Quzeydə doğan günəş, Güneydə parlayır!!!

Print Friendly, PDF & Email

Bəlkədə ədəbiyyata, şeirə poeziyaya ən çox mövzu olmuş çay Şəhriyarın gözü ilə qaşı arasına çiban olan Araz çayıdır. Araz! illərin həsrətini göz yaşında yuya bilməyən çay, nakam anaların, örpəkli qızların, xınalı gəlinlərin arzusunu məcrasında axıdan çay…özü ilə illərin həsrətini, nisgilini, can yanğısını daşıyan səssiz şahiddir.

Bəlkədə Araz ayırmaq istəməzdi, elə ayırmaq istəmədiyi üçün utanacaq…utancaq, göz yaşı ilə Xudafərinin ayaqlarını yuyaraq Almas İldırımın bəxtsiz anasına “haray” olacaq.

 “Azərbaycan, mənim bəxtsiz anam oy!” nidası həsrətin, hicranın köks ötürməsindən uzaqlaşıb, “Oy” nidası düşmənlərin gözünü “Oy”an feilə çevrilib artıq.

Quzeydə doğan günəş güneydə parlamağa başalayaraq iki əsrə yaxın səhnədən düşməyən elegiya dolu nəğmələrini Üzeyirin “Koroğlu” notları ilə bir daha “Cəngi” ritmində kökləyir.

Məhəmməd Hüseyin Şəhriyarın daşlaşan Heydər babası quzeydəki daş yaddaşlı əcdadlarına salam deyir. Quzeyin dəliqanlı Sarıdağı, Fərrux dağı güneydə qalan Heydər babasının harayına qıy verir. Heydərbaba da nəvələrini yenə ətrafına yığaraq firvan günlərini əhya edir.

Quzeydə doğan günəş güneydə parlamağa başlayır! Yenə mərd oğullar doğulur, yenə namərdlərin burunları ovulur, yenə adaxlı qız bəy corabın toxuyur, yenə də bacalardan şal sallanaraq bayram bayrama qarışır.

Ah Araz! Araz! Araz! Bilirik bizi ayıran sən olmadın, fəqət günahkar sən oldun. Bilirik sən saf suyunla hər zaman günahsızlığını, saflığını sinəndə cövlan etdirdin. Günəş dan yerində görsənəndə bərq vurb parladın, qürub etməyə başlayanda isə Babəkin bənizi tək saralıb-soldun. Şəhriyarın misralarında göz yaşı ilə, nisgillə, hıçqırıqla xatırlandın, Məmməd Araz misralarında qıy vurub şaxə qalxdın. Sən quzeyli aşiq ilə güneyli məşuq oldun. Xudayar təsnifi ilə hər keçən sənə hicranın dahada alovlandı, vüsala çatmaq üçün Məcnununu çöllərə saldın, Leyliyə talib İbni Səlamlara Zeyd oldun. İndi sənin həsrətin fəsli-xəzanda başlayıb, fəsli-baharda xanın toy-büsatı vüsala yetir. Artıq şairlər “qılınc həmin qılıncdı, qol o qol deyil” Şah İsmayıl kimi “Bahariyyələr” yazır, xəzaniyyələr isə keçmişdən qalan bir quru xatirəyə dönür.

Sərdari-milli Xanın bayquş oxuyan şəhri-Təbrizdə sənin qayıdışını elan edəcək. Ozan Araz Elsəs “Şur ilə fəryad edəcək yolçu karvan eşqinə”, birlikdə nuş edəcək qımız Zəngan eşqinə”…

Urmunun ağlamaqdan quruyan gözləri “Yusifin köynəyi” ilə şəfa tapacaq. Ərdəbilin qızları quzeyli məbudunu gördükdə “əllərini kəsəcək”… Şəhriyar ev sahiblərinə “əylən səna çay demişəm” misrasını səsləndirəcək…

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı

 Day “xiyalini düşünüb ax vay deməyəcək”, hər gecə sənə şirin lay-lay deyəcək… Pərvin Etisami nakamlıq badəsini içərkən Bulud Qaraçorlu Səhəndi bağrında dağ edəcək.

Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,

Ey quş, burada mərəkədən qeyri nə gördün?

 Aşıq Rüstəm yenə sazın dilləndirəcək, Yenə səsi gələcək tarın, kamanın, yenə xan gələcək, yenə qurulacaq toy-büsat. Nəbilərin dilində Arazın otayıda, bu tayıda yenə vətən olacaq… Səhənd “Traktor” la “Qarabağ” ın qardaşlıq oyununa ev sahibliyi edəcək, yenə “Azərbaycan var olsun, istəməyən kor olsun” sədaları cuşa gələcək.

Ah Araz ah! çiyni ağır yüklü Araz! səbrin tükənib bilirəm, biraz daha səbr et, bu yükdən xilas olmağına çox az qalıb, səndə aram olacaqsan, səndə ağır yükdən xilas olacaqsan…

Ax! Gecələr yatmamışam,

Mən sənə lay-lay demişəm.

Sən yatalı, mən gözümə

Ulduzları say demişəm.

Quzeydə doğan günəş, güneydə parlayır!!!

                                                                           Atilla Öztürk-NDU hüquq fənnləri kafedrasının müəllimi, baş hüquqşünas

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.