İslam Sadıq – Şumer və Türk Dastanları
150 ildən çoxdur ki, Şumer dünyası Qərb alimlərinin diqqət mərkəzindədir. Azərbaycanda isə sanki Şumer mövzusu “qoruq” elan edilmişdir. Halbuki türk dünyasına Şumer prizmasından, Şumer dünyasına türk prizmasından baxdıqda bir çox qaranlıq məsələlərin üstünə işıq düşür.
Bu kitabda Şumer və türk epik mətnləri arasında maraqlı paralellər aparılmış, çoxsaylı oxşar və eyni motivlər üzə çıxarılmış, onların təsadüf olmadığı, Şumer və türk epik düşüncəsinin eyni qaynağa bağlılığından irəli gəldiyi söylənmişdir.
ÖN SÖZ ƏVƏZİ
Türk xalq yaradıcılığı ənənəsi haqqında çox yazılıb, geniş tədqiqatlar aparılıb. Bununla belə, türk epik təfəkkürünün tarixi, ilkin qaynaqları, inkişaf mərhələləri indiyədək fundamental şəkil-də araşdırılmamışdır. Şumer epik mətnləri ilə müqayisəli araşdır-malar aparmadan türk epik təfəkkürünün tarixini, inkişaf mərhə-lələrini, bütövlükdə türk xalq yaradıcılığı və ayrılıqda dastançılıq ənənəsinin genezisini, tipologiyasını, ilkin qaynaqlarını, tarixi inkişaf dinamikasını düzgün öyrənmək mümkün deyil.
Şumerin kəşfindən 150 ildən çox bir vaxt ötsə də, Azərbay-canda bu günə qədər mixi yazılı mətnlərin öyrənilməsinə biganə-lik göstərilmişdir. “Bilqamıs” dastanının Akkad versiyası istisna olmaqla doqquz Şumer qəhrəmanlıq eposunun, onlarla lirik şeir mətnlərinin, himn, təmsil, atalar sözü və məsəllər kimi zəngin bədii əsərlərin heç biri Azərbaycan dilinə tərcümə edilməmişdir. Halbuki Azərbaycan tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, folklorunun, mifologiyasının, coğrafiyasının, ədəbi-bədii, fəlsəfi-estetik dünyagörüşünün düzgün öyrənilməsi üçün həmin mətnlər dəyərli qaynaqlardır. Bunu qədim dövrlərə aid yazılı qaynaqların yoxluğundan danışan Azərbaycan alimləri yaxşı bilməlidirlər.
Şumer folkloru və ədəbiyyatı bu günə qədər Azərbaycanda fundamental şəkildə tədqiq edilməmiş, bir neçə məqaləni çıxmaq şərtilə türk xalqlarının folkloru Şumer ədəbi örnəkləri ilə müqa-yisəli şəkildə öyrənilməmişdir. Əksinə, Azərbaycan ədəbiyyatının və folklorunun bir çox problemlərinin araşdırılması zamanı Avro-pa alimlərinin əsərlərinə və nəzəriyyələrinə daha çox istinad edil-diyindən əksər hallarda yanlış nəticələr çıxarılmış, yaxud məsə-lələr həll olunmamış qalmışdır. Halbuki Şumer və türk xalqları folklorunda müqayisəli tədqiqat üçün zəngin material mövcuddur.
Böyük türk alimi Bahaəddin Ögəl yazırdı ki, “türkcə və türk kültürü yağmaya çıxarılmış bir mal kimidir. Əlində dəlil oldu-olmadı, hər önünə gələn ondan bir parçanı alıb başqa bir kültürə mal etməyə sanki izinli kimidir”[1]. Bir malın yağmalanması onun yiyəsiz, sahibsiz olması deməkdir. Türk mədəni irsinin yağmalanması bu gün də davam edir və acı da olsa deməliyik ki, Azərbaycanda da belə yağmaçılar az deyil. Biz öz tariximizə, dilimizə, mədəni irsimizə yiyə durmadıqca bu yağmaların qarşısı alınmayacaq. Bu baxımdan mixi yazılı Şumer gil kitablarının dəyəri ölçüyəgəlməzdir. Onların öyrənilməsi bir çox yanlışlıqları aradan qaldırmağa, qaranlıq qalmış məsələlərin üstünə işıq salmağa və yarımçıq araşdırmaları sona çatdırmağa imkan verir.
Kitabın Azərbaycan dilində davamı üçün yüklə






