Təhsil nazirinin əmri yerinə yetirilir…

Print Friendly, PDF & Email

İftixar Tağıyev adına 26 saylı tam orta məktəbində şagirdlərin ifasında “Dərzinin nağılı” tamaşası göstərilib.

Məlum olduğu kimi, ötən ilin sonunda təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlanıb icrası təmin edilsin.

 Əmrdə daha sonra qeyd olunub ki, Azərbaycan və dünya ədəbiyyatından şagirdlərə mütaliəsi tövsiyə olunan yazıçıların əsərlərinin siyahısı hazırlansın, siyahı hər il yenilənsin, məktəb kitabxanaları yeni nəşrlərlə zənginləşdirilsin, dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi təşkil olunsun, şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilsin, şagirdlərin oxuduqları əsərlər əsasında tamaşalar hazırlansın, onların müzakirəsi, eyni zamanda fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələri təşkil edilsin… Təhsil nazirinin sözügedən əmri çərçivəsində fevralın 13-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki İftixar Tağıyev adına 26 saylı tam orta məktəbində şagirdlərin ifasında şairə Gülarə Munisin “Dərzinin nağılı” adlı nağılının tamaşası göstərilib. Məktəbin ibtidai sinif müəllimi Sevda Babayevanın rəhbərliyi ilə 3-cü “ə” sinif şagirdlərinin hazırladığı tamaşada müəllif də iştirak edib. Uğurla nümayiş olunan tamaşa məktəbin pedaqoji kollektivi və valideynlər tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə məktəbin direktoru Natiq Səmədov da iştirak edirdi. İbtidai sinif şagirdlərin qonağı olan şairə G.Munis müəllimə Sevda Babayevanı və kiçik «aktyorlar»ı təqdim etdikləri tamaşa münasibətilə təbrik edib, onlara minnətdarlığını bildirib, uğurlar arzulayıb. Uşaqlarla hər görüşündən yeni nağıllar, şeirlər yarandığını vurğulayan G.Munis onları çox sevdiyini bildirib. Tədbirin sonunda şairə xanım uşaqlara kitab hədiyyə edərək onları sevindirib.

Gulara  Munis, şairə-yazıçı, ”AqRa” EİDİB-in üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.