Böyüklər üçün nağıl…

Print Friendly, PDF & Email
Biri var idi, biri yox idi. Qoca bir balıqçı var idi. O, öz qarısı ilə dənizin sahilində balaca komada yaşayırdı. Dolanışıqları yalnız balıq tutub, satmaqla təmin olunurdu. Hər gün səhər tezdən qoca balıqçı torlarını, tilovlarını götürüb dənizin sahilinə gələr, əvvəl dənizlə salamlaşar, sonra balıq tutmaq üçün dənizdən icazə alardı. Hər gün də qocanın ovu uğurlu olardı. Başqa balıqçılar küləkli havada balıq ovuna gəlməzdi, amma qoca balıqçı küləkli havada da xeyli balıq tutardı. O, qarısı ilə çox mehriban və uzun bir ömür sürmüşdü. Bir gün qarı xəstələnir, qoca balıqçı dənizə çıxmır, bütün günü qarısının yanında əyləşib ona qulluq edir. Günlər keçir, qarı şam kimi əriyirdi. Qoca balıqçı əlindən gələni etsə də xəstəyə əlac edə bilmirdi. O, düşünürdü ki, qarının ömrünə az qalıb, onu nə ilə sevindirsin? Çox düşünəndən sonra qoca balıqçı torları və tilovları yığıb bazara gedir. Onları dəyər-dəyməzə satıb qarısı üçün çox dəyərsiz bir üzük alır. Evə çatan kimi qarısına yaxınlaşıb deyir:
– Mən vaxtında sənə üzük ala bilməmişdim, gec də olsa, mənim hədiyyəmi qəbul et.
Sonra qarının titrəyən əlini tutub balaca üzüyü onun barmağına taxır və qarının qırışlarla örtülmüş əlini öpür.
Qarı gözləmədiyi bu hədiyyəni görəndə heyrətdən yerindən dikəlir, əlini gözlərinə yaxınlaşdırıb diqqətlə baxır, sonra üzük taxılan əli ilə ərinin əlini sığallayır. O, pıçıltılı səslə deyir:
-Kömək et, qalxıb əyləşim.
Qoca balıqçı qarını dikəldib kürəyinə yastıq söykəyir. Qarı sanki yenidən cana gəlirdi.
Onun üzünə diqqətlə baxan balıqçı ürəyində öz-özünə deyirdi:
– Görəsən, sabahdan biz nə ilə dolanacağıq???

Gularə Munis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.