-daşınmadan, işin ağırlığını dərk etmədən əvvəlcədən  söz verənlər çox olur. Amma işin ağırlığı ağıla gəlincə, onun məsuliyyəti dərk edilincə işdən qaçılır. “Axşamdan verilən söz,  səhər unudulur və müxtəlif bəhanələrlə işdən qaçınır.

        “Dəvəni tоya cağırırlar. О da ağladı ki, məni ya Naxçıvana duza göndərirlər, ya da Bərgüşada – düyüyə” (3, 43). Bu atalar  sözü də duzun ağırlığından, daşınmasının zəhmətli iş olduğundan xəbər verir. Ona görə də deyirlər “ Qız yükü , duz yükü”. Duz yükü ağır olduğundan, qız tərbiyə edib, böyüdüb, başa çatdırmaq da bir o qədər ağır işdi.

       “Bir gün duz yediyin yerə qırx gün salam ver” (3, 275). Açıqlaması belədir:

Yəni heç vaxt nankorluq etmə, sənə xeyir verən insanlara, yerlərə,  məkanlara sədaqətli ol. Yediyin məhsula hörmətlə yanaş. Sənə edilən yaxşılığı  unutma və onun qədrini bil. Bu atalar sözünə bənzər daha  bir atlar sözü də var ki, onun semantikası elə dediyimiz  anlamdadır. ”Duzu yeyib, duzdağı buluyan…” (3, 279) . Yaxud da deyilir:  “Duz, çörək haqqını bilməyən kor olar”(4).

“Duz duzlaxda, eşşək tövlədə, duz alan çağırır”(10). Açıqlamasını isə belə izah etmək olar:

Hələ heç bir real iş görülməmiş və görüləcək iş üçün də əsaslı bir zəmin hazırlanmamışdır. Amma, gələcək görüləcək iş haqqında şirin söhbətlər edilir, məsələlər həll olunur. Halbuki ortalıqda hələ heç nə yoxdur, hər şey öz yerindədir. Duzla bağlı deyimlər də vardır: “Duz –çörək kəsmək”   – xalq deyimi də Naxçıvan regionunda geniş işlənməkdədir. Duz  və çörək xalqın ən müqəddəs nemətidir. Duz, çörək həmişə qorunmalıdır. Duz-çörək evin bərəkətidir. Bu o anlamda işlədilir ki, kimlə müqəddəs duz –çörək kəsilirsə, birlikdə yemək yeyilirsə, o  adama sədaqətli olmalı, ona hörmətlə yanaşılmalıdır. Əlbəttə hər adamla da “Duz-çörək” kəsmək  olmaz, bu ölçülüb biçilib, düşünülməlidir.

“Əlimin duzu yoxdur” (4)- deyimində bir insan  başaqalarına etdiyi yaxşılıqlar, qayğılar  başa düşülməyəndə , ona qarşılıq verimədiyində işlənə bilir.

“Naxçıvanın duzu, qızı, qarpızı” (4). Bu Naxçıvan deyimində də Naxçıvan duzunun təriflənməsi açıq – aydın görünməkdə və həmçinin Naxçıvan qız-gəlininin təriflənməsi, habelə burada dadlı qarpız yetişdirilməsinə işarədir.

         Bütün bunlar Naxçıvanın iqtisadiyyatı, həyat tərzi ilə əlaqədar, insanların həyat təcrübələri ilə bağlı duzala  əlaqədar deyilmiş atalar sözləridir.

        Duzla bağlı  Naxçıvan bayatıları da vardır.  Onlara da nəzər salaq və semantik şərhinə  diqqət yetirək:

Naxçıvanın duzu var,

Büllur kimi duzu var.

İki könül bir оlsa,

Kimin оna sözü var (3, 354).

Folklorşünas alim R.T.Babayеv bayatının izahını belə şərh edir ki, qız-gəlinin xörəyin duzunu artıq еtməsi nişanlısını, ərini çоx sеvməyinə işarədir. (5,17). Dеməli, duzla bağlı infоr­ma­siyadan sоnra “bir оlan iki könül”dən danışmaq da təbiidir.

Başqa bir bayatıda belə deyilir:

Naxçıvanın duz dağı,

Duz təpəsi, duz dağı.

Çəkdi yar sinəm üstə,

Dağ üstündən yüz dağı (3, 333).

Bu bayatıda sevgidə, eşqdə əzabalara, çətinlkilərə qatlanan bir  aşiqin ürək yanğılarıdır ki, bu da “duz dağı”, “duz təpəsi” ilə  müqayisə edirlir.  

Duz həm də xalqın inanc yeri, inamı olmuşdur.  Ona görə də “ Duz haqqı” ifadəsi də işlənməkdədir. Yaxud deyilmişdir: “Duz yerə töküləndə savaş olar, gərəh duzun üsdünə qənt qoyasan”(3, 41).

Duz insanların and-aman yeri olmuşdur. “…. bu duz çörək mənə qənim olsun…” – demişlər.

Duz – xüsusilə qız-gəlinlər üçün istəkli, şirin, gözəgəlimli  mənasında işlədilir. “Çox duzlu gəlindir”, “Nazlı – duzlu qızdır” və s.   

Duzla bağlı tapmacalar da vardır: “Məni tək yeməzlər, mənsiz də yemək olmaz” (duz).

Duzla bağlı yuxu yozumunda deyilir: “Yuxuda duz görənin və ya duz daşıyanın, reallıqda dişi  ağrıyar”(4).

Duz xalq təbabətində də işlənməkdədir: “Diş ağrıyanda yerinə duz  bas və duzla qarqara et” və s.

         Duzla bağlı bir nağıl da ixtisarla nümunə kimi verə bilərik: “Duz qədər sevgi… Bir hökmdarın bir-birindən gözəl üç qızı vardı. Sonuncu qızı o biri qızlardan çox fərqli idi.Həm ağıllı, həm də atasını çox sevirdi. O biri iki qız atasının var-dövlətini hər şeydən üstün tuturdu. Bir gün atası qızları çağırıb onlardan: Məni nə qədər sevirsiniz?- deyə soruşur. Böyük qız cavab verir: Atacan, mən səni var-dövlətin qədər sevirəm. Atası onun cavabından razı qalıb onu varlı bir tacirə ərə verir.
Sonra ikinci qızdan soruşur: Məni nə qədər sevirsən? Atacan, səni həyat qədər sevirəm. Padşah bu qızın da cavabından razı qalıb onu o biri ölkənin padşahına ərə verir. 
Nəhayət, növbə gəlib üçüncü qıza çatır. Atası ondan soruşur: Qızım, məni nə qədər səvirsən? Qız atasına: Ata, səni duz qədər sevirəm-deyə cavab verir. Atasının ona acığı tutur. Onu kasıb bir pinəçiyə ərə verir.
Aradan üç il keçir, atası qızların evinə qonaq gedir. Əvvəlcə böyük qızıgilə gedir. Böyük qızı atasını çox soyuq qarşılayır. Ata büruzə verməyib saraya qayıdır. Növbə ikinci qıza çatır. O da böyük bacısı kimi atasını çox soyuq qarşılayır. Ata bunu da büruzə verməyib qayıdır. Padşah bunları gördükdən sonra kiçik qızı haqda çox düşünür. Hazırlaşıb onlara getməyi qərara alır. Kişik qız atasını görüb çox sevinir. Evdə olanlardan həvəslə hazırlayıb atasına gözəl bir süfrə açır. Amma bişirdiyi yeməklərin heç birinə duz atmır. Padşah yeməklərin duzsuz olduğunu biruzə vermir. Kiçik qız yeməklərin necə olduğunu soruşanda padşah deyir: Yaxşıydı amma,  elə bil heç birinə duz tökməmişdin.
Qız gülümsəyərək atasına: Atacan yadındadırsa məndən soruşanda səni duz qədər sevdiyimi söyləmişdim. Səninsə mənə acığın tutmuşdu. Bax indi bildinmi ki, duzsuz heş nəyin dadı yoxdur. Bu fani dünyada istəklərimiz heç bir şeylə ölçüyə qoyulmamalıdır.  Hökmdar bu sözləri eşidib  onları sarayda yaşamağa dəvət edir. Bütün var – dövlətini kiçik qızına miras qoyur” (4).

      1970-ci illərdə Naxçıvan duz mədənində aparılan arxeoloji qazıntılar, tədqiqatlar nəticəsində burada böyük duz mağarası aşkar olunmuşdur ki, bura ən qədim duzla müalicəxana məkanı olduğu müəyyənləşdirilmişdir. Avropaya XIX əsrdə duzla müalicə üsulu məlumdursa, Naxçıvanda  bu ən qədim dövrlərdən mövcud olmuşdur. Müəyyənləşdirilmişdir ki, duz  mədənində çalışanların heç birində  bronxit və ya asma  kimi ağciyər xəstəlikləri  yoxdur.

1979-cu ildən Naxçıvan Respublikası “Duzdağ” Fizioterapiya xəstəxanası 50 çarpayılıq xəsətəxana kimi Naxçıvan Duz Mədənin bazasında fəaliyyətə başlamışdır ki,  bu gün bu şəfa ocağı daha da genişlənmiş və dünyanın müxtəlif ölkərindən bura xəstələr gələrək təbii şəkildə Naxçıvan duzu, iqlimi, təbii havası ilə müalicə olunaraq öz dərdlərinin şəfasını tapırlar. 

Bütün bunlar bir daha göstərir ki, Naxçıvan qədim  diyar olmaqla, həm də Naxçıvan ilk duz məkanı, ən dadlı və faydalı duz diyarıdır.

 Keywords:  Nakhchivan folklore,Duzdagh (Salty Mountain), proverbs, bayatis,                                        

                                  Ədəbiyyat

1.Heydər Əliyev. Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə giriş nitqi / Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. Bakı: Nurlan, 2005.

2. Naxçıvan Ensiklopediyası. 2 cilddə. I cild,  Naxçıvan: 2005.

3. Naxçıvan folkloru. I cild. Naxçıvan: Əcəmi, 2010

4.  Folklor toplama materialı. (Ə.R. Hüseynzadə ). Naxçıvan: 2010-2012 –ci illər.

5. Babayev R.T. Azərbaycan folklorunun regional xüsusiyyətləri (Naxçıvan folkloru əsasında). Filologiya üzrə fəlsəfə doktoru dissert. avtoreferatı. Naxçıvan: 2009, 24 s.

6. Əbülqazi Bahadur Xan. Şəcərəye-Tərakimə. Bakı: 2002.

7. Hüseynzadə Ə.R. Folklor mətnlərində adların semantikasi

  (Naxçıvan folkloru əsasında). Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  təqdim edilmiş dissertasiyanın avtorefaratı . Naxçıvan: 2012.

8. Lətif Hüseynzadə. Xatirələri.

Summary

Akram Rufat Guseinzadeh

 Scientist of the Nakhchivan branch of Azerbaijan  National Academy of  Sciences

FOLKLORE EXAMPLES ON SALT IN NAKHCHIVAN AND  THEIR EXPLANATION

                       There are tracks of the history in every inch, mountain and stone of Duzdagh (Salty Mountain) one of the most miraculous places of ancient Nakhchivan.  Though a lot of scientific and publicist articles about this place has been written,  still  gathering of the Nakhchivan folklore examples connected with salt, their investigation would enrichfolk-lore studies as a valuable source and would be useful  for  learning  this historical place of Nakhchivan.

            In the history salt has been discovered in the Nakhchivan for the first time.   The Oguz man has brought the salt to the kitchen for the first time.  It is said that grandchild of prophet  Noah Tutek khan while eating meat in the mountain territory set down it and when raised back to eat again felt that it is more tastier. It has been known that this  was salt. Since that time salt has begun to be used in the kitchen.

There are considerable proverbs, bayatis, tales, folk medicine, myth and legends about salt in the Nakhchivan region.

Nakhchivan folklore examples on salt is analyzed in this article and their commentary and explanations are  given.

                                         

Əkrəm Rüfət oğlu Hüseynzadə Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsinin  Baş Elmi İşçisi, Filologiya  üzrə fəlsəfə doktoru,
Naxçıvan MR  Gənc Alimlər Şurasının  Sədri. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.