Müstəqillik dövrünün pedaqoji problemləri

Print Friendly, PDF & Email

Bakı Slavyan Universitetinin professoru, görkəmli pedaqoq Kərim Məmmədovun “Zəngəzurda çap evi” nəşriyyatında nəşr edilmiş tədris vəsaiti “Müstəqillik dövrünün pedaqoji problemləri” nə (2020, 108 səh.) həsr edilmişdir. Bu dəyərli vəsaitin rəyçiləri professor F.A.Rüstəmov, professor M.İ.İlyasov, dosent S.L. Axundova, dosent K.Ə. Səmədovdur.

Tədris vəsaiti Azərbaycan pedaqoji cameəsində maraq və rəğbətlə qarşılanmışdır.Vəsaitdə müstəqillik dövrümüzün pedaqoji problemləri ələ alınıb təhlil edilmiş, dövrün pedaqoji alimlərinin əsərlərinə nüfuz edilmiş, müəllif baxışından onların əsərlərindəki pedaqoji problemlər geniş təhlil edilmiş, original fikir və mülahizələr bildirilmiş, onların pedaqoji elminə

gətirdikləri töhfələr təqdir edilməklə bərabər, buraxılmış nöqsanlar da göstərilmişdir.

Əsər Giriş, iki fəsil və ədəbiyayt siyasından ibarətdir. Girişdə müəllif uzun illər yaşadığımız kommunist ideologiyasının məktəbimizə, təhsilimizə, mənəvi həyatımıza göstərdiyi mənfi təsirlər qeyd edildiyi kimi, həmçinin göstərilmişdir ki, müstəqillik dövrünün gətirdiyi azadlıq, humanizm, demokratiya və yeni pedaqoji təfəkkür işığında yazılan əsərlər rəğbətlə qarşılanmışdır.

Müəllif haqlı olaraq göstərir ki,müstəqilik dövrümüzün ən böyük nailiyyətlərindən biri Azərbaycan pedaqoji fikir tarixinin ətraflı şəkildə öyrənilməsinə, Şərq Xalqlarının , Türk xalqlarının pedaqoji fikir tarixinin tədqiq edilməsinə geniş imkan və yolların açılmasıdır. Bu sahədə Respublikamızın tanınmış pedaqoqları prof. H.M. Əhmədov, prof. Ə.Ə. Ağayev, prof.F.A. Rüstəmov, prof. F.Ə. Seyidovun və başqalarının sanballı əsərləri meydana çıxmışdır. Müəllif burada təvazokarlıq göstərərək özünü qeyd etməsə də, biz qeyd edək ki, prof Kərim Məmmədovun “Şərq pedaqoji fiir tarixindən” adlı əsəri dəyərli əsərlər sırasındadır. Bu əsər türkcəyə çevrilərək Türkiyədə – İstanbulda da nəşr edilmişdir. Burada “Avestada tərbiyə məsələləri”, “Qurani Kərimdə tərbiyə məsələləri”, “Əl Qəzzalinin pedaqoji fikirləri”, “Nəsirəddin Tusinin pedaqoji ideyaları”, “Ziya Goyalpın” pedaqoji düşüncələri ətraflı təhlil edilmişdir. Həmçinin müəllifin “Türk xalqlarının pedaqoji fikir tarixindən nümunələr” adlı əsəri də bu qəbildəndir. Müəllifin 100 – dən artıq əsəri təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, Gürcüstanda nəşr edilmişdir. Elmdə, təhsildə səmərəli, fədakar əməyi “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Müəllifin bu yeni nəşr edilmiş tədris vəsaitində göstərilir ki, müstəqillik dövründə pedaqogika tarixi və nəzəriyyəsinə dair dəyərli tədqiqat əsərləri də işıq üzü görmüşdür. Onların sırasında prof. A.O. Mehrabovun, prof. M.A. İsmixanovun, prof.R.L. Hüseynzadənin, prof. L.N.Qasımovanın, prof. M.İ. İlyasovun, prof. H.Ə. Əlizadənin dövrün tələblərinə uyğun olaraq tədqiqat əsərləri çap edilərək oxuculara təqdim edilmişdir.

Müəllif qeyd edir ki, nailiyyətlərlə yanaşı bir sıra səhvlərə də yol verilmişdir. Bunlardan xüsusilə pedaqogikada “metodologiya” anlayışına yanaşmalar özünü göstəririr. Belə ki, kommunist ideologiyasından xilas olmayanlar elmdə də bunu axtarmağa başladılar. Bu gün də belə pedaqogikada metodoloji problemlər, prinsiplər ya heç açıqlanmır ya da açıqlanmasında yanlışlığa yol verilir.

Daha sonra müəllif yanlışlıqlar və problemlər sırasında pedaqoji anlayışların bir çox hallarda yerində və düzgün işlədilməməsi, tərbiyənin tərkib hissələrinin müxtəlif cür işlədilməsi və ehtiayc olmadığı halda əlavə tərkib hissələri ilə sayının çoxaldılması, pedaqoji prinsiplərdə, pedaqoji qanun və qanunauyğunluqlarda müxtəliflik, pedaqogika elminin bölmələrinin fərqli bölgüsü, strukturuna fərqli yanaşmalar, bəzi dərslik və dərs vəsaitlərində “Əxlaq tərbiyəsi”nin, “Mənəvi tərbiyə” kimi və ya əksinə işlədilməsi, bunların fərqli mənalarının izah edilməməsi, yaxud mahiyyəti əsasən eyni olan, lakin Pedaqogika dərslik və dərs vəsaitlərində müxtəlif başlıqlarla verilən “Zehni tərbiyə”, “Əqli tərbiyə”, “Ağıl tərbiyəsi” kimi müxtəliflik, yaxud da bəzi dərslikərdə “metod” bəzilərində “üsul” kimi ifadələrin işlədilməsi tələbə auditoriyalarında çaşqınlıq yaradır. Həmçiinin müəllif haqlı olaraq hələ də pedaqogika elmimizdə ana dilimzdə qarşılığı işlədilməyən “Ustanovka”, “Priyom”, “Situasiya” və s. kimi ifadələrin işlədilməsini qəbul etmir. Müəllif bütün bunların hələ də dərslik və dərs vəsaitlərində, hətta dissertasiyalarda öz əksini tapmasının yol verilməz olduğunu qeyd edir və doğru olaraq bildirir ki, Pedaqogika yarandığı vaxtdan dünyəvi elmdir, bəşəri bir elmdir və bir elm kimi də daim inkişafdadır.

Müəllif haqlı olaraq göstərir ki, bu gün təhsilimizə daxil olmuş “İnteraktiv metodlar” vaxtilə Sovetlər birliyi dövründə “Problemli təlim” mahiyyəti daşıyırdı. Hər iki metodun mahiyyəti təhsil alanlara obyekt kimi deyil subyekt kimi baxılması tələb edilirdi. Bunların pedaqoji ədəbiyyatımızda izahının verilməsi əlbəttə arzu ediləndir. Həmçinin “İnteraktiv təlim metodları” və “Fəal təlim metodları” bəzi pedaqoji ədəbiyyatımızda eyni mahiyyətdə qəbul

edilib bərabərləşdirilir, bəzilərində isə bunların ayrı-ayrı metodlar olduğu bildirilir. Bütün bunlara da pedaqoji ədəbiyyatımızda aydınlıq gətirilməlidir.

Müəllif əsərinin – “Yeni dövrdə pedaqogika elminin təşəkkülünə dair mülahizələr” və “Yeni dövrdə pedaqoji tədqiqatların əsas istiqmətləri” adlı birinci və ikinci fəslində yuxarıda göstərilən yanlışlıqların geniş şərhini və təhlilini verməklə bərabər, həm də yeni pedaqoji problemlərdən, yeni tədqiqat sahələrindən, xüsusilə müstəqllik dövrünün uğurlu pedaqoji tədqiqat işlərindən ətraflı məlumatlar vermişdir.

Əsərin birinci fəslində pedaqogika elminin dünya təlim və tərbiyə sisteminə inteqrasiayası məsələlələri, həmçinin müstəqllik dövründə pedaqogika elminin, anlayışlarına, metodoloji problemlərinə, strukturuna, dünyagörüş və siyasi mədəniyyət tərbiyəsinə müxtəlif yanaşmalar təhlil edilərək müəllifin dəyərli, doğru mülahizələri əsasında şərh edilmişdir.

Əsərin ikinci fəslində isə Şərq pedaqoji fikir tarixinə yeni yanaşmalar, Türk xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, Türkiyə və Azərbaycan pedaqoji əlaqələrinin əsas istiqamətləri və yeni dövrdə ölkəmizdə pedaqogika elminin məzmununun təkmilləşdirilməsi sahəsindıə aparılan işlər yeni pedaqoji təfəkkür işığında, müasir pedaqoq – alim baxışında dəyərli fikir və mülahizələr yürüdülmüş, ətraflı şərhlər və təhlillər edilmişdir.

Əsərin sonunda ədəbiyyat siyahısı verilmişdir.

Bu dəyərli əsəri ali məktəb tələbələri və müəllimləri, magistr və doktorantları, habelə pedaqogika sahəsində tədqiqat aparan tədqiqatçılar üçün dəyərli vəsait hesab edirəm.

Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim

 

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.