Dil Dövlətin əsas rəmzlərindən biridir və birincisidir!

Print Friendly, PDF & Email

Aqillər  dilin doğmalığı  barədə elə gözəl fikirlər, hikmətlər söyləyiblər ki, o kəlamların hər biri insanın qəlbini diqqətə gətirir, onu öz elinə, öz dilinə daha sıx tellərlə bağlayır. Deyirlər: “Bir xalqı məhv etmək istəsən, onun dilini əlindən al!”

          Ulu Öndərimiz Heydər Əliyevin tez-tez söylədiyi bir ifadə var idi:”Hər bir xalqın Milli mənsubiyyəti onun Milli qürur mənbəyidir!”

          Məhz Milli mənsubiyyəti… Millilik isə ilk növbədə doğma dilinin saflığı deməkdir. Öz doğma dilində saf, səlist danışa bilməyən bir vətəndaşdan hansı vətənpərvərliyi gözləmək olar? Onun hansı xalqın numayəndəsi olduğunu, hansı milləti təmsil etdiyini necə təyin etmək olar? Dil ən yaxşı ünsiyyət vasitəsidir. Bu şərtlə ki, danışarkən sözün dəyəri, əyarı qiymətdən düşməsin. Doğma dilində danışan bir insanın nitqində işlənən əcnəbi sözlər laləli çəmənlikdə bitən alaq otlarına bənzəyir.

          Doğma dil elə bir çıraqdır ki, onun şöləsi çox uzaq məsafəni də nura qərq edə bilir.

Hər bir xalqın danışıq dilinə ehtiram göztərmək mütləqdir, amma öz doğma dilinin saflığının keşiyində dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur.

Deyirlər:”Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur.” İnsanın tam xoşbəxt olması üçün doğma Vətəni, doğma dili olmalıdır. Başqa xalqların dilində “doğma dil” adlanan bir amil Azərbaycanda ANA DİLİ adlanır. Bu danışıq dili anaların, nənələrin beşik başındakı laylaları ilə, oxşama və əzizləmələri ilə canımıza, qanımıza höpur, ruhumuza süzülən şirin kəlmələr beynimizdə kök salır. Şərqin əvəzsiz filosofu Sədi Şirazi deyib:

 

                    “Əgər bir müəllim olsa bədəsil,

                      Yetişdirə bilməz bəxtiyar nəsil!”

 

Həqiqətən bir müəllim şagirdlər və tələbələr qarşısında danışığında yad sözlərdən, əcnəbi kəlmələrdən istifadə edərsə, o sabah öz yetirməsindən saf dildə danışmağı necə tələb edə bilər? Belə halda deyirlər:”Həyata keçirilməyən ideya sabun köpüyünə bənzəyir.”

Dilimizin saflığının keşiyində dayanmağı övladlarımıza dünyaya gələn gündən, daha sonra məktəbəqədər uşaq müəssisələrindən aşılamaq lazımdır. Azərbaycanda az ailə tapılar  ki, orada evin xanımına “Ana”-deyə müraciət etsinlər. “Mama” kəlməsi dilimizə elə yapışıb ki, ondan yaxa qurtara bilmirik.

Azərbaycan dilində çox gözəl, ülvi bir kəlmə də var:”Şəfqət bacısı”…

Amma bütün tibb ocaqlarında bu vəzifəni yerinə yetirənlərə “Medsestra” deyə müraciət edirlər. Bu “medsestralar” da öz vəzifələrini  dərman verib,  iynə vurmaqla bitmiş hesab edirlər, şəfqət göztərmək isə yaddan çıxır…

Amma bəzən heç bir dərmanın əlac edə bilmədiyi xəstəliyə şirin dil, isti münasibət, ülvi şəfqət əlac edə bilir. İlk növbədə şirin dil!

Hər bir vətəndaş öz evində, öz ailəsində dilimizin saflığının keşiyində dayanarsa, o, cəmiyyət üçün layiqli insanlar yetişdirə bilər.

Bu məqamda Sədinin bir fikrini də yada salmaq yerinə düşərdi:” Mənimlə vəziyyətinə görə yox, ləyaqətimə görə rəftar et!”

Doğma  dilinin saflığını qorumaq, elə ləyaqətli insan olmaqdan irəli gəlir.

Azərbaycan dili çox zəngindir. Eyni  növdən olan güllərin müxtəlif rəngləri olduğu kimi Azərbaycan dilində də hər kəlmənin bir neçə sinonimi mövcuddur.

Məsələn, oturmaq ifadəsi.

Pişik oturur, it şöngüyür, quş qonur, insan əyləşir.

Dilimizin qüdrətini, qiymətini övladlarımıza aşılaya bilsək,  sabah onlar da öz ailələrində bu vacib meyarı qoruyub saxlaya bilərlər.

Müasir dövrün ən mühüm tələblərindən biri budur ki, gənclər bir neçə dildə sərbəst danışa bilsinlər, amma  öz doğma dillərinin saflığını da qoruyub saxlamağı bacarsınlar.

Təqdirə layiq haldır ki, Azərbaycana gələn hər bir rəsmi qonaq da xalqı məhz Azərbaycan dilində salamlayır.

Aqillər gözəl deyib:”Sən özünə qiymət qoymasan, kənardan gələn səni dəyərləndirməz!”

          “Ana dilim, can dilim, adına qurban dilim,

           Danışanda bal dadır, bu Azərbaycan dilim!”

                                                               (G. Munis.)

Vətənpərvər və üsyankar şairimiz Xəlil Rza Ulutürk nəcə də gözəl deyib:

“… mən dönmərəm dilimdən, doğransam dilim-dilim!”

 

                      Gülarə Munis. Şairə-publisist.

Redaktordan:

Aşağıda Gülarə Munisin “Divan”ından üç şe`rini diqqətinizə təqdim edirik. Burada  Azərbaycan dilinin möhtəşəmliyi, rəvanlığı,ecazkarlığı fikri-məntiqi dəqiq ifadə etmək xüsusiyyətlərini görə bilərik:

 

Tarixdə həmişə qəzəlxan kişilər     

 qadınları vəsf edib, bir dəfə də

 kişilər vəsf olunsun.

                                            

                                                Bu hünər meydanını fəth edəcək nər kişilər,

                                                Bəlli ki, fəth eləməkçün tökəcək tər kişilər.

 

                                                Düşsə fürsət əlinə düşməni yeksan edəcək,

                                                Babəki mat qoyacaq cəngdə əsgər kişilər.

 

                                                İçəcək şövüilə bir gün o zəfər badəsini,

                                                Çünki, rəhbərlik edir orduya rəhbər kişilər.

 

                                                Sevəcək bir gözəli qeyriyə baxmaz gözucu,

                                                Bir könül sahibini heyran edən ər kişilər.

 

                                                Çox qadınlar sözünü səpdi hədər dünyadə,

                                                Deyəcək öz sözünü sonda dilavər kişilər.

 

                                                Bəzisi yazdığını höccələyir dəftərdən,

                                                Torpağ altında yatır çox sinədəftər kişilər.

 

                                                Munisin yazdığı layiqdi ki, zər qiymətinə,

                                                Gətirib şe`rinə qiymət qoya zərgər kişilər.

 

                                                                                                                   19.12.2003.

 

                                                                        *****

                                                Ey salan qovğa-ədavət, millətimdən çək əlin,

                                                Qan töküb batdın günaha, sərvətimdən, çək əlin.

 

                                                Niyyətin dövlət yaratmaq, məqsədin işğalçılıq,

                                                Hiylə ilə dövlət olmaz, dövlətimdən çək əlin.

 

                                                Qeyrətə bir əl uzansa, kəsməli-doğranmalı,

                                                Söyləməz dünyadə heç kim “qeyrətimdən çək əlin”.

 

                                                Nərə çəksə, nərəsindən titrəyər Ağdam-Şuşa,

                                                Hökm edər bir gün Pənah xan “cənnətimdən çək əlin”.

 

                                                Heç görünmə böylə məzlum, qismətin olmaz zəfər,

                                                Qismətim bir gün zəfərdir, qismətimdən çək əlin.

 

                                                Millətim coşmuş qəzəbdən, kükrəyir cismində qan,

                                                Od saçır Munis dilindən: “millətimdən çək əlin”.

 

                                                                                                               12.08.2000.

                                                                           ***

                                                Qüssədən divanə ollam gəlməsən,

                                                Qəlb  evi qəmxanə ollam gəlməsən.

 

                                                Gözlərəm, könlüm qan ağlar gizlicə,

                                                Sanma ki, biganə ollam gəlməsən.

 

                                                Getsə əqlim öz tutub səhralərə,

                                                Qeys ilə həmxanə ollan gəlməsən.

 

                                                Gəl ki, həsrət yıxmasın söz mülkünü,

                                                Söz evi vuranə ollam gəlməsən.

 

                                                Şəm yanar, mən yanmaram ta sübhəcən,

                                                Gözləyən pərvanə ollam gəlməsən.

 

                                                Munisin hər an xəyaldır həmdəmi,

                                                Göz yaşı dürdanə ollam gəlməsən.

 

                                                                                                         04.08.2004.

                         Gülarə Munis

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.