Hər daşın altında bir tarix yatır

Print Friendly, PDF & Email

GƏMİQAYA MÖCÜZƏLƏRİ

AZƏRBAYCAN ərazisində ən qədim və sərarlı təsvirlər qeydə alınmışdır. Qobustan qayaüstü rəsmləri bütün dünyada elmi ictimaiyyətin nəzərini cəlb etmişdir. Bunlar təkcə şəkil, rəsm olmaqla qalmır; eyni zamanda məqsəd, istək bildirən işarələr – təsviri yazılar kimi də maraqlıdır.

Bəziləri təsviri və xətti yazıları Azərbaycan ərazisində çox vaxt təkcə Qobustanda axtarırlar. Halbuki diyarımızın bir çox yerlərində bu nümunələrə rast gəlirik. Gəmiqaya rəsmləri bu mənada, diqqətəlayiqdir.

Bu il Naxçıvan elmi-axtarış dəstəsinin tərkibində Gəmiqaya səfəri etdik. Bir neçə günün axtarışı nəticəsində yüzlərcə rəsm və yazılar aşkara çıxardıq. Onlardan 500-ə qədərini foto-lentinə köçürə bildik. Şəkli yazılar üzü qaralmış üçüncü dövrə aid sosen yaşlı tuflar, qum daşları və tuf qumdaşıları üzərində həkk olunmuşdur. Daşların üzlərinin qaralması dəmir və manqan birləşmələri ilə əlaqədardır. Yazılı daşlar yerləşən dağ dəniz səthindən 3912 metr hündürlükdədir. Ətraf zirvələrin yüksəkliyi 1500-1800 metrdir.

Təəccüb doğursa da, şəkillər arasında yazılı daşlar yerləşən mühitin topoqrafik xəritəsi, nücum-astronomiya və başqa elmlərə aid edilə bilən rəsmlər görmək olur. Daha maraqlısı, bu günkü paketi xatırladan və maska geyinmiş, başında “antenna” görünən insan şəklidir. Bundan əlavə, mürəkkəb, bəzən isə sadə cihazlara, nə isə sirli qurğulara oxşayan “çertyojlar”da vardır. Şəkillər arasında üçmərtəbəli “ev” və ya “gəmi”ni andıran dəqiq və olduqca gözəl rəsm də heyrətə səbəb olur. Kim bilir, bəlkə də əfsanəyə çevrilmiş Nuh tufanı bizim bu yerlərdə baş vermiş, gəmi lövbər salıb dayanmışdır? Bəlkə də rəsm və yazılar gəmidə tufandan can qurtaran adamların dəsti-xəttidir.

Qəribədir ki, yerli əhalinin də bu dağa “Gəmiqaya” deməsi də gümanımızı qüvvətləndirir. Bu, nə isə bir sirrə işarədir. Gəmiqayanın köksündə yerləşən Nəsirvaz kəndinin sakini 80 yaşlı Sultan kişidən bu dağa nə üçü “Gəmiqaya” dediklərini soruşduq. Mehriban, müdrik qoca dedi:

–          Dədə-babadan deyiblər, biz də demişik. Mənim həyatımda bir mağara var. Babam nağıl edərdi ki, Nuh Nəvi bizim bu dağda dayanıb, gəmisinin sınıqları da oradadır. Biz onların nəsliyik. Əvvəllər bu mağaralarda yaşayıb, sonra da buralarda yurd salmışıq…

Yada salmalıyıq ki, Nuhla əlaqədar Naxçıvanda bir neçə yer də var: Nihəcir – Nuhəcir dağı, Nuhdaban kəndi, “Nuh məqbərəsi” bu qəbildəndir. Söz yox ki, bu adlar bir hadisə, bir şəxs ilə münasibətsiz qoyulmamışdır.

Qeyd etdiyimiz kimi, yüzlərlə rəsm-yazılar olan yerdə heç bir yaşayış nişanəsinə rast gələ bilmədik.uzun müddətli zəhmətin nəticəsində həkk edilmiş bu rəsmlərin müəllifi kimdir? O burada necə yaşamış, harada daldalanmışdır?

Yenə də ehtimallar bizi qeyri-adi bir vəziyyətə aparıb çıxarır. Zənn etmək olar ki, tufan nəticəində buraya düşən insanlar, vaxtdan istifadə edibbaşlarına gələn hadisə,istifadə etdikləri alətlər və işlətdikləri yazı işarələrini daşlar üzərinə nəqş etmişlər. Başqa sözlə desək, itməsin deyə gəmi və başqa cihazların şəklini – “layihəsini” daşlarda qazıb, haqqında isə özlərinə məxsus yazı ilə gələcəyə mə’lumat “yollamışlar”.

Gəmiqaya rəsmləri əsasən oyma və qazma üsulu ilədir.rəsmlər daş alətlə işlənibdir. Yəqindir ki, həkk ediləcək məzmun əvvəlcə hər hansı bir rəng, kömür, gil və ya iz salan başqa bir maddə ilə cızılmış, sonra iti daşla döyülüb qazılmışdır. Onlardakı dəqiqlik buna sübutdur.

Rəsmlərin anlayışına gəldikdə, irəlidə işarə etdiyimiz kimi, hər rəsmin özünə məxsus mənası var. Bu rəsmlər arasında iki bir-birinə həddən ziyadə oxşarlığa nadir halda təsadüf etmək olar. Bu oxşarlıq isə çox şərtidir. Lakin ilk baxışda, bir mətləb, bir məzmunun izahı kimi görünür. Bu bəlkə də belədir. Ancaq onlar qısa  müddətli əməyin məhsulu ola bilməz.

Qayaların birinin üstündə bir nəfər, sazabənzər çalğı alətini əlində tutan adam, qarşısında isə dizi üstə oturub əllərini xüsusi fərəhlə başı yaxınlığında yarım bükülü saxlayan başqa bir şəxs şəkli vardır. Həmin qayanın yanında bir nəfər adam bir maralı çəkib aparır, iki nəfər isə maralın ardınca gəlməkdədir. Burada ayrıca olaraq maral şəkli çox məharətlə və diqqətlə həkk edilmişdir. Onun müəllifi təcrübəli, ustad bir rəssamdır.

Rəsmlər arasında, irəlidə işarə etdiyimiz kimi, astranomiyaya aid şəkillər də avrdır. Bir neçə ulduz, dairəvi Ay, yanında şərti keçi şəkli və başqa işarələr az qala göydəki on iki bürcdən biri olan Keçi bürcünün təsviri olduğunu bildirir. Buna bənzər bir neçə rəsm yenə də göy aləmindən xəbər verməkdədir. Bu kimi əlamətlər Gəmiqaya rəsmlərini, hər şeydən əvvəl, elmlə, texnika ilə bağlayır. Biz Qobustan, Dəlidağ və başqa yerlərdəki rəsmlərin əksəriyyətini, məişət, pərəstiş, şikar və insan həyatı ilə bağlaya bildiyimiz halda, Gəmiqayadakı rəsmlərin böyük hissəsi haqda bu mənada fikir irəli sürə bilmərik. Onlarda ov, əkin, rəqs, mərasim və bu kimi hallar çox azdır. Ən çox elm, elmi layihə, cihaz, başqa sözlə desək, bu günkü elm və texnikanın “ulu babası” orada özünü nümayiş etdirməkdədir.

Yazılara gəldkdə, Gəmiqaya rəsmləri, demək olar ki, elm aləmində mə’lum olan heç bir heroqlif və əlifbaya oxşamır. Onlar özünə məxsus piktoqramlar, şərti işarə yazılardır.

Beləliklə, istər sənət, istərsə də məzmin e’tibarı ilə Gəmiqaya rəsmləri ciddi elmi axtarışlar üçün geniş meydan verən mənbədir. Burada müxtəlif sahələrin alimləri iştirak etməli, onun sirlərini açmağa, dərindən öyrənməyə çalışmalıdırlar. Söz yox ki, bu rəsmlər bir sıra namə’lum məsələlər barəsində qiymətli mə’lumat verəcəkdir.

Gəmiqaya rəsmləri öz zənginlik və nadirliyinə görə tezliklə qoruq elan edilməli və dövlət tərəfindən qorunmalıdır. Bu qayalar bir-birinə bağlı halda dolğun bir kitabı xatırladır. Hər hansı “səhifənin” itib-batması bir sıra qədim sirlərin həmişəlik bağlı qalmasına səbəb ola bilər. Rəsmlərin kinolentə köçürülməsi, elmi ictimaiyyətimiz üçün böyük fayda verə bilər.

Əbülfəz HÜSEYNİ,

Filoloji elmlər namizədi,

Arif MƏMMƏDOV,

geologiya institutunun əməkdaşı,

İsrafil BAĞIRZADƏ,

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun

Naxçıvan filialının müəllimi

“Azərbaycan gəncləri” qəzeti, 1971-ci il, 7 oktyabr

 Redaktordan: Bu və bu kimi digər  materialları lütfkarlıqla bizə təqdim etdiklərinə görə

M.S.Ordubadi adına Naxçıvan Nuxtar Respublika kitabxanasının rəhbərliyinə, əməkdaşlarına, ayrıca Yeganə xanım Rüstəmovaya və Kitabxana-Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin əməkdaşları Südabə xanım Süleymanamovaya,Əzizə xanıma dərin minnətdarlığımızı bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.