Mühəndis Vaqif Cəfərov kəşflər ixtiralar… barədə

Print Friendly, PDF & Email

Kəşflər, ixtiralar və səmərəli təkliflər haqqında

1.Giriş

Bu məqalənin hazırlanmasında məqsəd geniş oxucu kütləsinə kəşf , ixtira və səmərələşdirici təkliflər haqqında qısaca da olsa məlumat vermək, onlar haqqında müəyyən təsəvvür yaratmaq və gələcəkdə bu istiqamətdə atılacaq addımlarda gənc oxuculara istiqamət verməkdir.
Qeyd etmək istəyirəm ki, kəşflər və ixtiralar haqqında məlumatları dünyanın müxtəlif ölkələrində yerləşən Elmi mərkəzlər tərəfindən buraxılan bülletenlərdən, müxtəlif mətbuat səhifələrindən və ən nəhayət ən çox oxucu kütləsinə malik olan internətdən əldə etmək olar. Bu məqalədə məqsəd oxucunu bütün kəşflər və ixtiralarla tanış etmək deyil. Məqsəd, oxucunu bu ifadələrlə tanış etmək və onu düzgün istiqamətləndirməkdir.

 2.Ümumi məlumat

İnsanlar ibtidai icma quruluşu dövründən başlayaraq bu günə kimi öz həyat tərzini yaxşılaşdırmaq, ağır iş şəraitini və fiziki fəaliyyətini yüngülləşdirmək, onu əhatə edən aləmi dərindən öyrənmək və ondan səmərəli istifadə etmək, sağlamlığını qorumaq, mədəni inkişafını və elmini yüksəltmək və hətta birinin digərindən güclü olmasını nümayiş etdirmək üçün kəşflər, ixtiralar və səmərəli təkliflər (Kİ və ST) yaratmaq məcburiyyətində olmuşlar.
Göründüyü kimi Kİ və ST-lər yalnız texniki tərəqqinin deyil, insana həyatının bütün maddi və mənəvi dəyərlərinin inkişafında da iştirak edərək öz müsbət təsirini göstərir.
Kİ və ST-lərin hansı xüsusiyyətlərə malik olmasını və biri-birindən nə ilə fərqləndiklərini öyrənmək üçün aşağıdakı araşdırmalara diqqət yetirək.

3.Kəşflər

Kəşf– bu ifadə, bu ad (termin) dünyada yaranan ən böyük xüsusi çəkiyə malik dünyəvi yeni elmi nəaliyyətə görə verilir.
Kəşf -elmi yaradıcılığın nəticəsidir.
Kəşf -əvvəllər elmə məlum olmayan, maddi dünyanın qanunauyğunluqlarını, baş verən amillərini və xüsusiyyətlərini elmi surətdə dərk etməklə əldə edilən yeni nəaliyyətdir.
Dünyanın əksər dövlətlərində kəşflərin müəlliflik hüququ qorunulur. Bu ölkələrdə kəşflər və onların müəllifləri müvafiq dövlət qurumları tərəfindən təsdiq olunaraq mərkəzləşdirilmiş qaydada qeydiyyata alınırlar. Bu sistem, bütün elmi işçilərin, elmi mərkəzlərin , elmi-tədqiqat institutlarının kəşflərlə sərbəst şəkildə tanış olmağa, onlardan elmin müxtəlif istiqamətlərində istifadə olunmasına və elmi biliklərini artıraraq ölkənin alimlərinə yeni kəşflər üçün stimul yaranmasına imkan yaradır.
Yer kürəsində müxtəlif dövlətlərdə əgər bir il ərzində minlərlə ixtiralar edilə bilərsə , kəşflər-on ildə bir dəfə baş verə bilər.
Dünyada son 100 ildə (XX əsrdə) yaranan elmi kəşflər texniki tərəqqinin təəccüb doğurucu dərəcədə sürətli inkişafına imkan vermişdir. Onlar yer kürəsində insanların həyat tərzinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə yanaşı, insanların kütləvi məhv olmasına, qorxu və həyəcan içərisində yaşamasına da təsir etmişdir
Belə ki,1932-ci ildə İren və Frederik Jolio-Küri (ailəsi) tərəfindən radioaktiv maddələrin kəşfi bir tərəfdən kütləvi qırğın silahlarının hazırlanmasına və digər tərəfdən xalq təsərrüfatının, səhiyyənin və digər sahələrin inkişafı üçün yeni texnikanın istehsalına səbəb olmuşdur.
İnsanlar qədim dövrlərdən bəri müxtəlif kəşflər etmiş və bəşəriyyətə həddindən çox gərəkli elmi və texniki yeniliklər gətirmişlər.
Yaxın keçmişdə rus alimi Dimitriy İvanoviç Mendeleyev tərəfindən (1869-cu il) kimyəvi elementlərin dövri cədvəlinin kəşfi kimya və fizika elmlərinin inkişafına əvəzsiz dərəcədə təkan vermişdir.
Hal-hazırda metal əritmə texnologiyalarının tədqiqi ilə dünyanın müxtəlif elmi mərkəzləri məşğul olurlar. Qeyd etmək lazımdır ki, bütünlüklə bu texnologiyalar bizim eradan 1550 il əvvəl Qədim Misirdə kəşf edilmiş metaləritmə texnologiyalarını əvəz edə bilmir.
Bütün bunlar haqqında çox geniş danışmaq və çox saylı misallar göstərmək olar.
Beləliklə, son olaraq qeyd etmək istəyirəm ki, kəşflər ixtiralardan həm əhəmiyyətinə görə, həm də əhatə dairəsinə görə daha geniş və daha qiymətlidirlər.

4.İxtiralar

Əvvəlki fikrimə qayıdaraq bildirmək istəyirəm ki, insanlar daima axtarışda olurlar. Onlar bu və ya digər problemlərini həll etmək üçün müəyyən yeniliklərin yaranmasına-ixtiraların edilməsinə nail olmaq istəyirlər.
İxtiralar insanların maddi və mənəvi həyat tərzinin müsbət inkişafına birbaşa təsir göstərən bir amil olaraq , insanların ehtiyac duyduğu bir maddiyyata çevrilmişdir.
Hər bir ixtira irəli bir addım deməkdir. İxtiralar bəşəriyyətin özəyini təşkil edir.
İxtiralar olmasa tərəqqi olmaz, hətta durğunluq, geriləmə və təsəvvür edilməz fəsadlar baş verə bilər.
İxtiralar heç bir vaxt təsadüfən olmur. İxtira- yüksək elmi biliyə, savada malik insan və ya öz işini, sənətini mükəmməl bilən, professional fəhlə(və ya sənətkar) tərəfindən edilə bilər.
İxtiralar əsasən aşağıdakı şərtlərə cavab verməlidir:
-yenilik kimi təsdiq olunmalıdır;
-heç bir ixtiranı bu və ya digər formada təkrarlamamalı, bənzəri olmamalıdır;
-tətbiqi müəyyən zaman və məkan şərtləri daxilində mümkün olmalıdır;
-tətbiqi iqtisadi cəhətdən səmərəli olmalıdır.
İxtiralara göstərilən bu ümumi şərtlərdən əlavə digər tələblər də qoyula bilər.
Bu tələblər ixtiranın tətbiq sahəsindən, tətbiqdən sonra istismar xüsusiyyətlərindən və digər amillərdən asılı olaraq arta bilər(məsələn:məxfiliyin qorunması, ekoloji, kommersiya və digər tələblər).
İxtiralar ayrı-ayrı şəxslər tərəfindən və ya kollektiv şəkildə edilə bilər.Hər bir ixtira müəlliflik hüququna malikdir. Heç bir hüquqi və fiziki şəxs müəlliflik hüququ olmadan(ona bu hüququ verən xüsusi sənəd olmadan) ixtiranın tətbiq edilməsini həyata keçirə bilməz.
Azərbaycan Respublikasında Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi kəşflərin, ixtiraların və sənaye nümunələrinin rəsmi qeydiyyatını təsdiq edərək müəlliflik hüquqlarının qorunmasini təmin edir.

 5.Səmərələşdirici təkliflər

Səmərələşdirici təkliflər(ST-lər)- adından göründüyü kimi görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edir.
ST-lər kəşflərdən, ixtiralardan fərqli olaraq tətbiqinə (istismarına) görə daha kiçik əhatə dairəsinə malikdirlər.
ST-lərin tətbiq sahəsi əsasən sex, müəssisə(zavod,fabrika), şirkət və ya digər lokal qurum daxilində ola bilər. Bundan başqa ST-lər müxtəlif sənət ustalarının emalatxanalarında da yarana bilər.
ST-lər iş qabiliyyətinə malik olan istənilən bir şəxs tərəfindən verilə və yaradıla bilər.
İş yerlərində və emalatxanalarda yaranan ST-lərin tətbiqinin nəticəsi açağıdakı tələblərə cavab verməlidir:
-işə sərf edilən vaxta qənaəti təmin etməli;
-işə sərf edilən mal və materiala qənaəti təmin etməli;
-enerji(su, qaz, elektrik enrjisi və s.) resurslarına qənaəti təmin etməli;
-məhsulun keyfiyyətinin qaldırılmasını təmin etməli;
-əməyin təhlükəsizliyini təmin etməli;
-əməyin yüngülləşdirilməsini təmin etməli;
-və s.
Bütün bunlarla yanaşı ST-lərin tətbiqinə qoyulan başlıca tələb- müəssisəyə iqtisadi cəhətdən sərfəli olmasıdır.
Müəssisələrdə, zavodlarda, fabriklərdə səmərələşdirici təkliflər müəssisə rəhbərliyi tərəfindən mükafatlandırılır. Mükafatın məbləği ST-nin tətbiqi nəticəsində müəssisə tərəfindən əldə edilmiş gəlirin(mənfəətin) məbləğindən asılı olaraq dəyişilə bilər. 
ST-lərə görə mükafatlandırma qaydaları kollektiv müqavilələrlə və ya müəssisə rəhbərinin müvafiq sərəncamları ilə tənzimlənir.

6.Yekun
Yekunda bildirmək istəyirəm ki, çox geniş şərh etmədən kəşflər, ixtiralar və səmərələşdirici təkliflər haqqında oxucularda müəyyən təsəvvür yaratmaqda məqsəd yalnız gənc mühəndislərimizdə deyil, bütün gənclərdə kəşflərə, ixtiralara və səmərəli təkliflərə olan maraqları artırmaqdır.
Müəllif kimi qeyd etmək istəyirəm ki, bu məqalənin ardınca geniş oxucu kütləsinə dünyada yaradılan son kəşflər, ixtiralar və səmərəli təkliflər haqqında məqalələr təqdim ediləcəkdir. Ən maraqlı ixtiraların təhlili veriləcəkdir.
Bundan başqa, gənc oxucuların texniki biliklərinin artırılmasında yardımçı olaraq, texniki elmlərin müxtəlif istiqamətlərindən misallar, sxemlər və araşdırmalar təqdim ediləcəkdir.
Bu bölmədə verilən bilgilər sənayenin, elm və texnikanın aşağidaki istiqamətlərini əhatə edəcəkdir:
Maşınqayırma, cihazqayırma, elektron və elektrotexniki qurğular, informasiya texnologiyaları və bu istiqamətlərə yaxın hesab edilən digər texniki sahələr.

Cəfərov Vaqif  Məmməd oğlu

 

Cəfərov Vaqif Məmməd oğlu

01.05.1954-cü ildə Balakən şəhərində doğulmuşdur.

1961-1971-ci illərdə Culfa şəhərində yerləşən 38 saylı dəmiryol məktəbində orta təhsil almışdır.

1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya institutunda oxuyub istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.

1976-1983-cü illərdə NORD Elm-istehsalat birliyində mühəndis, aparıcı mühəndis, elmi sektorun rəisi vəzifələrində işləmişdir.

1984-1988-ci illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin maşınqayırma və müdafiə sənayesi şöbələrində böyük referent vəzifələrində işləmişdir.

1988-1993-cü illərdə Bakı Elektron Hesablama maşınları zavodunda baş mühəndis, direktor vəzifələrində işləmişdir.

1993-1994-cü illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində(DXMKK) şöbə rəisi vəzifəsində işləmişdir.

1994-1996-cı illərdə DXMKK-nın Metal –plastik hissələr zavodunda direktor vəzifəsində işləmişdir.

1996-1998-ci illərdə Təmir-tikinti və quraşdırma idarəsində baş mühəndis vəzifəsində işləmişdir.

1998-2006-cı illər ərzində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində elm və texnika şöbəsində rəis müavini, DXMKK-nın “ İskra” zavodunda istehsalat şöbəsinin rəisi, DXMKK-nın EHM zavodinda Xüsusi Konstruktor Bürosunun rəisi vəzifələrində işləmişdir.

2006-cı ildən Müdafiə Sənayesi nazirliyinin EHM zavodunda , 2009-cu ildən Radioquraşdırma zavodundabaş mühəndisin müavini vəzifələrində işləmişdir.

2010-2013-cü illərdə Sumqayıt Texnologiyalar Parkında Elektron cihaz və Termoplastavtomat sahələrinə rəhbərlik etmişdir.

Ailəlidir, iki övladı, 4 nəvəsi var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.