Ramiz Əli oğlu Qasımov haqqında

Print Friendly, PDF & Email

Ramiz Əli oğlu Qasımov (Dəniz) 1965-ci ildə Bakı şəhərində anadan olubdur. 1983-cü ilsə Nizami rayonun 62 saylı orta məktəbini bitirmiş, 1984-1986-cı illərdə Stavropol diyarında SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1993-1996-cı illərdə Qarabağda gedən Vətən müharibəsində iştirak edibdir. 1988-ci ildən ARDNŞ-ın “Azərneftyağ” NEZ-də işləyir.

Ədəbi və elmi yaradıcılığa 1981-ci ildən başlayıbdır və 10 kitabın müəllifidir. Dövrü mətbuatda ədəbiyyat, elm, publisistika ilə bağlı yazılarla çıxış edən, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İdarə heyətinin üzvü Ramiz Dəniz 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub, 2009-cu ildə ədəbiyyat üzrə Pzezident təqaüdünə layiq görülübdür.

 Ədəbi yazılarla birgə erkən və orta əsrlər coğrafi kəşflər tarixinin tədqiqi ilə məşğuldur.

Əsərlərin annotasiyaları

 Azərbaycan ədəbiyyatına novator əsərlər kimi daxil olmuş, tarixi-coğrafi macəra janrındakı trilogiya;

1)    I cild – “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” tarixi-bədii romanı – 760 səhifə.

Əsərdə köstərilir ki, hər hansı bir xalq öz müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ayağa qalxanda, yadelli işğalçılara qarşı kəskin mübarizə aparmalı, onlarla sərt və amansız olmalı, mübarizə vaxtı azadlığı və müstəqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün tutmalıdırlar. İspanların əsarəti altına düşmüş Amerika qitəsində yaşayan başqa hindu tafalarının aqibəti göz qabağında idi. Əsarət altına düşənlər kölə vəziyyətinə düşmüş və birdəfəlik azadlıqdan, dövlət müstəqilliyindən məhrum olunmuşdular. Araukanlar isə başqa tayfalar kimi qul olmaq və yadelli işğalçılardan asılı olmaq istəmir, ölümün üzünə dik baxaraq silaha sarılmış və əsrlər boyu (300 il) uzanan amansız və dəhşətli mübarizəyə qalxırlar.

Cənubi Çilinin kəşfində və mənimsəməsində böyük rol oynamış, tanınmış ispan konkistadoru Pedro Valdiviya bir neçə il araukanlara qarşı müharibə aparmış, 1553-cü ilin dekabrında onlara əsir düşmüş və edam edilmişdi. Azadlığı hər şeydən üstün tutan araukanlar ispanlarla heç bir kompromissə getmirdilər.

Araukanların düşmənə qarşı mübarizəsi yenilməzlik, məğlubedilməzlik və cəsurluq simvoluna çevrilmişdir. Onların bəziləri Çilidə yaranmış ictimai quruluşun, siyasi vəziyyətin, mövcud qayda-qanunun fərdi mübarizə nəticəsində dəyişdirilə biləcəyinə o qədər də inanmırdılar, amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib gəlməsələr də, bu məqsəd uğrunda vuruşur, həlak olur, azadlığı heç olmazsa ölümdə görürdülər.

Əsərdə Fernan Magellanın ekspedisiyası və həmin ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə olan yürüşləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, haqqında, Roma papası İspaniya ilə Portuqaliya) arasında dünyanı necə bölüşdürür, Araukaniya ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepanto dəniz döyüşləri, Kanar və Madeyra adaları haqqında maraqlı məlumatlar humanitar fakultələrdə təhsil alan tələbələrin marağına səbəb olacaq. Xüsusən də Xristofor Kolumbun kəşfləri haqqında əsl həqiqət və fərziyyələr nəinki adi oxucuları, hətta coğrafiya elmi ilə dərindən maraqlanan bütün adamları özünə cəlb edəcək. Amerikanın kəşfinə dair bəzi təkziblər və nüanslar məhz bu kitabda verilir.

         Bütün qəhrəmanların – istər sərkərdə, istər konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür. Əsərin qəhrəmanı Migel Kartahena səyyahlar nəslindən olsa belə coğrafi kəşfləri genişləndirmək üçün müəyyən səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini qorumaq üçün ispan qanunlarını kobud surətdə tapdalayan yerli hinduları cəzalandırmaqdan ötrü Yeni Dünya sahillərinə ağır müharibəyə yollanır.

2)    II cild – “Müqəddəs missiya” tarixi-bədii romanı – 378 səhifə.

Birinci cilddən məlumdur ki, Mərkəzi Çili sahillərinə yollanan ekspedisiya iştirakçıları aborigenlərlə gedən müharibədə məğlubiyyətə uğrayırlar. Ekspedisiyanın bəzi üzvləri döyüşlərdə həlak olur, bir çoxları isə araukan hindularına əsir düşürlər. Müharibənin ikinci mərhələsinə başlamamışdan əvvəl növbəti ekspedisiyanın rəhbərliyi qərara alır ki, ilk növbədə əsir düşmüş silahdaşlarını əsirlikdən azad etsinlər. Bu müqəddəs missiyanı yerinə yetirməkdən ötrü 16 nəfərdən ibarət olan təcrübəli, bacarıqlı və peşəkar döyüşçülərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunur və həmin dəstə fərdi üsulda düşmənə qarşı sarsıdıcı zərbələr endirərək həmin missiyanın öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Bununla da, Araukaniyada gedən müharibənin ikinci mərhələsi başlanır.

3)    III cild – “Cənnətə gedənlər cəhənnəmə düşürlər” tarixi-bədii romanı – 350 səhifə.

Bu əsərdə Araukaniyada gedən müharibənin son fazası əks olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə qarşı bir-birinin ardınca sarsıdıcı zərbələr endirir. Ölkənin demək olar ki, 90%-i ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada təsərrüfat işləri görmək və inzibati orqanlar yaratmaqdan ötrü, Perudan yeni-yeni qüvvələr gətirdilməyə başladı. Cürbəcür təbəqəni əhatə edən kolondatorlar Araukaniyanı işğal edilmiş öz torpaqları hesab edirlər. Lakin aylar və illər keçdikcə burdakı əhalinin döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən ispanlar cənnətə yox, cəhhənəmə düşdüklərini dərk edirlər. Qraf Ferdinand Morelosun səriştəsizliyi ucbatından yüzlərlə əsgərin qanı bahasına əldə edilən qələbə ispanların əlindən çıxır. Gözlənilməz anda üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz ölkələrini işğalçılarından azad edə bilirlər.

4)    Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” – 294 səhifə.

510 il bundan əvvəl Xristofor Kolumb tərəfindən Amerika qitəsi kəşf edilsə də, çox hallarda hələ də həmin kəşfin bir çox qaranlıq tərəfi dünya ictimaiyyətini dərin düşüncələrə qərq edir. Saysız-hesabsız elmi əsərlərdə bildirilir ki, X.Kolumb kəşf elədiyi torpaqları Şərqi Asiyanın ərazisi ilə səhv salıbdır. Mən bu əsərimdə sübut etməyə çalışmışam ki, Genuyadan olan məşhur dəniz səyyahı Atlantik okeanının qərb hissəsinə yola düşməmişdən əvvəl, İspaniyada olarkən, görkəmli Azərbaycan alimi kimi Nəsirəddin Tusinin məlum olmayan iri bir torpaq ərazisi yerləşir. Bəli, bəli, X.Kolumb özünün transatlantik səyahətinə yola düşməmişdən 220 il əvvəl, dünya ensiklopedisiyasına özünəməxsus şərəfli yer tutmuş N.Tusi Marağa rsədxanasında tərtib etdiyi xəritədə, Amerika qitəsinin konturunu coğrafi koordinatları ilə göstərmişdir. Bu dünyada ən fenomenal kəşflərdən biri sayılır və X.Kolumb praktik olaraq həmin kəşfi həyata keçirmişdir.

5)    Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” – 364 səhifə.

Tarixdə öz əməli və elmi-bədii irsi ilə dərin iz buraxmış görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi barəsində yazmaq həm məsuliyyətli, həm də şərəfli işdir. Tanınmış fenomenal alimlərlə yanaşı dünya ensiklopediyasının qızıl səhifələrindən biridir. Onu yalnız Şərqin Elmlər Akademiyasının tacında parlayan ən iri qiymətli qaşa bənzətmək olar. Ona görə ki, Nəsirəddin Tusi riyaziyyata, həndəsəyə, astronomiyaya, coğrafiyaya, etikaya dair şah əsərlər yazaraq, bir çox unikal kəşflərin və ixtiraların banisi kimi Azərbaycanın adını Dünya elminin ən yüksək zirvəsinə qaldırmışdır. Alimin əsaslandırılmış qənaətinə görə, Amerika qitəsinin kəşfi bir neçə yüz il tez baş vermişdir. Təəssüflər olsun ki, bu həqiqətlə əksər xalqlar tanış deyil. Bu əsəri yazmaqla mən Tusinin dünya miqyasında necə bənzərsiz alim olduğunu oxuculara çatdırmaq istəyirəm.

Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək. İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər Akademiyasının məcmuisini özündə cəmləşdirən N.Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Nəsirəddin Tusi nəinki Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.

6)    Dram əsəri – “Fitva” romanı – 288 səhifə.

Əsərdəki hadisələr, əsasən iki fərqli təbəqədə böyüyüb başa çatmış aşiqlərin arasında cərəyan edir. Mühəndis ailəsində tərbiyə alan Süleyman, var-dövlətlə zəngin olan məmur ailəsində böyüyən Sevdanı sidqi ürəkdən sevməsinə və bunun əvəzində sevgilisinin məhəbbətini qazanmasına baxmayaraq, bir çox insanların, xüsusən də dostların xəyanətkar müdaxiləsindən sonra onların arasına nifaq salınır. Məhz araya salınan nifaqa görə Sevda öz məhəbbətindən imtina etməli olur və atasının təkidi ilə kobud, zalım, ambisioz bir insana ərə gedir. Məqsəd üzərində qurulan ailə davamlı olmur, nəticədə ürəyini Süleymana bağlayır. Sevadnın qardaşı Anarın fitvası ilə ağlını itirmiş Zaur odlu və soyuq silahla bir neçə günahsız insanı amansızcasına qətlə yetirir. Təəssüflə qeyd etmək lazımdır ki, belə bir faciələri taleyin hökmü ilə zəmanənin özü doğurur.

7)    Publisistik əsər – “Qəlblərdən yaşayan Mir Cəlal” – 164 səhifə.

Mir Cəlal yaradıcı insan olduğundan təbiətin, insan varlığının sirlərini açmağa can atmışdır. Məhz bütün bu sirlərə yiyələnmək üçün Allah ona qeyri-adi ağlı və zakanı əta etmişdir. O, sözün əsl mənasında əsl insan, dahi şəxsiyyət olmuşdur. Əsl insan isə bu dünyada olan mövcudatın ən şərəflisidir. Mir Cəlal filosoflara, kamil insanlara xas olan qabiliyyətinə – malik idi. O, böyük, müdrik, özü bir aləm olduğundan bir çox hikmət sirlərinə yiyələnmişdir.

Bu kitabda adları hallanan tanınmış şəxsiyyətlər milyardlarla insanın arasında zərrəcik kimi görünsələr də, onların hər biri təmsil etdikləri xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini inkişaf etdirməkdə bütün səy və bacarıqlarını səfərbər edərək, bununla da ölkənin tarixini ən yüksək müstəvidə yaşadırlar.

Azərbaycanın görkəmli ədibi, pedaqoqu, ictimai xadimi professor Mir Cəlal nəsr sahəsində barokko üslubundakı naxışları və göydəki ulduzları xatırladan ölməz əsərlər yaratmış, pedaqoji fəaliyyəti dövründə elə tələbələr yetişdirmişdi ki, onlar çağdaş dövrdə Elmlər Akademiyasında və elmin müxtəlif sahələrində əvəzsiz xidmət göstərirlər. XX əsr Azərbaycan ədəbiyyatının gözəl nümayəndələrindən biri olan Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən bu kitab ictimaiyyətin bütün nümayəndələri üçün maraqlı olacaq. 

8)      Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Braziliyanın müəmmalı kəşfi” – 160 səhifə.

“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedro Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf eilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin ərazyə P.Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə D.Pireyranın səyahətinin nəticəsi mühüm rol oynamışdır.

Bir sözlə, qeyd etmək istəyirəm ki, adı çəkilən hər üç elmi əsər əldə olunan faktlara və fərziyyələrə görə, coğrafi kəşflər tarixi sahəsində çalışan hər bir mütəxəssis üçün lazımi mənbə ola bilər və bu kəşflərlə bağlı elmi ocaqlardan reaksiya verilməsinin gözlənilməsi labüddür. Geniş oxucu kütləsinin həmin əsərlərə olan tələbatına şübhə etməmək olar. Lakin bunun üçün həmin əsərlər rus, ingilis və digər dillərə tərcümə olunmalıdır.

9)    Mənəviyyatla bağlı trilogiya, I cild – “Qismət” romanı – 280 səhifə.

Əsərdə cərəyan edən hadisələr cəmiyyətdə baş verən müəyyən prosesləri özündə əks etdirir. Bir çox ailələrdə, xüsusən də, təlim-tərbiyəyə önəm verilməyən ailələrdə Avropaya inteqrasiya adı altında adət və ənələrdən uzaqlaşma baş verir. Sırtıqlıq, abırsızlıq, həyasızlıq, əxlaq və mədəniyyətə üstün gəlir. Bu, problem başağrısına çevrildiyindən ziyalılar, alimlər, alicənab insanlar, təfəkkür sahibləri həyəcan təbili çalmağa başlayırlar. Burada əxlaq, mənəviyyat uğrunda mübarizə aparan bir müxbir; mənəviyyatı maddiyyatdan üstün tutan rəssam qız, halbuki füsunkar gözəlliyi ilə özünü hər hansı bir sponsora qurban verərək varidat toplamağa imkanı var; pula, zəngin həyata hərisli olan, həya-abırını itirərək bədənini alver mənbəyinə çevirən naşı müğənni; həmin müğənninin sponsoru olan və onunla eşq-macəra həyatı sürən vergidən yayınan, asan gəlir mənbəyi əldə edən yaşlı biznesmen; müğənninin havadarından əldə etdiyi pulları hiylə yolları ilə mənimsəyən, onunla yüngül həyat tərzi keçirən alfons oğlan; əxlaq və tərbiyəyə zidd olan bütün naqis hərəkətlərə sinə gərən ziyalı ailələrin fəaliyyəti maraqlı səhnələrin yaranmasına rəvac verir. Oxucunu diqqət mərkəzində saxlayan o haldır ki, həm müxbirin ailəsi, həm onlarla yaxın olan ziyalı ailəsi, həm də məşuqəsi olan müğənniyə bağ evi alan və vaxtının müəyyən hissəsini onunla bir yerdə keçirən həmin yaşlı biznesmen bir-biriləri ilə yola getməyən bağ qonşularıdırlar.

Bütün bu təzadlar fonunda iki gəncin qeyri-adi məhəbbəti önə çəkilir. İş ondadır ki, yaxın rəfiqələr bir-biriləri ilə qohum olmaq istəyirlər. Lakin bu yerdə anlaşılmamazlıq ucbatından əsl sərgüzəştlər baş verir… 

10)    II cild – “Aqibət” romanı – 276 səhifə.

Dünyaya olan baxışları və aldıqları tərbiyə ilə bir-birindən fərqlənən insanların qonşu kimi yaşaması, istər-istəməz onların arasında böyük ədavətin yaranmasına gətirib çıxarır. Yeni qonşu olan müğənni Zemfira neft sənayesində uzun müddət işləmiş Arif adlı ziyalının və Elmlər Akademiyasının elmi işçisi Xədicənin ailəsi ilə yola getmir və özünün tərbiyəsiz hərəkətlərilə həmin qonşularda ikrah hissi yaradırdı. Bundan əlavə bəlli olur ki, həmin qondarma müğənni əsl havadarını aldadaraq, ona aldığı evdə, tamamilə başqa bir oğlanla görüşüb xəyanət edir. 

Yüngül həyat tərzi keçirən Zemfira adlı naşı müğənnini qəzet səhifələrində ifşa edən Əliyusif adlı müxbir həmin müğənni və onun havadarları tərəfindən kəskin təzyiqllərə məruz qalır. Lakin bütün bu təzyiqlərə baxmayaraq müxbir televiziya kanallarında istedaddan kənar olan “müğənniləri”, mənəviyyata zidd olan hadisələri, mentalitetə təsir edən bazar qalmaqallarını, kənar mədəniyyəti təbliği ilə məşğul olan verilişləri tənqid atəşinə tutur və paralel olaraq istedadları, sənətkarları, əxlaq kodeksinə riayət edən müğənnilərin fəaliyyətini önə çəkib, onları öz adları ilə saf cəmiyyətə təqdim edir.

Neqativ hallara göz yuman bəzi işbazlar və redaksiya rəhbərləri Əliyusifi sıxışdırmağa başlasalar da o, öz əqidəsindən dönməyərək, mübarizəsini davam etdirir. Ondan sonra Zemfira qonşusunu şərləməyə qərara alır. Bunun üçün o, ilk növbədə Əliyusif ilə xoş münasibət quraraq, prinsipial müxbiri öz tərəfinə çəkməyə çalışır. Alfons havadarı olan Namiqin planına əsasən, Zemfira qonşusunun boynuna oğurluq yıxıb onu tudurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =