Gəmiqaya abidələri xalqımızın daş yaddaşıdır

Print Friendly, PDF & Email

Gəmiqaya abidələri Naxçıvanın tunc dövrü mədəniyyətinin ayrılmaz hissəsidir.Abidə Ordubad rayonunun Nəsirvaz kəndinin yaxınlığında yerləşir. Qayaüstü təsvirlər başlıca olaraq Qaranquş yaylağında toplansa  da,bu tip təsvirlərə Qapıcıq zirvəsindən başlayaraq Nəbi yurdu və Camışölən yaylağınadək geniş bir ərazidə rast gəlmək mümkündür. Əsasən su qaynaqları ətrafında toplanan qaya təsvirləri qədim insanların təsərrüfatı və mənəvi mədəniyyətini öyrənmək üçün dəyərli mənbədir.Gəmiqaya təsvirlərini stilistik xüsusiyyətinə görə iki böyük qrupa ayırmaq olar. Birinci qrupa simvol-işarə və astral rəsmlər ikinci qrupa isə süjetli təsvirlər daxildir. Birinci qrup təsvirlər arasında astral rəsmlər,xüsüsilə Günəş təsvirləri mühüm yer tutur. İnsanların həyatdakı uğurları təbiətlə,o cümlədən Günəşlə bağlı olduğu üçün istər əkinçi,istər də maldar tayfaların inancında Günəşə sitayiş geniş yer tutmuşdur.Gəmiqayada Günəşi simvolizə edən təsvirlərin çoxluğu da bu inanclarla bağlı olmuşdur.

    Gəmiqaya təsvirləri arasında Veneranı simvolizə edən rəsmlər xüsusilə diqqətəlayiqdir.Başlıca olaraq qoşa dairə şəklində verilən Venera ekizlər kultu ilə bağlı olmuşdur.Ekizliklə bağlı tapıntılara digər arxeoloji abidələrin tədqiqi zamanı da rast gəlinmişdir.Onlar qoşa spiral şəklində hazırlanmış asmalar,qoşa disklər və qoşa heyvan fiqurları ilə təmsil olunmuşdur.Mingəçevirdən aşkar olunmuş qoşa disklərdən birinin ortasında insan təsvirinin olması,onların insanların mifik təfəkkürü ilə bağlı olduğunu deməyə imkan verir.

    İkinci qrup rəsmlər insan,heyvan və astral təsvirlərin müxtəlif  komposizyasından  ibarətdir.Bu qrupa daxil olan rəsmlər, başlıca olaraq qədim insanların mifik məzmununu təşkil edən başlıca ideya məhsuldarlığının təmin olunmasıdır. İnsanların yaşayışı üçün həyati əhəmiyyətə malik olan bu ideya təbii stixiyaların-quraqlığın,  kütləvi    məhv olmanın qarşısının alınması,ovun uğurluluğunun təmin olunması,bu məqsədlə gərəksiz ovun yasaq edilməsi ilə bağlı inancları əks etdirən rəsmlərdə ifadə olunmuşdur.Bu rəsmlərdə animizm,maqiya və totomizmlə bağlı ibtidai insanların qalıqları izlənməkdədir.Rəsmlərdə əks olunan ikinci başlıca ideya əks başlanğıcların mübarizəsidir.Bu ideya yırtıcı heyvanların dırnaqlı heyvanları  parçalaması səhnələrinin təsvirində aydın şəkildə göstərilmişdir .

    Gəmiqaya təsvirlərində obrazlı şəkildə ifadə olunan Göy inancı,Göy cisimlərinə sitayiş, dağ kultu, Göy aləminin nizamlayıcı başlanğıc funksiyasını yerinə yetirməsi,bu dünya və o biri dünya anlayışlarının binar oppozisiya şəklində verilməsi oguz-türk xalqlarının mifologiyasında izlənmişdir.Bu düşüncə tərzi indiyədək Azərbaycan xalqının sənət əsərlərində,folklorunda və etnoqrafik materiallarda yaşamaqda davam edir.Azərbaycan ərazisində yaşayan qədim tayfaların mifoloji görüşlərinin formalaşmasına qədim Şərq mədəniyyətinin, xüsüsilə Şumer mədəniyyətinin müəyyən təsiri olmuşdur.Bu təsir digər arxeoloji abidələrdə olduğu kimi Gəmiqaya təsvirlərində də ifadə olunmuşdur.

    Naxçıvan arxeoloji abidələrinin tədqiqi bu formalaşan mədəniyyətlərin Ön Asiya mədəniyyətləri ilə qarşılıqlı əlaqədə inkişaf etdiyini və qonşu ölkələrə də təsir etdiyini göstərir.Bəzi araşdırıcılar Maykop mədəniyyətində Misir mədəniyyətinin təsirini ortaya çıxarmağa,bu mədəniyyətin Balkanlar üzərindən Şimali Qafqaza gəlməsini sübüt etməyə çalışsa da,Ön Asiya mədəniyyətinin Qafqaz üzərindən Şimala doğru yayıldığı çoxsaylı arxeoloji tapıntılarla sübüt olunur.Gəmiqaya təsvirlərinin araşdırılması  bir daha sübüt edir ki,Azərbaycan ərazisi qədim Şərq mədəniyyətinin şimala doğru ötürülməsində bir körpü olmuşdur .

    Təsvirlər e.ə. dördüncü –birinci minilliklərdə Naxçıvanda məskən salan insanların ideoloji görüşlərini,onların həyat tərzini öyrənmək üçün olduqca əhəmiyyətlidir.Qaya təsvirlərinin ətrafında e.ə. dördüncü-birinci minilliklərə və  orta əsrlərə aid qəbiristanlıqlar var.Qaya təsvirlərinin müqayisəli araşdırılması onların ən qədim nümunələrinin ilk Tunc dövrünə aid olduğunu göstərir.Lakin burada daha qədim rəsmlərin olma ehtimalı da irəli sürülmüşdür.

    Gəmiqaya  Kiçik Qafqaz dağlarının ən hündür zirvəsində ucalıq,böyüklük adıdır.Bu yerlər öz möhtəşəmliyi ilə insanı özünə cəlb etdiyi üçün ən qədim zamanlardan ibtidai insanlar bu zirvəni fəth etmək haqqında düşünmüş və çox zaman buna nail olmuşlar.Bura insanlarin təkcə otlaq sahəsi deyil,həm də ibadət zirvəsi idi.İnsanlar bu zirvəyə qalxdıqca Tanrıya yaxınlıq hiss etmiş və daha rahat olmuşlar.Qapıcıq zirvəsində hündürlük 3906,ondan aşağıda,Gəmiqayası adlanan yerdə isə 3200-3500 metrdir. Bu yerdə bir-birini tamamlayan zirvələr çoxdur.-Qazangöl dağ 3829 m,Nefitli dağ 3375 m,Dəmirli dağ 3368 m,Yaglıdərə dağı 3825 m və.s.

    Gəmiqaya ulu babalarımızın əsrlər boyu yaylağı olmuşdur.Burada-dağın zirvəsində qədim oguz-türk elləri və adları ilə bağlı iki təbii göl vardır. Onlardan biri Göygöl,digəri isə Qazangölüdür.Göygöl dəniz səviyyəsindən 3065 m,Qazangöl isə 3150 m hündürlükdə yerləşir. Göygöldən öz mənbəyini alan Saqqarsu çayı Naxçıvan Muxtar Respublikası ərazisinə,Qazangöldən başlayan Gərd çayı isə Zəngəzur tərəfə axır.Göy göl təkcə onun rənginə verilən ad deyil.Bu adda olan göllərin hamısı dağlıq  zonalarda yerləşir(Göygöl-Gəncədə,Göyçə göl-yəni göy rəngə çalan-Qərbi Azərbaycanda və.s.).Qazangöl isə təbii ki,Kitabi Dədə Qorqudda rast gəldiyimiz,igidlik,mərdlik simvolu olan Qazan xanın adı ilə bağlıdır ki,bunun da tarixi eramızdan çox-çox əvəllərə aiddir.

    Gəmiqayanın dörd tərəfindəki oba,yaylaq,çay,çeşmə,bulaq və dərə-təpələr qədim oguz-azər-türk soylarının adı ilə bağlıdır.Bu kiçik ərazidə qeydə aldığımız yüzdən artıq toponim Naxçıvan tərəfdə,yetmişə yaxını isə Zəngəzur tərəfdə yerləşir.Ata-baba torpağı,əhalisi əsasən azərbaycanlılardan ibarət olan Zəngəzur mahalı rus imperiyasının təkidi ilə 1dekabr 1920-ci ildə Ermənistan Respublikasına hədiyyə edilmişdir.

    Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin bir kəlamına diqqət yetirək:”Bu,bildiyimiz kimi,həm təbiətin böyük bir abidəsidir,eyni zamanda,insan yaradıcılığının abidəsidir.Bu abidə Azərbaycanındır.Azərbaycanın tarixini əks etdirən abidədir…”Doğrudan da Gəmiqaya öz sirlərini tədqiqatçılara açdıqca,onun başdan-başa Azərbaycan oguz  türkünün qədim abidəsi olması inkaredilməz olur.

    Məlumdur ki,hər hansı bir ərazinin toponimlərinin öyrənilməsi,həmin yerin tarixinin,coğrafiyasının və etnoqrafiyasının tədqiqi ilə sıx bağlıdır.Bu toponimlərdə ən qədim zamanlardan həmin ərazidə yaşamış xalqların  dilinə məxsus yer adları,onun yayılma arealı, xalqın təşəkkülündə iştirak etmiş qədim tayfaların siyasi və etnik sərhədlərinin müəyyənləşdirilməsi qalmışdır.Bu baxımdan Gəmiqaya və onun ətraf ərazilərində olan toponimlər əsasən Azərbaycan-oguz-türk mənşəli adlardan ibarətdir. Gəmiqaya ətrafından bu zirvəyə uzanan yolların keçdiyi ərazilər maraqlıdır. Biz  buraya həm də Zəngəzur mahalının (indiki Qafan rayonunun) Gıgı dərəsindən uzanan köç yollarını da daxil etmişik.Yol boyu bütün biçənəklər,çaylar,bulaqlar,yollar,qaya adları və.s.olduğu kimi göstərilib.  Bu yollardan biri Nəsrivaz kəndindən Gəmiqayanın yaylağına doğru uzanır.Bu yol göstərilən ərazilərdən keçir-Nəsirvaz, Zərnabad çayı,Bədəl demişi (sahəsi),Şamlar,Narzan bulağı,Şorlar ( qırmızı sulu yer),Göllər,Kəngərli düzü,Dik yurd,Qaranquş yaylağı.Burada göstərilən iki toponim üzərində dayanmaq istəyirəm.Onlardan birincisi Kəngərli düzüdür.Məlum olduğu kimi,Kəngərli tayfasının adına şumer mənbələrində”Kinqir”şəklində rast gəlinir.Bu qədim,igid və döyüşkən oguz-türk tayfası Azərbaycanın ən qədim sakinlərindəndir.Qaranquş yaylağının da adı həmçinin qədim şumer-“Bilqamıs”dastanı və Nuh əfsanəsi ilə bağlı olub,çox qədim tarixə malikdir.

    Göstərilən yollardan ikincisi  də Nəsirvaz kəndindən başlayır və göstərilən ərazilərdən keçərək,Qapıcıq kəndində başa çatır:-Çeşmə başı,Daş başı,Şırlan çayı,Qəzər yurdu,Qazan köç,Camışölən,Nəbi yurdu,Dava daşı,Novruz güneyi,Qaranquş yaylağı,Qız-gəlin çuxuru,Qapıcıq keçidi.Bu yolun bir ucu sərhədin o tərəfində  olan bizim torpaqlarda-Siskapar,Çanqıllı,Haça daşda başa çatır.Bu yolda yerləşən Nəbi yurdu Nuh-Nəbi(peyğəmbər)anlamındadır.

    Nəsirvazdan şimala,Göygölədək uzanan üçüncü yol:-Gülüm-gülüm dağı,Ələngəz,Eşşək meydanı,Qəhraman çuxuru,Təvəkkəl,Gözcük(bu adda göl də var.Ola bilsin ki,bu”Gölcükdür”,yəni kiçik göl),Qartal oturan,Gölün daş və Göy-göllə başa çatır.Ələngəz -Əlincə qalasının adında öz əksini tapır.Hər iki ad bir kökdə olub,bir məna daşıyır.

    Nəsirvazdan Qazangölə uzanan dördüncü yoldakı yer adları bunlardır:Şır-şır (bulaq),Pez yurdu,Dəhnə dərə,Sarı daş, Qara qaya,Qazan gölün daş,Qazangöl.Burada,göründüyü kimi Qazanla başlayan bir neçə ada rast gəlinir.

    Yuxarıda göstərilən və birinci yolda yerləşən Şorlardan digər bir yol ayrılaraq zirvədəki hərbi xidmət postuna gedir.Həmin yoldakı toponimlər isə bunlardır:Şorlar,Novlar,Ağalar yurdu,Babacıq,Aşağı baca,Yuxarı baca,Topallı,Nefitli.

    Göllər adlanan ərazidən Gəmiqayaya gedən yol isə Göllər,Şorlar(bu ikinci Şorlardır),Hasarlar və Çürüklüdən keçərək,Gəmiqayada tamamlanır. Göy-gölə uzanan başqa bir yol Tirbələr,Meşə,Murad ağıllı,Çuxur çimən Soltanalı,Çaqqallar yurdu,Gen yurd,Xan bulağı,Göy-göl,Sil gəz(burada artıq sərhəd başlayır)ərazilərindən keçir.

    Qədim köç yollarından biri də Qahab və Nəhacir kəndlərindən Gəmiqayaya və ətraf ərazilərə doğru uzanır:Qahab Qotur Dizə,Sürəməlik,Kəlbə Rza,Davılı yer,Bağırsaqdərə,Nəhəcir,İydəli ağıl,Qızıl ağıl,Atuçan,Təpələrarası(burada beş təpə var),Tap(dağların üstü belə adlanır),Sarı dərə,Aralıq,Qazançı və Ərəfsə kəndləri.Buradan da zirvəyə saqqar su(ağ köpüklü olduğuna görə belə adlanır),Qanlı zəmi,Seyid yurdu,Təndirli,Çimənlər,Əyriçay,Əhməd xan boğulan,Qaraçı yurdu,Şah bulağı,Çadır daş,Qaranlıq dərə,Sarı dərə,Boğazyurd və Nefitlidən keçməklə çatmaq olar.

    Qaranquş yaylağında yeddi çeşmə,Dəli bulaq və ona yaxın yerdə Arxacın bulağı vardır.

    Yuxarıda göstərilən toponimlər və qədim köç yolları ancaq Naxçıvan Muxtar Respublikası ərazisindən,Qapıcıq zirvəsinin cənub-qərb ətəklərindən yüksəkliyə uzanan yollardır.Zirvənin şərq və şimal-şərq tərəflərindən –Zəngəzur mahalından Gəmiqayaya gələn köç yolları üzərində yerləşən yer adları ulu tariximizin yadigarlarıdır.Həmin torpaqların ermənilərə verilməsindən 85 il keçməsinə baxmayaraq,o yerlərdə gəzən və yaşayan insanlardan sıramızda olanlar var. Həmin yurd və el-oba adları onların yaddaşında yaşayır. 19-cu ildə,1-2 həftə ərzində azərbaycanlılar öz dədə-baba yurdlarından-Zəngəzurdan departasiya olunmuşlar.

    Bu yerlərin tarixinə qısa nəzər salsaq görərik ki, Qafan rayonunun ərazisi 1829-cu ildən Qarabağ qəzasının,1861-ci ildən isə Elizavetpol(Gəncə) quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.XX əsrin əvvəllərində Qafanda 118 azərbaycanlı,22 erməni kəndi olub.1918-1919-cu illərdə daşnak Andranikin dəstəsi Zəngəzurda 115 kəndi dağıtmış, 3 mindən artıq kişini,2 mindən artıq qadını,2 mindən artıq uşağı öldürmüş,təxminən bir o qədərini də şikəst etmişdir. 1920-ci ildə də ermənilər tərəfindən dağıntılar davam etdirilmişdir,təkcə yanvar ayının 19-dan 25-dək Zəngəzur qəzasında 51 kənd yandırılmışdır.

    Zəngəzur mahalının Gığı dərəsi Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olub,Gəmi qayası,Keçi qayası,Eşşək meydanı,Qazangöl dağları,Sarıdərə dağları,Gəzbel,Kirs dağları,Əriməz dağı ilə bu ərazidən ayrılır.

    Zəngəzurdan Gəmiqaya istiqamətində uzanan Gığı dərəsinin qədim yurd adları bunlardır:Novruz yurdu,Çola,Qanqallı,Qırxlar,Gillə dərə,Qaraçınqıl,Əriməz,Böyük Qüzey,Piralata,Mistapılan,Cıdalı,Qaraarxac,Sarı dərə,Aranyurd,Çəmən yurd,Qara qaya,Qazmaca,Dəf,Xangəlli,Lalalı,Harami,Haça qaya,Çay arası,Hacı Misirxan yaylası,Yiyəli qaya,Ocaq yurd,Sarı yurd,Eşşək meydan,Güney yurd,Sarımsaqlı,Əbə dərə,Ağ məsçid,Kiçik Əbədərə, Kəkilli,Kürddüşən, Çayarası,Şirinbaldırqanlıq, Qırxbulaq,Soyuqbulaq, Çobanöldürən, Əlibəyyurdu,Seyiddüşən, Məcidli,Dəvəboynu,Dibəkli,Siçanlı,Bələk,Gicitkanlı,Qəyməş,Çiçəkli,Qatar yaylağı,Dədə yurd,Ağ yurd,Şəhərcik yaylağı,Şippirli,Yeməzli yurdu,Qarağatlı,Girəzəvür,Ərvan oylağı,Qarakab.  Göründüyü kimi,bu yerlərdə ən qədim Azərbaycan-oguz-türk mənşəli yer  adlarından  tutmuş (kəngər,qazan və. s )İslam mənşəli adlaradək(seyid,hacı və.s.)rast gəlinir.Toponimlər bu ərazinin ən qədim zamanlardan Azərbaycan torpağı kimi ulu babalarımızın ideoloji və yaylaq məskəni olduğunu bir daha   sübüt edir.

    Yuxarıda göstərilən “Harami”adı üzərində dayanmaq istəyirəm.Mənbələrdə e.ə.1 minillikdə Urmiya gölü ilə Araz çayı arasında,sonralar isə Gürcüstan ərazisində “hurum”adlı oguz-türk tayfalarının yaşaması  barədə məlumatlar var.”Hurum”lar özünü “ellin”adlandıran və qrek dilində danışan qreklər deyil,oguz-türk dilində danışan yunanlardır.Nuh peyğəmbərin övladı Yasəfin oğlanlarından birinin adı Yavandır ki, bu da müsəlman mənbələrində”Yunan”kimi göstərilir.Bu xalq xristianlığı qəbul edərək,assimilyasiya olmuşdur.İki yüz milyondan artıq olan müsəlman oguz-türklər isə öz saylarını və dövlətçilik ənənələrini qoruyub saxlaya bilmlişlər.Bu isə islamın türk milləti üçün nə qədər önəmli faktor olduğunu göstərir.Haqqında danışdığımız oguz-türk yunanlar Stalin dövründə başqa türk xalqları kimi Orta Asiyaya sürgün edilmişlər.Fikrimizcə,Harami yer adı”hurum”larla bağlıdır.

    Qədim zamanlardan ibtidai insanların təbiət qüvvələri ilə mübarizəsi nəticəsində müxtəlif miflər,əfsanələr meydana çıxmış,dinlər və müxtəlif fəlsəfi cərəyanlar yaranmışdır.Bir çox əfsanələrin real kökləri olsa da,insan təxəyyülü əsrlər boyu onu fantastik bir duruma gətirib çıxarmışdır.Min illərlə insan yaddaşında həkk olunmuş,onun təbiət və ilahi qüvvələr qarşısında nə qədər aciz olduğunu göstərən əfsanələrdən biri də Nuhun tufanı haqqında olan reallıqdır.Elmi ədəbiyyatda bu hadisə ən çox “Ümumdünya subasması”kimi qeyd olunur ki,bu da onun əsasən,Bibiliya variantına istinad edilməsi ilə bağlıdır.

    Ümumdünya subasması haqqında əfsanənin dəhşətli tarixi hadisələrin mifləşdirilməsi nəticəsində yarandığı fikrini irəli sürən alimlər də vardır.Onların fikrincə,Urun III sülalə dövründə yaranan subasma əfsanəsi sonradan Babilistan və Assur ideolojiyasında üstünlük təşkil etmişdir. Bu mifologiyaya görə,subasma Allahın cəzası və düşmən hücümü mifologiyası ilə bağlıdır.”Akkadın lənəti”mixi yazılı mətnində subasma kimi kutilərin (Azərbaycan xalqının soykökündə dayanan tayfa-M)hücumu-axını nəzərdə tutulur.Bu axın da 7 gün,7 gecə davam etmişdir.Urun süqutundan sonra subasma ideologiyasında da dəyişikliklər olmuşdur.

    Nuhun tufanı haqqında əfsanənin ən qədim variantı X1X əsrdə arxeoloq Arno Pöbelin nəşr etdiyi şumer variantıdır.Burada Enki allahı padşah Ziusudranın evinin divarına subasma olacağı haqda xəbər verir.Eyni ilə əfsanənin Babilistan variantında da Ninnihiku-Ea allahı Utnapiştimin daxmasının divarına fəlakət olacağı haqda xəbər verir.Bir çox tədqiqatçılar bu “xəbərvermə”faktını zəif zəlzələ silkələnmələrinin nəticəsi olduğunu qeyd edirlər. Nəhayət ,Tövrat və Qurani-Kərimdə bu fəlakətin Allahın qəzəblənərək insanlara göstərdiyi  cəza olduğu göstərilir.Qeyd edək ki,yuxarıda adı çəkilən variantların hamısında fəlakət təqribən oxşar şəkildə təsvir olunur:güclü cənub küləyi ilə müşaiyət olunan və ardı-arası kəsilmədən 40 gün 40 gecə davam edən leysan yağışları.Buradan belə nəticəyə gəlmək olur ki,əfsanənin qədim Şumer və Babilistan variantlarında,Tövratda və Qurani-Kərimdə çox qədimdə baş vermiş bir təbii fəlakət haqqında məlumat verilir.Haqqında son 200 ildə saysız-hesabsız əsərlər yazılsa da Ümumdünya subasmasının tarixi hələ də tam dəqiqləşdirilməmişdir.

    Geoloq,arxeoloq və tarixçi alimlərin ümumi rəyinə əsasən ən dəhşətli ümumdünya su basması e. ə.XII-IX minilliklər arasında baş vermişdir. Lakin Nuhun adı ilə bağlı olan Ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında 5-6 min il bundan əvvəl olduğu da göstərilir.Bu dəhşətli hadisənin baş verdiyi yerdən çox-çox uzaqlarda da yayıldığını,qədim yazılı mənbələrdən və dini kitablarda da öz əksini tapdığını nəzərə alsaq,onun tarixinin,harada və hansı miqyasda baş verməsini aydınlaşdırmağın mühüm əhəmiyyətə malik olduğunu görərik. Ehtimal ki, bəhs etdiyimiz Ümumdünya subasması bəşər tarixində yazıya alınan axırıncı ən böyük subasma hadisəsi olmuşdur. Ondan sonra baş vermiş subasmalar miqyasca kiçik olmuş və qədim dünyada geniş rezonans doğura bilməmişdir. Yunan tarixçilərinin e.ə.1550-ci ildə baş verdiyini ehtimal etdikləri Prometeyin oğlu Devkalionla bağlı subasma da lokal təbii fəlakətlərdən hesab oluna bilər.

    Nuhun adı ilə bağlı Ümumdünya subasmasının həqiqətən baş verdiyi geoloqlar və arxeoloqlar tərəfindən artıq elmi tədqiqatlarla sübut olunmuşdur. Lakin hadisənin baş verdiyi (Dəclə və Fərat çayları arası) ərazi ilə əfsanənin yayıldığı ərazi arasında miqyasca olduqca böyük fərq vardır ki, bu da obyektiv səbəblərdən qaynaqlanır.

    1929-cu ildə,qədim Ur şəhərinin qazıntısı zamanı ingilis arxeoloqu Leonard Vulli subasmanın 3,5m qalınlığında izlərini aşkar etdikdən sonra Nuhun tufanı haqqında əfsanəyə elmi ictimaiyyətin münasibəti dəyişdi.Lakin L.Vullinin aşkar etdiyi izlər çox qədim mədəni təbəqənin üzərində yerləşdiyindən,təbii olaraq,subasma hadisəsinin də tarixini qədimləşdirdi. Sonradan qədim Şuruppak şəhəri ətrafında və Kiş şəhərinin yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qum qarışıq gil qatı e.ə.üçüncü minilliyin əvvəllərinə aid mədəni təbəqənin üzərində yerləşirdi.Məhz bu tarix Nuhla bağlı subasmanın tarixinə daha çox uyğun gəlirdi.Beləliklə,Nuhun Ümumdünya subasması hadisəsinin e.ə.3100-2900-cu illər arasında baş verdiyi daha çox qəbul olunan tarixdir.

    Bizi ən çox maraqlandıran Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantıdır.Öncə qeyd edək ki,bu variant Avropa alimlərinə hələ də məlum deyil və ona öz tədqiqatlarinda istinad etməmişlər və etmirlər.Buna baxmayaraq inamla deyə bilərik ki, Naxçıvan variantının başqa variantlardan üstün cəhətləri çoxdur.                                                                                                        

    Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantına görə,uzun sürən tufan və yağışlar nəticəsində hər tərəfi sel-su basır.Ancaq hündür dağların zirvəsi görünürmüş. Tufan yatandan sonra Nuhun gəmisi dayanmağa yer axtara-axtara hündür bir dağa yaxınlaşır.Sıldırım qayalar,buz,dayanmağa imkan vermir.Burada çox əzab-əziyyət çəkdiyindən dağın adı həmin vaxtdan “Ağrı dağı”olaraq qalır.Gəmi Ağrı dağından şərqə tərəf üzüb,daha bir dağda dayanmaq istəyir.Lakin çox əziyyət çəksə də,burada da dayana bilmir və deyir ki,”bu dağ o dağdan kəm deyil”.O vaxtdan da dağın adı “Kəmki dağı”adlanır.Oradan Nuhun gəmisi daha hündür dağlara tərəf üzür.Bir yerdə gəminin altı suyun altında qalmış dağın zirvəsinə ilişib dayanır.Oradan cətinliklə çıxdıqdan sonra Nuh deyir:”İnan ki,dağdır”.Deyilənlərə görə həmin dağ İlanlı dağ olub.Hətta deyirlər ki,İlanlı dağın zirvəsini Nuhun gəmisi iki yerə haçalayıb.Ona görə də el arasında İlanlı dağa həm də “Haça dağ”deyirlər.

    Gəmi oradan uzaqlaşıb,hündür dağların ətəyində əlverişli bir yerdə dayanır.Bu zaman suyun səviyyəsi də artıq aşağı düşürmüş.Nuhun gəmisinin dayandığı yer Nəsirvaz kəndinin yaxınlığındakı dağ idi ki,bu dağ o vaxtdan”Gəmiqaya”adlanır.Deyirlər ki, gəminin qalıqları indi də həmin dağda qalır.Gəmiqaya indi elmdə tunc dövrünə aid qayaüstü rəsmləri ilə məşhurdur.

    Gəmi dayandıqdan sonra Nuh peyğəmbər öz uşaqları ilə birlikdə Naxçıvan dağlarının ətəklərində,çay qıraqlarında məskən salıb yaşayırlar.İndiki Naxçıvan əhalisi də o vaxtdan burada məskən salmış Nuhun övladlarıdır.Nuh peyğəmbərin ən çox Naxçıvanın Arazla qovuşduğu yer xoşuna gəlir.Burada qərar tutub yaşayır.Onun qəbri də Naxçıvandadır.(Nuh daban”adlanan yerdə).

    Nəsirvaz kəndinin adındakı “Nəsir”sözünün əfsanəsinin Şumer variantındakı “Nisir”dağının adı ilə oxşarlığı da maraq doğurur.

    Əfsanədən göründüyü kimi Naxçıvanda və onun yaxın ərazidə dörd böyük dağın adı Nuh peyğəmbərin adı ilə əlaqələndirilir.Bəzi alimlər Nuhun tufanı haqqında əfsanənin müsəlman xalqlar arasında yayılmasının yalnız Qurani-Kərimlə bağlı olduğunu göstərir.Bəlkə də bir çox müsəlman xalqlara bu əfsanə Qurani-Kərim vasitəsilə məlum olmuşdur.Lakin yuxarıda gördüyünüz kimi əfsanənin Naxçıvan variantı Qurani-Kərimdə olan variantdan köklü sürətdə fərqlənir və dəqiq lokal xüsusiyyətlərə malikdir.

    Min illərlə Naxçıvan qədim qəbilələrinin yaddaşında qorunub saxlanan bu əfsanənin nə vaxt və necə yarandığı olduqca maraqlıdır.Ümumiyyətlə,Ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında (Mesopotamiyada)baş verdiyini artıq bilirik.Onda bəs sual oluna bilər,əfsanənin Arazboyu ərazi ilə,xüsusən,Naxçıvan bölgəsi ilə nə əlaqəsi? Əgər xəritəyə nəzər salsaq,Dəclə və Fərat çaylarının cografi cəhətdən Araz çayından o qədər də uzaqda olmadığını görərik.Başqa sözlə,əfsanədə göstərilən təbii fəlakətin Naxçıvanla birbaşa əlaqəsi də ola bilərdi.Əfsanənin Naxçıvan variantında təbii fəlakət “subasma”yox “tufan”adlanır.İkinci,burada fəlakətin səbəblərindən ətraflı bəhs olunmur,əsas diqqət Huhun gəmi ilə bu bölgəyə gəlməsi və burada onun başına gələnlərə yetirilir.

    Nuhun tufanı haqqında əfsanənin Naxçıvan variantından danışarkən bir məsələni xüsusilə qeyd etmək lazımdır.Əsrlərlə Naxçıvan türklərinin yaddaşında qorunub-saxlanmış bu əfsanə son orta əsrlərdə ermənilər arasında da yayılmış və beləliklə,əfsanənin “erməni variantı”meydana çıxmışdır .

    Nuhun tufanı haqqında İ.Sopen qədim yəhudi tarixçisi İosif  Flaviyə(b.e.37-100 illəri)əsaslanaraq Naxçıvan şəhərinin Nuhla bağlı olduğunu yazır.O,eyni zamanda Nuhun və bacısının qəbirlərinin Naxçıvanda olması haqda yazır.

    Son olaraq qeyd edək ki,əsrin 60-cı illərində qeydə alınmış Gəmiqaya abidələrinin tədqiq edilməsi ilə əlaqədar bu günədək bir sıra uğurlu nəticələr əldə edilmişdir.Son illərdə bu abidəyə göstərilən dövlət qayğısı isə onun ikinci ömür yaşamasına səbəb olmuşdur.Burada yeni-yeni qayaüstü təsvirlər,qəbir abidələri,toponimlər qeydə alınmış və onların coğrafiyası xeyli genişlənmişdir .

    Bütün bu tədqiqatlar uğurlu olsa da,Gəmiqaya abidəsinin öyrənilməsində hər şeyi bitmiş hesab etmək olmaz.Bu abidə xalqımızın daş yaddaşıdır.Gələcək tədqiqatların daha da uğurlu olacağı heç kəsdə şübhə doğurmur.Bu isə mübahisəli məsələlərin həllinə və qaranlıq qalan fikirlərin işiqlanmasına şərait yaradacaqdır.

 

      “Qədim Ordubad ” kitabından giriş 

        V. Baxşəliyev 

        A. Seyidov

        Q. Qədirzadə 

        B. İbrahimli

 

Qeyd: Materialların hazırlanmasında və yığılmasında  göstərdikləri köməyə görə şair Muxtar Qasımzadəyə və tələbə Hüseyn Rafət oğlu Nəsirova minnətdarlığımızı bildiririk. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.