Şəfiqə Eyvazova Əkrəm Məmmədli haqqında

Print Friendly, PDF & Email

Əlbətdə mənim Əkrəm Məmmədov haqqında
söylədiklərim xoş bir xatirədir, amma faktdır.
Əkrəmi mən 1962-ci ildən tanıyıram. Həmin il biz Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olmuşuq. Hələ biz birinci kursda oxuyarkən, Əkrəm artıq A.Zeynallı adına musiqi məktəbində təhsil alan bütün tələbələrdən fərqlənməyə, seçilməyə başladı. O, öz sənəti, işgüzarlığı, davranışı, hamıya hörmətlə yanaşmağı ilə müəllim və tələbələrin böyük hörmətini qazandı.

          Mənim üçün fəxrdir ki, Əkrəm kimi gözəl bir musiqiçi ilə tələbə yoldaşı olmuşam. Onunla bir yerdə dərs oxumaq, açıq və qapalı konsertlərdə iştirak etmək çox xoş idi. Əkrəmin ifası sürətlə gündən-günə  inkişaf edirdi.

Azərbaycan , Avropa və rus bəstəkarlarının , həcmindən asılı olmayan bütün əsərlərini yüksək zövq ilə, çox böyük həvəslə ifa edirdi. Mən Əkrəmin heç vaxt həvəssiz ifasını göstərməmişəm. Onun bəzən siniflərdə məşğul olarkən belə çox böyük işgüzarlıqla, vicdanla, özünə qarşı yüksək tələbkarlıqla çalışdığının şahidi olurdum. Ümumiyyətlə Əkrəm nəinki Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alan tələbələrdən fərqlənirdi, hətta hələ o dövr Azərbaycanda sayılıb-seçilən tarzənlərlə bir sırada dururdu. Mənim fikrimcə isə  Əkrəm tələbə ikən artıq peşəkar ifaçı idi .Əkrəmin Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Naxçıvana getməsi, bir çox titulları Əkrəmsiz qoydu. Düzdür titullar önəmli deyil, əsas sənətdir. Əkrəm isə o, möhtəşəm sənətin sahibidir. Eyni zamanda Əkrəm çox mədəni, intelektual səviyyəsi yüksək bir musiqiçidir. O, bütün tələbələrə, xüsusən qızlara, müəllimlərə çox hörmətlə yanaşırdı. Mənə isə böyük bacı kimi hörmət və diqqət göstərirdi, baxmayarağ ki, mən ondan bir neçə yaş balaca idim.Hətta bu yaxınlarda biz Muğam mərkəzində görüşdük. Əkrəm həmişəki kimi Arifin, Mehrinin yanında mənə böyük bacım deyə müraciət edirdi.

          Azərbaycan musiqi tarixində Əkrəm kimi kamil-virtioz sənətkarlar nadir hallarda meydana gələ bilir. Hacı Məmmədov, Əhsən Dadaşov kimi dahi sənətkarların ifasını dərindən öyrənən Əkrəm, öz  ifası ilə adını bu möhtəşəm tarzənlərin cərgəsində yazıb.

          Əkrəmin ifası həddindən artıq dərəcədə seçilir. O, ifa etdiyi musiqi nümunəsinin (istər not əsəri olsun, istərsə muğam) xarakterini çox gözəl verir. Rus bəstəkarlarının əsərlərini ifa edərkən dinləyiciyə elə gəlir ki, güya bu əsəri ifa edən rus xalqının nümayəndəsidir. Avropa bəstəkarlarının əsərlərini ifa edərkən isə, sanki bəstəkarın hansı xalqa mənsub olduğunu və həmin xalqın nümayəndəsi kimi cıxış edir. Azərbaycan bəstəkarlarının əsərlərini və ya klassik azərbaycan muğamlarını çalarkən isə adama elə gəlir ki, bu əsərin və ya muğamın müəllifi Əkrəm özüdür. Bütün bu xüsusiyyətləri nəzərə alaraq A.Zeynallı adına musiqi məktəbində keçirilən konsertlərdə məktəbin bütün tələbələri onun ifasından yüksək zövq alaraq, onu ayaq üstə alqışlayırdılar. Bu da hər ifaçıya nəsib olmayan xüsusiyyətdir.

          Əkrəm çox duyumlu, ali ifaçılıq texnikasına malik, tarın ifa texnologiyasını çox dərindən, gözəl bilən bir ifaçı olmaqla, tamaşaçıda elə təəssürat yaradır ki, sanki tar musiqi alətinin ixtiraçısı da özüdür.

Əlbəttə ki, bütün bu saydıqlarım Əkrəmə nəsib olmuş Allah vergisidir. Sözün mütləq mənasında ilahi istedad sahibi olan Əkrəm qardaşıma Allahın istəyi qədər ömür, möhkəm can sağlığı, ailə sevinci və respublikamızda fəaliyyət göstərən tar ifaçılarının komandanı, generalı rütbəsini Əhsən Dadaşov, Hacı Məmmədov kimi əlində Azərbaycan tarı kimi saxlasın.

Biz, bütün Azəbaycan musiqiçiləri kimi Sənin saf, ülvi, pak sənətinlə fəxr edirik.

Naxçıvanda yaşayıb yaradan ustad tarzən

Əkrəm Məmmədlinin ifasında

Tələbə yoldaşı
“Əkrəmin böyük bacısı” 
 Şəfiqə Eyvazova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.