Ömrün davamı xatirələrdə yaşayır… Rafiq Babayev – 70

Print Friendly, PDF & Email
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ömrün davamı xatirələrdə yaşayır… Rafiq Babayev – 70” adlı məqaləsi “Olaylar” qəzetinin 8-14 dekabr 2023-cü il tarixli sayında dərc olunub.
Tanınmış və fədakar alim, səmimi dost, nəcib insan mərhum Rafiq Babayevin bu il 70 yaşı tamam olur. Onu yaxından tanıyaq:
Folklorşünaslığın aktual problemlərinin tədqiqində və folklor nümunələrinin toplanması və nəşrində mühüm xidmətləri olan 2006-2015-ci illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmış, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev 15-dən çox kitab və monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifi olmuşdur. Bu göstəricilər onun uzunmüddətli, gərgin və səmərəli elmi fəaliyyətinin ən uğurlu nəticələridir. İnkarolunmaz faktdır ki, bəzi elmlər vardır ki, onu xalqın yaradıcılığından ayırmaq mümkün deyil. Məsələn, tarixi etnoqrafiyasız, dilçilik elmini dialektologiyasız, ədəbiyyatı isə folklor və folklorşünaslıqsız təsəvvür etmək mümkün deyil. Alim əsərlərində folklorşünaslığın aktullığını və əhəmiyyətini tutarlı faktlarla gündəmə gətirir, yeni elmi baxışlar müstəvisində təhlil süzgəcindən keçirir və ümumiləşdirilmiş nəticlər verirdi. Qədim Naxçıvanın hər yerinin qarış-qarış gəzir xalq yaddaşında itib-batmaqda olan folklor nümunələrini toplayır, ən əsası odur ki, ənənəvi folklorşünaslıqda mövcud olmayan yeni janrlar müəyyənləşdirir və elmlə xalq yaradıcılığının sintezini yaradaraq müvafiq adlar seçir və bu adların da elmi tərifini verərək nümunələrlə əsaslandırırdı.
“Qobustan” jurnalında çap etdirdiyi “Ordubadda oxunan nəğmələr” adlı ilk elmi məqaləsini doğulub-boya başa çatdığı el-obasına həsr etməsi yurda bağlılığın ən parlaq nümunəsi idi. O, uzun illər elmi tədqiqatının obyekt və predmetini də Naxçıvan folklorundan seçərək “Azərbaycan folklorunun regional xüsusiyyətləri (Naxçıvan materialları əsasında)” mövzusunda 2009-cu ildə müdafiə etdi. Bundan sonra bir-birinin ardınca monoqrafiyaları işıq üzü gördü və elmi ictimayyətin rəğbətini qazandı.
Ümumiyyətlə, bu sahənin ardıcıl tədqiqində və inkişafında, nəzəri problemlərinin təhlilində Rafiq Babayevin mühüm xidmətləri vardır. Onun “Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq” (Bakı, Elm, 2008, 144 s.) əsəri ümumtürk folklorunun əhəmiyyətli tərkib hissəsi olan Naxçıvan folklorunun özünəməxsusluqlarından və regional xüsusiyyətlərindən bəhs edir. Həmçinin, kiçik bir bölgədə kultlar, inanclar sistemi ilə bağlı ziyarətgahların zənginliyi, arealı bu yurdun qədimliyini, bu qədimliyin bütövlükdə eyni etnosa məxsusluğunu göstərir və həm də ziyarətgahlarla bağlı görüşlər, əfsanələr tarixin dərin qatlarının əhvalını öz nüvəsində saxlamaqla və xalqımızın zəngin bədii təxəyyülündən, yaradıcılıq potensialından soraq verməsi və digər məsələlər monoqrafiyanın əsas məqsədinin ümumiləşmiş nəticələridir.
Rafiq Babayev növbəti “Janrın iddiası və imkanları (Naxçıvandan toplanmış nağıllar əsasında)” (Bakı, ADPU nəşriyyatı, 2014, 135 s.) əsərində qoyulan problemi konseptual şəkildə araşdırmışdır. Folklorşünaslığın müasir mərhələsində folklorik janrın rolu, inkişafı, yaranma mənbələri, mənşəyi və nəzəri məsələlərini özündə əks etdirən bir sıra problemlərin həllini adıkeçən monoqrafiyada böyük səriştə ilə verə bilmişdir. Bu baxımdan əsərdə qoyulan problemlər – terminlərin mahiyyəti, folklor janrlarının xalqın yaddaş xəzinəsində yeri, janrların yaranma prosesi, yaranma yolları, struktur-semantik xüsusiyyətləri və s. aktuallığının şərtləndirilməsi ilə diqqəti cəlb edir. Folklorşünaslığın nəzəri problemlərindən bəhs edərkən müəllif müasir folklorşünaslıqdakı mübahisəli olan məsələlərə öz münasibətlərini bildirərək məntiqi cəhətdən onları təhlil etmişdir. Tədqiqatçı doğru olaraq xalq yaradıcılığında, şifahi ədəbiyyatda nümunəsi olub, amma janrı müəyyənləşməyən saylar, dolamaclar, acıtmalar, dönərgələr, yalvarışlar, peşmanlamalar, gülməcələr, dindirmə, azdırma və s. janrların yaranma səbəbləri aydınlaşdırılaraq onların semantikasını dəqiqləşdirilmişdir. Toplama materiallarının, dil faktlarının semantik yükünü ön plana çıxararaq digər folklor janrlarları ilə oxşar və fərqli xüsusiyyətlərini, mahiyyətini və s. məsələləri nəzəri cəhətdən təhlil edilmişdir. Müəllifin tədqiqatlarından aydın olur ki, Azərbaycan folklor nümunələrinin təşəkkülü və inkişafı tarixi qədimdir. Yənin xalqımızın var olması, yaranışı ilə bağlıdır. Folklor yaradıcılığı cəmiyyətin məişəti, ictimai həyatı ilə, onun elmi-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədardır və s. bu kimi fikirlər adıkeçən monoqrafiyanın diqqət çəkən məqamlarıdır. O, həmçinin elmlərin inkişafında böyük rolu olan yunan və Şərq alimlərinin əsərlərini təhlil etmiş, əlaqələndirilmiş və ümumtürk kontekstndə tədqiqata cəlb etmiş, folklor janrlarının yaranmasının inkişaf tarixinin qədimliyi əsaslandırmışdır. Bununla da cəmiyyətin tarixində baş verən bütün dəyişikliklərin, tarixi hadisə və proseslərin folklor nümunələrində əks olunması, orada iz qoyması, xalqın yaradıcılığının onun özü qədər qədim olması xüsusi vurğulanır. Əsərdə eyni zamanda folklor janrlarının təşəkkülü və inkişaf mərhələləri dəqiqləşdirilmişdir.
Rafiq Babayev apardığı səmərəli axtarışların nəticələrindən olan “İnancların poetikası (Naxçıvan materialları əsasında)” (Bakı: ADPU nəşriyyatı, 2015, 125 s.) monoqrafiyasında yazır: “Naxçıvandan toplanmış mətnlər əsasında aparılmış araşdırmalar inanc sisteminə müxtəlif prizmalardan yanaşmağın perspektivlərini üzə çıxardı. Mətnlərin struktur, obraz, məkan, zaman səviyyəsində öyrənilməsi inancların etnik-mədəni sistemdə yerinin müəyyənləşməsinə imkan yaratdı. Struktur-semantik yanaşma göstərdi ki, inanclarla inamların sərhədlərini müəyyənləşdirmək aktual məsələlərdəndir”. O, bu məsələyə fərqli prizmadan yanaşmış, inamların inanclar üçün qaynaq rolunu oynadığını elmi faktlarla müəyyənləşdirmiş və inancların coxqatlılığını folklor nümunələri ilə sübuta yetirmişdir. Folklor mətnlərinin poetikası məsələsini fundamental problemlərdən biri kimi mübahisə müstəvisinə gətirmiş və bədii mətnin elementlərini bədii düşüncə elementləri səviyyəsində araşdırmışdır. Müəllif doğru olaraq göstərirdi ki, qədim və orta əsrlərdə əlverişli tarixi şərait Azərbaycan folklorunun və şifahi ədəbiyyatın təşəkkülünə zəmin yaradıb.
Rafiq Babayev Naxçıvan folklorunun tərtibi və nəşri üzərində yorulmadan çalışırdı. “Naxçıvan folkloru”nun üç cilidliyi, “Naxçıvan uşaq filkloru” və digər ümumiləşmiş əsərlər onun gərgin əməyinin bəhrələridir. “Naxçıvan folkloru” antologiyasının cildlərlə nəşri bir daha bunu göstərdi və təsdiq etdi ki, sarsılmaz özülə malik olan milli-mənəvi dəyərləri, mənəvi inciləri, yaradıcılıq nümunələri, estetik sərvəti zəngin olan, özündə ən qədim izləri qoruyub saxlayan Naxçıvanın folklor sərvəti onun min illərlə müəyyənləşən tarixinin ən sanballı şahidi və tutarlı sübutudur.
“Naxçıvan folkloru” antologiyasının daha çox rəğbət qazanan üçüncü cildində 36 janrda folklor nümunələri daxil edilmiş, uşaq folkloru ilə bağlı materiallara xeyli yer verilmişdir. Buraya ilk dəfə olaraq və əvvəlki cildlərdə daxil edilməyən folklor janrları daxil olunmuşdur. Bundan başqa milli dəyərləri nəzərə alaraq bəhs olunan cildə adətlər, geyim və bəzəklər də ilk dəfə olaraq daxil olunmuşdur. Habelə kitabın sonlarındakı “Onomastik sözlük” və “Mətnlərdəki adlar” da əhəmiyyətli hissə olaraq kitaba yeni məzmun və mütaliə keyfiyyəti gətirmişdir. Beləliklə, qeyd etmək lazımdır ki, “Naxçıvan folkloru” antologiyasının çapdan çıxan cildlərinin tərkibində özünə yer tapan folklor nümunələri Naxçıvanın mənəvi mədəniyyətinin ən gözəl nümunələri, Azərbaycan xalqının milli sərvətidir.
O, bütün şüurlu ömrünü elmə bağlamış, tükənməz enerji ilə bu sahədə fəaliyyət göstərmiş, həmçinin, elmi fəaliyyəti pedaqoji işlə uğurla əlaqələndirmişdir. Alimin “Naxçıvan” Universitetində və digər ali təhsil ocaqlarında oxuduğu mühazirələr gənc ədəbiyyatşünasları azərbaycançılıq ruhunda tərbiyə edilməsi işinə xidmət göstərmişdir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının ərsəyə gəlməsində və elmin inkişaf istiqamətlərini düzgün müəyyənləşdirən məqalələrin çap olunmasında da onun böyük zəhməti var idi. Bu əsnada onu da vurğulamaq lazımdır ki, o, müdafiəyə hazırlaşan gənclərin də rəsmi şəkildə elmi rəhbəri olmasa da, dəyərli məsləhətlərini verir, tövsiyə və tapşırıqlarını əsirgəmirdi.
Elmi axtarışlarını əsl sənət yanğısı ilə davam etdirən R.Babayev fəaliyyətində təcrübə və nəzəriyyəni böyük səriştə ilə birləşdirməyi bacarırdı. Onun elmi uğurları ilə tanış olanda zəhmətkeşliyinə, məhsuldar fəaliyyətinə qibtə ilə yanaşmamaq mümkün deyil. Yaradıcılığı çoxşaxəli olduğu üçün elmi ictimayyət onu istedadlı qələm sahibi kimi tanıyırdı. O, hərtərəfli alim olmaqla yanaşı tanınmış yazıçı-publisist idi. Gənclik illərində uzun müddət “Yeni Ordubad” qəzetinin baş redaktoru vəzifəsində çalışması jurnalistika sənətinin bütün sirlərini təcrübədə ona qazandırmışdı. Akademik İsa Həbibbəylinin söylədikləri isə bu alim, yazıçı-publisistin yaradıcı portretinin ştrixlərini daha mükəmməl yaratmaq baxımından qiymətlidir: “Nəsrdə yeni nəslin istedadlı nümayəndəsi Rafiq Babayevin “Yolçu daşı”, “Zühür”, “İlğım”, “Təkbətək” povestləri və hekayələri lirik psixoloji nəsrin regiondakı inkişafına örnək sayıla bilər”. Rafiq müəllimin elmi yaradıcılığının mühüm bir qismi də nəşr olunan əsərlərə resenziyalar, rəylər və neçə-neçə bədii təfəkkürün bəhrəsi olan kitablara yazdığı ön sözlər təşkil edir. Bunları onun yaradıcılığının və ədəbi proseslərin inkişafını əks etdirən salnamə hesab etmək olar.
Rafiq Babayev ictimai fəallığı ilə də seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Onun üçün mövzu problemi yox idi. İstənilən mövzuda alim sözü deyir, yekdil fikir bildirirdi. Mavi ekranı bəzəyən, hər bir tamaşaçının ruhuna xitab edən televiziya verlişlərində isə toxunduğu problemlərinin qaranlıq səhifələrini elmi ziyası ilə işıqlandırırdı. Nitq mədəniyyəti və təfəkkür qabiliyyəti isə onun fundamental savadından xəbər verirdi.
Elinə, obasına, sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlərimizə, ümumxalq yaradıcılığına, şifahi xalq ədəbiyyatına olan sonsuz sevgi onun yaradıcılığının məhsulu olan bütün əsərlərində öz parlaq əksini tapmışdır. Şüurlu ömrünün 40 ildən artığını milli dəyərlərimizin qorunması, təbliği və tədqiqinə həsr etdi və bir əsgər kimi keşiyində dayandı. İstər pedaqoji fəaliyyətində, istərsə elmi və publisistik yaradıcılığının bütün dövrlərində bağlı olduğu sahənin aktual və mübahisəli məqamları haqqında dəyərli söz deyən alimlərimizdən biri oldu. O, elmi ictimayyətdə sözünün kəsəri, fikirlərinin dəyəri olan ciddi alim kimi tanındı. 60 yaş qocalığın gəncliyidir deyənlər yanılmayıblar. Elmi və ictimai-pedaqoji fəaliyyətini göz önünə gətirib gördüyü işləri təhlil süzgəcindən keçirəndə zamana sığmayan, şərəflə yaşanmış mənalı bir ömür göz önündə canlanır. Elmi məqalələri, bədii əsərləri, roman və povestləri, publisist yazıları onun qısa ömrün silinməz və ən parlaq səhifələrini yazdı.
Tədqiqatlarının nəticələrini elmi ictimayətə catdırmaq üçün respublikamızın hüdutlarından kənarda beynəlxalq səviyyəli konfrans, sipozium, forum və çalıştaylarda böyük həvəslə iştirak edir, müzakirə və disskusiyalarda elmi fikir və mülahizələrini müdafiə edərək Azərbaycan elmini layiqincə təmsil etməyə çalışırdı. Biz çox zaman bu mötəbər tədbirlərə bir yerdə qoşulurduq. El sözüdür: “Qardaşın necə adamdır? – Yol yoldaşı olmamışam”. Onun çox səmimi yol yoldaşlığı var idi. Duzlu, məzəli söhbətləri, başına gələn gülməli əhvalatları nə o danışmaqdan doyar, nə də biz dinləməkdən yorulardıq. Bu ovqat bizim bütun yol yorğunluğumuzu atar və uzun-uzadı yollar bizi yormaz və mənzil başına nə vaxt vardığımızı hiss etməzdik. Son tikəsini yoldaşla bölüşər, bütün heyət yerbəyer olmayana qədər oz otağına çəkilməzdi.
Yaxşılıq etmək, əldən tutmaq elə bil onun adına yazılmışdı. Heç tanımadığı, adını belə bilmədiyi insanlar bəzən ondan kömək istəyirdi. O isə sağ əlilə etdiyini hər zaman sol əlindən gizlədirdi. Bəlkə də, bu idi darda qalan insanın ağlına ilk Rafiq müəllimin adının və ünvanının gəlməyi. Mövqe sahibi olan hər kəs bilirdi ki, Rafiq Babayev özü üçün heç kimin qapısını döyməz və heç kimin qəbuluna getməz. Bəzən düşünürəm ki, bəlkə onun heç öz “məqsəd”i yox idi… Əslində onun məqsədi: dostluq, sədaqət, vəfa borcu, mərdlik və s… biz dostluğu, dosta sədaqəti, dünyasını dəyişən insanın ruhuna vəfa və s. hisslərin ən bariz nümunəsini Rafiq müəllimin timsalında daha qabarıq gördük. O, əsl dost idi. Və dostları çox olan adam idi desək yanılmarıq. Maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi bir zamanda Rafiq müəllim maddiyata heç əhəmiyyət verməzdi. O, dostlarının, kollektivin arasında əliaçıq adam kimi tanınırdı. Xarekterinin yumuşaqlığından, ürəyinin saflığından irəli gəlirdi dostlarının ona nə isə etməsini yox, dostlarına nə isə etmək istəyi. Bu idi insanları ona bu qədər sevdirən. Məqamı gəlmişkən onun şahidi olduğumuz nümunəvi bir dostluğu haqqında: Rafiq müəllim bizim ağsaqqalımız filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Cəfərli ilə uzun illərdi ki, yaxın dost idi. Bəzən düşünürdüm ki, bu əvəzsisiz hörmət və rəğbətin dostluğa çevrilmiş ifadəsidir. Onlar iş prosesində ciddi həmkar, həmfikir, tərəf müqabili eyni sahənin dəyərli mütəxəssisləri idilər, işdən kənarda isə səmimi dost və sirdaş. Rafiq müəllim həmişə ürək ağrısı ilə deyirdi ki, təəssüf ki, birgə başladığımız çox işi Məhərrəm müəllim yarımçıq qoydu. Bir sözlə, onun ölümünü qəbul edə bilmirdi. O, Məhərrəm müəllimin elmi fəaliyyətinin müxtəlif istiqamətlərini araşdırır, tədqiqatlarını, monoqrafiyalarını təhlil edir, həmçinin onunla bağlı xatirələrini yazaraq ədəbi yaddaşa köçürürdü. Memuar ədəbiyyata həvəs və ya məşğuliyyət kimi yox, vəfa borcu olaraq yanaşanan Rafiq müəllim professor Məhərrəm Cəfərliyə həsr olunan “Ustadnamə” əsərinə professor Seyfəddin Rzasoy ilə birgə başladı. Təəssüf ki, bu da onun başladığı tamamlanmamış bir neçə əsərdən biri oldu. Yarımçıq ömrün yarımçıq qalan səhifələri onu sevənlərin, rəğbət bəsləyənlərin göz dağına çevrildi. Yaşasaydı elmimizin bu günü və sabahı üçün çox səmərəli və faydalı əsrlər ərsəyə gətirəcəkdi. Təəssüf ki, onun başladığı yazılarının böyük nöqtəsini qoymaq imkanı olmadı…
Bir neçə söz də onun yoldaşlığı və taleyinin son akkordları haqqında… Rafiq müəllim yaşından asılı olmayaraq qarşıdakı insanın ona salam verməsini heç gözləməzdi. Çox səmimi və mehriban tərzdə hal-əhval tutur, xoş dillə danışdırır, həmin insanda xoş ovqat yardırdı. Onun aorasında müsbət enerji var idi. İçindəki kədəri, dərd-səri heç ətrafına saçmırdı, büruzə vermirdi. Əslində taleyi heç onun üzünə gülməmişdi. Bəlkə də, çox sərt davranmışdı. Üzünə vaxtsız qırışlar düşmüşdü… bəlkə də, bu qırışlar yaşadığı ömürdəki acıların izləri idi. O, sonbeşik övladı Orxanın nakam, vaxtsız və faciəli ölümü ilə barışa bilmirdi. Nə qədər danışıb-gülməyə çalışsa da, mərhəm dərdlərinin gizlətməyə səy göstərsə də gözlərinin dərinliyindəki nisgil içindəki acıları büruzə veridi. O heç vaxt taleyindən qaça bilmədi…
O, bizim ilk oxucumuz idi. Nə qədər çətindir onun haqqında keçmiş zamanda danışmaq… O, payızı çox sevirdi. Bəlkə elə ona görə də payızın ilk günlərində amansız əcəl onu bizdən ayırdı. Sentyabrın ayının 22-si səhər saat 10… erkəndən işə gəlməsinə alışdığımız Rafiq müəllimi hər kəs axtarırdı. Axı dünən hamıyla deyə-gülə sağollaşmışdı. Heç kimin ağlına da gəlmirdi ki, o yıxıldığı yerdən bir daha qalxa bilməyəcək… o zamanın sərt sınaqlarından həmişə üzü ağ, mərdi-mərdanə çıxmışdı, heç bir acı fəlakət onu “yıxa” bilməmişdi. Beş gün onun son mənzilə yola salan xəstəxananın qarşısı insan selinə boğuldu. Bu qədər sevgini, hörməti, rəğbət və məhəbbəti o, bir günə qazanmamışdı. Sağlığında təmənnasız dəyər verdiyi dostları göz yaşlarına hakim ola bilmirdi. Hər kəs kədərə bürünmüşdü. Bura gələnlər xəstə ziyarətinə yox, dostluğa, insanlığa səcdəyə gəlirdilər. Həmin ayın 27-si… ürək sızladan təsəllisiz bir sonluq… amansız əcəl fürsəti fövtə vermədi… biz onu tez itirdik… nurlu, pak və təmiz qəlbli insan əbədiyyətə qovuşdu. Son zamanlarda qələmə aldığı “Ölüm mələyi” romanında qəhrəmanını dili ilə belə demişdi: “Elə bilirsiz, belə etməyinən, məni burda yatırmağınan əzrayılın yolun kəsəcəksiniz? Məni yorursunuz, əldən salırsınız, …ölməyinə bir az qalmış huş apardı, nə gözəl karvandı, – dedi, – dəvələri nə gözəl bəzəyiblər. Bilirdim ki, dalımca beləsini göndərəcəklər…” O, bu əcəl karvanına səssiz və sədasız qoşulub getdi…
Xeyirxah, alicənab, qayğıkeş insan, istedadlı alim və yazıçı-publisist, ləyaqətli şəxsiyyət, gözəl müəllim Rafiq Babayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.