Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

 Bu cür tədbirlər tədbir kimi qalmamalıdır.

    Bu kitab rus dilində nəşr olunub.Lakin bu kitab dünyanın müxtəlif -ingilis,ispan, fransız və s. dillərinə tərcümə olunmalıdır.Biz yeniliklərimizi təkcə özümüzə bəyan etməməliyik,biz dünyaya təqdim etməyi bacarmalıyıq.

    (məruzəçinin təqdim etdiyi çıxışdan):    Azərbaycan dilinin və tarixinin kökləri indiyə qədər lazımi səviyyədə tədqiq olunmamışdır. Bu baxımdan Əjdər Fərzəlinin 2014-cü ildə rus dilində çap olunmuş “Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabı əhəmiyyətli rol oynayır.  Azərbaycan ərazisi və Azərbaycan xalqı dünyada getmiş tarixi prosesləri izah etmək, tədqiq etmək baxımından böyük əhəmiyyət kəsb edir. Bəşəriyyətin tarixində dərin kökləri olan Azərbaycanın oynadığı rolu aşkarlamaq üçün Azərbaycan tarixi və dili ilə bağlı aparılacaq tədqiqatlara ehtiyac böyükdür. Bu mənada Gəmiqaya-Qobustan yazılı abidəsinin öyrənilməsi Azərbaycan tarixində və əlifbamızın tarixində əvəzsiz rol oynayır. Gəmiqaya-Qobustan əlifbası barədə fikirlər belədir: Bu əlifba, bu yazı piktoqrafik yazıdır. Başqa bir fikrə görə, bu yazı, əlifba türk-runik yazılı əlibasının elementləri ilə bağlıdır. Ancaq Əjdər Fərzəlinin araşdırmalarına görə, Gəmiqaya-Qobustan Azərbaycan xalqının yaratdığı əlifbadır. Həm də bu, Azərbaycan xalqının yazı mədəniyyətinin tarixi barədə gərəkli bir mənbədir. Gəmiqaya-Qobustan əlifbasının öyrənilməsində Əjdər Fərzəlinin zəhməti böyükdür. O, 1970-ci illərdən başlayaraq ömrünün sonuna qədər bu əlifbanı tədqiq etmişdir. Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının tədqiqinə qədər “Kitabi-Dədə Qorqud” dastanlarını, dastandakı dil məsələlərini, dilin inkişaf tarixini, praazərbaycan dilini, Azərbaycan mifologiyasını, dastandakı toponimləri, suya və oda inam məsələlərini, qədim tayfa və tayfa birliklərinin qohumluğu məsələlərini araşdırmışdır.

            Əjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını Azərbaycan və ona yaxın ərazilərdə olan qayalara, daşlara, yer altından çıxarılan müxtəlif qablara, xalçalara həkk olunmuş yazılarla birgə öyrənmişdir. Eyni zamanda qədim Azərbaycan əlifbasının elementlərini – işarələrini Naxçıvanla, Qobustanla bərabər, həm də Gəncə, Şamaxı, Mingəçevir, Hacıqabul, Pirallahı adası, Nüvədi, Təbriz yaxınlığında tapılan yazılarda da tədqiq etmişdir. O, Kəlbəcər, Mingəçevir  daşlarında həkk olunmuş yazılarda da qədim Azərbaycan sözlərini oxuya bilmişdir. Əjdər Fərzəli Alban yazıları barədə də maraqlı elmi nəticəyə gəlmişdir. Əjdər Fərzəliyə görə, Alban əlifbasının əsli ermənilər tərəfindən məqsədli şəkildə təhrif edilmiş, gərəksiz bir formaya salınmışdır. Onun fikrincə, əsl Alban əlifbası Gəmiqaya-Qobustan əlifbasıdır. Bu əlifba qayaların, daşların, xalçaların, qabların üstündə həkk olunmuş yazılarda da qorunmuşdur. Müqayisə üçün qeyd edək ki, Orxon-Yenisey yazılı abidələri mətnlərin daş üzərinə həkk olunmasından ibarətdir. Hazır mətnləri oxumaq mətnsiz yazıları oxumaqdan asandır. Gəmiqaya-Qobustan yazıları isə mətnsiz yazılardır. Məhz Əjdər Fərzəli belə mətnsiz yazıları oxumuşdur. Əjdər Fərzəlinin tədqiqatları sübut edir ki, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinə bağlı olan müstəqil əlifbalardır. Hər ikisi türk əlifbasıdır və bunlardan çoxsaylı dünya əlifbaları törəmişdir. Qafqaz Albaniyası qədim Azərbaycanın, qədim Azərbaycan tarixinin tərkib hissəsidir. Qafqaz Albaniyasına aid yeganə mənbə Moisey Kalankatukulunun (VII-VIII əsrlər) “Alban tarixi” və VIII əsrə aid “Eranşəhr”dir. Bu dövrə aid mənbələrin azlığı Azərbaycan tarixinin Qafqaz Albaniyası ilə bağlı olan dövrünə kölgə salmış və nəticədə ermənilər bundan istifadə edərək qərəzli, saxtakar mövqe tutmağa başlamışlar. Ermənilər “Alban tarixi” əsərini və Qafqaz Albaniyasının ərazisini əsassız şəkildə “erməniləşdirmə”yə çalışmışlar. Bununla da Qafqaz Albaniyası mübadiləsi bir mövzu kimi ortalığa çıxmışdır. Hələ vaxtilə Azərbaycan dilçisi Voroşil Qukasyan Alban yazısı və ədəbiyyatı tarixinin bəzi məsələləri ilə məşğul olmuşdur. Bu istiqamətdə araşdırmalar aparmışdır. O, A.Ş.Mnatsakanyanın 1966-cı ildə Yerevan şəhərində erməni dilində çap olunmuş və “Qafqaz Albaniyası ədəbiyyatının tarixi” adlı əsərinin elmsizliyini faktlar, dəlillər əsasında sübut etmişdir. Voroşil Qukasyan A.Ş.Mnatsakanyanın əsəri ilə bağlı dörd mühüm ümumiləşdirici nəticə (bax: Ворошил Гукасян. О некоторых вопросах истории Албанской писменности и литературы (в связи  c работой А.Ш.Мнацаканяна, «О литературе Кавказской Албании»). – Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1968, №2, s.85-101)  söyləmişdir:

I.     Kür çayının sağ sahili heç zaman Ermənistanın tərkibinə rəsmi şəkildə daxil olmamışdır. Halbuki A.Ş.Mnatsakanyan əsassız olaraq Qafqaz Albaniyasının sərhədi olan Kür çayının sağ sahilini eramızın IV əsrinədək (387-ci ilə qədər) “Böyük Erməsnitan”ın tərkibində olması fikrini irəli sürmüşdür.

II.  Voroşil Qukasyan onlarla tarixi və filoloji dəlillər əsasında sübut etmişdir ki, albanların öz yazısı olmuşdur. Onun fikrincə, bunu alban əlifbası və Mingəçevirdə tapılmış yazılar da təsdiq edir. Lakin A.Ş.Mnatsakanyan öz əsərində iddia etmişdir ki, guya albanların yazısı olmadığı üçün onların ədəbiyyatları da yaranmamışdır. Halbuki elmə sirr deyil ki, alban yazısı olmuş və bu indiyə qədər oxunmamışdır. Bizcə, alban yazıları oxunsaydı Azərbaycan tarixinin qədim dövrünə aid xeyli zəngin material əldə etmiş olardıq. Bu da ermənilərin əsassız iddialarına birdəfəlik son qoyardı. Təbii ki, A.Ş.Mnatsakanyan alban yazılarının indiyə qədər oxunmadığını və bununla bağlı çətinlikləri çox gözəl bildiyinə görə, elə bu abidələrin “sahibi”, “yiyəsi” iddiası ilə əsər yazmışdır. Lakin Moisey Utilinin (Kalankatuklunun) “Alban tarixi” əsəri bizə erməni dilində çatsa da, Voroşil Qukasyanın dediyi kimi, onun nə vaxt, kim tərəfindən, hansı dildə yazıldığı elmə məlum deyildir. Erməni tədqiqatçısı bu reallıqdan “məharətlə” istifadə edərək Alban abidələrini öz adlarına çıxmışdır.

“Alban tarixi” əsərinin yazılma tarixi barədə iki fikir mövcuddur. Birinci fikir tərəfdarı T.Ter-Qriqoryan “Alban tarixi”nin I, II kitabının yazılması tarixini VII əsrə, III kitabı isə X əsrə aid edir. İkinci fikir tərəfdarları Y.A.Manandyan, N.Akinyan isə “Alban tarixi”nin yazılmasını X əsrə çəkirlər. Bu ikinci fikir həqiqətə uyğun gəlmir və əsassızdır. Ona görə ki, X əsrə qədər “Alban tarixi” əsərinin orijinalı mövcud olmuşdur. Bu orijinalı ermənilər ələ keçirdikdən sonra onun üzünü erməni dilinə çevirmişlər. Xüsusilə, Azərbaycan tarixçisi F.C.Məmmədova “Alban tarixi” mətnini təhlil edərək onu X əsrə aid edən erməni tədqiqatçılarının gətirdikləri dəlillərin əsassız olduğu və həqiqətə uyğun gəlmədiyi qənaətinə gəlir (bax: Ф.Дж.Мамедова. Проблема датировки «Истории Албан». – Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1974, №3).

Ərəb qoşunları Azərbaycana gələrkən ermənilərin kiçik etnik qrup kimi indiki Ermənistan ərazisindəki bəzi yerlərdə heç bir dövləti olmadan Azərbaycanın hüdudları içərisində yaşaması mümkünlüyünü bəlkə də qəbul etmək olar. A.Bakıxanovun verdiyi məlumata görə, “O zaman (ərəb xilafəti dövründə – B.X.) ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır” (bax: A.Bakıxanov. Gülüstani – İrəm. Bakı, 1951, s.51).

Onu da qeyd edək ki, VII əsrdə, ondan əvvəl, X əsrdə, XIX əsrə qədər Qafqazda, Qafqaz Albaniyasında, indiki Ermənistanda erməni adlı bir millətin dövləti olmamışdır. Ona görə də bu ərazilərdə erməni dövlətinin olmasını təsdiq edən tarixi, sosial, siyasi, etnik, coğrafi məlumatlar da yoxdur. Bu da ermənilərin Qafqaz mühitinə kənardan gəlmələrini sübut edir.

Hələ 1861-ci ildə K.Patkanyanın “Alban tarixi” əsərini rus dilinə tərcümə etməsini də təsadüfi saymaq olmaz. Ona görə ki, o, bu işi ilə Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmiş qədim Alban tarixini və Azərbaycan tarixini saxtalaşdırmış erməni mütəxəssislərini dəstəkləməklə yanaşı, bu yolla saxta erməni tarixi yaradaraq onu rus dili vasitəsilə daha geniş səviyyələrdə yaymağa çalışmışdır.

Əslində ermənilər Alban kilsələrini ələ keçirtdikdən sonra albanlara məxsus olan materialları erməniləşdirməyə başlamışlar.

Bunu Mingəçevirdən – Sudaqılan yaşayış yerindən aşkar edilmiş, qədim alban kitabələrindən olan xaçaltı daşın üzərindəki kitabə də təsdiq edir. Burada tapılmış xaçaltı yazılı daş qarqar-türk dilinə aiddir. Xaçaltı yazılı daşı qarqar-türk dilində oxuyan müəllif yazır: “Əlbəttə, bu (mətn – B.X.), Qriqoryan kilsəsinin alban kilsəsi üzərində birinci qələbəsinə qədər olan bir dövrü əhatə edir. Bundan sonrakı dövrlərdə alban yazılı mədəniyyəti məhv edilmişdir. Ona görə də V-VIII əsrlər arasında olan dövrə aid alban əlifbası ilə Mingəçevir epiqrafik abidələrindən savayı heç bir yazılı material əldə edilməmişdir. Bu onu göstərir ki, yad əllər daim alban mədəniyyətini məhv etməyə çalışmışdır” (bax: Xanlar Mustafayev. Mingəçevir epiqrafik abidələri. Elm və həyat, №11-12, 1990, s.25).

Deməli, ermənilər ələ keçirə bilmədikləri alban kilsələrinə, alban yazılı mənbələrinə toxuna bilməmişlər.

Ancaq ermənilər “Alban tarixi” əsərinin orijinalını məhv edərək onu erməni dilində çap etdirmişlər. V.Qukasyan yazır: “… Utilinin əsəri alban dillərinin birində (bəlkə də udin dilində) yazılmış, çox sonra isə qədim erməni dilinə tərcümə edilmişdir. Bunun nəticəsində də əsərdə yerli dilə məxsus sözlər və qrammatik formalar qalmışdır”. (bax: Ворошил Гукасян. Удинское слова в «Истории Албан». – Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, Dil və incəsənət seriyası, 1968, №1, s.61).

Başqa bir tərəfdən əsərin erməni dilində bizə çatması isə hələ onun müəllifinin erməni olmasından xəbər verə bilməz. Onda ərəb, fars, rus və s. dillərdə əsər yazmış ərəb, fars, rus olmayan müəllifləri ərəb, fars, rus adlandırmalıyıqmı? Ərəb dilində “Divani-lüğət-it türk” əsərini yazmış M.Kaşğarini, fars dilində yazmış N.Gəncəvini necə adlandırmalıyıq?! Birinə ərəb, digərinə farsmı deməliyik?! Deməli, sadəcə olaraq, albanları erməniləşdirmək əsassızdır. “Alban tarixi” əsərinin müəllifini erməni kimi qələmə vermək isə əsl tarixi həqiqəti inkar etməkdən başqa bir şey deyildir.

“Alban tarixi” əsəri ermənilərin əlinə keçdikdən sonra təbii ki, təhriflərə də yol verilmişdir.(məruzəçinin təqdim etdiyi çıxışdan).

         Voroşil Qukasyan A.Ş.Mnatsakanyanın digər mənasız iddialarını da zəngin faktlarla təkzib etmişdir. A.Ş.Mnatsakanyan saxta yolla erməni ədəbiyyatını qədim etmək üçün alban şairi Dəvdəki və alban tarixçisi Moisey Utilini (Kalankatuklunu) erməni müəllifləri kimi qələmə vermişdir. V.Qukasyan tarixi və filoloji faktlarla Dəvdəkin və Moiseyin alban olduğunu sübut etmişdir. O, alban toponimik adlarının erməni dilinin lüğət tərkibində olmadığını da tədqiq etmişdir. Doğrudan da Dəvdəkdən, Moiseydən başqa, Mxitar Qoş, Qarakos Qanzakedzi kimi alban müəllifləri də olmuşdur. Eyni zamanda alban sözü bir etnik, toponimik ad olmaqla erməni dilinin morfoloji və qrammatik quruluşuna yabançıdır. Alban sözünün etimoloji cəhətinə və morfoloji strukturuna uyğun gələn etnik adlar türk dillərində qanunauyğun hal kimi özünü göstərir. Bu mənada alban (alb-an) sözünün tarixi-etimoloji və morfoloji strukturu bayan (bay-an), Salyan (Sal-(y)an), Qacaran (Qacar-an), avaran//abaran (avar//abar-an), Sisiyan (Sisi-(y)an) və s. sözlərdə də qorunur.

    A.Ş.Mnatsakanyan qədim alban qəbilələrini və udinləri erməniləşdirmiş və guya onların dillərinin də erməni dili olmasını saxta bir yolla sübut etməyə çalışmışdır. Bu mənada da V.Qukasyanın tədqiqatının nəticəsi maraqlıdır. O yazır: “…Bu, qədim Azərbaycan tarixini saxtalaşdırmaqdan başqa bir şey deyildir. Belə ki, alban dillərinin, o cümlədən də udin dilinin özünəməxsus qrammatik quruluşu, fonetik və leksik tərkibi vardır” (bax: Ворошил Гукасян. О некоторых вопросах истории Албанской письменности и литературы (в связи с работой А.Щ.Мнацаканяна, «О литература Кавказской Албании») – Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1968, №2, s.101).

Məhz “Alban tarixi” əsərini və bütövlükdə albanları erməniləşdirmək həmin dövrə aid mənbələrin bizə gəlib çatmaması ilə bağlıdır. Belə bir boşluqdan erməni mütəxəssisləri istifadə edərək, albanları erməniləşdirməyə çalışmışlar. Bununla həm də qədim Azərbaycan tarixini saxtalaşdırmışlar. Ona görə ki, albanlar və alban tarixi qədim Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmişdir. Bu dövrə aid mənbələrin müxtəlif səbəblərlə bağlı olaraq dağıdılması hal-hazırda tariximizin incəliklərini öyrənməkdə çətinlik yaradır.

     Əjdər Fərzəliyə görə, dünya Tanrıdan başlanır. Tanrıdan sonra ən qədim olan  dünyadır. Dünyada isə ən qədim əlifba Orxon-Yenisey əlifbası və Gəmiqaya-Qobustan əlifbasıdır. Hər ikisinin hələ də açılmayan sirləri çoxdur. Ancaq “Orxon-Yenisey əlifbası Avrasiya mühitində şərq, Gəmiqaya-Qobustan isə qərb əlifbasıdır. Elə bu səbəbdəndir ki, qədim və müasir Avropa əlifbaları, Yaxın Şərqin bir sıra əlifbaları da Gəmiqaya-Qobustanın törəmələridir. Mən bu fikrə demək olar ki, saysız müqayisələr, tutuşdurmalar apardıqdan sonra gəlmişəm. Bütün müqayisələrin cədvəllərini tərtib etmişəm. Müqayisələr göstərir ki, finikiya, yunan, latın, kiril, yəhudi, ərəb, İran (pəhləvi), sanskrit, brahmi (hind) və s. əlifbaları Gəmiqaya-Qobustan əlifbasından iqtibasla yaradılmışdır”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat- Poliqrafiya Birliyi, 2003, s.13)

    Qobustan abidələri barədə 1924-cü ildə məlumat verilmiş, bunu 1938-ci ildə arxeoloq İsaq Cəfərzadə aşkara çıxarmış və 1947-ci ildən tədqiq etməyə başlamışdır. Sonralar arxeoloqlar Firuzə Muradova və Cəfərqulu Rüstəmov bu işi davam etdirmişlər. 1973-cü ildə İsaq Cəfərzadənin müəllifliyi ilə “Qobustan” kitabı çap olunmuşdur. Bu kitabda Qobustan qaya rəsmlərinin şəkilləri verilmiş, onların barəsində ümumi məlumat öz əksini tapmışdır. İsaq Cəfərzadə Qobustan qaya rəsmlərinin e.ə.VIII minillikdən başlayaraq qayalar üzərinə həkk olunduğunu qeyd etmişdir. (İ.Cəfərzadə. Qobustan. B., 1973, s.337) Qobustan barədə sonradan Firuzə Muradovanın “Qobustan-Tunc dövrü” (B., 1985), Cəfərqulu Rüstəmovun “Qobustan dünyası” (B., 1994), Vəli Əliyevin “Qədim Naxçıvan” (B.,1984), “Gəmiqaya abidələri” (B., 1992) kitabları çap olunmuşdur. Bu tədqiqatlarda belə hesab olunur  ki, Qobustan qayaları üstündəki təsvirlər qədim insanların, ovçuların, çobanların əl işləridir. Ancaq Əjdər Fərzəli qaya üzərindəki rəsmlərin inkişaf etmiş mədəniyyətin izi ilə bağlı olmasını göstərmişdir. Əjdər Fərzəli yazır: “Qobustan qayalarının rəsm və işarələri heç də “ovçuların və çobanların əl işləri” olmayıb, istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar üzərində bədii-həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir. Və ilk növbədə Tanrıçılıq, odsevərlik inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi. 2013 s.11-12)

            Gəmiqaya abidələrini 1968-ci ildə Vəli Əliyev aşkarladı. Ancaq Qobustan və Gəmiqaya yazılarının ilk əlifba olduğunu Əjdər Fərzəli təyin etdi. O, sübut etdi ki, Qobustan və Gəmiqaya yazıları Azərbaycan – türk düşüncəsinin məhsuludur. Əjdər Fərzəli Qobustan, Gəmiqaya yazıları ilə Orxon-Yenisey yazılarını müqayisə etdi, tutuşdurdu və aşağıdakı müqayisələri üzə çıxardı:

I.     Gəmiqaya – Qobustanda A, B, Ə, Ö, Q, Ş, P, R, T, G, F və J işarələri Orxon-Yeniseydə başqa işarələrlə təyin edilir.

II.  Gəmiqaya-Qobustanda hər işarə bir səsin ünvanı olduğu halda, Orxon-Yeniseydə belə deyildir. Orxon-Yeniseydə bəzən bir səsi bir neçə işarənin toplu halı bildirir. Məsələn, K səsini 10, Ş səsini 5 işarə toplu halında ifadə edir.

III.    Orxon-Yeniseydə a-ə, ı-i, o-u, ö-ü saitləri müştərək işarələrlə bildirilir. Ancaq Gəmiqaya-Qobustan yazılarında bunlar fərqlidir.

            Əjdər Fərzəlinin tədqiqatlarına görə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan yazıları bir-birindən fərqli, müstəqil, ancaq qohum türk əlifbalarıdır. Həm də Əjdər Fərzəlinin tədqiqatlarında Azərbaycanda aşkar olunmuş Gəncə, Şamaxı, Kəlbəcər, Mingəçevir, Hacıqabul, Nüvədi, Təbriz-Əhər, Pirallahı və İçərişəhər yazıları Gəmiqaya-Qobustan əlifbasının işarələri ilə tam şəkildə üst-üstə düşür.

            Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-Qobustan əlifbası eradan əvvəlki minilliklərdən bizim eranın 8-9-cu əsrlərinə qədər, ərəb işğalına qədər Azərbaycanda, Yaxın və Orta Şərqdə, Avropada yayılmış, işlənmiş əlifbadır.

            Əjdər Fərzəli yazır: “Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 100-ə yaxın işarədir. Bu əlifba ilə yazılmış bütöv mətnlər hələlik əldə edilməsə də, prinsip etibarilə yəqin etdim ki, Gəmiqaya-Qobustan əlifbasının işarələri tanrıçılıq inamının tələbi ilə soldan sağa – Od tanrıya: Günəşə sarı yazılıb”. (Əjdər Fərzəli. Gəmiqaya – Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.15)

            Əjdər Fərzəlinin  tədqiqatlarının nəticəsinə görə, Finikiya əlibasının “birinciliyi”nə son qoyulur. Orxon-Yenisey əlifbası Finikiya yazısından əvvəllərə gedir, həm də Orxon-Yenisey əlifbasının özü də Gəmiqaya-Qobustan əlifbasından bəhrələnmişdir.

            Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-Qobustan əlifbası yetkin, kamil bir düşüncənin, mədəniyyətin məhsuludur. O yazır: “Gəmiqaya – Qobustan əlifbası belə bir həqiqəti təsdiq edir ki, əlifba bir nəfər tərəfindən bir ayda, bir ildə yaradıla bilməz. O, uzun illərin təcrübəsindən, sınaqlarından keçərək insan kollektivinin, etnosun-xalqın soy psixologiyasına, dünyagörüşünə, dil və din birliyinə əsaslanaraq, piktoqraflar – şəkilli sözlər, damğalar, rəmzlər toplusundan seçilərək, bir sapa düzülərək, formalaşaraq yaradıla bilər. Belə əlifbanın yaradıcısı bütün xalq olur. Əlifba məhz əlifba kimi formalaşana qədər bir neçə mərhələdən keçir. Onun nizama – “sapa” düzülməsində azı bir neçə, yaxud onlarla bilici iştirak edir”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.19).

            Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan əlifbası bir məsələyə də aydınlıq gətirir. Belə ki, Əjdər Fərzəli “Kitabi-Dədə Qorqud”un boylarının Azərbaycanda yarandığını Gəmiqaya-Qobustan əlifbasına istinad edərək təsdiq edir. Belə bir əlifbanın yarandığı ərazidə, təbii ki, “Kitabi-Dədə Qorqud” yaranmalıydı və yarandı.

            Əjdər Fərzəli yazır: “Altay türklərinin “doğum, döl” rəsmində insan, başından ayağına qədər 32 sümük birləşməsindən ibarət təsvir edilmişdir. Ağızda 32 diş bəlkə bunun yığcam təkrarıdır? Qobustanda gəmi rəsmlərində (məsələn, 29-cu daşda, həm də 23+9 hesabı ilə) 32 işarə yaradılış yaddaşının timsalıdır. Müqəddəs sayıldığına görə 32 rəqəmi həm də qəbilə, oba, kənd adına (İmişli rayonunda 32-lər kəndi) çevrilmişdir. 32 rəqəmi yaradılışın 4 ünsürü ilə də səslənir: 32:4=8; 8:2=4.

            Nəhayət, yaradılış əlifbasının – Gəmiqaya – Qobustanın məhz 32 hərfdən ibarət olması, yəqin ki, təsadüfi deyil. Bir sirrin də izi ilə çox uzağa getmək olar”. (Əjdər Fərzəli. Gəmiqaya – Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.22)

            Əjdər Fəzəlinin elmi qənaətlərindən biri də budur ki, azərbaycanlıların əski əlifbası ərəb əlifbası deyil. Onun fikrincə, ərəb əlifbası qədim Azərbaycan əlifbasından törəmədir. Onun elmi qənaətinə görə, ərəb əlifbası VIII-IX əsrlərdən başlayaraq Azərbaycanda kütləvi savadsızlığın bünövrəsini qoymuşdur.

            Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasında “sağır nun” hərfini oxudu, Orxon-Yenisey yazılı abidələrində Danimarka alimi V.Tomsen 1893-cü ildə Tenqri sözünü oxudu. Əjdər Fərzəli isə arxeoloq alim Vəli Əliyevin “Gəmiqaya abidələri” (1992) kitabında 28-ci şəkil qrupunda birinci piktoqrafın “Tanqrı” sözündən ibarət olduğunu oxudu.

            Gəmiqaya-Qobustan əlifbanın “daş” mərhələsi, dünya yazı mədəniyyətinin zirvəsi olmaqla (o cümlədən Orxon-Yenisey yazısı) öz fəlsəfəsini yaratmışdır. Bu da ondan ibarətdir ki, qədim türk əlifbaları ilk mərhələdə piktoqraflar şəklində daşlara yazılmış, bu, ənənə şəklini almış, nəticədə “daş kitablar” meydana gəlmişdir. Sonralar gil lövhələrə, dəriyə, ağaca, kağıza yazılar yazılmışdır. O fikri də qəbul etməli oluruq ki, qədim türklər Avrasiya məkanında qövsvari hərəkət etmişlər. Onlar baharın ardınca getmiş, əvvəl yaşadıqları yerdə təbii nemətlər tükəndikdən sonra yeni ərazilərə doğru hərəkət etmişlər. Bununla da, qədim türklər həmişə hərəkətdə olmuş qərbdən şərqə və əksinə hərəkət etməklə öz mədəniyyətlərini köç etdikləri ərazilər boyu yaymışlar.

            Tarixi məlumatlara əsasən Naxçıvan e.ə.1539-cu ildə şəhər-qala kimi mövcud olmuşdur. Bu tarixə əsasən 2015-ci ildə Naxçıvanın 3542 yaşı tamam olur. Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçıvanda 9 min il əvvəl yaşayış olmuşdur. Bu da məlumdur ki, 12 min il əvvəl baş vermiş daşqın və Nuhun gəmisinin gəlib çıxdığı yer Naxçıvandır.

       Tədbirdə çıxışından: Əjdər Fərzəlinin bu tədqiqatı aparmaq üçün bazası var idi.Əjdər Fərzəli sübut edib ki, Azərbaycanda piktoqrafik düşüncə tərzini təqdim edən mədəniyyət olmuşdur.

    Gəmiqaya-Qobustan Əlifbasının ortaya qoyulması bu gün tarixşünaslıgımız üçün vacib bir məsələni gündəmə gətirir.Bizim tarixşünaslıgımızda Qafqaz Albaniyası məsələsi cox problemli məsələdir. Əjdər Fərzəli məsələni belə qoyur ki, Qafqaz Albaniyasında mövcud olan alban əlifbası Gəmiqaya-Qobustan mənşəlidir. O deyir ki, Gəmiqaya-Qobustan əlifbası elə alban əlifbasının bünövrəsində dayanıb,elə alban əlifbası deməkdir.Sadəcə olaraq dağıntılar,mübarizələr, müharibələr bu əlifbanın izini itirib, körpü qırılıb alban əlifbası havadan asılı vəziyyətə düşüb. Nəticədə bizim bədxah qonşularımız albanlara aid olan bütün dəyərləri özlərinə çıxıblar.Biz Qafqaz Albaniyasından uzaq qaçdığımız üçün,tarixşünaslığımız  uzaq qaçdığı üçün,o piktoqrafik yazıları açmağa meylimiz olmadığı üçün,həm də rejim bizə imkan vermədiyi üçün ermənilər ona yiyə durublar,nəticədə onlar belə hesab ediblər ki, Qafqaz Albaniyasına məxsus bütün dəyərlər ermənilərə məxsusdur. Sonra bunun izinə də düşən olmayıb və nəticədə bu“boyük ermənistan” xülyasında olan və ermənipərəst qüvvələrin dəyirmanına su töküb.Tarix bu dərəcəyə qədər təhrif olunub və bu təhriflər ona gətirib çıxarıb ki, Qafqaz Albaniyası dövründə mövcud olan piktoqramlar,işarələr sistemi artıq bizim tariximizin qaranlıq səhifələrini yaradıb.

    Əjdər Fərzəlinin bu əsəri Qafqaz Albaniyası tarixi haqqında nəticələri açır. Əslində bu tədqiqat bizim tarixşünaslığımıza yeni istiqamət verir, tarixşünaslığımıza o istiqaməti  verir ki,qaranıq səhifələr aşkarlanmalıdır,üzə çıxmalıdır,alban yazılarının nədən ibarət olması tədqiqatçılar tərəfindən tamamilə araşdırılmalıdır.

    Gəmiqaya-Qobustanda tədqiqat aparmış alimlər oradakı yazıların piktoqraf oldüğunu göstərmişlər. Əjdər Fərzəli isə bu piktoqrafların və piktoqramların əlifba olduğunu ortaya qoyur və bu çox vacib məsələdir.Bu gün dünya dilçiliyində belə bir fikir var ki,ilk yazı finikiyalıların yazısıdır,artıq finikiyalıların yazısını Əjdər Fərzəlinin tapdığı piktoqramlar üstələyir. Əjdər Fərzəli sübut edib ki, Azərbaycan ərazisində bu piktoqramlarla eyniyyət təşkil edən yazılar var:burada Mingəçevir, Hacıqabul, Nüvədi,Təbriz,Əhər,Pirallahı, İçərişəhər, Şamaxı, Gəncə və s. Deməli bunu bütöv bir xalq yaratmışdır. Əjdər Fərzəli piktoqramları sübut etməklə,onun arxasında dayanan işarələr sistemini aşkarlamaqla tarixə-arxeologiyaya aid ciddi nəticələr çıxarır.

    Dilşilikdə bir “kök ağac” nəzəriyyəsi var.Bir kök piktoqramlar olub sonra onları ayrı-ayrı xalqlar o piktoqramları öz əlifbalarına gətirə biliblər və Əjdər Fərzəli Dünyanın  Vahid Əlifba Ağacının Gəmiqaya-Qobustan əsasında törəməsi nəzəriyyəsini irəli sürür.

     (məruzəçinin təqdim etdiyi çıxışdan):Əjdər Fərzəlinin “Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabındakı araşdırmanın nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:

I.     Gəmiqaya-Qobustan əlifbası qədim Azərbaycan əlifbasıdır. Bu əlifba yüz və min illər ərzində bütün xalq – xalq biliciləri tərəfindən yaradılmışdır.

II.  Gəmiqaya-Qobustan əlifbası başqa əlifbalardan fərqli olaraq yaradılış ideyasını – Tanrıçılıq inamını əks etdirir.

III. “Əlifba” sözü öküz başının – Göy öküzünün (öküz bürcünün)   işarəsi şəklində alova oxşar görümündən – qədim Azərbaycan dilindəki “alov” sözündən yaranmışdır. Və finikiya “ərəb, yəhudi, yunan və s. dillərdəki alef, alif-əlif, alfa qədim Azərbaycan dilindəki alov-buta sözlərinin təhrif şəkilləridir.

IV.    Finikiya, Misir, yunan-latın, ərəb, yəhudi, erməni, kiril, hind (brahmi), İran (pəhləvi) və bir sıra digər əlifbalar Gəmiqaya-Qobustan əlifbasının törəmələridir.

V.   Gəmiqaya-Qobustan əlifbası və Orxon-Yenisey əlifbası bir-birinə bağlı, ancaq müstəqil yaradılmış türk əlifbalarıdır.

VI.    Alban əlifbası – Qafqaz Albaniyasının əlifbası Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir.

VII.“Avesta” əlifbası Gəmiqaya-Qobustan əlifbasından törəmədir.

VIII.       Şumerli türk əlifbası Gəmiqaya-Qobustan əlifbası ilə eyni quruluşdadır.

IX.    Mingəçevir epitafiyası Gəmiqaya-Qobustn əlifbası əsasında türk düşüncə tərzi ilə yaranmışdır.

X.   Gəmiqaya-Qobustan əlifbasının hərf və piktoqrafları Naxçıvan-Ordubad, Urmiya-Əhər-Təbriz, Qərbi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı-Altıağac, Qobustan-Hacıqabul, Bakı-İçərişəhər-Pirallahı adası daşlarında, qayalarında aşkar edilmişdir. Hətta bu əlifba qədim Azərbaycan xalçaları, məişət əşyaları üzərində “naxış” kimi əks olunmuşdur.

XI.    Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən (onların 9-u sait, 23-ü samit) ibarətdir.

XII.Gəmiqaya-Qobustan əlifbasında hər bir hərf sözü tamamlaya bilirsə, “bütöv söz” funksiyasında olur. Belə bir əlamət Orxon-Yenisey yazılarında da müşahidə olunur.

XIII.       “Kitabi-Dədə Qorqud”un mifik süjetləri Gəmiqaya-Qobustan əlifbası ilə Gəmiqayaya, Qobustana yazılmışdır.

XIV.       Gəmiqaya-Qobustan çoxşəkilli əlifbadır. Burada eyni hərfin bir neçə şəkli, variantı vardır. Onlar sözün məzmunundan, mənasından irəli gələrək yaradılmışdır.

XV.Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin yeni bir mərhələsidir.

XVI.       Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının 300-ə yaxın sözlüyünü tərtib etmişdir (Аждар Фарзали. Ноев Ковчег и Гямигая-Гобустанский алфавит. Баку, «Гапп-полиграф”, 2014,с.234-241).

XVII.    Gəmiqaya-Qobustan əlifbasının mətnləri işğallar, müharibələr, qarətlər nəticəsində dağıdılmışdır.

XVIII.      Gəmiqaya-Qobustan əlifbasının aşkarlanması əlifbanın meydana gəlməsində uydurma “Finikiya birinciliyi”nə son qoymuşdur.

XIX.       Gəmiqaya –Qobustan dünya əlifbaları tarixində vahid Əlifba Ağacı rolunu oynamışdır.

XX.Gəmiqaya-Qobustan mədəniyyətinin kökündə Tanrıçılıq dayanır. Mövcud dinlərin hamısı (islam, xristianlıq, buddizm, iudaizm) Tanrıçılıqdan bəhrələnmişdir. Tanrıdan-Allahdan gələn kitablar da (Zəbur, Tövrat, İncil, Quran) hər şeyin əsasında Tanrıçılığın dayandığını təsdiq edir.

XXI.       Gəmiqaya-Qobustan əlifbası dünyanın möcüzələri barədə düşünməyə imkan yaradır. İlk möcüzə Gəmiqaya-Qobustan rəsmləridir. Bu möcüzə barədə Əjdər Fərzəli məsələni belə qoyur: Tanrı ulu rəssam kimi yaratdıqlarının əvvəlcə şəklini çəkdi və sonra onlara ruh verdi, can verdi. Tanrının rəsmləri işarələr kimi insanın özündə, bədənində göründü, başqa canlılarda otlarda, çiçəklərdə, ağaclarda göründü. İnsan Tanrının qələmindən çıxmış 32 işarənin kombina edilməsi kimi qəbul edildi. Tanrı öz səma gəmisində Göydən Yerə 32 işarə-hərf göndərdi. Tanrı 32 hərf və iki insan: qadın və kişi göndərdi. Tanrinin Səma Gəmisində göndərdiyi 32 hərf-işarə (23 samit və 9 sait) və iki insan: kişi və qadın Səma Gəmisi ilə birlikdə 1-ci möcüzə idi. 2-ci möcüzə isə Gəmiqayada “Nuhun gəmisi” ilə bağlı rəsmlərdir.

XXII.    Humboltun və Sössürün söz-dil işarələr sistemidir fikrini qəbul etməklə Gəmiqaya-Qobustan əlifbasının işarələr nəzəriyyəsinin əsasında dayandığını və onu bu günümüzə çatdıran qaynaq olduğu qənaətini təsdiq etməli oluruq.

XXIII.      Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan əlifbası ilə bağlı fikirləri bu qənaəti söyləməyə əsas verir ki, bəşəriyyət elmlə dinin birliyi əsasında Tanrıçılığın mahiyyətinə varmalıdır. Bəşəriyyət bu gün elmlə dinin eyni mənbədən – Tanrıdan gələn bir ideya olduğu fikrindən uzaqlaşmışdır. Ancaq bəşəriyyət bunu da bilir ki, müqəddəs kitablar da (Zəbur, Tövrat, İncil, Quran) Tanrıdan-Allahdan gələn müqəddəs kitablardır. Elmlə dinin mənbəyini bu kitablar yaşadır.

Biz dəyişən dəyərlər dünyasında yaşayırıq. Ancaq elə dəyərlər var ki, onlar dəyişmir. Dəyişməyən dəyərlər dəyişmədiyi üçün dəyərlidir. Dəyişməz dəyərlər sırasında Gəmiqaya-Qobustan da var. Dəyişməyən dəyərlər dəyərə qiymət verənlərdə bu fikri yaradır və hər birimizi düşünməyə məcbur edir. İ.Nəsimi: “Dünya duracaq yer deyil, ey can, səfər eylə!..”, V.V.Nalimov: “Nədən dünyamız bir belə qəddardı?.. Nə zamansa da bu sirri aça biləcəyikmi?”, S.Y.Lets: “Ciddi düşünməyə başlayınca görürüəm ki, dünya nə qədər gülüncdür”.

    (Tədbirdə çıxışından):…Bu tədqiqat-araşdırma nə üçün lazımdır? Mən belə hesab edirəm ki,bizim humanitar yönümlü kifayət qədər potensialı olan institutlarımız var,ali təhsil müəssisələrimiz var,gənc kadrlara bu yöndə mövzular vermək lazımdır,özü də paralel mövzular vermək lazımdır. Yəni Gəmiqaya-Qobustan yazılı abidələrinin həm etnoqrafiyası,həm mifologiyası, həm folkloru,həm dil məsələləri-hamısı eyni məqamda,bir biri ilə sintez olunmuş şəkildə öyrənilsin və mənə elə gəlir ki,xüsusi koordinasiyalar yaranmalıdır ki,o, Gəmiqaya-Qobustan qayaları, yazıları ilə bağlı, əlifbaları ilə bağlı,o qayalar üzərindəki yazılı abidələrlə bağlı hansı mövzulara yer ayırmaq lazımdır ki,gənc tədqiqatçılar mövzuları araşdırsınlar.

    2013-2020-ci illərdə dilin inkişafı ilə bağlı “Dövlət proqramı” var. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları o proqramı imzalayıb. Oradakı vacib məqamlardan biri də qədim dillərin öyrənilməsidir,dil tarixinin öyrənilməsidir, dialektologiyanın öyrənilməsidir,bu yöndə işlərin öyrənilməsidir.Mənə elə gəlir ki, biz bu yöndə tədqiqatları genişləndirməliyik və ümumiyyətlə gəncliyi bu istiqamətə yönəltmək lazımdır.Ümumiyyətlə əlifba tarixində kifayət qədər dünyanın qəbul etdiyi, heroqliflərdən tutmuş indiyə qədər-səsli yazıya qədər, çoxlu əlifbaların sistemi qruplaşdırılıb,bunu bizim gənclər götürüb müqayisələr aparmaqla görə bilərlər ki, Gəmiqaya-Qobustan əlifbası bizim əlifba sistemində hansı mühüm rolu oynaya bilib.

    Mən əslində bu kitabı bizim ədəbiyyat,mədəniyyət tariximiz üçün, əlifba tariximiz üçün hadisə hesab edirəm,ona görə hadisə hesab edirəm ki,adətən hadisələr bir dəfə baş verir, amma bir az gec qəbul olunur, bunun gec qəbul olunmağının səbəbi onunla bağlı olur ki, insanlar o yeni fikirlərə, ideyalara tətəkkür baxımından alışmış olmurlar, ona görə də bu hadisə öz məcrasını  beynəlxalq dillər vasitəsilə tapmalı,dünyaya yayılmalıdır, təbliğ edilməlidir.

          Buludxan Xəlilov, ADPU-nin  filologiya  fakultəsinin dekanı,  filologiya  elmləri doktoru, professor 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.