VƏTƏNİM AZƏRBAYCAN

Print Friendly, PDF & Email
 
 
Ötən əsri uğurları ilə bəzəyən 5 azərbaycanlı qadın
Tarixin istənilən dövrünə təsiri danılmaz olan qadınlarımız geridə qoyduğumuz yüzilliyi də uğurları ilə parlatmağı bacarıb.
Gəlin keçmişimizdə öz sözünü deyərək gələcəyimizə yön vermiş və ölkəmizin adını bütün dünyaya eşitdirməyi bacarmış azərbaycanlı qadınlardan beşini birlikdə xatırlayaq.
 
 
Leyla Məmmədbəyova
Şərqdə ilk qadın təyyarəçi
XX əsrin ilk yarısında “SSSR na stroyke” (“SSRİ tikintidə”) adlı jurnalda bir gənc qızın fotosu dərc edilir və bu sözlər yazılır: “Şərqdə ilk qadın-təyyarəçi”. Bəli, bu nailiyyətin sahibi məhz azərbaycanlı Leyla Məmmədbəyova idi. “Həm ailə, həm karyera” deyərək 6 övlad yetişdirən Leyla xanımın müharibəyə getməsinə uşaqları azyaşlı olduğu üçün icazə verilməmişdi. Amma bu, onu yeni hərbçilərin yetişdirilməsində pay sahibi olmaqdan yayındırmadı. Bunlarla yanaşı, ölkəmizin ilk qadın paraşütçüsü adını qazanmaq da məhz Leyla xanımın qismətində imiş. Çoxuna cəsarət nümunəsi olmağı özünə məqsəd qoymuş Məmmədbəyovanın amalına çatdığını desək, yəqin ki, yanılmarıq.
 
İzzət Orucova
Kinomuzun ilk qadın aktrisası
Rahatlıqla deyə bilərik ki, tariximizin ən çox ilklərə imza atmış xanımı İzzət Orucovadır. O, şöhrət zirvəsinə doğru yüksəlməyə “Sevil” filmiylə başlayır. İlk milli kinoaktrisamız olan İzzət xanım cəmi iki filmdə baş rol kimi yer aldıqdan sonra bu sahədən uzaqlaşır. Çünki elm sahəsinə olan marağı onun kino eşqinə üstün gəlir və odur ki, həyatını elmə həsr etmək istəyir. Bu arzusu ona sonralar tariximizin həm ilk qadın neft mühəndisi, həm də ilk kimyaçı akademiki kimi uğur qazandırır. İzzət Orucova indi tək Azərbaycanda yox, bütün dünyada elm sahəsinə töhfələrilə tanınan, tədqiqatları yüksək qiymətləndirilən azərbaycanlılardan biridir.
 
Qəmər Salamzadə
Şərqin ilk qadın kinorejissoru
Milli kinematoqrafiyamızı zənginləşdirən bir çox qadın rejissor olsa da, onların öncüsü məhz Qəmər Salamzadə idi. O, qadınların hələ kino çəkilişindən uzaq durduğu dövrlərdə nəinki Azərbaycanın, həmçinin Şərqin ilk qadın kinorejissoru kimi dünyaya səs salmağı bacarıb. Qəmər xanımın 1944-cü ildə lentə alınmış “Şəfa nəğməsi” filmi Abşeron hərbi hospitalında çalışan qəhrəman həkim Hüsniyyə Diyarovadan bəhs edir. Tək qayəsi milli kinomuzun inkişafına xidmət olan Qəmər xanımın bu arzusu repressiya səbəbilə ləngisə də, üzləşdiyi çətinliklər onu tutduğu yolundan döndərmədi, əksinə, adını mədəni tariximizə əbədi yazdırdı.
 
Qəmər Almaszadə
Şərqdə ilk balerina
Aha, düz oxudun, bir Qəmər daha. O dönəm üçün müsəlman dünyasında radikal sayılan balerina olma qərarını ilk dəfə Azərbaycan qadını olan Qəmər Almaszadə verir. Gizlincə atdığı bu cəsarətli addımıyla atasının belə hiddətinə məruz qalsa da, yolundan dönmür. İndi bütün dünyada tanınan Qəmər Almaszadə o vaxtlar tək Azərbaycanda yox, Fransa və Hindistan kimi ölkələrdə də çıxış edərək dünyada cəsur Azərbaycan qadını profili yaratmış, uğurlarının təzahürü olaraq mükafat və ordenlərə layiq görülmüşdür.
 
Şəfiqə Axundova
İlk qadın bəstəkarı
Bizi nəinki regionda, həm də bütün Şərqdə musiqisevər xalq kimi tanıdan bacarıqlı xanımlarımızdan biri də Milanda konservatoriya təhsili almış, müsəlman Şərqində opera yazan ilk qadın bəstəkarı kimi səs gətirmiş həmyerlimiz Şəfiqə Axundovadır. Belə ki, “Gəlin qayası” operasının bir qadının qələmindən çıxması, əsərin başlıca fərqliliyi idi. Şəfiqə xanım opera ilə yanaşı bir sıra gözəl mahnılar yazmış, şeirlər bəstələmiş, həmçinin, pyeslər ərsəyə gətirmişdir. Mənbələrə görə, altında Şəfiqə Axundova imzası olan beş yüzdən çox əsəri mövcuddur. Onun yaradıcılığı ilə tanışlığa elə “Gəlin qayası” operası ilə başlaya bilərsən.
Adıçəkilən qadınların davamçıları bu gün də tarix yazmağa davam edir. Kim bilir, bəlkə də, onlardan biri elə bu yazını oxuyub bitirdi.
 
Sevinc Abdullayeva
    
 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.