Azərbaycan miniatür sənətinin təşəkkül tarixi

Print Friendly, PDF & Email
Orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. “Vərqa və Gülşa”ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə — səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.
XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50-ci illərə aid edilən “Böyük Təbriz Şahnaməsi”, yaxud “Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə “Demott Şahnaməsi”nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: “miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır”.
Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1405-10, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər “Divanı”na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405-10, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş “ana məktəb” (“Mutter Schule”) adlandırmışdır. XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər (“Mehtər”, “İki əmir”; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul “Xəmsə”sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə (“Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İsgəndər və Dara”, “İsgəndər və çoban”, “İsgəndər Nüşabənin sarayında” və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.
Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə — “Şahnamə” və “Xəmsə”yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli “Xəmsə” (Metropoliten-muzey, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq institutu, Sankt-Peterburq), “Quy və çovkan”, 1528-ci il tarixli “Cami ət-təvarix” (hər ikisi M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər 15 əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.
Təbriz məktəbi simasında 1530-40-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənmiş, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.
M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaratmışdır. Rəssamın “Kitabi-Dədə Qorqud” (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.