Eynəli bəy Sultanov irsinin tədqiqi tarixindən
“Mədəniyyətlərin tarixində el şəxsiyyətlər olur ki, onlar zəngin irs qoyub getməsələr də, böyük irs qoyub gedən görkəmli şəxsiyyətlərlə adları yanaşı çəkilir və heç bir vaxt unudulmurlar.”
A.Zamanov
Məhz belə şəxsiyyətlərdən biri də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin öncül nümayəndələrindən olan Eynəli bəy Sultanovdur.
Böyük Mirzə Cəlilin əməl dostu, hüşyar dostu olan Eynəli bəyin ədəbi-mədəni fikir tariximizdə öz dəsti-xətti vardır.
Eynəli bəy Sultanov da o nəslin nümayəndələrindən idi ki, bütün ömrünü təmənnasız olaraq məxsus olduğu xalqın, millətin tərəqqisi yolunda fə`da etmişdi. Düşünürük ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycanın mədəniyyət və ədəbiyyat, mətbuat tarixinin şanlı səhifələrini yazan bu insanların, başda Məhəmməd Tağı Sidqi olmaqla Qurbanəli Şərifzadə, C.Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və digərlərini Azərbaycan ədəbiyyatı və bütövlükdə mədəniyyətinin mücahidləri hesab etmək daha doğru olar.
Qələmi iilə millətinin gözünü yeni dünyaya açmağa hər vəchlə çalışan qabaqcıl ədəbi-mədəni fikrini Azərbaycana gətirərək Azərbaycan xalqının dünyanı tanıması və dünyaya açılmasına çalışmışlar. Bu ziyalıların, onlardan biri tolan Eynəli bəyin də əsas amalı millətini və xalqını dünyanın sivil xalqı kimi görmək, dünya arenasında söz sahibi olmaq hüququnu qazanmasını tə`min etmək idi.
Bu yüksək amal uğrunda dövrünün bütün çətinliklərinə və məhdudiyyətlərinə min bir əziyyət hesabına sinə gərən bu ziyalılar Azərbaycanın ədəbiyyat və mədəniyyətinin tərəqqisinə nail olmuşdular.
«Sevirəm səni, mənim xalqım! Bütün varlığım, bütün ürəyim, ürəyimin bütün çırpıntıları ilə sevirəm. Bütün bəşəriyyətə bəslədiyim bu məhəbbətlə səni sevirm, səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm, bütün məziyyətlərin və qüsurlarınla sevirəm. Səni sevdiyim üçün həyatını müşahidə edir, övladlarını öyrənir, dostlarını və düşmənlərini ayırd edirəm. Sənə olan məhəbbətimdən ilham alaraq onların bə`ziilərini, – bə`zilərini yox, bir dəstəsini, – öz məktublarımda ifşa edirəm. Çünki onlar sənin həqiqi övladların deyil, əslini itirən nacinslərdir.
Mənim xalqım! Əgər səsim qulağına çatsa, özünü düşmənlərdən – qoyun dərisinə bürünmüş canavarlardan gözlə…
Mənim xalqım! Səni azad xalqlar cərgəsində azad, xoşbəxt xalqlar cərgəsində xoşbəxt, mədəni millətlər sırasında mədəni görəcəyəmmi?
Mən inanıram ki, sənin inkişafının qarşısını kəsən bütün maneələrdən azad olacağın saat yaxınlaşır. O günü görmək mənə nəsib olacaqmı?» (2, )
«İfşaedici məktublar» olan bu sətirlər, alovlu publisistin həyat və yaradıcılığının əsas lozunqu olmuş və ömrünün sonunadək buna əməl etmişdir.
Öz xalqının azadlığı, xoşbəxtliyi uğrunda çalışan həqiqi vətəndaşın ürək çırpıntılarından xəbər verir bu sətirlər. Xalqa bəslədiyi bu inamın, bu böyük məhəbbətin nəticəsi idi ki, E.Sultanov özünün «İfşaedici otkretkalar»ında «sismiş burjuya», «sələmçi hacıya», «bir xana», «bir axunda», «mülkədar – bəyə», «bürokrat fikirli müsəlmanə» xitabən onların iç üzünü açır, cəmiyyətin bu mənfur təbəqələrinin riyakar əməllərini xalqa çatdırırdı. (3, s. 54)
Ədəbiyyat tariximizdə önəmli yer tutan bu insanların misilsiz əməyi və şücaəti daim qiymətləndirilir. Bu sahədə aparılan tədqiqatlar, yazılan monoqrafiya və kitablarda onların xidmətləri geniş xarakterizə olunur, öz elmi dəyərini alır.
İstər sağlığında, istərsə də ölümündən sonra Eynəli bəy Sultanovun əməyinə böyük dəyər verilmişdir və bu gün də yüksək dəyərləndirilir.
Hələ 1925-ci ildə böyük Mirzə Cəlil yazırdı: «…Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bə`zi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım» (1, s. 927).
Bu sətirlər böyük Mirzə Cəlilin sənət yolunun formalaşmasında dostu Eynəli bəy Sultanovun əməyinə verdiyi qiymətdir.
Eynəli bəy Sultanov ictimai-ədəbi mühitdə C.Məmmədquluzadənin ən yaxın məsləkdaşı, dostu. Həmfikri idi. Burası da haqlıdır ki, «hər iki yazıçı üçün xeyirli» olan dostluq bütövlükdə milli ədəbiyyat və mədəniyyətin inkişafına müsbət tə`sir göstərmişdir (4. s. 174).
Azad Azərbaycan uğrunda qələmi ilə çarpışan Eynəli bəy Sultanovun həyat və yaradıcılığının tədqiq edilib öyrənilməsi, əsərlərinin nəşr edilib gənc nəslə çatdırılması vacib və gündəmdə olan məsələlərdən olmuşdur.
Ədibin həyat və yaradıcılığının tədqiq tarixini məhz böyük Mirzə Cəlilin yuxarıda qeyd etdiyimiz fikirlərindən, yə`ni 1925-ci ildən başlamaq məqsədəuyğun olar. Bunun ardınca 1926-cı ildə Tiflisdə ədibin «Seyidlər» povesti ayrıca kitab şəklində çap olunur. Görkəmli ictimai xadim və publisist Rzaqulu Nəcəfov kitaba müqəddimə yazır. Və bundan sonra böyük bir fasilə yaranır. İlk dəfə olaraq 1963-cü ildə ədəbiyyatşünas İzzət Maqsudov «Eynəlibəy Sultanovun həyat və yaradıcılığı» adlı namizədlik dissertasiyasının müəllifi kimi ilk sistemli tədqiqat əsərini araya – ərsəyə gətirir.
Alimin dissertasiyanın girişində yazdıqları təsdiq edir ki, onadək Eynəli bəy Sultanovun həyatı, bədii yaradıcılığı haqqında heç bir tədqiqat aparılmamışdır.
Sistemli tədqiqat olmasa da, 50-ci illərdə ədəbiyyatşünas alimlərimizin tədqiqatlarında: professor Əli Sultanlının «Azərbaycan dramaturgiyasının inkişaf tarixi», professor Əziz Şərifin «Xalq müəllimi C.Məmmədquluzadənin mühiti», Lətif Hüseynzadənin «Ə.Qəmküsarın həyat və yaradıcılığı», «Naxçıvan teatr tarixindən» adlı əsərlərində yeri gəldikcə Eynəli bəy Sultanov haqqında qısa mə`lumat verilmişdir. Bunlar əhəmiyyətli təşəbbüslər olsa da, yalnız ədibin yaradıcılığını hərtərəfli elmi şəkildə araşdırılması üçün kifayət etmədiyindən İzzət Maqsudovun namizədlik dissertasiyası ilk sistemli tədqiqat əsəri hesab olunur.
Əsər böyük çətinliklər hesabına başa gəlmişdir. Tədqiqatçı – alim yazıçının arxivini və 40 illik mətbuatı araşdıraraq ədibin 40 hekayəsini, 2 dram əsərini, ədəbi tənqidi, publisist məqalələrini, əlyazmalarından bə`zilərini toplamış və təhlil edərək sanballı bir əsəri yazıb tamamlamışdır. Əsər giriş və 3 fəsildən ibarət olub, ədibin Azərbaycan və rus dillərində olan əsərlərinin biblioqrafik siyahısı ilə bitir.
Girişdə mövzunun aktuallığının tədqiq tarixinə, toxunulacaq əsas aspektlərə aydınlıq gətirilmişdir.
Birinci fəsildə ədibin həyatı bütün incəlikləri və mühiti, dövrü ilə əlaqəli şəkildə işıqlandırılmışdır.
«Bədii yaradıcılığı» adlanan ikinci fəsildə isə mülkədar-burjua quruluşu, köhnə adət-ən`ənə, mövhumat, qadın azadlığı məsələlərinə ədibin bədii yaradıcılığında əksi araşdırılmış, müxtəlif mövzulu hekayələrinin ədəbi-bədii təhlili verilmişdir.
Yazıçının yaradıcılığında qadın azadlığı mövzusu başlıca mövzu olduğundan, əsərdə bu məsələyə daha çox yer ayrılmışdır.
Realist ədəbiyyatımızın banisi M.F.Axundovla başlanan bu məsələni «Molla Nəsrəddin» ədəbi məktəbinin nümayəndələri ləyaqətlə davam etdirmiş, qadınların faciəli vəziyyətğini təsvir edərək öz böyük sələfləri kimi qadın azadlığının düşmənləri ilə mübarizə aparmış, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün işlərdə iştirakının tə`min edilməsi uğrunda vuruşmuşlar.
Eynəli bəy də «qadın azadlığı» mövzusu ilə hekayəçiliyə başlamış, ömrü boyu düşündüyü Azərbaycan qadınlarının faciəli vəziyyətinə dözə bilməmiş, onları məhkum edən şəriət qanunlarını, feodal əxlaqını kəskin surətdə qamçılamışdır (5, s. 101).
Ədibin ilk qələm təcrübəsi olsa da, istər məzmun, istərsə də bədii forma cəhətdən orijinal bədii əsər olan «Tatarka» pyesindən başlayaraq «Kürd qızı», «Bülbül», «Çadra altında», «Qayınana xain ana», «Naxırçı qızı Gözəl», «Acı məsxərə» kimi birbaşa qadın azadlığı məsələsinə həsr olunmuş hekayələri təhlil edilmişdir.
Tədqiqatçı-alimin fikrincə E.Sultanov sədaqəti hər şeydən üstün tutan Azərbacyan qızı Sənəmin real obrazını yaradaraq qadınları «kəniz, qarabaş, aşpaz, fəhlə» edənləri kəskin ifşa etmişdir (5, s. 103).
Mühüm tərbiyəvi əhəmiyyətə malik olan bu hekayələrin hər zaman müasir olduğunu qeyd edən araşdırmaçı yazıçının uşaqların həyatından, onların ruhi-psixoloji aləmindən bəhs edən maraqlı hekayələrindən də bəhs etmiş və ədibin «gənc nəslin təlim-tərbiyəsini düzgün pedaqoji prinsip əsasında təhlil etməyi bacaran, incə ruhlu bir nasir və mahir həssas pedaqoq olduğunu» (5, s. 120) əsaslandırmışdır.
Tədqiqatçı-alim bu hekayələrin sənətkarlıq nöqsanlarını da yeri gəldikcə qeyd etməkdən çəkinməmiş, lakin bu «realist hekayələri tərbiyəvi əhəmiyyəti, ictimai qayəsi və sağlam ideyalılığı ilə» (5, s. 121) ədəbiyyatımızda diqqətəlayiq hadisə hesab etmiş və fikrini konkret nümunəlrlə əsaslandırmışdır.
Bu fəslin böyük bir bölməsi «Eynəli bəy Sultanovun hekayələrinin bədii-sənətkarlıq xüsusiyyətləri»nə ayrılmışdır ki, burada da ədibin hekayələrinə xas olan yüksək sənətkarlıq məziyyətləri konkret detalları ilə araşdırılaraq elmi qiymətini almışdır. İlk olaraq ədibin əsərlərində satira və yumorun olması məsələsi üzərində dayanan tədqiqatçı E.Sultanovun ustad yazıçı C.Məmmədquluzadədən öyrəndiyini və ondan tə`sirlənərək yazmaq fikrini əsaslandırmağa, eyni zamanda hekayə ustadımız Ə.Haqverdiyevin tənqid obyektlərinin yaxınlığından bəhs edərək, muasirləri kimi onun da real həyat hadisələrini qələmə alaraq orijinal hekayəçi olduğunu faktlar əsasında isbatlamağa çalışmışdır.
Daha sonra tədqiqatçı ədibin hekayəçiliyinin daha bir orijinal xüsusiyyəti – folklor materiallarından istifadəsi məsələsi üzərində dayanaraq, onun hekayədə nağılvarı süjet yaratması, xadq yaradıcılığının tə`siri altında yazdığı konkret nümunələr əsasında araşdırmışdır. Tədqiqatda Eynəli bəy Sultanovun xalq ədəbiyatının toplanması sahəsindəki dəyərli xidmətlərinə də tozunulmuş, eyni zamanda bu materiallardan əsərlərində məharətlə istifadə etməsi yüksək dəyərləndirilmişdir: «Yazıçının elə bir hekayəsi yoxdur ki, orada (istər müəllifin, istərsə də tiplərin dilində) atalar sözlərindən istifadə edilməsin».
O, təsvir etdiyi hadisənin canlı çıxması və fikrin qüvvətli olması üçün atalar sözlərini yerli-yerində işlətmişdir. Məsələn: kəndli surətlərinin dilində işlədilən «Palaza bürün, ellə sürün», «Qonaqdan qaçan düşmənin olsun» atalar sözləri onların xarakterlərini daha da aydınlaşdırır. «Kənd uşaqları», «Dərviş Nurəli», «Xan nə xan», «Gözəl», «Aşıq üz görən yerdə», «Dinsizin öhdəsindən imansız gələr», «Qaynana xayın ana», «Dinmi, unmu» kimi hekayələrində də atalar sözü və məsəlləri çoxdur». (5, s. 137-138).
Ayrı-ayrı tiplərin dilində işlədilən atalr sözləri tipin məqsəd və xasiyyətinin müəyyənləşməsində əsas amil rolunu oynayır.
Bundan başqa araşdırmaçı yazıçının hekayələrində mahnılar, bayatılar, aşıq sözləri və laylalardan istifadə məsələsinə də əhəmiyyətli yer ayırmış və tədqiqatçı belə bir qənaətə gəlmişdir ki, E.Sultanov bu sənətkarlığı ilə hekayə dilinin zənginləşməsinə xidmət göstərmişdir.
Eynəli bəyin dilimizin saflığı uğrunda apardığı mübarizədəki rolu da tədqiqatda işıqlandırılmışdır. «Hər bir yazıçı öz ana dilini kamil bilməli, öz əsərlərini aydın və sadə yazmalıdır, çünki xalqın böyük əksəriyyəti bu dildə bir-biri ilə ünsiyyət saxlayır. Buna görə də başqa dillərdə olan anlaşılmaz ifadələri ana dilimizə daxil etmək istəyən yazıçılar öz millətinə nəinki fayda, bəlkə ziyan vururlər» fikrində olan ədib bu işdə mollanəsrəddinçilərin dil uğrundakı mübarizəsinə qoşulmuş və ömrünün sonunadək bu prinsipə sadiq qalmışdır.
Bütün bunlarla yanaşı tədqiqatda Eynəli bəy Sultanov yaradıcılığına xas olan novatorluq, ənənəyə sadiq, sadəlik, sözdən qənatələ istifadə, süjet qurmaq, portret yaratmaq kimi sənətkarlıq xüsusiyyətləri üzərində dayanılmış və qaranlıq məqamlara ədibin yaradıcılıq nümunələri əsasında aydınlıq gətirilmişdir.
Əsərin üçüncü fəsli ədibin «Elmi-siyasi publisistikası»na həsr olunmuşdur ki, burada da dövrünün görkəmli publisisti klmi-siyasi publisistikasının əsas məqsədi, sənətkarlıq xüsusiyyətlərinə aydınlıq gətirilimişqdir.
1887-ci ildən publisist kimi fəaliyyətə başlayan Eynəli bəy ömrünün sonunadək bu sahədəki fəaliyyətinə sadiq qalmışdır. «Zakavkazye», «Kavkaz», «Novoe obozreniye», «Dan ulduzu», «Qızıl şəfəq», «Zakavkazskaya reç», «Kaspi» və s. mətbuat orqanlarında 300-ə yaxın publisist yazı ilə çıxış edən Eynəli bəy «… ağır məhrumiyyətlərə düçar olan, rus çarizminin müstəmləkəçilik boyunduruğu altında inləyən doğma xalqının faciəli həyatını başqa xalqlara, birinci növbədə rus xalqına və onun qabaqcıl adamlarına daha yaxından çatdırmaq məqsədi ilə rus mətbuatında da iştirak etməyə əhəmiyyət verirdi» (5, s.151).
Bu fəsildə də araşqdırmaçı ədibin şifahi xalq yaradıcılığı sahəsindəki toplayıcılıq və tədqiqatçılıq fəaliyyətini bir daha işıqlandırmışdır.
Eynəli bəyin publisistikasını dövrləşdirən tədqiqatçı, hər dövrün publisistik yazılarında problem kimi ortaya qoyulan başlıca məsələləri və bu məsələlərin həlli yollarını, nəticələrini təhlil etmişdir.
Bədii yaradıcılığında olduğu kimi, publisistikasında da insan amilinin öndə olması, xalqının, millətinin zillətdən qurtarılıb firavan yaşama çatdırılması amalının Eynəli bəy Sultanovun istər yazıçı, istərsə də publisist kimi əsas yaradıcılıq amalı olması ortaya qoyulmuşdur.
Daxili və xarici düşmənlərə qarşı qələmi ilə mübarizə aparan Eynəli bəyin analitik publisistik yazıları dövrün bütün çatışmazlıqlarına, ədalətsizliklərinə, bir sözlə real həyat məsələlərinə həsr olunmuş və bu məsələlrin həlli yolları axtarılmışdır. Tədqiqatçı-alim İzzət Maqsudov sistemli bir şəkildə araşdırma aparmış və ədibin yaradıcılığının ədəbi ictimaiyyətə tanıdılması yeni tədqiqatların aparılması istiqamətində uğurlu və ilk addım atmışdır.
Əsər ədəbiyyatşünaslıq elmimizdə yüksək qiymətləndirilmişdir. Akademik İsa Həbmbbəyli yazır ki: «Əslndə İzzət Maqsudovun tədqiqatından sonra bir yazıçı və publisist kimi Eynəli bəy Sultanovun varlığı geniş ictimaiyyətə bəlli olmuşdur» (4, s. 175).
Məhz bu tədqiqat iri həcmli olmasa da, bir sıra tədqiqatların aparılması üçün ipucu olmuşdur. Əsərin sonunda verilən E.Sultanovun əsərlərinin biblioqrafiyası isə mənbəşünaslığımız üçün böyük əhəmiyyət daşıyır.
Tədqiqatın ardınca 1966-cı ildə İzzət Maqsudovun tərtibi və A.Zamanovun redaktorluğu ilə E.Sultanovun «Seçilmiş hekayələri» Azərnəşr tərəfindən nəşr olunur. A.Zamanovun müqəddiməsi ilə çap olunan kitabçaya ədibin 20 – 30-cu illərdə yazdığı və «Yeni fikir», «Yeni yol», «İşıq yol» qəzetlərində və «Dan ulduzu» jurnalında çap olunan hekayələri daxil edilmişdir.
Abbas Zamanovun «Eynəli bəy Sultanov (1863-1935)» adlı müqəddiməsi isə ədibin həyat və yaradıcılığının tədqiqi istiqamətində atılmış daha bir addımdır. Bu məqalə 1966-cı ildə «Ədəbiyyat və incəsənət» qəzetində yayımlanır.
Tədqiqatlar, axtarışlar aparıldıqca, yeni arxiv materialları və faktlar aşkarlandıqca, yeni tədqiqatların aparılması üçün əsas yaranır. Hər bir araşdırma yeni bir araşdırmaya yol açır. 1967-ci ilə professor Abbas Zamanov «Əməl dostları» adlı 3 hissədən ibarət olan elmi-tənqidi bir yazı ilə çıxış edir.
Məqalənin I hissəsi «Eynəli Sultan və başqaları» adlanır. Bu bölümdə C.Məmmədquluzadənin sənət və yaradıcılıq taleyində həlledici rol oynayan Eynəli bəy Sultanovun ictimai fəaliyyətinin əhatə dairəsi, mühiti, müasirləri ilə olan məslək, əqidə dostluğuna güzgü tutulmuşdur. Professor A.Zamanovun haqqında bəhs etdiyimiz hər iki məqaləsi sonradan alimin 1979-cu ildə «Əməl dostları», 1985-ci ildə isə «Sabir bu gün» kitablarına daxil edilərək ədəbi ictimaiyyətin diqqətinə çatdırılmışdır.
1973-cü ildə Ə.İsgəndərova «Elm və həyat» jurnalının 12-ci sayında «Sənət fədaisi» adlı məqalə ilə çıxış edir. Bu yazını da ədibin həyat və yaradıcılığının araşdırılması və təbliği yolunda müəyyən əhəmiyyətə malik olduğueu vurğulamaq olar.
Əli Sultanlı, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov, Müzəffər Nəsirli, Vilayət Quliyev, İsa Həbibbəyli, Xeyrulla Məmmədov, Əli Xəlilov, Əflatün Məmmədov, Abbas Hacıyev, Aidə Feyzullayeva və başqalarının arpaşdırmalarında da Eynəlibəy Sultanovun tərcümeyi-halı, bədii-publisist irsi və teatrla əlaqədar fəaliyyətlərinə diqqət yetirilmişdir (4, s. 175).
1982-ci ildə Əsgər Qədimov filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün ««Zakavkazye» qəzetində Azərbaycan ədəbiyyatı məsələləri (1906-1914-cü illər)» adlı tədqiqat əsərini müdafiə edir. Tədqiqat əsərində «Zakavkazye» qəzetində Azərbaycan ədəbiyyatı və mədəniyyəti məsələləri ilk dəfə olaraq araşdırılmış, Azərbaycan ziyalılarının «Zakavkazye» qəzetindəki fəaliyyəti, onların qarşılıqlı ədəbi-mədəni əlaqələrin inkişafındakı rolu və xidməti yeni faktlar əsasında təhlil edilib qiymətləndirilmişdir.
Azərbaycan teatr və dramaturgiyasına, klassik ədəbiyyatına aid yeni və zəngin elmi faktları aşkarlayıb şərh edən tədqiqatçı-alim rus ziyalılarının Azərbaycan ədəbiyyatından, Azərbaycan ziyalılarının isə Şərq xalqları ədəbiyyatından rus dilinə etdikləri bədii tərcümələri, eləcə də opera sənətinə və mətbuat tariximizə dair yeni materialları tədqiqata cəlb etmişdir. Tədqiqata cəlb olunan materiallar içərisində Eynəlibəy Sultanovun yaradıcılığına dair qiymətli materiallar vardır.
Görkəmli publisist Eynəlibəy Sultanovun qəzetin fəal iştirakçısı və müxbiri olması, qəzetin ideya-siyasi və ədəbi istiqamətində müstəsna rol oynamasına əsaslı sübut qəzetin səhifələrində onun 200-dən artıq ədəbi-publisist məqaləsinin, müxbir məktubu və xronikaları dərc olunmasıdır.
E.Sultanov ifşaedici məqalələrinin bir qismini məktub janrında qələmə alırdı. …Jurnalistikanın bu janrı E.Sultanovun «Zakavkazye»dəki publisist fəaliyyətində geniş yer tuturdu. «İzvestnıy», «Abd-ul-Millət», «E.S.», E.Sultanov irticanın ən dəhşətli dövründə belə «Zakavkazye»nin səhifələrində xalq kütlələrindən hakim siniflərin özbaşınalığına dözməməyi, mənfur çarizmdən mərhəmət və doğruçuluq gözləməməyi tələb edirdi. (3. s. 53).
Dissertasiya işinin hər üç fəsilində yeri gəldikcə qəzetin bu fəal müxbirinin yaradıcılığı geniş şəkildə tədqiqata cəlb olunaraq araşdırılmış, yeni faktlar üzə çıxarılmışdır. ««Zakavkazye» qəzetində Azərbaycan ədəbiyyatı məsələləri» adlanan ikinci fəslin «Bədii tərcümələr» adlanan bölümündə isə tədqiqatçı tərəfindən ilk dəfə olaraq Eynəlibəy Sultanovun Şərq ədəbiyyatındakı etdiyi tərcümələr geniş şəkildə təhlilə cəlb olunmuş, ədibin tərcümə sənətkarlığı yüksək dəyərləndirilmişdir. Əsas Əsgər Qədimovun tədqiqatının elmi məziyyəti və əhəmiyyətindən biri də tədqiqatçının özündən əvvəl yazılmış bir sıra tədqiqat əsərlərinə münasibətini bildirməsidir. Tədqiqatçı İzzət Maqsudovun «Eynəlibəy Sultanovun həyat və yaradıcılığı» adlı namizədlik dissertasiyasına da tənqidçi münasibətini bildirmiş, tədqiqatın müsbət və mənfi tərəflərini açıqlamışdır.
Bir sözlə bu gün filologiya elmləri doktoru kimi səmərəli elmi fəaliyyətini uğurla davam etdirən Ə.Qədimov hələ 1982-ci ildə yazdığı bu tədqiqat əsəri ilə təkcə «Zakavkazye» qəzetinə deyil, bütövlükdə ədəbiyyatımızın bir çox nümayəndələrinin yaradıcılıqlarının görünməyən yönlərinin üzə çıxarılmasına xidmət göstərmişdir.
XIX əsrin sonu – XX əsrin əvvəlləri ədəbi mühitimizi, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığını tədqiq edən araşdırmaçılar Eynəlibəy Sultanovun da yaradıcılığının bu və ya digər yönlərinə aydınlıq gətirməyə çalışmışlar.
Akademik İsa Həbibbəylinin «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı doktorluq dissertasiyasında, eləcə də 1997-ci ildə işıq üzü görən eyni adlı kitabında zəngin arxiv sənədləri və dövri mətbuat materialları əsasında XIX əsrin ikinci yarısında XX əsrin 30-cu illərinə qədərki dövrünün dolğun mənzərəsi canlandırılmış, böyük Mirzə Cəlil tək deyil, mühiti və müasirləri ilə birlikdə tədqiq olunmuşdur. Tədqiqatda Eynəli bəy Sultanovun da çoxcəhətli ədəbi-elmi, bədii və publisist yaradıcılığını işıqlandırmışdır.
Görkəmli akademik Eynəli bəy Sultanov irsinin araşdırılması sahəsindəki fəaliyyətini bununla bitirməmişdir. 2004-cü ildə Eynəlibəy Sultanov (1866-1935) adlı geniş həcmli məqaləsində ədibin mətbuat, ictimai-mədəni mühitində və bədii yaradıcılıq sahəsindəki fəaliyyətini araşdırmış və elmi əhəmiyyətini dəyərləndirmişdir. Məqalə akademikin 2007-ci ildə işıq üzü görən «Ədəbi-tarixi yaddaş və müasirlik» adlı kitabına daxil edilmişdir.
İsa Həbibbəylinin 2008-ci ildə Azərbaycanda azərbaycanca və Rasiyada rusca çap olunan «XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı» adlı kitabında XX əsr Azərbaycan yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslarının həyat və yaradıcılıqlarının əsas mərhələləri, bioqrafik mə`lumatlar verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda Eynəlibəy Sultanov haqqında da mə`lumatlar yer almaqdadır.
Daha bir sistemli tədqiqat əsərindən geniş və ətraflı bəhs etmək lazımdır. Bu 1991-ci ildə tədqiqatçı İradə Əsədovanın yazdığı «Enyəlibəy Sultanovun yaradıcılıq yolu» adlı namizədlik dissertasiyasıdır (6). Tədqiqat əsərində E.Sultanovun ədəbi irsi tədqiqat obyekti olraq seçilmiş, ədibin əlyazmaları araşdırılmışdır. Ədibin yaradıcılıq yolu, ədəbi-tənqidi görüşləri onun əsərləri əsasında araşdırılımş, əsərlərin əsas xüsusiyyətləri açılmış, bədii-təsvir vasitələrindən istifadənin xüsusiyyətləri aydınlaşdırılmış, Eynəlibəyin rus dlinə etdiyi bədii tərcümələrin təhlili aparılmışdır. Əvvəlki tədqiaqtlardan fərqli olaraq bu araşdırmada ilk dəfə olaraq yazıçının yaradıcılığının ümumi prinsipləri tədqiq olunmuş, arxiv sənədləri əsasında onun həyatının bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirilmişdir.
Tədqiqatda Eynəlibəy Sultanovun teatr sahəsindəki tənqşidçilik fəaliyyəti, eyni zamanda tərcüməçilik fəaliyyəti əsaslı və hərtərəfli şəkildə tədqiqata cəlb olunmuşdur.
Əsərin «Enyəlibəy Sultanovun publisistikası» bölməsi ədibin təkcə «Novoye obozreniye», «Kaspi», «Zakavkazye», «Zakavkazskaya reç» qəzetlərincdə dərc olunmuş yazıları əsasında deyil, eyni zamanda «Gürcüstan», «Kavkaz», «Novosti Zakavkazye», «Kavkazskoye slovo» və s. mətbuat orqanlarında işıq üzü görmüş məqalələri, qeydləri və resenziyaları əsasında yazılmışdır.
Daha bir müsbət məziyyət isə E.Sultanovun rus dilində yazılmış hekayələrinin ilk dəfə olaraq Azərbaycan variantları ilə müqayisəli şəkildə araşdırılması olmuşdur. Aparılan tədqiqatda Eynəli bəy Sultanovun yaradıcılıq yolu şərti olaraq 3 mərhələyə: I mərhələ ( 1883 – 1907); II mərhələ (1907 – 1920); III mərhələ (1920 – 1928) bölünmüş və hər mərhələnin özünəməxsusluqları tədqiq olunmuşdur. Bu tədqiqat əsəri görkəmli ədibin çoxşaxəli yaradıcılığının sistemli şəkildə öyrənilməsi sahəsində atılmış ikinci addımdır.
Aparılan araşdırmalar göstərir ki, ədibin çoxşaxəli yaradıcılığının sistemli elmi-tədqiqi üçün görülən işlər və aparılan tədqiqatlar kifayət etmir. Hələ də aaşrdırılmalı məsələlər çoxdur. Bunlardan biri də ədibin folklor sahəsindəki toplayıcı və araşdırıçı kimi səmərəli fəaliyyətidir. Bunu nəzərə alaraq görkəmli akademik İsa Həbibbəylinin təklifi və təşəbbüsü ilə gənc tədqiqatçı Elxan Yurdoğlu ədibin folklor sahəsindəki fəaliyyətini araşdırmaya cəlb edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün tədqiqat aparır. Hesab edirik ki, gənc tədqiqatçı ədibin çoxcəhətli ədəbi-elmi fəaliyyətinin bu istiqamətinə aydınlıq gətirəcəkdir. Aparılan bu tədqiqat da yeni tədqiqatların aparılması üçün zəmin hazırlayacaqdır.
Ə D Ə B İ Y Y A T
1. Məmmədquluzadə C. (Molla Nəsrəddin) felyetonlar, Məqalələr, Xatirələr, məktublar. – B.: 1961. – 1017 s.
2. Султанов Е. Заключительное слова народу мусульманскому // Закавказье, 1907, 18 сентябрь.
3. Qədimov Ə. «Zakavkazye» qəzetində Azərbaycan ədəbiyyatı məsələləri. (1906-1914-cü illər) – namizədlik dissertasiyası – B., 1982, 248 s.
4. Həbibbəyli İ. Əbədi-tarixi yaddaş və müasirlik – B.: Nurlan, 2007, 696 s.
5. Maqsudov İ. Eynəli Sultanovun həyat və yaradıcılığı: namizədlik dissertasiyası. – B., 1963. – 225 s.
6. Асадова И. Творческий путь Эйнали бека Султанова: автореферат. – Б., 1991, – 29 с.
Fərqanə Kazımova
Filologiya elmləri namizədi, dosent
Redaktordan: Bu və rəhmətlik Fərqanə xanım Ramiz qızı Kazımova haqqında digər materialları lütfkarlıqla bizə təqdim etdiyinə görə NDU-nin ədəbiyyat kafedrasının baş laborantı Cənnət xanım Qasımovaya dərin minnətdarlığımızı bildiririk.