Biz məktəbi və Muxtar müəllimi belə xatırlayırıq

Print Friendly, PDF & Email

Hər bir insanın şəxsiyyətinin formalaşmasında onun valideynlərindən heç də az olmayan müəllimlərinin rolu var. Oxuduğumuz Naxçıvan şəhər Ə.Ağayev adına internat məktəbdə bütün müəllimlərimiz xoş xatirələrlə xatırlanır. Amma elələri var ki, onların adları çəkiləndə, üzümüzü xoş bir təbəssüm bürüyür. Belə müəllimlərdən biri Muxtar Kəngərlidir.

            Bizim oxuduğumuz  illərdə Muxtar müəllim məktəbin Baş tərbiyəçisi idi. O həm də rus dili fənnini tədris edirdi.

            Şagirdləri ondan həmişə qayğı görüblər. Hər bir şagirdin üzərində onun xususi nəzarəti, davranışına uyğun pedoqoji yanaşma tərzi var idi. Çox tələbkeş idi. Ciddi rejimi sevirdi.

            Orta məktəb illərindən sonra məktəbimizin müəllimləri ilə tez-tez görüşürdük. Yaxşı yadımızdadır, Muxtar müəllimin təşkilatçılığı ilə internat məktəbin 20 illik yubileyini yüksək səviyyədə qeyd ettik. Yubileydə ölkənin müxtəlif yerlərindən olan məzunlar iştirak edirdilər. Muxtar müəllim onda məktəbin direktoru  vəzifəsində işləyirdi. Onun bütün pedoqoji fəaliyyəti şagirdlərinin təlim və tərbiyyəsinə həsr olunmuşdur. O, sözün əsl mənasında bir təşkilatçı-pedoqoq, qayğıkeş insan idi. Onun biz şagirdlər üstündə çox böyük haqqı var. O, öz tələbələri ilə həmişə fəxr etmişdir. Onun şagirdlərinin ölkənin bütün elm, təhsil, səhiyyə, hüquq-mühafizə orqanlarında, ictimai-siyasi və iqtisadi-mədəni həyatın digər sahələrində çalışdıqlarını fəxrlə deyərdi. Çox yaxşı yaddaşı var idi.

            Bugün Muxtar müəllim aramızdan əbədi olaraq getmişdir. Biz onu həmişə tələbkar bir müəllim, qayğıkeş pedaqoq-tərbiyyəçi kimi xatırlayacağıq. O əsl şəxsiyyət idi, alicənablığı məktəb direktoru kimi şərəfli vəzifəsini, yüksək vəzifəsi isə xeyirxah insanlığını bütövləşdirirdi.

            Muxtar müəllimin özünün vəfatından qısa bir müddət əvvəl sevimli həyat yoldaşı Dilbər xanım dünyasını dəyişmişdi. Uca Allahdan hər ikisinə rəhmət, övladlarına səbr diləyirik.

 Məktəbin 1968-ci il məzunlarından Qoçəli Dünyamalıyev, Məhərrəm Əliyev və  Mirzə Əskərov            

            Muxtar müəllimin yüksək səviyyəli pedoqoq olması haqda onu tanıyan hər kəs və ən əsası,  onun müəllim, baş tərbiyəçi və direktor olduğu  məktəbdə təhsil alanlar saatlarla danışa bilər. Mən isə Muxtar müəllimin ayrı bir özəlliyinin xüsusi qeyd etmək istərdim. Məktəbdə yuxarı sinif şagirdləri arasında Muxtar müəllimə “Çekis”  deyərdilər. Gənclik çağlarında yeniyetmələrin müsbət və mənfi tərəflərə meyil etməsi qaçılmaz idi. Sinifdə şagirdlər arasında qruplaşmalar olurdu. Bir qrup oxumaqla, öyrənməklə fədakarlıq göstərirdi, az bir qrup isə məktəbdə bəzən  lüzumsuz işlərə meyilli olurdular. Söhbət kriminal hadisələrdən getmir. Bu, uzağı axşam düşəndə siqaret çəkmək, gizlincə qapalı rejimdə olan məktəbdən şəhərə, kinoya qaçmaq, divarlara lüzumsuz yazılar yazmaq, hərdən bir “atışıb” “Şahbuz” portveyni içmək idi. Bütün bunların hamısında bizim və dostlarımızın iştirakı olub və hamısında da Muxtar müəllimi həm xəyalımızda, həm də çox vaxt qarşımızda görmüşük. Elə bil bu insan hansı şagirdin harada olduğunu bilirdi. Ondan heç nə yayındırmaq, gizlətmək mümkün deyildi.

             Bu gün mən və onu tanıyan dostlarım bizim təhsilimizlə, tərbiyəmizlə məşğul olan Muxtar müəllimin ruhu qarşısında baş əyir və ona Allahdan rəhmət diləyirik.   

Nizaməddin  Əliyev (1968-ci il məzunu): 

(Bu materialların bir hissəsi “Azad Azərbaycan” qəzetinin 10 oktyabr 2014-cü il tarixli, 143 nömrəli sayında və “Müəllim Sözü” qəzetinin oktyabr 2014-cü il 07 saylarında nəşr olunmuşdur)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.