“Bəla”ya düçar olmamaq üçün “Şər suyu”nu “Zəhrimar” bilmək lazımdır!

Yazıçı həkim-narkoloq Asif Kəngərli

    “Mart ayı dərd ayıdır” deyirlər və bu dərd ayının ilk günündə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Suraxanı rayon Mədəniyyət Evində ixtisasca peşəkar həkim-narkoloq olan Asif Kəngərlinin özünəməxsus bir istedadla qələmə aldığı hekayə, povest və dram əsərləri toplanmış kitablarının təqdimat mərasimini keçirib. Mərasimin özəlliyi isə bu tip tədbirlərin quru protokol çərçivəsində yox, ölkənin ən müxtəlif yerlərindən gəlmiş oxucu və pasiyentlərin birgə iştirakı ilə keçirilməsiydi. Belə ki, “Bəla” – “Beda” “Şər suyu”, “Zəhrimar” kitabları bu gün cəmiyyəti bürüyən, ağır fəsadlarla müşayiət olunan üç faciəyə – narkomaniyaya, alkoqolizmə və tabakomaniyaya həsr oiunmuş sənədli-bədii toplulardır ki, hər evdən bəlası tüstülənir.Tədbiri giriş sözü ilə açan mədəniyyət evinin rəsmisi Şirvan Abbasov müəllif , Asİf Kəngərliyə kitablarını təqdim etmək üçün tribuna tanıdı. Belə ki, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan mərasimi açıq elan edərək müəilifi səhnəyə dəvət etdi. Müəllif kitabları və onların içindəkilər barədə yazdıqlarımızı mərasim iştirakçılarına çatdırdı. Həkim-narkoloq kimi öz işinə vicdanla yanaşan Asif Kəngərli qələmə sarılmağının səbəbini isə belə izah etdi: “Ulu Öndər Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında”ki fərmanının təsiri ilə yazmağa başladım”.

    Cəlilabaddan dil-ədəbiyyat müəllimi Gülafət xanım Asif Kəngərli yaradıcılığını təhlil ədərək, “bu, vətənpərvərlik hərəkətidir’’ anlamında yüksək qiymət vərdi. Natiq çox təsirli və həyəcanlı şəkildə fikirlərini ifadə etdikdən sonra, öz şagirdlərinin Asif Kəngərli yaradıcılığından seçmələri səhnələşdirdiklərini iştirakçıların diqqətinə çatdırdı.Bir vaxtlar Azərbaycan radiosunun tanınmış aparıcısı olmuş Eldost Bayram da iştirakçılar üçün yazıçının “Etiraf’ hekayəsini ürəklə oxudu, xoş sözlər söylədi. Digər tanınmış radio aparıcısı Şəfəq Əlixanlı isə yazıçıyla on illik dostluğundan, onun “Bəla” pyesinin radiotamaşasından söz açdı.

    Bakı Uşaq Teatrının ifasında “Bəla” pyesinin üçüncü pərdəsi tamaşaçılarda dərin təəssürat oyatdı.

    Kimya üzrə professor Eyyub müəllim isə söhbətinə “Cami-cəm” və digər dəyərli əsərlərdən seçmə şeirlərlə başlayaraq, hər birini Asif Kəngərli yaradıcılığı ilə əlaqələndirib, bu əsərlərin gənclərə çox böyük maarifəndirici təsiri olacağını bəyan etdi.Təqdimat zamanı “Şər suyu” və “Məntiq” hekayələri əsasında hazırlanan səhnəciklər də alqışlarla qarşılandı.

Peşəkar həkim-narkoloq və istedadlı yazıçı Asif Kəngərli iştirakçıların suallarını ətraflı cavablandırdı və həm də normal və rahat həyat yaşamaları üçün maraqlı təkliflər verdi.

 

Aydın Canıyev, “Elçi” qəzeti, №06(773), 17-23 mart 2013-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir