Məhəbbət yoxsa, mərhəmət

Print Friendly, PDF & Email

     İki sadə söz…
Sadə olduğu qədər də mürəkkəb bir söz.
Çoxuna adi görünən bu kəlmələr ailə adlı möhkəm zəncirin halqalarıdır. Bu halqaların arasında güzəşt, mülayimlik, qayğı, ülfət, sədaqət daha nələri, nələri birləşdirən qeyri-adi cazibə qüvvəsi  var…
Məhəbbət üzərində qurulan ailənin təməlində mərhəmət, inam, etibar, səmimiyyət olmazsa, belə təməl üzərində ucalan ailə sarayı uzunömürlü olmaz. Çox təəssüflər olsun ki, müasir dövrümüzdə ailəni qorumaq üçün vacib sayılan bir çox amillər ikinci plana keçirilib.

 Bəzi insanlar  “mərhəmət”-dedikdə yalnız fəqir, kimsəsiz, yetim, evsiz-eşiksiz olan adamlar barədə düşünürlər. Amma mərhəmət  elə bir meyardır ki, ən imkanlı insanların belə, ona ehtiyacı var.
Bir ailəyə nəzər salaq.
Tutaq ki, böyük, nüfuzlu bir təşkilata rəhbərlik edən bir kişi…
İlk baxışda o çox xoşbəxt görünür. Həddən artıq imkanlı, son dərəcə müasir, hər tərəfli dünya görüşünə malik olan bir insan.

O, axşam evə gəlir. İşdən  yorğun, bir az da əsəbi qayıdan kişini evin xidmətçisi  qarşılayıb, onun plaşını və şlyapasını alır, sonra masa üzərinə ən ləziz təamlar düzür. Məlum olur ki, evin xanımı hansısa bir salondadır, oradan çıxıb rəfiqəsinin ad gününə gedəcək.

İşdən gələn kişi xidmətçidən oğlunu soruşur, xidmətçi bildirir ki, oğlu dostları ilə gəzməyə gedib, qızı da kompyuterlə məşğuldur.

Evin kişisi tək-tənha masa üzərinə düzülən yeməklərə baxır. Baxır və xəyal onu çox uzaqlara aparır.

 Birdən o, öz uşaqlıq illərini xatırlayır. Sanki uzaq keçmişdən anasının səsini də eşidir:”Ay uşaqlar gəlin evə, indicə atamız işdən qayıdacaq, biz onu sevinclə qarşılayaq ki, yorğunluğu çıxsın.”

Kişi yalnız indi fərqinə vardı ki, niyə anası onları səsləyəndə “atanız” yox, “atamız” deyirdi. Demək ana da ərini evdə ata kimi, böyük kimi görürdü. Evin kişisi anaya uşaq vaxtı itirdiyi atasını əvəz edirmiş. Ona atasızlığını unutdura bilibmiş…

Ata əllərini yuyandan sonra içəri keçərdi. Ana və beş uşaq onun qarşısına gedərdilər. Ata bir-bir balalarını öpərdi. Belə vaxtlarda uşaqlar deyərdi:
-Bəs, ananı niyə öpmürsən?
Ata cavab verərdi:
-Onu mənim əvəzimə siz öpün.
Uşaqlar əl çəkməzdilər, ata ananın əllərindən öpərdi. Sonra da deyərdi:

-Bu əllərlə ana bizim əziyyətimizi çəkir. Onu qiymətləndirmək lazımdır.

Hamı ürəkdən gülərdi. Sonra ailə üzvləri yerə salınan süfrə ətrafına əyləşib ananın bişirdiyi xörəkdən yeyər və anaya sağ ol deyərdilər. Yeməkdən sonra ata övladlarını başına yığıb onlarla söhbət edər, ana da onların yanında əyləşib nə isə toxuyardı.

Kişi bunları düşündükcə qəlbində bir boşluq, bir uçurum hiss etdi. Uzaq bir həsrət onun qəlbini didib-parçaladı.
Niyə onun ailəsində belə deyil?
Niyə bu evdə hərə özü üçün yaşayır?
Niyə bu ailədə heç kim heç kəslə hesablaşmır?

Niyə bu evdə hər şey var, amma vacib olan nə isə yoxdur? Görəsən nədir o olmayan?

Masa üzərindəki xörəklər soyuyur, kişi isə  onu əzən, üzən suallara cavab tapa bilmirdi.

Suallar içində boğulan kişinin ürəyi qısıldı. O əvvəl qalstkunu açdı, sonra pəncərəyə yaxınlaşdı. Gözlərini uzaq bir nöqtəyə dikib öz-özünə dedi:- Əgər indi mən ölsəm, mənim yanımda adi ev xidmətçisindən başqa heç kim olmaz və  bunu  xidmətçidən başqa heç kim bilməz…

Kişi bilmirdi ki, onun ailəsində olmayan mərhəmətdir. İnsanlara təkcə məhəbbət yox, həm də mərhəmət lazımdır. Ailədə bir-birinə qarşı mərhəmət yoxdursa, birinin dırnağına batan tikan o birilərin ürəyini narahat etmirsə, demək o ailədə hərə özü üçün yaşayır. Demək o ailəni cəzb edən halqalar qırılıb və ətrafa səpələnib. Onları yenidən bir yerə yığmaq, ardıcıl olaraq düzmək çox çətin olacaq.

Çalışın ailə zəncirinin halqaları heç vaxt qırılmasın. Ən ülvi məhəbbətin də, mərhəmətə ehtiyacı var. Mərhəmət adlı bir sərvəti heç kimdən əsirgəməyin. Nə ətrafdakılardan, nə də ailə üzvlərinizdən. Mərhəmətli ürəklərdə yaranan məhəbbət daha etibarlı olur.

                                               Gülarə Munis. Şairə-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.