“Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər

Valeh müəllim, yaradıcılığınızla tanışlıq zamanı belə bir fikir formalaşır ki, təmsillərinizdə janrın ənənəvi satirik funksiyası yeni məzmun qatları ilə zənginləşdirilmişdir. Bu əsərlərdə tənqidi baxışla yanaşı, milli-mənəvi dəyərlərin təbliği, psixoloji müşahidələr və maarifləndirici ideyalar da mühüm yer tutur.

Bu barədə “Tehsil365” ə açıqlamasında Valeh Heydər bildirib.

Bu baxımdan, təmsillərinizdə müşahidə olunan bu xüsusiyyətləri təmsil janrının bədii imkanlarının genişləndirilməsi kimi dəyərləndirmək olarmı? Siz öz yaradıcılığınızın təmsil janrının müasir inkişafına hansı töhfələri verdiyini düşünürsünüz?

Amidə xanım, yaradıcılığıma göstərdiyiniz diqqətə və maraqlı sualınıza görə sizə təşəkkür edirəm.

Təmsil yaradıcılığım haqqında qəti hökm verməyi oxucuların və ədəbiyyatşünasların öhdəsinə buraxıram. Mənim məqsədim isə həmişə təmsili yalnız satira vasitəsi kimi deyil, həm də düşündürücü, tərbiyəvi və maarifləndirici bir janr kimi təqdim etmək olub.Klassik təmsillərdə əsas diqqət daha çox nöqsanların tənqidinə yönəlir. Mən isə çalışmışam ki, tənqidlə yanaşı, müasir insanın daxili aləmi, psixoloji tərəddüdləri, mənəvi dəyərləri və ümumbəşəri problemləri də təmsillərimdə əks olunsun. Bu fikiri daha dəqiq formada belə ifadə edərdim: Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir.”

Məsələn, “Keçinin tərəddüdü” təmsilində söhbət yalnız bir keçinin hərəkətlərindən getmir. Burada Keçi obrazının timsalında insanın qərarsızlığı və vaxtında qərar verməməsinin doğurduğu mənfi nəticələr göstərilir:

“Dedi: Niyə bayaqdan,

Mən körpünü keçmədim?

İşıqlıykən hər tərəf,

Rahat yolu seçmədim?”

Təmsilin sonunda isə fikir ümumiləşdirilir:

“Yersiz qorxu insanı

Salar daim təşvişə,

Çox tərəddüd edən kəs

Geri qalar hər işdə.”

“Düşüncə toru” təmsilində isə həddindən artıq şübhə və mükəmməllik axtarışının insanı öz yaratdığı çıxılmaz vəziyyətə salması təsvir olunur:

“Əgər kim ki artırar

Şübhələrin heç nədən,

Özü hördüyü tora

İlişər hiss etmədən.”

Burada psixologiyada geniş tanınan tərəddüd, özünəinam çatışmazlığı və həddindən artıq özünütənqidin mənfi nəticələri bədii formada ifadə edilir.

“Aləm savaş içində” təmsilində isə diqqət fərdi qüsurlardan daha çox ümumbəşəri problemlərə yönəlir. Təbiətin dili ilə ekoloji və mənəvi böhranlar qabardılır:

“Bu sözləri duyduqca

Hey sızladı təbiət,

Dedi: Nədən azalıb

Kainata məhəbbət?”

və insanlara xəbərdarlıq edilir:

“Səhvlərini anlayıb

Düz yol tutmalı bəşər,

Yoxsa bir gün özünün

Başı bəlaya düşər.”

Düşünürəm ki, əgər təmsillərimdə müəyyən yeniliklər müşahidə olunursa, bu daha çox mövzu dairəsinin genişlənməsi ilə bağlıdır. Yaradıcılığımda satira ilə yanaşı psixoloji müşahidələrə, milli-mənəvi dəyərlərə, tərbiyəvi və maarifləndirici məqamlara da xüsusi yer verməyə çalışmışam. Bu xüsusiyyətləri, demək olar ki, təmsillərimin əksəriyyətində izləmək mümkündür.Bu yanaşmanın nə dərəcədə uğurlu olduğunu isə ən obyektiv şəkildə oxucular və mütəxəssislər qiymətləndirə bilərlər. Bununla belə, Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən təmsillərim əsasında “Psixoterapevtik təmsillər” kitabının nəşr olunması və oxucular tərəfindən maraqla qarşılanması seçdiyim yaradıcılıq istiqamətinin doğru olduğuna inamımı daha da gücləndirir.

Sonda təmsil janrına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edir, cavabımda istinad etdiyim üç təmsili də oxucularınıza böyük məmnuniyyətlə təqdim edirəm.

KEÇİNİN TƏRƏDDÜDÜ

(psixoloji təmsil)

Çay üstdəki körpüyə

Keçi çatıb dayandı,

Xəyalında durmadan

Çoxlu fikir oyandı.

Dedi: “Görən neynərəm,

Qəfil körpü qırılsa?

İti axan gur sular

Məni ağzına alsa?

Bəlkə dönüm geriyə,

Olum bəladan uzaq.

Körpü deyil sanki bu,

Hiylə dolu bir duzaq.

Ya da burda gözləyib,

Bir az səbirli olum,

Təhlükədən yayınıb

Başı salamat qalım.”

Keçi xeyli gözlədi,

Tamam düşdü qaranlıq,

Körpü itdi gözündən,

O, diksindi bir anlıq.

Dedi: “Niyə bayaqdan

Mən körpünü keçmədim?

İşıqlıykən hər tərəf,

Rahat yolu seçmədim?

İndi vahimə saçır

Zülmət çökmüş bu gecə,

Təhlükələr içində

Açım sabahı necə?..”

Yersiz qorxu insanı

Salar daim təşvişə,

Çox tərəddüd edən kəs

Geri qalar hər işdə.

DÜŞÜNCƏ TORU

(təmsil)

Boz hörümçək bağçada

Çox sadə bir tor qurdu,

Güdmək üçün ovunu

Gizli pusquda durdu.

İlk şikarın tutunca

Sevinci aşıb-daşdı,

Sonra fərqli fikirlər

Xəyalında dolaşdı.

Dedi: “Nədən olmasın

Yuvam daha da böyük?

Həm də bu tor götürməz,

Üstə düşsə ağır yük.

Ən yaxşısı hər şeyi

Mən yenidən başlayım,

Baxanlar da görsünlər –

Fərasətdə yox tayım.”

O beləcə tor üstdən

Başqa bir tor da hördü,

Ancaq yanlış əməldən

Uğur, nə fayda gördü.

Dedi: “Bu da nədənsə

Ürəyimi açmadı,

İpək kimi saplarım

Yaxşı işıq saçmadı.”

O dağıdıb yuvasın,

Təkrar-təkrar hey hördü,

Hər dəfə də işində

Yersiz qüsurlar gördü.

Yorğun düşdü nəhayət,

Halı tamam qarışdı,

Canın sıxdı bu halət,

Səbri kükrədi, daşdı.

Dedi: “Etdiyim səhvlər

Yaman dözülməz işdi,

Tərəddüdlər etdikcə

Həyatımda pisləşdi.

İndi çıxa bilmirəm

Düyün düşmüş bu tordan,

Elə xoşbəxt olardım

Qaçıb qurtarsam burdan.”

Əgər kim ki artırar

Şübhələrin heç nədən,

Özü hördüyü tora

İlişər hiss etmədən.

 

ALƏM SAVAŞ İÇİNDƏ

(təmsil)        

Ağac, Külək, Su ilə

Bir araya gəldilər,

Xeyli söhbət eyləyib

Gerçəkləri bildilər.

Külək dedi: “Çox yerdə

Fəlakətlər yaşanır,

Aləm savaş içində,

Ətraf od tutub yanır.

Daha elə olub ki,

Əsməyə də qorxuram,

Yanğın artmasın deyə

Sakit durub baxıram.”

Su isə dedi: “ Mən də

Çox çarəsiz qalmışam,

‘Çirkab’ adlı bir dərdə

Düşüb xəstə olmuşam.

Gözlərimin önündə

Ölür hər növ balıqlar,

Canlıları yamanca

Ağır dərdə salıblar.”

Dinlədikcə onları

Ağac qorxudan əsdi,

Eşitdiyi xəbərlər

Qəlb sıxdı, nəfəs kəsdi.

Dedi: “İndi anladım,

Niyə meyvəm çürüyür,

Ağacları cürbəcür

Xəstəliklər bürüyür.”

Bu sözləri duyduqca,

Hey sızladı təbiət,

Dedi: “Nədən azalıb

Kainata məhəbbət?…

Səhvlərini anlayıb

Düz yol tutmalı bəşər,

Yoxsa bir gün özünün,

Başı bəlaya düşər.”

Valeh Heydər-  Valeh Yavər oğlu Heydərov, şair-publisist. M.A.Əliyev adına ADİİ- nin məzunudur . Yeddi kitabın müəllifi, on almanax kitabın isə həmmüəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

Amidə Zeynalova

Mənbə: https://tehsil365.news/az/news/61795/?fbclid=Iwb21leASf4PpjbGNrBJ_gjmV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHuUWIZnA9-ART4_AL00o9vCcQ8oFQSVvx0rddTR8T1DSKx9c46Fa84bmDYc8_aem_4wmz3WhyuEDoUuXEhgr6zA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir