Dərviş Cavanşir – Cavanşir Eloğlu

Print Friendly, PDF & Email
Dərviş Cavanşir – Cavanşir Eloğlu – Elinin, Vətəninin oğlu Məmmədov Cavanşır Musa oğlunun bu gün 61 yaşı olacaqdı… Hələ vəfatından 40 gün keçməyib. Əlimizdəki imkanlar daxilində yazıçı dostu Əlabbasın 10 dekabr 2010-cu il tarixli yazısını diqqətinizə təqdim edirik. Sağ olsun Əlabbas müəllimi ki “SAĞLIĞINDA” onun şəxsiyyətinə, yaradıcılığına, talantına, dərvişliyinə qiymət verə bilmişdir. Şükürlər olsun ki, onun sağlığında mərhum Məhərrəm Zamanın köməyi ilə bizə də onu tanımaq qismət olmuşdur və övraqımızda şair-filosof Dərviş Cavanşir adlı yazını 08 iyul 2013-cü ildə yerləşdirmişdik.
Tanıyanları Əlabbas müəllimi bu xeyirxah işinə – Elin Oğlu Cavanşirin xatirəsini yad etməyə dəvət edirik…
“AqRa” EİDİB 

 

Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına,

Qoy dolanım, Vətən, sənin başına

 Deməsinlər, pərvanəsi çatışmır.

Dərviş qiyafəli şerlər 

(http://kulis.az/news/7612)

Bineyi-qədimdən ona Cavan demişəm, hərçənd  heç cavan gününü görmədim. Otuz-otuz beş il əvvəl olduğu kimi, günü bu gün də   canla  cavanlıq eləməyindən əl çəkmir ki, çəkmir.  Amma indi ona bu adla müraciət etsəm, üzə vurmasa da, qəlbində inciyər; nə vaxtdandı bir dərviş həyatı yaşayır və deyir, təxəllüsünə çevrilmiş bu ismi ona böyük mürşidi Əbülfəz bəy verib. Fəziləti nədədi Dərviş adının, bilmədim, bəlkə, bunu aramağa  bir gərək də yox, intəhası bu dünyanın daşı necə qoyulubsa, tərs kimi  bir çox şey elə  addan başlanır… Məni çaşdıran da odu ki, bu gün Dərviş adına iddia edənlərin sayı bir deyil, beş deyil, nağdı üçünü  mən tanıyıram: Vəli Xramçaylı, Murad Köhnəqala, Cavanşir Eloğlu… Amma Tofiq Qaraqayanın, Alhüseyn Cavadoğlunun, Əlizadə Nurinin, Əlisəmid Kürün, Şaiq Vəlinin, Adil Mirseyidin, Kəmaləddin Qədimin,  Yafəs Türksəsin, Aydın Uluxanlının, Səməd Qaraçöpün,   Rəfail İncəyurdun, Hüseyn Bağıroğlunun,  Əhməd Oğuzun  bizim  Dərvişlərdən  fərqi nədədi, onu da ayırd eləyə bilmirəm. Bəlkə,  buna görə hərdən elə bilirəm, şairlik də elə bir cürə dərvişlikdi! Yaxud əksinə,  dərvişlik elə şairlikdi, əsl şair işidi.  

                              ***

Bir yarpaq  xatirə: 1976-cı ildi. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində  Əkrəm Əylisli və Ramiz Rövşənlə görüş keçirilirdi. Sona yaxın  qara sağanaqlı eynəyini  alnının ortasınacan  qaldıran  dərvişlibaş    bir tələbənin xitabət kürsüsündən  gələn səsi az qalır pəncərənin lay şüşələrini  yerə töksün:           

                Qurban olum torpağına, daşına,

                Qaldır məni Əlincənin qaşına,

               Qoy dolanım, Vətən, sənin başına

               Deməsinlər, pərvanəsi çatışmır.  

Ramiz Rövşən olan yerdə şer oxumaq? Özü də otuz il əvvəl? Bəlkə də, o vaxtkı o gurultulu alqışlar məhz hər oğulun edə bilmədiyi  cəsarətin layiqli dəyəri olduğu üçün yaddaşımda belə ilişib  qalıb?…

Görüş başa çatar-çatmaz, söz-sənət fakültəsinin bahadırları   məşvərtə başladı, nə başladı… Qatı siqaret tüstüsündə daha hansı fikirlər qaldı səslənməsin: «əla təbi var, vətən təəssübünü yaxşı poetikləşdirib, pərvanə məsələsi də lap yerinə düşüb, amma azca pafos var,  qaça bilsə ondan, əvəzi olmayacaq» və s və i…    

Bax belə… Öz sufi inancı ilə  əksəriyyətdən fərqli olaraq  indi təxəllüsü adından da əvvəldə gələn Cavanşirin dərvişlik deyibən yol başladığını sözdən, sənətdən az-çox başı çıxan öz tay-tuşları  da hələ o vaxt duymuşdular.    

***      

Qarşımda bir kitab var: «Haqdan yanan bir çırağam»  Son illərdə işıq üzü görüb. Mənim üçün qətiyyən maraqlı deyil ki, bir-birindən dəyərli şeirlər salınmış  bu toplu, müəllifinin neçənci kitabıdı, əslində bu elə bir əhəmiyyət də kəsb eləmir,  heç Vətən haqdakı o məşhur şeir  də bu kitaba daxil edilməyib, amma çox dəqiq inamımdı ki, Cavan sözün köynəyindən məhz o şeirlə keçmişdi və niyəsə o yaddan çıxmayan günlərə qayıtdıqca elə sanıram ki,  Əkrəm müəllimlə Ramiz Rövşən də  o gün o təntənəli mərasimə yaradıcılıq fakültəsinin tələbələri ilə görüşdən də əvvəl, məhz  özünü  sənətdə sınamaq istəyən   bir növcavanı sözün köynəyindən sağ-salamat keçirməyə gəlmişdilər. O illər o qisim xeyr-dualar təzəcə qələmə sarılan hər bir yeniyetmə üçün  açılan qapılar demək idi. Özü də necə qapılar?!… Yaxşı ki, adam şəklində, insan cildində olan o cür qorxunc və bədheybət qapılardan yoxdu daha… yoxdu… Bəlkə də,   o qapılar olmasaydı, bu gün səksənincilərin  sırası daha sıx, daha nizamlı və mətin olardı.

O yandan da Şəhriyar, Bəxtiyar,  Xəlil kimi ustadlardan çəkinməyib Vətəni o cür pafosla vəsf eləmək?!…  Bu da hər kəsin  hünəri deyildi. Guya, o bilmirdi, çox uzağı demirəm, elə öz çağdaşları, tutalım, poeziyanın patriarxlarından sayılan Məmməd Araz   Vətən adı çəkiləndə  dodağı dörd bölünənlərdəndi?              

                   Heç bir mükafatın yetmədi  mənə,

                   Bircə «sağ ol»un da bəsimdi, Vətən.

                   Bəsimdi  hər səhər təltif yerinə,

                   Qapımda küləyin əsibdi, Vətən.

 

Yainki əyalətdə  yaşayan Musa Yaqubun  istəyi, təmənnası, umacağı  nədi?              

                  Bəlkə də, borcundan çıxmadım, Vətən.

                 Ömür bahar deyil, bir də qayıtsın.

                 Öləndə qoynunda qoy  ölüm ki, mən

                 Çürüyüm, bir ovuc  torpağın  artsın.

    

Az qala elə öz yaşıdı Sabir Rüstəmxanlının baxdığı yerlərdən Vətənin bir ayrı görünüşü, bir ayrı şəkli də var:      

                    Hadinin şeir bazarıdı,

                    Füzulinin qürbətdəki məzarıdı.

                    Taleyin ələnən ələyidi.

                    Durna lələyidi.

                    Araz hörüyündən

                    kəməndə düşmüş   Sevildi.

                    «Ənəlhəqq» harayıdı.

                    Ələsgərin sazıdı.

                    Qədim əlyazmasıdı.

                    Dahilər boylanır sətirlərindən

                    Vətən! Vətən!       

   

Bir teştin xəmiri olan bu şeirlərin  dadı, tamı kimi, elə mayası ilə suyu  da bir ilham çeşməsinin gözündən  götürülüb.  Hər halda faktdı ki, o şer az vaxt içərisində 70-ci illərin ikinci yarısının dəbdə olan, indiki ifadə ilə demiş olsaq, ən bərkgedən şeirlərindən birinə çevrildi.     

 

O vaxt o şeiri Cavanşir Eloğlu yazmışdı, bu şeiri isə Dərviş Cavanşir yazıb:                

                  Tənha, yalqız bir ulu yurd,

                  Bir mən qaldım, bir quru yurd

                  İçimdə boz qurd uluyur,

                  Çölümdə quzu mələşir…

 

  Bunu da:      

                  Gizlədərəm, özgə bilməz,

                  Çəkərəm gizlicə, bilməz.

                  Min ağıllı çəkə bilməz

                  İndi bir dəli dərdimi.

 

  Bunu da:                      

                Gözüm könlümə aynadı…

               Fələk balamı aldadır,

               Qazanımda daş qaynadır,

               Daşdan çıxır çörəyim də…

 

    Bunu da Dərviş yazıb:

             Köhnə yaram qövr edir, bağrım olur qan gedir,

             Neçə təxti-Süleyman əlində fərman gedir,

             Saxlayın bu karvanı… məndə olan can gedir,

             Çərxi dönsün fələyin, bu nə gərdişdi, keçir?

 

                                                        ****

 Mən bu adamı başdan-binadan dərviş libasında görmüşəm. Dəli könlü havalananda da, hətta «bir solan yarpağa söz demək taqəti olmayanda» da… Bəlkə də,  ondandı ki, qələmindən çıxan nə varsa, bu gün də gözümə dərviş qiyafəsində dəyir, onu həmişə tünlüklərdən, cahıl yığnaqlarından gen gəzən, qərib görürəm. Lap dost-doğmalar arasında, izdiham içində  olanda da…    Burda heç o fikir yadıma da düşmür ki,  şairin sinnini onun şeirlərinin yaşı təyin edir. Ona qalsa, Eloğlu dünənin uşağı olmalıdı. 76-cı il bəyəm belə uzaq bir tarixdi.  Gördüyüm, bildiyim odu ki, Cavan özünü həmişə bu poeziyanın ögey və qərib balası sanıb. Nəinki tənqidçi və tədqiqatçılar, ən yaxın dostları belə unudub ki, bu adamın neçə yaşı var, hardadı, nə işlə məşğuldu, günü-güzəranı necə keçir? Bax sorğu-sualın bu yerinə çatanda dərvişlik mənimçün təkcə şairliyin yox, elə insanlığın da, ömrün də  bir ali məqamına çevrilir.

Bu adam otuz-otuz beş il əvvəl olduğu kimi, başını aşağı salıb öz işini görür, yazı-pozusu ilə vaxt keçirir, heç xəbəri də yoxdu ki, ondan min dəfə yaxşı günü, dirriyi olanlara hardasa təqaüd verirlər, az da olsa bir diqqət göstərirlər. Eşidəndə də gülür, heyrətdən gözləri dörd olur, deyir, dostlar zarafatcıl olub gediblər, elə də şey olar?  

Bu yerdə şübhəmi qalar ki,  «mən qəribin qardaşıyam» kəlmələrini gec-tez  ağ vərəq üstə gətirən də elə o duyğu olmayıb?

            

                            Hörün məni divarlara,

                            Divarlar uca görünsün,

                            O ucalıqdan baxanda,

                            Bu qapı-baca görünsün.

 

                            Ölüm ikilikdən olub,

                            Dirim dirilikdən olub.

                            Demə igidlikdən olub

                            Ürəyim haça görünsə.

                           

                            Çay daşı, çaylaq daşıyam,

                            Aranda yaylaq daşıyam…

                            Mən qəribin qardaşıyam,

                            Qınama qoca görünsəm.

 

                                                    ****

     Nə vaxt ki, köynəyinin boynu didilmiş, şalvarının dizi süzülmüş,  köhnədəb, enliburun başmağının dabanı  yeyilmiş adam görürəm, vacib deyil ki, o, söz-sənət adamı, lap elə şair olsun, niyəsə yadıma Cavanın sözləri düşür:

 

           Şairin ərköyünü fələkdən küsər,

          Uşağın ərköyünü çörəkdən…

           Ölmüşdü fələyin anası,

           Şair nazı çəkə…

Guya, o bu fikrə gəlməzdən əvvəl bilmirdi  qələm onu ağ günə çıxaran deyil? Çıxaran idisə,  M. Hadini, H. Cavidi, M.Müşfiqi  niyə çıxarmırdı? Hələ o vaxt, cavanlıq dəmlərində  anasına yazdığı bitiyin bir yerindəki  kəlmələri, guya, havaya-zada deyirdi?

        

           Ata ocağının nuru, atəşi,

           Salam, kövrəkqəlbli, nigaran anam,

           Darıxma, qurtarıb bir para işi,

           Tezliklə yanına qayıdacağam.

  

Amma qayıtmadı. İşi qurtarsa da, qayıtmadı. O vaxt ki, daha hər şeyə arxa çevirib, bezib, usanıb  qayıtmaq olardı, onda da qarşısını ayrı  şey kəsdi:

           Cavanşir bir qoca dərviş,

           Cənnət almasını dərmiş

           Ölümə qalsa, ölərmiş,

           Qorxur, düşmən sevindirə.

 

İndi gəl inan ki, şairi elə bu cür nəsnələr dərviş eləmir… İndi gəl inan ki, bəxt, qismət deyilən şey yoxdu, alın yazısı yalandı…  Niyəsə hərdən elə bilirəm, taleyin Cavan qədər sınağa çəkdiyi ikinci bir şair yoxdu yer üzündə! Onu da mən deməmişəm ki:           

           Mən dərdə, kədərə öyrəncəliyəm,

          Hər işi nəhs gələn işgəncəliyəm,

          Barı heç olmasa öz əcəliynən,

          Ölməyi şairə, nəğməkara yaz.

 

Əslində günlərin bir günü «Qız ağacı, qoz ağacı» dediyi elə şeir ağacıydı, heç də hamını yarıtmayan, ağ günə çıxartmayan    şeir ağacı… O da qalmışdı, sözün bir qara quruşcan dəyəri qalmayan  günlər ola…          

           Bu ağacın cevizi yox,

          Gövdəsində bir izi yox

          Bu ağaca selbə atma,

          Sənə layiq cehizi yox…

                                   ***

Cavana «uğurlu yol»u  ustad Məmməd Araz yazmışdı. Bu, çox və ciddi mətləblərdən xəbər verirdi. Əvvəla, Məmməd Araz hər yetənə təqdimat yazan deyildi, ikinci də, o haqqı   Cavan özü qazanmışdı. Öz damarlı şeirləri ilə… Sözə ustad baxışı ilə… Xalq dili xəzinəsindən gərəyincə bəhrələnməklə… və nəhayət, şeirinə xüsusi  zinət verən ifadə tərzindəki təzəliklə. Çox güman, məhz elə buna  görədi ki,    kitabda  Cavanın bir dənə də boyatımış  şeirini görmədim. Hərçənd min illərlə tarixi olan poeziya ənənələrinə sadiqlik, ola bilsin, bu gün bir çoxuna köhnə gələ bilər və təəssüf ki, gəlir də. Nə etmək olar, bu ki bizdən asılı deyil. Kimin ədəbiyyatda qalıb-qalmayacağını da əski forma, təzə və ya köhnə qəliblər müəyyən etmir. Tüstüsü düz çıxan mətləblər var ki, yaşı və yaranışı az qala gedib min ilə dayansa da, qayəsi aydın olduğundan çiçək tək bu gün də təzə-tər görünür:

                          

          Əzizim tatar məni,

          Qul edib satar məni,

          Vəfalı yarım olsa,

          Axtarıb tapar məni.

 

Cavan  ənənəyə sədaqəti şeirə qondarma yenilik, hoqqabazlıq və əllaməçilik  gətirməkdən üstün tutduğuna görə bir şair olaraq bu gün var. Övliyalardan, ulu sufilərdən, piranilərdən gələn fikirləri uzun əsrlərdən bəri formalaşmış ölçü, ritm və ahəngdə təqdim etmək onun şeirlərinə xas olan ən mühüm  əlamətdən də öncə,  bir yaradıcı kimi Cavanın hansı dəyərlərə söykəndiyinin də göstəricisidir. Özü də,  sözün yaxşı mənasında, elə şeirləri kimi köhnə qalıb. Yerişi, duruşu, nitqi,  davranışı min il əvvəlin kişilərini xatırladır.  Cavanı Cavan eləyən də, gümanımca,  elə bu fəzilətləridi.  

                                                 **** 

 O şey ki, bir zaman  qələm dostlarını haqlı olaraq əndişələndirirdi, zaman keçdikcə  gənclik illərinin od-alovu kimi  onlar da Cavanın şeirlərindən tədricən, öz-özünə çəkilib getdi,  o illərin poeziyasına xas səs-küyün, ritorikanın yerini təmkin və xoş bir ritm tutdu. Bu, Cavan şeirlərinin çox vacib, fərqli və fərdi bir elementinə çevrildi:

          

                          Bu sənsənmi, yoxsa mələk?

                          Elə bil yuxu görürəm.

                          Yayını gizlətmə, fələk,

                          Atdığın oxu görürəm.

 

Fələk onsuz da hərənin başını bir cür aldadır və bir zaman baxırsan ki, gün qürubdadı. Bəyəm zaman gözümüzün qarşısındaca dostlarımızın  azını ikiqat eləyib?

Elə  onu  da əyə bildikcə əydi, əydi,  amma  sındıra bilmədi.    Əgər haqdan yanan bir çıraqsansa, gərək hər ötərgi bad ilə sönməyindən qorxmayasan – görəsən, Cavanı ayaqda saxlayan bu hissdi, ya dərvişliyin, necə deyərlər,  biz bilməyən bir türfə əlaməti də elə budu?…                 

Əlabbas          
10 dekabr 2010

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.