Ramiz Daniz Qasımov

Print Friendly, PDF & Email
Fevralın 18-də elmlərin şahı azərbaycanlı düha Mühəmməd Nəsirəddin Tusinin anadan olmasının 823 ili tamam olur.
1-ci yazı: “Orta əsrlərdə Azərbaycan Renessansı”
Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək. İndiyə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər Akademiyasının binasını özündə cəmləşdirən Nəsirəddin Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Tusi nəinki Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.
Azərbaycanın görkəmli şəxsiyyəti, Yaxın Şərqdə tanınmış alim Mühəmməd Nəsirəddin Tusinin elmi irsi, dövri fəaliyyəti mənim marağıma səbəb oldu. İş ondadır ki, o, dünya əhəmiyyətli elmi ixtiraların sahibi ola-ola müasir dövrdə nəinki dünya miqyasında, hətta yaşadığı regionda kifayət qədər tanınmamışdır. Vaxtı ilə öz dövrünün məşhur alimi, tarixi şəxsiyyəti kimi tanınan Tusinin elmin bir çox sahələrində xüsusi rol oynamış elmi əsərlərinə ciddi əhəmiyyət verilmir və nəticədə onun elmi irsi sönmüş vulkan kimi əsrlərin yuxusuna qərq olub. Təxminən 70 il bundan əvvəl professor Həbibulla Məmmədbəylinin sayəsində həmin vulkanın püskürməsi baş verir. Yəni, biganə tədqiqatçıların ucbatından kifayət qədər təbliğ olunmayan və demək olar ki, böyük bir kütlənin yadından çıxan Tusi, professor H. Məmmədbəylinin səyi nəticəsində Azərbaycan xalqının özünə qaytarılır.
Məlum olur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə, etika, məntiq sahələrində şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində bilavasitə mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. O, əsərlərinin əksəriyyətini ərəb və fars dillərində yazmış və indiki dövrə qədər həmin işlər dünyanın bir çox qabaqcıl dillərinə tərcümə olunmuşdur. Acınacaqlı haldır ki, alimin yalız iki əsəri Azərbaycan dilinə tərcümə edilərək – “Əxlaqi Nasiri” və “Təhrir Öqlidis” (2002-ci il) – oxucuların geniş istifadəsinə verilmişdir. Bircə onu demək kifayətdir ki, təlim-tərbiyə və əxlaq problemində aktual məsələlərə toxunan “Əxlaqi-Nasiri” əsərini oxuyandan sonra Tusinin dahiliyini dərk etmək çətin deyil. Bu əsərin ölməzliyi onunla sübut olunur ki, onun yazılmasından 790 il keçməsinə baxmayaraq, indiyə qədər bir çox müsəlman dövlətlərində yetişən nəslin tərbiyə olunması üçün bu kitabdan tədris vəsaiti kimi istifadə olunur. Yəni, Tusi Şərq ölkələrində yetişən saf cəmiyyətin yetişdirilməsində mühüm rol oynayır. Alimin yazdığı əsərlərin əksəriyyəti, ona qədər yaşamış məşhur alimlərin əsərlərinə nisbətən aktuallığına, mahiyyətinə və əhəmiyyətinə görə bütün parametrlər üzrə çoxsahəli və əhatəlidir. Tusi müsəlman Renessansının böyük şəxsiyyətlərindən biri sayılır. O, öz yaradıcılığında Yaxın və Orta Şərqin üç renessans zonalarını birləşdirmişdi – ərəbdili, farsdili və türkdili.
Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən istifadə edərək, köçürücü (yazılı şəkildə surətləri çıxarmaq) funksiyasını yerinə yetirmişdilər.
Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz. Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqilab etmişdilər. Avropadan qabaq Renessans mədəniyyətinin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də yanılmarıq.
Renessans mədəniyyətini yalnız onun vətəni sayılan İtaliya (XIV-XVI əsrlərdə) və ya Avropaya (XV-XVI, hətta XVII əsrlərdə) aid edən baxış Şərqi bu prosesdən kənarda qoymağa çalışaraq, onun Qərb mədəniyyətindən gerililiyi, bununla da “Avropa mərkəzçiliyini” təsdiq etməyə cəhd göstərir.
Şərq Renessansı məsələsi Qərb alimləri arasında əsasən bu baxımdan mübahisə törədir ki, İslam Şərqində yaranan mədəniyyət Renessans mədəniyyətini səciyyələndirən əsas əlamətlərin heç də hamısına cavab vermir.
Lakin əvvəla, bu baxışı Qərbin heç də bütün şərqşünasları müdafiə etmir. Məşhur İsveçrə şərqşünası Adam Mets IX-X əsrlər İslam mədəniyyətinin tədqiqinə həsr etdiyi əsərini “Müsəlman Renessansı” adlandırmaqla, İslam alə-mində “İntibah” adlandırılan bu mədəniyyətin Qərbdən xeyli əvvəl meydana gəldiyinə işarə edir…
İtaliya və bütövlükdə Avropa Ressansının ən səciyyəvi əlamətlərdən biri kimi həmin İtaliyanın özündə də qədim Yunanıstanda quldarlıq dövründə formalaşmış antik mədəniyyətə müraciət mühüm yer tutur. Bu baxımdan Şərq Qərbi xeyli qabaqlamış, artıq VIII-XII əsrlərdə Çində, habelə Hindistan və İranda, XII-XIII əsrlərdə Azərbaycanda güclü humanist fəlsəfə və ədəbiyyat yaranmış dünyəvi elm, o cümlədən astronomiya, riyaziyyat, minerologiya və başqa təbiət elmləri sahəsində Tusinin gətirdiyi mühüm yeniliklər özünü göstərir…
Azərbaycan Renessansında antik mədəniyyətə birbaşa müraciət İtaliya və bütövlükdə Avropa Renessansından heç də zəif deyil. Burada Nizami Gəncəvinin dahiyanə “İsgəndərnamə” poemasını və Nəsirəddin Tusinin bütün Şərqdə ona şöhrət qazandıran “Əxlaqi-Nasiri” kitabını və xüsusən onun son 30-cu fəslini tutarlı nümunə hesab etmək olar.
Nizami öz şah əsərinin dərin humanist qayəsini açmaq üçün antik mədəniyyətin ellinist mərhələsinin bünövrəsini qoyan Makedoniyalı İsgəndərin və onu əhatə edən tarixi şəxsiyyətlərin, ilk növbədə müəllimi Ərəstunun (Aristotel – R. D.) obrazından istifadə etdiyi kimi, N. Tusi də qeyd etdiyimiz əsərini qədim yunan filosofu Əflatunu (Platon – R. D.) öz şagirdi Aristotelə vəsiyyəti ilə görkəmli antik filosofun 40-dan artıq ibrətamiz kəlam-öyüdü ilə tamamlayır. Bu faktın özü sübut edir ki, N. Tusi antik mədəniyyətin zəngin fikir xəzinəsinin onun dövründə də idrakı-tərbiyəvi əhəmiyyətini nəinki saxladığını, habelə insanın təkmilləşməsi və inkişafında örnək rolunu bununla təsdiq edir.1
Nəsirəddin Tusi təfəkkürünün mühüm səciyyəvi əlaməti onun elmi dərinliyi ilə yanaşı həm də ensiklopedik səciyyə daşımasıdır.
Bütün Şərq aləmində gördüyü elmi işlərə görə Tusi dahi alimlər Əbu Əli ibn Sina, Əbu Reyhan Biruni, Hamid Əl Xocəndi və başqaları qədər məlum və məşhur alim olmuşdur.
Onun irsinin öyrənilməsində “Kembricin İran tarixi” (ingilis dilində) adlı çoxcildli ensiklopediyanın müəllifləri böyük əmək sərf emişdilər. B. Baylın (Mançestr universiteti), A. Bauzənin (Neapolun şərqşünasılq institutu), Y. Rıpkanın və başqa alimlərin məqalələrində Tusinin çoxcəhətli elmi fəaliyyətinə yüksək qiymət verilib, onun tərəfindən yaradılan Marağa rəsədxanasının elmi nailiyyətləri geniş işıqlandırılır.
Elm tarixçiləri arasında belə bir fikir yürüdülürdü ki, IX-XIV əsrin şərq astronomları “arxivarius” rolunu oynayırdılar, yəni, onların işləri əsasən, qədim astronomların elmi işlərini dünya elminə çatdırmaqdan ibarət idi.
“İslam astronomiyasının inkişafında Marağa rəsədxanasının rolu: “Renessansa qədər elmi inqilab” əsərinin müəllifi Kolumbiya universitetinin (ABŞ) alimi C. Saliba qeyd etmişdi ki, XX əsrin 50-ci illərinə qədər şərq astronomlarına olan belə bir münasibət, əsasən məqsədəuyğun sayılırdı. Ona görə ki, həmin dövrə qədər praktiki olaraq, XIII əsrdə Marağa şəhərində (İranın Şərqi Azərbaycan hissəsi) yaradılan “Marağa məktəbinin” nümayəndələrinə məxsus olan elmi əsərləri məlum deyildi. Alim haqlı olaraq qeyd edir ki, yarım əsrə yaxın “Marağa məktəbinin” fəaliyyətinə dair aparılan tədqiqat işlərindən belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə ərəb dövründəki astrono-miyanın inkişafında “arxivarius” stereotipindən əl çəkmək lazımdır.
Bundan əlavə 1957-ci ildə amerikan alimi V. Roberts göstərmişdi ki, şərq astronomlarının təqdim etdikləri Kainatın modeli Kopernikin təqdim etdiyi modelinə böyük təkan vermişdi.
“Marağa inqilabına” dair həsr olunan çoxsaylı məqalələrin müəllifləri bildirirlər ki, Kopernik tərəfindən elmi inqilabı həyata keçirilməsində bəşəriyyət marağalıların fəaliyyətinə borcludur. Kopernikin, Marağa rəsədxanasının elmi irsinin öyrənilməsində heç bir şübhə yoxdur. Qətiyyətlə bildirmək lazımdır ki, Polşa alimi Marağa rəsədxanasının “ən yaxşı, istedadlı nümayəndəsi sayılır”.
Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.
Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və har-monizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımdan tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər. Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstəril-mişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaş-masında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.
Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etima-dın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.
Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.
Marağa rəsədxanasının tərtib etdiyi astronomik cədvəllərin Avropada tərtib edilmiş cədvəllərlə müqayisəli tənqidini verən İran alimi Ustad Məhəmməd Rza Hakimi “Danış-e moslemik” (“Müsəlmanların elmi”) kitabında Con Bernalın bu barədə yazdığı aşağıdakı mülahizələrini nümunə gətirir: … Orta əsrlərdə elmin inkişafı əvvəlcə ləng getsə də, böyük işgüzarlığın və yaradıcı qüvvələrin meydana gəlməsinə səbəb oldu və bu əslində yeni elmlərin yaranmasına gətirib çıxartdı… Ulduzları müşahidə etmək, yeni dəqiq müşahidələrin, hesablamanın və uzaqgörənliyin lazım olduğunu yeganə elmə, digər elm sahələrindən əvvəl, İslamın nüfuzu başlayıb davam etdi.
Elxanilər zamanında tətbiq edilmiş cədvəllər ta Renessans dövrünə qədər ulduzşünaslıq sahəsində ən yaxşı cədvəllər hesab olunurdu…
…Xarici alimlərdən bir çoxunun İslam elmini əhəmiyyəti, bizim bildiyimizin, ədəbiyyatımızın və mədəniyyətimizin əzəməti haqqında xeyli söz söyləmələrinə baxmayaraq, hələ də çox adamlar tapmaq olur ki, özlərini elm, elmlər tarixi, fikir, mədəniyyət, fəlsəfə, tərbiyə, əxlaq, sənət və s. haqqındakı əsərlərdə və məqalələrdə İslamın adını çəkmir, hətta müsəlman alimlərinin böyük və yaradıcı xidmətlərinə işarə də etmirlər. Güman etmirəm ki, bu şəxslər İslamdan və islam irsindən tamamilə bixəbər olsunlar. Daha çox güman var ki, onlar İslam haqqında bir növ “susmaq yolunu” əsas götürürlər, beləcə düşmənçilik əməllərini yerinə yetirirlər… Necə ola bilər ki, bir müəllif nücum elmi, onun inkişafı və yeni asimanşünaslıq haqqında kitab yazsın, ancaq İslam alimlərinin və asimanşünaslarının adını çəkməsin?”1
Bildirmək lazımdır ki, Tusi rəsədxananın daxilində eyni zamanda tərcümə mərkəzi də yaratmışdı. Corc Sarten “Elm tarixi” əsərində yazır: “Əlbəttə, Azərbaycan Marağa tərcümə mərkəzi Nəsirəddin Tusinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Klassik yunan və ərəb alimlərinin tərcümələri hazırlanırdı… Xristianlar öz məlumatlarını fərasətlə bu kitablardan alırdılar. Bu zaman müsəlmanlar çox inkişaf etmişdilər və xristianlar həmin nailiyyəti əldə etmək istəyirdilər”.
Bu problemə toxunan İran alimi doktor Səfa yazır: “Abbasilər dövrünün əvvəlində hicri VI əsrin sonunadək riyaziyyat sahəsində və riyaziyyat elmi bölmələrində məşhur alimlərin meydana çıxmasına baxmayaraq onların əsərlərində çətin anlaşılan, şübhəli məsələlər çox idi. Bu kitablarda bir məsələlər dəqiqləşdirilməli, şərh olunmalı və izah edilməli idi. Bu böyük işi görə biləcək və onu axıra çatdıra biləcək bir alim var idisə, o da… Xacə Nəsirəddin Tusi idi… o, riyaziyyat sahəsində bir çox tərcümələri diqqətlə, incəliklə öyrənib düzəldir, təshih edirdi və nəticədə sistemli, düzgün nöqsansız əsər yaradırdı”.
Tusinin bu mühüm fəaliyyəti haqqında yazan alimlərin əksəriyyəti göstərirlər ki, o, bu tərcümələrdə yunan sözlərinin yerinə kor-koranə ərəb sözlərini qoymurdu, yunan müəlliflərinin işlətdikləri qəliz riyazi mətləbləri açmağa cəhd edirdi; mahir bir ustad kimi əsərlərin məqsəd və məvhumlarını açmaq üçün düzgün ibarələr işlədirdi; yunan alimlərinin əsərlərinin tərcümələrini riyaziyyat elmini tədris etmək üçün sistemli şəkilə salırdı.1

Marağa astronomik rəsdxanasının astronomiya və riyaziyyat məktəbi sonrakı dövrdə Qərbi Avropada, Çində, Orta Asiyada, həm də Hindistanda fizika-riyaziyyat elmlərinin inkişafına çox böyük təsir göstərmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.