İrəvan pedaqoji mühiti: İrəvan kişi gimnaziyası, İrəvan müəllimlər seminariyası, İrəvan qız gimnaziyası

Print Friendly, PDF & Email

Əsası 1747-ci ildə  Mir Mehdi xan tərəfindən qoyulan İrəvan xanlığı Ağrıdağ ovasını, Göyçə gölünün  sahillərini, Araz çayını əhatə edirdi.  Xanlıq Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları və Qarabağ xanlığı ilə həmsərhəd olub. Xanlığın mərkəzi İrəvan şəhəri olub. Mənbələrə görə, İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur.İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç

-İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Kastin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin Azərbaycan türkləri olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi.

     Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi.1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və ya 80 faizini azərbaycanlılar təşkil edirdi.

         XIX əsrin əvvəllərindən başlayaraq  1920-ci ilə qədər İrəvan sürətlə inkişaf etmiş və bu bölgə böyük  mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri Bakı, Təbriz, Naxçıvan, Xoy və başqa şəhərlər kimi Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzi olmuşdur.  Buna görə də Şərq elmi tarixində xeyli “İrəvani” təxəllüslü məşhur şəxslərə rast gəlmək olur.

         Məsələn, Mirzə Qədim İrəvani (1825-1875) məşhur rəssam və nəqqaş olmuş, bir  çox əsərləri Sankt-Peteburqda-Ermitajda saxlanılır. Hacı Sülеyman ibn Salman Qacar İrəvani – XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi olmuşdur.Şeyxülislam Fazil İrəvani – xıx əsrdə Qafqazın Şeyxülislamı olmuşdur.

      Elə böyük alimlər də  olub ki, onlar  İrəvani nisbəsi ilə deyil, öz dövrü üçün mühüm olan başqa bir şəhərin (və ya əyalətin) adını özünə nisbə götürmüşdür. Bu adamlar da öz vətənlərinin əzəli Azərbaycan torpaqları olmasını sübut edən bir fakt kimi özlərinə nisbə, “təxəllüs” seçmişlər. Belə şəxslərdən biri qədim zamanlarda yaşamış Əbül-Fədl İsmayıl ibn Əli ibn  İbrahim əl-Gəncəvi kimi böyük alim fiqh və hədis elmlərini Əli əl Masisi kimi mötəbər alimdən dərs almışdır.  Əli  əl-Masisi on birinci yüzillikdə yaşamış böyük alim olmuşdur.

         XIX əsrin 1880-ci illərin əvvəllərində  İrəvanda kadr hazırlayan üç böyük tədris müəssisəsi yaranıb fəaliyyət göstərmişdir. Onlardan biri  1881-ci ildə açılmış İrəvan Kişi  Gimnaziyası, ikincisi yenə həmin il – 1881-ci ildə yaranmış İrəvan Müəllimlər Seminariyası və üçüncüsü 1884-cü ildə yaranmış İrəvan qız  progimnaziyasıdır.

              1881-ci ildə açılmış İrəvan Kişi Gimnaziyasının 216 şagirdi olmuş və Gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq,  maarifçi Firidun bəy Köçərli  10 il – 1885-1895-ci illərdə  gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüs­nxət müəllimi kimi fəaliyyət göstərmişdir(Kavkazskiy Kalendar, 1890, səh.,163.). 

    Firudin bəy Köçərli10 il burada tatar dili (Azərbaycan dili) və hazırlıq sinfində hüs­nxət müəllimi kimi fəaliyyət göstərmişdir. Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuş, 1885-1895-ci illərdə görkəmli maarifçi Firudin bəy Köçərli burada dərs demişdir.

    Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. Bu gimnaziyanın pansionu  var idi ki, görkəmli ədəbiyyatşünas alim, Əməkdar  Elm Xadimi Əziz Şərif də burada  hazırlıq mərhələsi keçmiş, sonra da İrəvan Kişi Gimnaziyasında təhsilini  davam etdirmişdir.Əziz Şərif xatirələrində yazır: “İrəvanda pansionda yaşayan zaman atam mənə fars dili müəllimi tapmışdı. Bəxtimdən mənim İrəvandakı müəllimim olduqca bilikli və təcrübəli imiş. Cabbar bəy Məmmədovun atası  Molla Abbas  fars dilinin mütəxəssisi  olduğu üçün  “Fars Abbas” adı ilə şöhrət tapmışdı. Fars Abbas İrəvanda mənim xüsusi müəllimim oldu. O zaman farsca təlim kitabı əvəzinə fars klassik ədəbiyyatından dərs verilirdi. Mənim müəllimim təlim üçün Sədinin “Gülüstan”ını seçmişdi…  Eyni zamanda unudulmaz qocaman müəllimim fars dilinin sərf-nəhvini də mənə öyrədir, fellərə aid çətin qanunları mənə əzbərlədirdi. İrəvanda Molla Ab­basın bir il müddətində mənə verdiyi dərslər, əzbərlətdiyi şeirlər bu gün də ya­dımdadır və dərin təşəkkürlə etiraf etməliyəm ki, mənim bu gün farsca az-çox oxuyub yazmağıma bais ilk növbə

 Molla Abbasdır.

             Mirzə Abbas Məhəmmədzadə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qərbi Azərbaycanda, xüsusən də İrəvanda ictimai-siyasi, mədəni və ədəbi mühitdə barmaqla göstərilən məşhur ziyalılardan biri kimi tanınırdı. Başqa ziyalılardan onu fərqləndirən ən üstün cəhəti zamanının ensiklopedik biliyə malik fars dili mütəxəssisi olması idi. O həm pansionda, həm də gimnaziyada fars dilindən dərs deməsi, tələbkar bir müəllim tək şagirdlərinin rəğbətini qazanması, “Razi” təxəllüsü ilə ədəbi-bədii cəhətdən dolğun məzmunlu şeirlər yazması onu daha məşhur etmişdir.

            İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdixan İrəvanski, məşhur  alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər. Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov,  Hüseyn Şahtaxtinski,  Mirhəsən Mirbababayev,  Əbdülhəmid Qənizadə ilk təhsillərini İrəvan Kişi Gimnaziyasında almışlar.

           1880-1886-cı illərdə Eynəli bəy Sultanov İrəvan Kişi Gimnaziyasında təhsil almış və buradan məzun olmuşdur.

                  Eynəli bəy Sultanova 1886-cı il, 5 iyun gimnaziyanın pedaqoji şurasını qərarı ilə 538 saylı müəllimlik hüququ verən Şəhadətnamə təqdim edilmişdir. (Ermənistan MDTA, f.66, siy.1, Q -1188, v.2.) Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy 1886-1891-ci illərdə fasilələrlə Naxçıvanda yaşamış, Qarsda “Mühüm işlər üzrə məmur”  vəzifəsində çalışmışdır.  

  Sultanov Eynəli bəy (Çölbəyi bəy) – yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim olmuşdur.           Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayır. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (18491902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (18741915), Mirzə Ələkbər Xəlilov (18621896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (18541917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (18631921) və başqalarını həmin cəmiyyətə cəlb etmişdir.

            O Naxçıvanda əvvəlki həyat tərzinin hökm sürdüyünü, ətalət və xurafatın həmyerlilərini əsrlərin mürgüsündə saxladığını görür və böyük həvəslə huşyar dostlarından Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları (Nəsrulla və Fərəculla Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun dayılarıdır ) ilə birlikdə ilk mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayır. Eynəli bəy Sultanov və dostlarının bu təşəbbüsü, fəaliyyəti Cəlil Məmmədquluzadəni də ruhlandırmışdır.

              Səs üsulu ilə ana dili dərsliklərinin meydana gəlməsi XIX əsrə təsadüf edir. Böyük rus pedaqoqu K.D.Uşinskinin xəlqilik ideyası, “Vətən dili” və “Uşaq aləmi” dərslikləri Zaqafqaziyada özünə ardıcıllar tapırdı. Belə ardıcıllardan biri də Zaqafqaziyada İrəvan Kişi  Gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi olmuş Mirzə Ələkbər Elxanov idi. M.Ə. Elxanov əslən Uluxanlıdandır. Şəhərdəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun səs üsulu Həm pansionda, həm də gimnaziyada fars dilindən dərs deməsi, tələbkar bir müəllim tək şagirdlərinin rəğbətini qazanması, “Razi” təxəllüsü ilə ədəbi-bədii cəhətdən dolğun məzmunlu şeirlər yazması onu daha məşhur etmişdir.

                 Onun tərtib etdiyi “Vətən dili” dərsliyi XIX yüzilliyin 80- ci illərində Rusiya Xalq Maarif Nazirliyində müzakirə edilərək çapa tövsiyə edilmişdir. Sözü gedən əsrin sonlarına doğru İrəvanda yeni məktəblər açılır, şəhərin teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. “Rus-Azərbaycan” qız məktəbləri əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, İrəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi [Rəhim Xəlilov], Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Tağızadə və b.-nın bu sahədəki xidmətləri unudulmazdır.

       İrəvan Gimnaziyasının  fəaliyyətinə 1919-cu ildə ermənilər son qoymuşlar.

       1881-ci ildə İrəvan şəhərində İrəvan Müəllimlər Seminariyası açılmışdır. 37  il  fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.  Seminariyanın direktoru, görkəmli maarifçi Yakop Stepanoviç Şuşevski əsas diqqəti tədris ocağını müəllim kadrları və şagird kontingenti ilə təmin etməyə yönəltmişdi. Onun səyi nəticəsində birinci il seminariyaya 9 müəllim və 42 şagird cəlb edilmişdi.

Seminariyanın fəaliyyətində Qori Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının böyük rolu olmuşdur. Görkəmli maarifçi-demokratlar Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, C.Ələkbərbəyov, Cəlil Məmmədquluzadə, M.Terequlov və başqalarının ilk pedaqoji fəaliyyəti İrəvan oğlan  gimnaziyası, Uluxanlı kənd məktəbi və  İrəvan Müəllimlər Seminariyası ilə sıx bağlı olmuşdur.

Müəllimlər Seminariyası fəaliyyətə iki qrupla başlamışdır: böyük hazırlıq qrupu və birinci sinif. Sonrakı dərs ilində ikinci sinif, 1883-cü ildə isə üçüncü sinif təşkil edilmişdi. Beləliklə, Zaqafqaziyada olan bütün müəllimlər seminariyası kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət olmuşdur. Hər il müəllimlər seminariyasının hazırlıq qrupuna və I sinfə qəbul elan edilirdi. II və III siniflərə birbaşa qəbul olunmağa icazə verilmirdi. Əsasnaməyə görə seminariyaya yalnız oğlanlar qəbul oluna bilərdi.  Qəbul imtahanları ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənlərindən aparılırdı.

İrəvan Müəllimlər Seminariyasının nəzdində ibtidai məktəb fəaliyyət göstərirdi. Seminaristlər pedaqoji təcrübələrini həmin məktəbdə keçirdilər. Ordubad şəhər məktəbi həmin seminariyanın təcrübə məktəbi hesab olunurdu. Burada müxtəlif fənlər tədris edilməklə yanaşı, həm də bir sıra peşələr  öyrədilirdi. Bu cəhətdən İrəvan Müəllimlər Seminariyasında xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də tədris olunurdu.

Q.Qənbərov  hüquq fənnindən,  Mixail Klopov rus dili fənnindən,  Məmmədbağır Qazızadə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs demişlər.

1881-ci ildə yaranan və 37 il davam edən İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri Firudin Bəy Köçərli olmuşdur ki, o burada 10 il dərs demiş və geniş mədəni-maarif işləri aparmışdır.  Seminariyanın 1885-ci ildə ilk buraxılışı olmuşdur. Məzunlar  içərisində 25 nəfər azərbaycanlı var idi ki, bu məzunlar İrəvan qəza məktəblərində, Naxçıvanda, Uluxanlıda  dərs deməyə başlamışlar.

Seminariyanın ikinci buraxılışı  beş ildən sonra -1890-cı ildə olmuşdur. Bu buraxılışda 69 nəfər azərbaycanlı məzun olmuşdur.    

  İrəvan Müəllimlər Seminariyası haqqında  pedaqoji mətbuatda  çox az məlumat verilmişdir. Buna baxmayaraq bu seminariyanın müəllimləri və məzunları haqqında bəzi məlumatlar əldə edə bilmişik.

 İrəvan Müəllimlər Seminariyasının əldə etdiyimiz məlumata əsasən  müəllimlərindən aşağıdakıların adlarını çəkə bilərik:

Məmmədbağır QazızadəMixail KlopovAxund Məmmədbağır Kazımzadətatar (Azərbaycan)dili müəllimi, Firidun bəy Köçərli1885-1895 ana dili və şəriət müəllimi,  Məmməd AxundovK.Şulkin Mirzə  Abbas Məhəmmədzadə, İsmayıl bəy Şəfibəyov, Cabbar Məmmədzadə.

Mirzə Məmmədvəli Qəmərli1901-1911 -ci illərdə İrəvan Müəllimlər Seminraiyasında dərs  demişdir.

          Mirzə Məmmədvəli Qəmərli 1898-ci ildə İrəvanda rus-tatar məktəbini  bitirib, 1900-cü il martın 13-də İrəvan quberniya məclisində imtahan verərək müəllim adı almış, 1901-1911-ci illərdə İrəvan rus-tatar seminariyasında müəllim işləmişdir. Son vaxtlar aparılmış axtarış və araşdırmalardan bəlli olur ki, Məmmədvəli Qəmərlinin atası Əli Qəmərli çar ordusunun generalı olmuşdur. Babasının yolunu davam etdirən Məmmədvəlinin oğlu Hüseyn Qəmərli də türk ordusunun generalı rütbəsinə yüksəlmişdir. İkinci oğlu Əli Qori Müəllimlər Seminariyasını, digər oğlanları Paşa, Adil, Mahmud isə gimnaziya bitirib müəllim işləmişlər

Qəmərlinskilər İrəvan xanlığının mahallarından olan və İrəvan şəhərinə yaxın ərazidə yerləşən Qəmərli (Gərnibasar) mahalının adını özlərinə soyad kimi qəbul etmişlər. “Atalar sözü” kitabının titul səhifəsindən bəlli olur ki, bu toplu İrəvan məktəbi-islamiyyəsinin türk dili müəllimi Məmmədvəli Qəmərlinin əsəridir və 1899-cu ildə İrəvanın “Edelson” mətbəəxanasında çap olunub. 1907, 1908 və 1911-ci illərdə dəfələrlə dərc edilmiş “Ana dili” kitablarının müəllifləri sırasında Məmmədvəli Qəmərlinin də adı vardır. 1926-cı ildən nəşrə başlayan “Zəngi” qəzetinin (sonralar “Sovet Ermənistanı”) 12 və 19 yanvar 1926-cı il tarixli 5 və 6-cı saylarında “o vaxtın adamı” imzalı bir müəllifin “Ermənistan türklərinin mədəniyyəti barəsində” məqaləsindən məlum olur ki, Məmmədvəli Qəmərli həm də 1900-cü ildə dərc edilmiş “Vətən dili” kitabının müəllifi olmuşdur. Məqalədə çar üsul-idarəsi dönəmində Azərbaycan türkcəsinin (dilinin) təqiblərə məruz qalmasından, yerli sakinlərin acınacaqlı durumundan, Məmmədvəli Qəmərlinin vəziyyətinin ağırlığından, o cümlədən maarif sahəsində çalışan ziyalıların müxtəlif təzyiqlərlə üzləşmələrindən söz açılmışdır.

“Kаvkаzskiy kаlеndаr”ın 1900-cü il məcmuəsinin 335-ci səhifəsində Rəhim Xəlilovun həm Uluxanlı məktəbinə, həm də özünü layiqli müəllim kimi təqdim etdikdən sonra İrəvan Müəllimlər Seminariyasına türk dili (Azərbaycan dili)dərslərini  demək üçün dəvət olunduğu göstərilmişdir.

     İrəvan Müəllimlər Seminariyasının  məzunlarından isə aşağıdakıların adlarını çəkə bilərik: Həbib bəy SəlimovNəcəf bəy VəzirovHaşım bəy VəzirovMirzə Abbas MəhəmmədzadəCabbar Məhəmmədzadəİbadulla bəy MuğanlinskiVahid MusabəyovHəmid bəy ŞahtaxtinskiHüseynəli bəy Rüstəmbəyovİbadulla bəy MuğanlinskiTağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi,  Sadıq Xəlilov, Vahid Musabəyov və başqaları.

                1884-cü ildə isə İrəvan qız progimnaziyası açılmışdır.

91 şagirdlik İrəvan qız progimnaziyasında (natamam gimnaziya, 4 və 6 sinifli progimnaziya) Burada Xeyriyyə Cəmiyyəti və pedaqoji Şura yaradılmışdır. İrəvan Qız Gimnaziyasının dürektoru Vladimir İosifoviç Brajnikov, gecə dayəsi Varvara Ağayeva olmuşdur.

        Qız progimnaziyasında Pansion yaradılmış və burada  8 yaşından 12 yaşınadək olan qız şagirdlər xeyriyyə vəsaiti hesabına, yuxarı yaşlılar isə öz vəsaitləri hesabına məktəbdə təhsil almışdır. Progimnaziyada təhsil alan pansioner qızlar cəmi 150 manat təhsil haqqı ödəyirmişlər, ilk əvvəl qəbul üçün 36 manat, ilin sonunda isə sinifdən-sinfə keçəndə bir qayda olaraq 30 manat vəsait  daxil edirmişlər.Qız Gimnaziyasının məzunları  regionda qadın təhsilinin inkişafında mühüm rol oynamış və onlar  özləri də yeni  qız məktəbləri açmışlar.

Beləliklə, deyə bilərik ki, pedaqoji kadrların hazırlanmasında İrəvan pedaqoji mühitinin rolu və xidmətləri böyük olmuşdur. Bu mühitin müəllimləri, tələbələri yalnız tədris işləri ilə məşğul olmamış, həm də böyük ictimai- siyasi, elmi pedaqoji və metodiki işlər həyata keçirmişlər. Onlar bir çox dərslik və dərs vəsaiti yazmış, lüğətlər tərtib etmiş, teatr tamaşaları yaratmış, xalqın maariflənməsində fədakarcasına  çalışmışlar.

    Açar sözlər: İrəvan Müəllimlər Seminariyası, pedaqoji kadrlar, müəllimlər, məzunlar.

Keywords:  Irevan teachers’ seminary, teachers personnel, teachers, students

Ключевые слова: Иреванская  Учительская Семинария,  педагогические кадры,  преподавателей, студентов

                                    Ədəbiyyat.

1.     Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 1997.

2.     Həbibibbəyli İ.Ə.Cəlil Məmmədquluzadə mühiti və müasirləri. Naxçıvan, Əcəmi 2009.

3.     Həbibbəyli İ.Ə. Nuhçıxandan Naxçıvana. Bakı: Elm və təhsil, 2015.

4.     Əziz Şərif. Keçmiş günlərdən. Bakı, Yazıçı, 1983.

5.     Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı, təhsil, 2006.

6.     Əhmədov H.M.  55 il xalq maarifi cəbhəsində. Azərbaycan müəllimi qəzeti, 11 mart, 2011-ci il.

 

                                      РЕЗЮМЕ

Деятельность Иреванской Учительской Семинарии при подготовке педагогических кадров и её Азербайджанские выпускники.

                                      Проф. Р.Л.Гусейнзаде

        В статье дан материал о создании и дальнейшем развитии Иреванский Учительской Семинарии. Делается экскурс в историю возникновения, развития и деятельности Иреванский Учительской Семинарии, анализируется прогрессивная деятельность Семинарии в подготовке педагогический кадров. Материал построен на основе архивных документов, педагогических и литературных источников. В работе перечисляются азербайджанские выпускники Иреванской Учительской Семинарии и их дальнейшая деятельность за её пределами.

                                                     SUMMARY

Activities Irevan Teachers Seminary in preparing teachers and graduates of Azerbaijan.

                                 Prof. R.L.Guseynzade

The article contains material on the establishment and further development of Irevan Teachers’ Seminary. Make an excursion into the history of the origin, development and operation of Irevan Teachers’ Seminary, a progressive analysis of the activities of the Seminary in the preparation of teachers. The material is based on archival documents, educational and literary sources. The paper lists the Azerbaijani graduates Irevan Teachers Seminary and their further activities beyond its borders.

İrəvan Müəllimlər Seminariyasının müəllim və tələbə kollektivi. 1917-ci il.

                                        RÜFƏT  LƏTİF OĞLU HÜSEYNZADƏ

        Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.