İtirdik…Məhərrəm Zamanın xatirəsinə

Print Friendly, PDF & Email

Bu gün, 08.08.2013-cü il tarixində, onun 54 yaşı olacaqdı…

9 yanvar 2013-cü il. Saat 14:00. Məhərrəm Zamanın Neftçilər metrosu yaxınlığındakı kiçik nəşriyyatı. Qızlar öz işlərindədir, yazıb-pozurlar…

Məhərrəm rəhmətlik Elman Əliyev haqqında “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???” adlı bir məqalə yazıb, “Unikal” qəzetinə jurnalist dostumuz Fərzuq Seyidbəyliyə internet vasitəsi ilə göndərir. 11 yanvarda Elmanın ad günüdür, dostları 54 yaşını onsuz qeyd etməyə hazırlaşırlar…

          Məhərrəmin kiçik qardaşı Etibar da ofisdədir. Müəyyən bir iş olmadığını görüb binanın küncündəki İlqarın çayxanasına gedib çay içmək təklifi edirik. Çay həm də bir bəhanədir. Adətimiz üzrə onunla həm də domino oynamağa, onu uda bilsək , cirnatmağa çalışacağıq, deyə düşünürəm… Lakin o, çayxanaya gəldi, oynamaqdan da imtina etdi, bir stəkan çay içib “nəvəm hazırlıqdadır, gedirəm onu götürəm gələm,” deyib gedir. Hər halda onun bu sözlərinə təbii baxırıq və oyunu çay içə-içə davam etdiririk. Bir saatdan da az vaxt keçir o, geri-bizim yanımıza qayıdır və “siz hələ oynayırsız ? Nəvəmi yoldaşım gəlmişdi, o evə apardı…” deyir, Oynamaq təklif edirik, razılaşmır, istəmirəm, deyir. Bir stəkan çay içib ayağa qalxır. Mən bir az təəccüblənirəm. Qızların getməsinə hələ 2-3 saat var, elə bir işi də yoxdur, domino da oynamadı, xeyir ola ? Biz isə oyuna davam edib xeyli vaxtdan sonra onun yanına qayıdırıq. Artıq saat 17-ni keçib. Ofisdə Məhərrəmin dostu aktyor, əməkdar artist Aydın Əliyev və tanımadığım bir yaşlı adam əyləşib. Məhərrəm Zamanın yeni çapdan çıxmış “Maxtalı” romanı barədə söhbət edirlər. Mən də yavaş-yavaş söhbətə qoşuluram. Məlum olar ki, tanımadığım şəxsə (AR Xalq Artisti Telman Əliyev) roman çox ciddi təsir edib, əsəri yaradıcılıq baxımından çox ciddi qiymətləndirir və əsərin film halında ekrana çıxarılmasının vacibliyini dəfələrlə vurğulayır.

         Söhbət dolanıb milli mənəvi dəyərlərə , onların bu-günkü vəziyyətinə və qorunmasının üstünə gəlir. Mən söhbəti əlimdəki “Ədəbiyyat qəzeti”-nin 1990-ci illərin əvəllərindəki nömrələrindən birində mərhum AMEA-nın muxbir üzvü, görkəmli ədəbiyyatşünas alim, Əziz Mirəhmədovun “Günahımı boynuma almaq istəyirəm” məqaləsinin üstünə gətirirəm və məqalə haqda fikirlərimi bölüşürəm: rəhmətlik Əziz müəllim sağlığında bu məqalə ilə SSRİ dönəmində doğruları olduğu kimi yox, təzyiq, qorxu, diqtə altında yazdığını boynuna alır və başqa alimlərin də bu cür hərəkət etdiyini bildirir. Öz etirafı ilə də elmi-ictimaiyyəti, ziyalıları da bu yola dəvət edib, heç olmasa bu gün-müstəqilliyimizin əbədi bərqərar olduğu dövrdə “düzü-düz”, “əyrini-əyri” təqdim etməyə-çağırır. Ofisdəkilərin fikirləri üst-üstə düşür və eyni zamanda: “bu işi hamımız etməliyik, cavanlara, yeni nəsilə doğru düzgün çatdırmalıyıq”, qərarına gəlirik.

Məhərrəm həmişəkindən az danışır deyəsən, deyə düşünürəm.

Saat 19:00-dur artıq, Etibar gedib, Məhərrəmlə Aydın elə ofisdəcə stolların üstündə kiçik qəlyanaltı etməyə hazırlıq görürlər. Evdən mənə zəng gəlir, təcili getməliyəm, yanımda lazımı qədər pul da yoxdur. Bərk də yağış yağır. Məhərrəm mənə taksi pulu da verir. Yolda Nizami rayon bələdiyyəsinin sədri Vüqar mənə zəng edib deyir ki, icra başçısı məzuniyyətdən qayıdan kimi Məhərrəm Zamanla rayon ictimayyətinin görüşünü keçirmək və əsərlərinin müzakirəsini təşkil etmək barədə göstəriş verib… Evə çatandan sonra şəhər telefonu ilə zəng edib bu məlumatı ona çatdırıram. Çoxdan bu xəbəri gözlədiyini bilirdim, ancaq nə isə, bir o qədər də sevinmədi…

Sonralar Aydın mənə danışdı ki, o axşam demək olar ki, heç içki də içmədi…

Saat 22:30. Sultan Əliyev mənə zəng edib deyir ki, Kamil Məhərrəmoğlu və Şəmistan Əlizamanlı ilə bir yerdə ayın 11-də Elmanla bağlı olacaq tədbiri süfrə arxasında müzakirə edirlər və Məhərrəmin telefonundan tanımadığı bir adam zəng edib deyir ki, O, 81№ -li marşrut avtobusu ilə evə gedərkən xəstələnib, vəziyyəti yaxşı deyil. Təcili yardım çağırıblar, hələ gəlib çatmayıb. Həmin adamla mən də dəfələrlə telefonla danışıram. Aydına zəng edib ondan ora getməyini xahiş edirəm. Ümumi dostumuz Vahid Rzayevə zəng edib vəziyyəti çatdırıram. 28 may metrosu yaxınlığında görüşüb taksi ilə Bakıxanov qəsəbəsinə (Razinə) doğru üz tuturuq, qar yağmağa başlayıb, mənzil başına çatıb onun artıq dünyasını dəyişdiyini öyrənirik. Xanımı və qızı da ordadır, oğlu İlham isə dənzidə, işdə…

         Nə qədər özümü inandırmağa çalışsam da ki , bu ola bilməz, artıq O, bu həyatda bizim aramızda yoxdur.

         Sonradan məlum olur ki, həmin 81№-li avtobusda təsadüfən əslən Maxta kəndindən olan onun həmyerlisi Səməd adında bir şəxs də olub və Məhərrəm elə onun qucağındaca keçinib.

Saat 24:00- təcili yardım maşınının arxa bölümündə rəhmətlik Məhərrəmin yanında Vahid müəllim, Aydın və mən, ailə üzvləri isə qabaqdakı maşında onu evinə aparırıq. Mən ilk dəfədir ki, Qaraçuxura, onların evinə gedirəm. Bir azdan Sultan da gəlib çıxır.

02:30 10 yanvar 2013-cü il. Möhkəm qar yağmağa başlayıb. Sultanın maşınında gecə birgə geri-şəhərə qayıdırıq, o, hamımızı bir-bir evə çatdırır.

Səhər açılır, hamımız ora gəlirik, möhkəm qar yağır, çovğundur.

10 yanvar 2013-cü il:

Dostların, qohumların, tanışların köməyi ilə birtəhər İlhamı dənizdən gətirə bilirik. Məhərrəm Zaman dostlarının, yaxınlarının, əhatəsində evdən götürülür və Hövsan qəbiristanlığında dəfn edilir.

10 yanvar 2013cü il. “Unikal” qəzetinin növbəti nömrəsi çapdan çıxır və orada yazıçı-publisist “Qızıl Qələm” mükafatı laureatı, II qrup Qarabağ müharibəsi əlili , “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin idarə heyətinin üzvü Məhərrəm Zamanın (Məhərrəm Qəhrəman oğlu Zamanovun 08.08.1959-11.01.2013) görkəmli ziyalı Elman İslam oğlu Əliyev (11.01.1959-17.09.2011) haqqında yazdığı “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???” adlı məqaləsi çıxır…

Biz isə bunu bir az sonra oxuyacağıq…

Xəbəri olan bütün dostlar, tanışlar yas mərasimində iştirak edirlər. Rüfət məndən soruşur: ”Maxtalı” romanı neçə nüsxə çap olunuşdu? – deyirəm 400 nüsxə, deyir azdır, bəlkə onu yenidən çap etdirək? Başqa dostları: Cəfər, Aydln, Vahid Aslan, Akif Azalp da bu söhbətə qoşulurlar, sonda bu qərara gəlirik ki, onun seçilmiş əsərlərini çapa hazırlayıb nəşr etdirək. Sultan və Cəfər isə təklif edirlər ki, yanvarın 11-də baş tutmayan tədbiri ayın sonunda keçirək və hər ikisini bir yerdə yad edək.

Dostları tədbirə hazırlaşırlar…

31.01 2013. Azərbaycanın görkəmli alim və ziyalılarının iştirakı ilə “AqRa” EİDİB-in təşkilatı dəstəyi ilə Bakı şəhəri Nərimanov rayonunda “Divani hikmət” deyilən məkanda Məhərrəm Zaman və Elman Əliyevin anım mərasimi keçirilir. Tədbiri hər iki mərhumun yaxın dostu, belə işlərin ustası Kamil Məhərrəmoğlu aparır. Mərhumlar haqqında müxtəlif materiallar iştirakçılara paylanır. Çoxlu ziyalılar, alimlər, dostlar, qohumlar toplaşıb. Ailə üzvləri də buradadır. İştirak edə bilməyənlər də var. Görkəml teatr ustaları Aydın Əliyev və Telman Əliyev iştirak edə bilməsələr də onların iştirakı ilə Kamilin hazırladığı video çarx göstərilir…

Azərbaycanın möhtəşəm himninin oxunması ilə başlayan tədbir, hər iki mərhumun ailə üzvlərinin TƏŞƏKKÜRLƏR-i ilə başa çatır.

Bu arada Məhərrəmin Neftçilər metrosu yaxınlığındakı nəşriyyatı Xətai metrosuna yaxın bir yerə “AqRa” EİDİB-in yerləşdiyi ünvana köçürülür.

Məhərrəm Zamanın vəfatından qırx gün keçir, qəbiristanlıq ziyarətinə gedirik və baş daşında onun “Mən beləyəm…” şerindən bu misraları görürük:

Mən beləyəm…

Haqq yolunda ölüm olsa gedərəm,
Düz sözümü yeri gəldi deyərəm.
Nəyim olsa dostlarımla bölərəm,
Bu vərdişdən ayrılmaram, bilirəm.
Mən beləyəm, dəyişmərəm bilirəm.

Vahid Rzayev: “Hər bir yaranış yazır özünə baş daşı!”

        

Mən Məhərrəm Zamanı 2011-ci ilin sentyabr ayının sonundan, rəhmətlik əziz, ağır, aqil dostum, sirdaşım Elman İslam oğlu Əliyevin vəfatından sonra, mərhum haqqında “Elman Əliyev olduğu və göründüyü kimi” kitabını onunla və dostlarla birgə çapa hazırlayarkən cəmi 15 aydan azca çox müddətdə əslən Nehrəmlilər olan qonşum Cəfər Hümbətov və Kamil Məhərrəmoğlu vasitəsilə tanımışam… Bir dəfə Cəfərə yarızarafat-yarıciddi belə dedim: “Bu xəzinəni niyə gizlətmisən ?”, Cəfər: “nə xəzinə?” deyəndə, “Məhərrəmi deyirəm da ay Cəfər, bundan da böyük xəzinə olar ?”, cavabı vermişəm.

Xəzinəni…,xəzinələrimizdən birini də… itirdik…

Mirələkbər Seyidov, “AqRa” Elmin İnkişafına

Dəstək İctimai Birliyi idarə heyətinin sədri

08.08.2013

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.