Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

     Əjdər Fərzəli bu gün sıralarımızda olmasa da onun böyük bir konsepsiyası bizim üçün yadigar qalıb və gələcək tədqiqatçılar, gələcək araşdırmaçılar onun üzərində daha dəqiq işləyərək Əjdər müəllimdən də artıq məsələlər ortaya çıxaracaqlar. Gəmiqaya-Qobustan mədəniyyətinin tərkib hissəsi olan Gəmiqaya-Qobustan əlifbasının araşdırılmasında öz mühüm sözlərini deyəcəklər.

     Əjdər müəllim 19 kitabı ilə, 200 elmi əsəri ilə,yuzıçılığı,şairliyi ilə xalqın tarixində mühüm məsələlərə toxunmuşdur.1976-cı ildən başlayaraq 35 il davamlı olaraq Gəmiqaya-Qobustan mədəniyyəti ilə və qayaüstü təsvirlərin, yazıların tədqiqatı ilə məşğul olmüşdur. Onun tədqiqatlarının əsas qayəsi bunları göstərir (məruzəçinin təqdim etdiyi çıxışdan):

     Əjdər Fərzəli 1976-cı ildən başlayaraq ömrünün son günlərinədək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə, araşdırmasına sərf etmişdir. Alimin əsas məqsədi Azərbaycan ərazisində qədim mədəniyyətin-unudulmuş sivilizasiyanın izlərini aşkara çıxarmaq və sistemli monoqrafik təhlil etməkdən ibarət olmuşdur. O cümlədən:

– Azərbaycanın qayaüstü təsvirlərinin şifrəsini açmaq və oxumaq;

– Qayaüstü təsvirlərin başlanğıc mərhələsini müəyyən etmək;

– Gəmiqaya rəsmləri ilə Qobustan rəsmlərinin müqayisəsini aparmaq, onları tutuşdurmaq və ümumi nəticəyə gəlmək;

– Gəmiqaya-Qobustanın dünyanın müxtəlif regionlarında aşkar edilən qaya təsvirləri ilə müqayisədə əsas fərqlərini müəyyən etmək;

– Gəmiqaya-Qobustan rəsmlərinin leksikasını, tekstoloji mətnlərini üzə çıxarmaq və oxumaq;

– Gəmiqaya-Qobustan qaya təsvirlərinin hansı dillərdə yazıldığını aşkara çıxarmağa çalışmaq;

– Gəmiqaya-Qobustan rəsmlərinin Azərbaycana sonralar gəlmiş etnosların və bu torpağın ən qədim yerli sakinlərinin yaradıcılıq nailiyyətlərini əks etdirdiyini müəyyən etməkdən ibarət olmuşdur.

Alim Gəmiqaya-Qobustan rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib, bu qənaətə gəlmişdir ki, Gəmiqaya-Qobustan bu günədək elmə az məlum olan bir sivilizasiyanı təmsil edir. O, qədim Yunan, Hind, Misir, Şumer və başqa sivilizasiyalardan daha əvvəl yaranmış və özündən sonra gələn bütün mədəniyyətlərə-sivilizasiyalara çox güclü təsir göstərmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan-Türk (oğuz) xalqına məxsusdur. Gəmiqaya-Qobustan abidələrinə istinadən Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr məhz Azərbaycanda yaranmış və buradan bütün dünyaya yayılmışdır. Əjdər Fərzəlinin misilsiz kəşflərindən biri çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasını kəşf etməsidir. Gəmiqaya-Qobustan abidələrinə istinadən 440-dan çox söz oxumasıdır. Bundan əlavə, alim ilk milli xəritəni kəşf etmişdir. O, sübut etmişdir ki, Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir və dünya əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən: Finikiya, Yunan-Latın, Hind, Slavyan-Kiril, Anqlo-saks, Alman, Etrusk-İber, Ərəb, Erməni, Mayya (Amerika) və başqa əlifbalar qədim Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir. Alim sübut etmişdir ki, ilk Azərbaycan (türk) əlifbası-Ana əlifbamız 32 hərfdən ( 9 sait və 23 samit) səsdən ibarət olmuşdur. Məhz bu kəşf etdiyi əlifba sayəsində 440 sözü oxumuşdur(məruzəçinin təqdim etdiyi çıxışdan).

     Əjdər müəllim bunların bir hissəsinin öhdəsindən çox məharətlə gəldi:yəni öz tədqiqatları ilə 440-dan artıq söz oxuyub və ilk dəfə olaraq dünya xalqlqrına sübut edəcək tərzdə bildirdi ki,finikiyalılardan,minoylardan,misirlilərdən öncə Azərbaycan xalqı dünya xalqlqrına əlifba dərsi kecib. Əjdər müəllim yorulmadan çalışan bir tədqiqatçı idi.

    2005-cı ildə  mən Əjdər müəllimi onun istəyi ilə Naxçıvana götürdüm, birgə Gəmiqayaya səfər etdik və O, orada o yüksəklikdə cəmi 2-3 saat qala bildi.Yüksəklik səbəbindən,oksigenin azlığı səbəbindən onun halı pisləşdi, aşağı yenməyə məcbur olduq.Lakin Gəmiqayada olan bir neçə qayaüstü təsvirin hər tərəfinə baxdı və Əjdər müəllim mənə dedi ki:”fotolarda gördüyüm şəkillər buradakından bir qədər fərqlənir, orijinalları görəndə həqiqətən onların qədim yazılar olduğunu, piktoqramlar olduğunu görürəm,onların ətrafındakıları bunları davam etdirən qədim yazılar olduğunu görürəm” və onların şəkillərinin bir hissəsini öz əlləri ilə çəkdi və biz aşagı Nəsirvaz kəndinə yenməyə məcbur olduq…

    … Əjdər müəllim haqqında çox danışmaq olar. Əjdər müəllim xalqını, millətini sevən bir adam idi.Onun qoyduğu konsepsiya bundan sonra 100 illərlə hələ oxunacaqdır. O, 2011-ci il yanvar ayının 21-nə keçən gecə rəhmətə getdi,yəni 20 yanvar hadisələrini yenidən televiziyada izlədikdən sonra…Mən onun ruhuna rəhmət oxuyuram və mən bilirəm ki,onun araşdırmaları bundan sonra da davam edəcəkdir, çünki,əgər Gəmiqaya-Qobustan əlifbası kimi bir əlifba bizim mənfur qonşularımızın əlində olsaydı,onlar dünyaya səs salıb özlərini ilk əlifbanın yaradıcısı kimi göstətəcəkdilər.Çox şükür ki, biz bu məsələyə qayıdırıq və  bu məsələnin üzərində dayanırıq…

    …Onu bu tipli araşdırmalara görə akademiyada çox sıxırdılar,məndən xahiş edirdi ki,müzakirələrdə gəlib iştirak edim…və mən gəlirdim və iştirak edirdim…

    Hörmətli həmkarım Buludxan müllimin dediyi kimi,bu bir kəşfdir,kəşflər isə,həmişə birdən-birə qəbul oluna bilmir, tədricən qəbul olunur. Millətimizin arasında, ictimaiyyət arasında belə bir möhtəşəm kitab yayılmaqdadır və mən inanıram ki, gələcək tədqiqatçılar Əjdər müəllimin bu konsepsiyasını davam etdirib həqiqətən Azərbaycan xalqının dünyada əlifba yaradan xalq olmasını sübut edəcəklər

           Abbas Seyidov ,A.R.  Prezidenti yanında  Ali Attestasiya komissiyasının  tarix üzrə eksperti, tarix elmləri doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.