Mən haqqın yazan əliyəm. Xanəli Kərimli
Xanəli Kərimli. Mən haqqın yazan əliyəm. Şeirlər.
Bakı, “Qanun” nəşriyyatı, 2026, 144 səh., 300 tiraj.
Yüzdən çox elmi, publisist, metodiki məqalənin və dərs vəsaitinin müəllifi olan, İranda, Türkiyədə, Pakistanda, Hollandiyada, Gürcüstanda, həmçinin ölkə daxilində keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmiş ədəbiyyatşünas alim, pedaqoq və bənzərsiz şair Xanəli Kərimlinin anadan olmasının 75 illiyinə təsadüf edən yeni poetik toplusunda son illərdə qələmə aldığı şeirlər toplanmışdır.
X.Kərimlinin poeziyası insanın daxili dünyasını, ömür yolunu, zamanla münasibətlərini sorğulayan fəlsəfi motivlərlə zəngindir. Əminik ki, bu poetik hesabatı da oxucularının qəlbini fəth edəcək.
ÖN SÖZ YERİNƏ
MƏN HAQQIN YAZAN ƏLİYƏM…
Mən Tanrının müjdəçisi,
Haqqın çarpan ürəyiyəm.
İnsanlığın qibləgahı,
Bəşəriyyət gərəyiyəm.
Sözlə yoğrulub varlığım,
Zatımdadır yar-karlığım,
Özümdə öz güzarlığım…
Zamanda zaman dəmiyəm.
Abi-həyat cismimdədir,
“Lövhü-məhfüz” ismimdədir,
Adəm mənim qismimdədir…
Saf könüllər diləyiyəm.
Mən gəlmədim, göndərdilər,
Göydən yerə endirdilər,
Nə dedi onlar dedilər…
Mən onların mələyiyəm.
Yüküm yüklərdən ağırdır,
Dilim deməkdən yağırdır.
Qəlbim fağırdan fağırdır…
Haqla nahaq ələyiyəm.
Sorumluyam hər sorğuya,
Həm əyriyə, həm doğruya,
Haqdan gələn hər ağrıya
Dözən dəlidən dəliyəm.
Qalanmışam oddan oda,
Yaşayıram yaddan yada,
Haqq üçün olmuşam fəda…
Mən Haqqın yazan əliyəm.
Yol göstərən yolçum oldu,
Mən elçiyə elçim oldu,
Hər vəhyi bir ölçüm oldu…
Onunçün haqq ələmiyəm.
Yaza-yaza ozan oldum,
Haqq sirrini yozan oldum,
Şərdən şəri pozan oldum.
İndi pirlər qələmiyəm…






