Xanəli Kərimli

Print Friendly, PDF & Email

Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə əcnəbi tələbələrlə iş üzrə dekan, II çağırış Naxçıvan MR Ali məclisinin deputatı, Naxçvan MR Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

O bir sıra elmi, ictimai və publisist məqalələrin, “Ay işığında” (1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı…” (2004), “Mənə elə gəlir ki…” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, Urmiyə, 2011), “Payız Duyğuları” (2013) şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası” (2000) metodik vəsaitin müəllifidir. Haqqında “Xanəli Kərimli-55: Şairə məktub” (2007), “Xanəli Kərimli-60: Sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli-65: Bir ömrün işığı” (2016) məqalələr topluları və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) monoqrafiyası nəşr edilib. “Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” (akademik İsa Həbibbəyli) olan Xanəli Kərimlinin şeirləri ingilis, fransız, rus, türk, fars dillərinə tərcümə edilib. Ayrı-ayrı vaxtlarda Pakistanda, Hollandiyada, Türkiyədə, İranda, Gürcüstanda keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda o, Azərbaycan elm və mədəniyyətini ləyaqətlə təmsil etmişdir. Haqqında “Naxçıvan Əcəmifilm” kinostudiyasında 2014-cü ildə kino-rejissor, şair və tədqiqatçı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Arif Qədimov “Payız duyğulu şair ömrü: Xanəli Kərimli” adlı sənədli film çəkmişdir.

Xanəli Kərimli: “Bir ömrün işığı”

Xanəli Kərimli:”Payız Duyğuları”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.