Məhəmməd Taği Sidqinin və Məhəmmədəli Sidqinin yeni əlyazmalari, ədəbi, pedaqoji düşüncələri

Print Friendly, PDF & Email

Böyük pedaqoq, istedadlı şair, xalq müəllimi M.T.Sidqininn fikirləri öz dövründə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır.

Naxçıvan tarix boyu elm, mədəniyyət mərkəzi olmuşdur. Naxçıvan MR Ali məclisinin Sədri cənab Vasif Talıbov  Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin açılışındakı  nitqində Naxçıvanın çox qədim bir tarixə malik olduğunu və min illər boyu burada elmin, mədəniyyətin inkişaf etdiyini söyləmiş  və  Naxçıvanın bu günündə olduğu kimi, keçmişində də elmin yüksək səviyyədə olduğunu qeyd etmişdir (1).  

 Naxçıvanın böyük alim və mütəfəkkirləri  öz yaradıcılıqları ilə elə zəngin bir irs qoyub getmişlər ki, bu gün də onların irsi elmimizin, ədəbiyyat və mədəniyyətimizin  inkişafında, Naxçıvan tarixinin öyrənilməsində yeni məlumatlarla mühüm əhəmiyyət kəsb edir və bu gün də onların yaratdıqlarına, əlyazmalarına rast gəlmək olur.  

 XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tariximizin, ədəbi fikrimizin    görkəmli nümayəndələrindən olan Məhəmməd Tağı Sidqi Səfərov (1854-1903) və onun oğlu tanınmış şair, publisist, tərcüməçi Məhəmmədəli Sidqi Səfərov (1888-1956) bütün həyatı boyu maarif və mədəniyyət  carçısı olmuşlar, yorulmadan, fədakarcasına xalqı müasir elmə, tərəqqiyə çağırmışlar. Onların yazıb – yaratdıqlarına bu gün də rast gəlmək olur ki, onları xalqımıza, xüsusilə  müasir ədəbi və pedaqoji fikrin nümayəndələrinə çatdırmaqla ədəbi, mədəni və pedaqoji fikrin keçmişini daha dərindən öyrənməyə imkan verdiyi kimi, sabahımızı da aydın görməyə şərait yaradır və Cəlil Məmmədquluzadə demişkən gələcəkdə səhvlər etməməyə əlverişli  imkanlar yaradır.

Məhəmməd Tağı Sidqi və Məhəmmədəli Sidqi haqqında keçən əsrin böyük şəxsiyyətləri C.Məmmədquluzadə, H.Cavid, Qurbanəli Şərifzadə, Əziz Şərif, Əliqulu Qəmküsar və başqaları dəyərli əsərlər, xatirələr yazmış, M.T. Sidqi ilə məktublaşmalar aparmışlar. Müasir dövrümüzün böyük alimləri, tədqiqatçıları, pedaqoqları – İsa Həbibbəyli , Yavuz Axundlu, Lətif Hüseynzadə, Əsgər Qədimov, Əbülfəz Amanoğlu, Hüseyn Həşimli, İbrahim Mollayev,  Mirabbas Aslanov, Əziz Mirəhmədov, Feyzulla Qasımzadə, Fazil Seyidov, Yavər Eyvazov, Maqsud Mahmudzadə, Şövqi Novruzov, Abbas Zamanov, Qulam Məmmədli, Xeyrulla Məmmədov, Məmməd Cəfər, Vahid Rzayev, Rəcəb Ağayev, Lütviyyə Əskərzadə, Rüfət Hüseynzadə və başqaları  Sidqi və onun mühiti haqqında qiymətli  əsərlər yazmış, maraqlı elmi məqalələr dərc etdirmişlяr.

Sidqi görkəmli bir ədəbiyyatşünas alim, mahir pedaqoq, məktəbşünas  olaraq   təlim və tərbiyəyə, dilimizə, ədəbiyyatımıza  dair qiymətli   əsərlər yazıb-yaratmışdır. (“Nümuneyi əxlaq”, “Töhfeyi- bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”,”Tənviri əfkar” (“Fikirlərin işıqlandırılması”), “Həkimanə sözlər”, “Nəsihətnamə”, “Pedaqogika”). 

Sidqi bir xalq müəllimi, bir  məktəbdar kimiHacı ağa Fəqir, Hüseyn Soltan Kəngərli, Hüseyn İsmayılov, Salman Əsgərov kimi ziyalıların köməyi ilə 1892-ci ildə  Ordubadda  “Əxtər”  (Ulduz) adlı  yeni  üsullu milli məktəb açmışdır ki,  Sidqinin geniş  pedaqoji fəaliyyəti də elə buradan başlamışdır. Sidqi bu məktəbin həm təsisçisi, həm rəhbəri, həm müəllimi, həm də müəllifi idi. Burada həm şəriət, həm də dünyəvi fənlər tədris edilir, şagirdlər partalarda oturur, yeni üsullarla dərslər keçilirdi.  

Sidqinin bu  məktəbi tezliklə böyük şöhrət  qazandı və ölkədə geniş yayıldı. Azərbaycanın və  Gürcüstanın müxtəlif  yerlərində də Sidqinin məktəbinə oxşar məktəblər yaradılmağa başlandı. 

Naxçıvan ziyalıları tərəfindən 1894-cü ildə Naxçıvana dəvət edilən M.T.Sidqi Yaxın və Orta Şərqdə məşhur olan, yeni bir məktəb – “Tərbiyə” məktəbini  də burada –Naxçıvanda  təsis etmişdir (2).

 “Tərbiyə məktəbi”ndə də həm şəriət, həm də dünyəvi fənlər tədris edilirdi. Burada “Türk dili”, “Türkcə hüsnxət”, “Fars dili”, “Elmi-ilahi”, “Rus dili”, “Əxlaq məsələləri”, “Nəğmə” və s. kimi fənlər tədris edilirdi. Fənlərin tərtib olunmuş proqramından məlum olur ki, dərslərin  əksəriyyətində əxlaqi-didaktik hekayələr, şeir və təmsillərin öyrədilməsinə  üstünlük verilmişdir.   

Bu məktəbdə  kollektiv sinif-dərs sistemi tətbiq edilmiş, şagirdlər həsir üstündə deyil, partalarda oturmuş, lövhədən, silgidən istifadə edilmişdir. Bu məktəbdə pedaqoji fikir tariximizdə ilk dəfə olaraq Sidqinin özü tərəfindən işlənib hazırlanmış və bu günə qədər əhəmiyyətini itirməmiş, mühafizə edilib saxlanılan “Ədəb qaydaları” tətbiq edilirdi. Şagirdlərə qarşı heç bir cəza tədbiri tətbiq edilmirdi (5).

Tədris planında özünə möhkəm yer tutan əxlaq dərsləri də Sidqiyə böyük şöhrət qazandırmışdı. Bu məktəbdə dillərin tədrisinə, xüsusilə ana dilinin tədrisinə xüsusi fikir verilirdi.  O  deyirdi : “Oəvvəlaanadilidir, saniyənVətəndilidir, salisənmillətdilidir”.  Sidqirusdilinintədrisinədəxüsusiəhəmiyyətverirvətərbiyəməktəbindəilkdəfəolaraq  uşaqlararusdilitədrisedilirdi. Sidqi xarici dil kimi ərəb və fars dilinin də öyrədilməsini məsləhət bilirdi. O deyirdi ərəb dili dinimizin dilidir, fars dili  ədəbiyyatımızın dilidir, rus dili hökumətimizin dilidir, türk dili anamızın dilidir.

M.T.Sidqinin açdığı “Tərbiyə məktəbi”nin dahi şairimiz Hüseyn Cavid, böyük yazıçı Məmməd Səid Ordubadi, məşhur ədəbiyyatşünas alim Əziz Şərif, görkəmli rejissor və aktyor Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, mollanəsrəddinçi şairlərRzaqulu Nəcəfov və Əliqulu Qəmküsar qardaşları, yazıcı – publisist Ələkbər Qərib, Əli Səbri Qasımov, şair Məhəmmədəli Sidqi (M.T.Sidqinin böyük oğlu), məşrutəçi Ələkbər Məmmədquluzadə, adlı-sanlı maarifçilər- Əbdüləzim Rüstəmzadə, Mircəfər Mirişli, Əlirza Rasizadə (Hüseyn Cavidin kiçik qardaşı), realist rəssam Bəhruz Kəngərli,  tanınmış təhsil işçisi, müəllim və pedaqoq Xəlil Hacılarov,  əməkdar müəllim Həsən Səfərli,Məmməd Xəlilov və Əli Xəlilov, Heydər Vəzirov, Əsəd Şeyxov, Qasım Camalbəyov, diplomat İbrahim Əbilov (1882-1923)kimi böyük elm, ədəbiyyat və mədəniyyət, ictimai və dövlət xadimləri yetirmələri olmuşdur. Onlar nəinki Azərbaycanda, eləcə də ölkəmizdən çox-çox uzaqlarda tanınan məşhur şəxsiyyətlər – elm, ədəbiyyat və incəsənət xadimləri, siyasətçilər olmuşlar. Elə tək görkəmli yetirmələrinə görə Sidqinin “Tərbiyə məktəbi”ni Qori Müəllimlər Seminariyası ilə müqayisə etmək olar. Bu məktəbdəki yeni təlim-tərbiyə üsulları o dövr ziyalıları üçün böyük təcrübə məktəbi idi, Cəlil Məmmədquluzadənin dediyi kimi “…müəllim  və ədiblər üçün bura bir darülürfan hesab olunurdu”.  

M.T. Sidqi  istedadlı bir  şair, yazıçı  kimi uşaq, yeniyetmə və gənclər üçün  tərbiyəvi əhəmiyyətli, ibrətamiz  şeir və hekayələr yazmış,  rus, ərəb və farscadan  tərcümələr etmiş, teatrımızın inkişafında dəyərli xidmətlər göstərmiş, Qurbanəli bəy Şərifzadə, Mirzə Nəsrulla Əmirov, Cümşüd Paşa Sultanov kimi  ziyalı dostlarını ətrafına toplayaraq “Həvəskar aktyor dəstəsi” yaratmış, özü ona rəhbərlik etmiş, həm tamaşaların rejissoru, həm də aktyoru kimi çıxış etmişdir.  

M.T.Sidqi  maarif və mədəniyyətimizə, dilimizin saflığına, qızların təhsilinə dair, habelə yeni – latın əlifbasına keçidlə bağlı dəyərli əsərlər, publisistik məqalələr yazmış  və o, 1896-cı ildə  Naxçıvan qəzasında ilk dəfə olaraq müsəlman qız məktəbi açmışdır. XIX əsrin sonunda Naxçıvan kimi ucqar bir bölgədə, dindar bir yerdə qızlar üçün məktəb açmaq böyük hünər idi. Şəhərin din xadimlərinin, molla və müctəhidlərin  hücumlarına baxmayaraq Sidqi öz mütərəqqi fikirlərindən dönməmiş və qız məktəbinin açılmasına nail olmuşdur. Bu məktəbin açılmasında Naxçıvanın qabaqcıl maarifpərvərləri- Paşa Sultanov, Qurbanəli  Şərifzadə, Əsədağa Kəngərli və başqaları yaxından kömək etmişlər. Sidqinin bu mütərəqqi fəaliyyəti Bakı maarifpərvər milyonçusu H.Z.Tağıyev tərəfindən təqdir edilmiş və məktəbin inkişafı və  fəaliyyəti üçün maddi yardımda bulunmuşdur.

M.T.Sidqi məktəbdarlıqla bərabər uşaqlar üçün  didaktik mahiyyətli mənzum şeir və hekayələr, lirik qəzəllər yazmış, publisistik pedaqoji çıxışlar etmişdir ki, onlar toplanmış və nəşr olunmuşdur.

Əlimizdə Məhəmməd Tağı Sidqinin, onun oğlu Məhəmmədəli Sidqininin və onun müasirlərinin pedaqoji və ədəbi ictimaiyyətə tanış olmayan və bu günədək nəşr olunmayan  bir neçəəlyazması vardır. Bu  nadir əlyazmalar   2008-ci ildə 106 yaşında dünyasını dəyişmişədəbiyyatşünas  alim, ”İstiqlal” ordenli  Əməkdar müəllim atam Lətif Hüseynzadənin şəxsi arxivində saxlanılmış  və bu gün həmin əlyazmaları ilk dəfə olaraq  müxtəsər şərh və izahla ədəbi-pedaqoji ictimaiyyətimizəçatdırıram. Bu əlyazmalar pedaqoji fikir, dil və  ədəbiyyat tariximiz üçün qiymətli bir mənbə, həmçinin Sidqi irsinin öyrənilməsində dəyərli  qaynaqlar hesab edilə bilər.

Əlyazmalardan biri 1896-cı ilin 14 mayında Naxçıvan şəhərində rus  imperatoru  II Nikolay Aleksandroviçin  tac qoyma gününün qeyd edilməsi mərasimində  Sidqinin etdiyi çıxışının  əlyazmasıdır. Bu əlyazmanı “Dilimiz və məktəbimiz” adlandıra bilərik ki,  əlyazmanın   mətni  Naxçıvan qazisi  mötəbər  Axund Hacı Molla Məhəmməd  Nəxçivaniyə yadigar olaraq təqdim edilmişdir. Sidqi bu çıxışında  millət balalarının ana dilində təhsil almasından, dilimizin saflaşdırılması  və inkişaf etdirilməsindən, maarif  və mədəniyyət  işlərindən danışmış, Naxçıvan  şəhərində, onun qəsəbə və kəndlərində yeni üsulda, ana dilində milli məktəblər açmaq istəyindən söz açmışdır. M.T.Sidqi çıxışında  dilimizin çox pozulduğundan insanlarımızın  mənasını bilmədən ərəb, fars, rus sözlərinin  yerli- yersiz işlətmələrindən  təəssüflə danışmış və  belə  demişdir: “…Qədim tarixlərdə  ərəblər  geri qalmış  mədəniyyətdən uzaq bir millət olmuşlar. Fəqət islamiyyət  onları ayıltmış, onlara maarif-mədəniyyət yolunu göstərmiş  və yüksək  əxlaqi keyfiyyətlərlə təmin etmişdir…Milliyyətindən asılı olmayaraq ərəblər öz dillərini, yazılarını, adət vəənənələrini başqa xalqlara qəbul  etdirmişlər. O  cümlədən Qafqazda (Azərbaycanda), Türküstanda ərəb dili hakim dil olmuşdur. Hətta «Müəllimi – sani» ismi ilə məşhur olanƏbu Nəsr Farabi əl-Türki və birinci hükəmadan sayılan və şeyxi rəis ləqəbi ilə müləqqəb olan Əbu Əli İbn Sina kimi şəxslər türk oğlu türk ola-ola  əsərlərini  ərəb dilində  yazmışlar…». M.T.Sidqi çıxışında insanlarımızın, hətta ziyalılarımızın  işlətdikləri ərəb, fars, rus sözlərinin yanlış işlətdiklərindən və yerində işlətmədiklərindən qayğılanır və bildirir: “Bir əbaya bürünmüş məktəbdar mirzə” deyir: “Duz nəməkdanını mənə ver” (“Nəmək” elə duz deməkdir. ”Duz duz qabını mənə ver”(?) kimi mənasız ifadə çıxır), yaxud “Darvaza qapısı”nı ört.(“Darvaza” böyük qapı deməkdir), yaxud da deyir: “Mənə bir kasa mast qatıq ver” (“Mast” elə qatıq deməkdir), “Heyva behdanəsinin toxumu”nu ək (“Behdanə” elə“heyva toxumu” deməkdir) və s. Daha sonra isə Sidqi yenə yazır: “Sivilizasiya görmüş bir «Obrazovannıy» isə belə danışır: “İstansiyada fayton yox idi. Bir troyka tutdum, pramoy vağzala kimi proqonda getdim. Mejduproçim yamşikin də navodkasını verdim, kontordan posılkanı aldım, bir yeşik suxarı, iki koropka konfet, üç düjin spiçka, bir asmışqa çay aldım…Voobşe naprasnı yerə skuçno olma…” (10). Sidqi dilimizin belə gülünc vəziyyətə düşməsindən narahat olur və balalarımızın  ana dilində təhsil almasından, dilimizin saflaşdırılmasından, maarif və mədəniyyətimizin  inkişaf etdirilməsindən  danışır.

Sidqinin əlimizdə olan ikinci  əlyazması bir   şagird dəftərinin iki səhifəsi həcmində olub başdan sonadək qara tuşla  öz əli ilə yazdığı  gözəl, lirik bir şeir parçası- qəzəldir. Bu vərəqədə həmçininSidqi farsca da bir şeir  yazmış və  bazarlıq xərcləri ilə  bağlı bəzi qeydlər də etmişdir. Vərəqənin arxasında əlifba tariximiz üçün maraqlı qeydlər də vardır. Belə ki, Sidqi qədim şəkli yazının- piktoqrafiq işarələrin, hansı ki, Gəmiqayada da onlara təsadüf edilmişdir ki,  onların mənasını açıqlamaq təşəbbüsündə bulunmuş və bir neçə işarənin qarşılığını da vermişdir. Daha sonra ərəb hərflərində “Əbcəd” hesabının və “Sərvi” xəttinin qarşılıq   hərflərini vermişdir. Aydınlıq üçün deyək ki, ərəb əlifbasının  nəstəliq,  şikəstə,  kufi və s. xətləri ilə yanaşı  “Sərvi” xətti də vardır. Bu əlifba şaquli bir xəttin  sağ və sol tərəfində  müxtəlif  saylı qollar  çəkməklə hərflər  və ya saylar göstərilir, sözlər yazılır. Sidqi də bu  bədii –dekorativ xətt növünün  qarşılıqlarını  həmin vərəqədə yazmışdır (9).

          Sidqinin ana dilində əlyazma qəzəlini oxucularımıza  çatdırırıq:

         Cana, mürüvvət  eylə günüm çox yaman keçir

           Karım  həmişə naləvü –ahu- fəğan keçir

            Gül mövsümündə qonça sifət qan olub könül

            Fəsl bahar içində  baharım xəzan keçir.

           Onda səbr eyləmənəm, ah-zar məsa

           Görsəm rəqiblər səninlə mehriban keçir

           Yoxdur məgər mürüvvətin, ey bivəfa

            Mən ağlıram, rəqiblərim şadman keçir

             Əğyar tənəsin nəyə, nəyə təşbih eyləyim

            Bənzər o bir bəlayə, gəlib nagahan keçir

            Birvəqtvaridimənəçoxmehribanidin

             O günlərim xəyalə gəlir, hər zaman keçir

             Gəl , bir müyəssər olsa içək vəsl camını

              Fövt etməyək bu fürsəti, ömr cavan keçir

              Birbusə  vədeylədiniftarvaxtına

              Gəlvədinə  vəfaeylə , axır  əzankeçir

              Sidqihəmişə  bəzm  vüsalından  lalətək

              Əğyar  əlində  badəgörübbağrıqankeçir

 Bu şeir parçası, M. T. Sidqinin “Əsərləri”nə daxil edilmişdir(2).

M.T.Sidqinin farsca əlyazması isə hədislərdən, İslam dini rəvayət və hekayələrindən qaynaqlanan, həmçinin insanları düzlüyə, doğruluuğa ədalətə səsləyən  bir şeir parçasıdır. Bu şeir parçasından  Sidqini əxlaqımızın, mənəviyyatımızın keşikçisi kimi görmək olur. Onun farsca yazdığı şeiri bacardığımız qədər aşağıdakı kimi tərcümə etmişik:

                             O insan ki, Allah ona həyat verdi, can verdi

                             Nadürüstlər tüğyan etdi, o neməti unutdu

                             O, insanlara ölkəsində həyat qurdu, yaşatdı

                             Gədalar da o cəlalı, o büsatı dağıtdı.

                             O xalqın ki, göylər idi cənnət kimi məkanı,

                              Xarabaya çevirdilər, bəd əməlli cahillər.

                             O yerdə ki, övladları valideynə kəc baxdı,

                             Qəza-qədər o məkanda hər gün artdı, çoxaldı.

                             O şəxslər ki, haram yeyər, iman, insaf tanımaz

                             Zaman gələr yedikləri ona əzab verər,   yaramaz (9)

M.T.Sidqinin digər bir farsca əlyazma şeirində xeyli düzəlişlər, redaktə işləri oxunuşunu çətinləşdirsə də onu oxuya bildik. Bu mənzum parçadan aydın olur ki, şeir “Qılquyruq” ləqəbi ilə tanınan Zərqam haqqındadır. Zərqam var-dövlət, sərvət hərisidir. O özündən razı, tamahkar, lovğa, nadan bir şəxs obrazı, bəlkə də bir təmsil nümunəsidir ki, şeirdə belə deyilir:

                      Aqil, kəs be qu, ço Zərqam nəşəvəd

                      Əz faideyi kibr, təmeh xam nəşəvəd

                      Axir ze qürur-e düm ura be borənd

                      Dər miyan xas-ü am bədnam şəvəd…

                      Zərqam həme qoft mehr əst vücud

                      Əz xod bozorqəm həme mükərdəd sücud

                      Axer çe konəm ki, düm məra zaye kərd

                      Əndər xəlq Zərqam ism-i bəd qu əst

                      Nə, nə, nə-çendan əst, dər u adəmi niku əst

                      Nesfi bequyəd düşmən , nesfi bequyəd dost

                      Zərqam be fikr xiş yek “Şiri-nər” əst… (9)

Bu şeiri də yenə aşağıdakı kimi belə tərcümə etdik:

                      Aqil adamlara söylə ki, Zərqam kimi olmasın

                      Kibr, qürur, həm də tamah sahibi xam olmasın

                      Bir gün gələr quyruğunu kəsərlər nəfsi üzündən

                      El içində bədnam olar, düşər xalqın gözündən

                      Zərqam könlü böyük , hakim olmaq eşqində

                      Haqqa baxsan hakim olmaq ləyaqəti yox  onda

                      Quyruq o biçarəyə həmişəlik bir dərd olmuş

                      Quyruğundan yüz bəla, yüz peşimanlıq olmuş

                      El, aləm içində Zərqamın  həyası  heç yox

                      O məğrurluq, o kibrlik,  o lovğalıq, bədxahlıq

                      O  xudpəsəndlik , bədnəzərlik yerə vurmuş Zərqamı

                        Zərqam deyir məğrurluqda mən işıqlı günəşəm.

                       Lakin onun əsl çirkin siması el-aləmə aşkardır.

                       Hərdən onun quyruğundan söhbət düşəndə,

                      Məyus olur hər görəndə quyruğun.

                      Zərqam deyir varlığımdır günəş kimi bir vücud.

                      Böyük-kiçik aləm gərək qılsın mənə yeksər sücud.

                      Bəziləri mənə dost, bəziləri mənə düşmən demiş,

                     Yox, yox əsla, mən onlardan deyiləm.

                     Mən bir “Şiri-nərəm” bir pəhləvan aslanam.

                     Nə edim ki, quyruq məni zaye etmiş, bu aləmdə.

                     Aləmlərdən soruşsan ki, bu nə işdir, anladar.

                     Çox qəribə macəradır bu quyruğun məalı… (9)

M.T.Sidqi XIX əsrin 80-90-cı illərində Naxçıvan ədəbi –pedaqoji mühitinin ağsaqqalı və müəllimi hesab edilmişdir. Onun ətrafına ziyalılar, şairlər toplaşar  və ədəbi- pedaqoji məclislər keçirərdilər ki, onların da arasında Cəlil Məmmədquluzadənin dayısı Kərbəlayi-Əliştan Məhbus və M.T.Sidqinin oğlu Məhəmmədəli Sidqi Səfərzadə də var idi. Xoşbəxtlikdən hər iki şairin şeirlərinin əlyazması bu günkü günlərimizədək Lətif Hüseynzadənin şəxsi arxivivində saxlanılmışdır. Kərbəlayi-Əliştanın 1919-cu ildə yazdığı şeirində 1918-ci il hadisələri –  ermənilərin Naxçıvanda törətdikləri qırğınlar, onların Vətən torpağının hər tərəfini yandırıb dağıtdıqları təsvir edilir:

                      Hər baxanda sana bağrım olur qan, ey Vətən!

                      Olmusan aya neçin böylə pərişan , ey Vətən!

                      Qalmayıb bir səlamət yerin, hər tərəf viranədir.

                      Od vurublar sərbər eyləyiblər suzan , ey Vətən!

                      Yoxdur bir abad yerin ki, görüm bir şad olum.

                      Qəsr alilər olub xak ilə yeksan, ey Vətən!

                      Dönmüsən bir xarabazarə, yoxdur səndən bir nişan

                      Yoxsa səndə olmayıb heç bircə insan,  ey Vətən!

                       Bağların bənzər idi bir səhn gülüstanə sənin

                      Əsdi hardan bir xəzan, soldu gülüstan, ey Vətən!

                      Qaçdı bülbüllər, dağıldı, etdilər səndən fərar.

                      Qaldı bisahib,  olub güllər də xəndan, ey Vətən!

                      Dəstə-dəstə bağlarında seyr edərdi hurilər,

                      Görmədim bircə nəfər mən səndə qılman, ey Vətən!

M. T. Sidqinin oğlu Məhəmmədəli Sidqi  də dəyərli şeirlər, publisistik məqalələr  yazmış, tərcümələr etmiş, atasının məktəbini davam etdirmişdir. Məhəmmədəli  Sidqi Səfərzadənin 1918-ci ildə ermənilərin Naxçıvanda törətdikləri qanlı cinayətləri təsvir edən, Naxçıvan əhlinin igid gənclərinin düşmənə qarşı mübarizəsini əks etdirən və o dövr tariximiz üçün dəyərli bir şeiri də əlimizdədir. Yazı müəllifin öz əli ilə bir vərəqdə yazılmışdır. Lakin vərəqin bir hissəsi cırıldığından,  şeirin də bəzi hissələri və şeirin yazılma tarixi itmişdir. Lakin  vərəqin arxa səhifəsində bəzi tarixi məlumatlar qalmışdır:

                   Saldırdı Abdullah düşmənə həmlə

                   Pürhünər cümleyi tökən qanlar.

                   Qeyrət əl verdi çıxdı meydanə gənclər,

                   Keçdilər rəzmə, mərdi-mərdanə.

                  Neçə cəngavər hünərpərvər,

                   Ermənistanda bağladı səngər.

                  Biri Abbas bəy şücayi-rəşid

                 Hifsi qılsın onu xudayi məcid.

                 Qətli üdvanə bəsgi talibdir,

                 Qanda olsa əduya qalibdir.

                Uğru bəy, ta ki atdı beş açılan,

                 Neçəsini eylədi cəhənnəmə rəvan.

                Ta Abiş bəy götürdü əndazə,

                Cuşə gəldi məhəlleyi tazə.

               Qoymadı düşməni içrə rahgüzar,

               Qan töküb şövq ilə alıb səngər.

               Neçə səngər, misali port-artur.

              Mürtəf kuhi-Qaf tək məşhur.

              Gəncəli bir Xəlil nam avər…

             Yağdırırdı minarədən Azər

             Qaldı zillətdə firqeyi-nəmrud.

            Oldu islam aqibəti-məsud.

            Biri Məhəmməd Hüseyn namlı.

          Qoydu viranə Ermənistanı.

           O da qıldı minarədə səngər.

           Rast gəldi kilseyi kafər…

          Biri Qəffar adlı əhli İran,

         Oldu davada Rüstəmi sani.

         Bəndəli səngəri eylədi məkan.

         Cəng edirdi əlində əqin.

         Dəstəsi mahir, tüfəng əndaz.

         Bir-biri ilə olurdu həm avaz.

         Düşmən üçün oldu dün çətin,

        Gördülər bağlanıb yasər-yəmin.

         Oldu çöl əhli əmrdən agah,

         Qarabağ şəhrinə gətirdi pənah.

         Hökm yazdı Xəlil bəy məxtun,

          Oldu əhval Aftiluya məlum.

          Mirzə Əli bəy cəvan idi səffaq.

         Xunruz adəmi bi bak.

          Qardaşı məşhədi Şükür cəngi

          Qırıbən gətdi düşməni təngə

          Çıxmadı bir kənarə səngərdən,

         Neçəsin vurdu ermənilərdən.

         Miriş ağa seyyidi ilsadət,

         Ümməti cəddinə verirdi nicat.

         Onda zahir idi haşimi namus.

        Aparıb cəngə nəft ilə nasus,

         Atəşi düzəxə düçar oldu.

        Xanələr cümlədən tarı-mar oldu.

        Çox imarətlər oldu atəşə tuş.

        Cəng vaxtında qənbər adlı ustad.

        Əhli islamı eylədi çox şad.

         Nə qədər var idi şikəst tufəng.

         Saz edirdi ləng olmasın cəng

         Belə ustad qədrini bilmək.

         Ona lazımdır ənam vermək.

          Ey vuran dəmi müdami- mandam.

          Din yolunda gəlin keçin candan.

          Olmayın düşmənə dəxi eymən.

          Şəri gürrani verməyin əldən.

           İttihadi üzərə ictihad etmək.

         Düşmənə cəng ilə cəhad etmək…. (9)

2 fi 27 şərh… Mütabiq 13 şəhr oktyabr.  Qələmi kərdi (yazdı) Məhəmmədəli Sidqi Səfərzadə  be xidməti cənab Kərbəlayi ağa Əmuzadəyə və  um xahər bacıma.

Məmməd Tağı Sidqi 1903-cü ilin dekabr ayında vəfat etmiş və Naxçıvan şəhərində dəfn edilmişdir. O vaxt Azərbaycan dilində yeganə mətbuat orqanı olan “Şərqi-Rus” qəzetində Sidqinin vəfatına həsr olunmuş nekroloq və Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin,  M.S.Ordubadinin, Əsgər Hacızadənin və başqalarının məqalələri getmiş, çoxlu sayda şeirlər verilmiş şair, ədib və böyük pedaqoq Sidqi hörmətlə yad edilmişdir. Şeirlərin birisində deyilirdi:

         Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!

         Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!

          Dağladı ürəkləri o, öz fərağı ilə,

          Könlümüz munisindən bizləri məhrum etdi.

           Səməndər kimi qeyrət oduna düşüb yandı,

           Rus dövlətində o, belə nöqtəyə çatdı.

          Yazaraq nəşr etdiyi maarif yayımilə,

           Həyat verdi xalqına, qaranlıqdan çıxartdı.

                           

Bəli, Sidqi  milləti qaranlıqdan aydınliğa çıxartdı. Millətin inkişafını elmdə, təhsildə gördü, yeni məktəblər açdı, zəmanədə ad qoydu, həmişə hörmətlə yad edildi və dedi:

              Cəhd qıl qoy zəmanədə bir ad,

               Eyləsinlər səni bu ad ilə yad

              Aç bu əbnayi millətə məktəb

              Orda təhsil olunsun, elm-ədəb.

Böyük pedaqoq, istedadlı şair, xalq müəllimi M.T.Sidqininn fikirləri öz dövründə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır.

                                    

                                               Rüfət Lətif oğlu Hüseynzadə

                              Pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.