Toponimlər orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən sufi təriqətlərinin şahidi kimi

Print Friendly, PDF & Email

Qədim zamanlardan başlayaraq Naxçıvan bölgəsindən mühüm ticarət yollarının keçməsi ərazimizdə sufi təriqətlərinin geniş yayılmasını və çoxlu xanəgahlar qurulmasını şərtləndirən amillərdən biri olmuşdur. Orta əsrlər zamanı təriqət mənsubları olan dərvişlər daha çox adamla ünsiyyətdə olmaq və nəzarətini əllərində saxladıqları ticarəti gücləndirmək üçün öz xanəgahlarını əsasən gediş-gəlişin çox olduğu yerlərdə, mühüm ticarət yollarının kənarlarında qururdular. Bu fikri vaxtilə ərazidə müxtəlif vaxtlarda yaradılan, indiyədək qalıqları və izləri qalan xanəgahların timsalında da görmək olar.

 Qaynaqlar şahidlik edirlər ki, Naxçıvan bölgəsi orta əsrlər zamanı sufi təriqətlərinin geniş yayıldığı və fəaliyyət göstərdiyi mərkəzlərdən biri olmuşdur. Bölgəmizdə müxtəlif sufi təriqətlərinin mövcud olmasını və fəaliyyət göstərməsini sübuta yetirən mühüm qaynaqlardan biri də Naxçıvanda indiyədək qalan yer adları – toponimləridir. Şərur bölgəsindəki Dərvişlər kəndi bu cəhətdən diqqəti cəlb edir. Bu kəndin adının hansı isə sufi təriqətinə mənsub dərvişlərlə əlaqədar yaranmasına şübhə yoxdur.

Naxçıvan bölgəsində sufiliklə bağlı toponimlərdən biri də Xanəgah vəXanağa toponimləridir. Bölgədə Xanəgah və Xanağa adlı iki kənd vardır. Onlardan biri Culfa, digəri isə Ordubad bölgəsindədir. Orta əsrlərə və XIX yüzilliyə aid qaynaqların da təsdiq etdiyi kimi Xanağa kəndinin də ilkin adı Xanəgah olmuşdur. Culfa bölgəsindəki xanəgahda aşkar edilmiş bir kitabədə xatırlanan Mövlana Əbdülhüseynin adına onun əslən yaxınlıqdakı Xanəgah kəndindən olmasını göstərən “Xanəgahı” nisbəsi əlavə olunmuşdur (12, s. 18).

Bu faktın və digər qaynaqların da təsdiq etdiyi kimi adları çəkilən Xanəgah və Xanağa kəndləri şübhəsiz ki, həmin ərazilərdə daha əvvəldən fəaliyyət göstərən sufi məskənləri olan xanəgahların hesabına yaranmış və adlarını da onlardan əxz etmişlər.

Naxçıvan ərazisində sufiliklə bağlı yaşayış məskənlərindən biri də bölgə-dəki “Zaviyə” adlı toponimlərdir. Bu qəbil toponimlər içərisində Şərur bölgəsindəki Zeyvə kəndi xüsusi qeyd olunmalıdır. Kəndin ilkin adı Zaviyə olmuşdur. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyələr sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ide-yalarını yaymışlar.

İslam dininin yayıldığı ilk yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarını da zaviyə adlandırırdılar. Məqrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyalarının öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufi qardaşlıqları ardıcıllarının məskənlərinin adlarından biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdılar (8, s. 61).

Orta əsrlər zamanı müxtəlif ölkələrdən gələn adamlarla ünsiyyətdə olmaq və öz ideyalarını həmin adamlar arasında yaymaq səbəbindən hər hansı bir təriqətə mənsub adamlar öz yaşayış məskənlərini – xanəgahlarını əsasən mühüm ticarət yolları üzərində qurduqlarından indiki Zeyvə kəndi ərazisində zaviyə yaradılması təbii hal idi. Belə ki, bu kənd şərqdən qərbə və əksinə hərəkət edən karvanların keçdiyi yol üzərində yerləşir. Məhz bu səbəbdən də hansısa təriqətə mənsub dərvişlər bu kəndin ərazisində öz zaviyələrini yaratmış və öz ətrafına müridlər toplamışlar. Zaman keçdikcə yeni yaranmış zaviyə inkişaf edərək şöhrətlənmiş, onun ətrafında yaşayış məskəni yaranmış və sufi məskəninin adı ilə Zaviyə kəndi adlanmışdır. Orta əsrlər zamanı Zaviyə kəndi adlanan yaşayış məskəni getdikcə inkişaf etmiş, ancaq onun adı tədricən təhrif olunaraq Zeyvə şəklinə düşmüşdür.

Bu fikri toponomist alim T.Əhmədov da təsdiq edir. Zeyvə toponimi haqqında danışarkən alim yazır ki, şübhə yoxdur ki, Zeyvə ərəb dilindəki Zaviyə (cəmdə: zəvaye) sözü ilə enyi köklüdür. Bu söz istər ərəb dilində və istərsə də keçdiyi dillərdə islamiyyətlə əlaqədar olduğundan, demək olar ki, eyni mə`nada fars dilindəki xanəgahın sinonimi kimi “künc, bucaq, guşə (cəmiyyətdən uzaq mə`nasında)”, hücrə, ibadətgah mə`nasında işlənmişdir (6, s. 93).

Toponomika ilə məşğul olan dilçi alim A.Bağırov da eyni kökdən olmasına əsasən Zeyvə kəndinin adının keçmişdə Zaviyə olması fikrinə gəlmiş (2, s. 108-109) və sözün dəyişilmə prosesini Zaviyə-Zəvaye – Zeyva-Zeyvə şəklində izah etmişdir (3, s. 96).

Yeri gəlmişkən burada Naxçıvan şəhərində indiyədək salamat vəziyyətdə gəlib çatan və el arasında “Zaviyə mədrəsə kompleksi” kimi tanınan binanı da xatırlatmaq yerinə düşər. Bu kompleks, həmçinin şəhərdə bu komplekslə əlaqədar yaranan və zəmanəmizədək yaşayan “Zaviyə məhəlləsi” (4, s. 56-58) də Naxçıvan şəhərində günümüzədək qalan sufiliklə bağlı toponimlərdir.

Türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində belə bir mə`lumata rast gəlirik ki, osmanlılar XVII əsrdə Naxçıvan bölgəsini tutduqdan sonra Naxçıvana hakim tə`yin olunmuş Əhməd paşa Sədərəklə Qarabağlar arasındakı bir yerdə Came məscidi tikdirmişdir. Bu məscid fars dilində Zaviye-ye Əhməd pa-şa (Əhməd paşa zaviyəsi) adlanmış, məscidin inşa etdirildiyi kənd də məscidin adı ilə “ Zaviye-ye Əhməd paşa kəndi” adlanmışdır. Səyyahın yazdığına görə bu kənd 500 evli, bağlı-bağçalı, abad kənd olub (5, s. 10). Bu mə`lumata istinad edərək A.Bağırov həmin kəndin indiki Zeyvə kəndi olduğunu ehtimal edir (2). Bizcə, hansı halda olursa olsun kəndin adının oradakı Zaviyə ilə bağlı olması heç bir şübhə doğurmur.

Osmanlı türklərinin 1724-cü ildə Naxçıvan ərazisini tutduqdan sonra vergi verəcək əhalini müəyyən etmək üçün 1727-ci ildə keçirdikləri siyahıyaalmanın nəticələrinə əsasən tərtib etdikləri, akademik Z.Bünyadov və t.e.n. H.Məmmədovun 1996-cı ildə nəşrə hazırladıqları “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə də indiki Zeyvə kəndinin adı Zaviyə şəklində yazılmışdır. Həmçinin, “Dəftər”də kənddə 204 ailənin yaşaması və ildə 32 000 ağça vergi verildiyi qeyd olunmuşdur (9, s. 329). Akademik Z.Bünyadov və t.e.n. H.Məmmədovun 1996-cı ildə nəşr etdirdikləri “İrəvan əyalətinin icmal dəftəri”ndə də Zeyvə kəndinin adı Zaviyə şəklində yazılmış və onun ildə 32 000 ağça vergi ödədiyi qeyd olunmuşdur (7, s. 72).

Həmçinin, “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə hazırda Naxçıvan bölgəsində mövcud olmayan bir neçə Zaviyənin adı çəkilmişdir. Buna misal olaraq Naxçıvan şəhərindəki Seyid Haşım zaviyəsini (9, s. 25-51), Mülki Arslan nahiyəsinə daxil olan Cəhri kəndindəki İsfəndiyar zaviyəsini (9, s. 28, 122-123) göstərmək olar.

Qeyd olunan “Dəftər”də sufi təriqətləri ilə əlaqədar yaranmış, ancaq indiyədək qalmamış bir neçə toponimin də adı bizədək gəlib çatmışdır. Bu sıradan Mülki-Arslan nahiyəsində Şeyx Yusifli kəndini (9, s. 28, 115), Sisyan nahiyəsində Şeyxlər kəndini (9, s. 33, 236-237), Qışlağat nahiyəsində Şeyxi Həmzəli (9, s. 30, 160-162), Xəlifəli və Xəlifə kəndlərini (9, s. 30, 163), Sair Məvazi nahiyəsində Babalı kəndini (9, s. 27,94) göstərmək olar. Bu siyahıya İrəvan əyalətinin Şərur nahiyəsindəki Xəlifəkənd və Əxi Əhməd kəndlərini (7, s. 72), hazırda Babək bölgəsində mövcud olan Şıxmahmud kəndini də əlavə etmək olar. Burada Culfa bölgəsinin Xanağa (Xanəgah) kəndinin cənub-şərq tərəfində yerləşən “Şıxlar” məhəlləsini də xatırlatmaq yerinə düşər (10, s. 43).

XVIII yüzilliyin əvvəllərində Naxçıvan ərazisində mövcud olan və adlarının sufi təriqəti rəhbərlərinin daşıdığı titullarla əlaqəli yaranması şübhə doğurmayan bu toponimlər – yer adları Naxçıvan ərazisində sufi təriqətlərinin fəaliyyət göstərməsini təsdiq edən təkzibolunmaz faktlardandırlar.

Naxçıvan bölgəsində sufiliklə bağlı başqa toponimlər də olmuşdur. Rus etnoqraf-şərqşünası K.M.Smirnovun fikrincə bölgədəki yaşayış məskənlərindən Hacıvar, Tumbul, Göynük, Alışar, Zeynəddin, Şaxtaxtı və s. kəndlər müxtəlif dərviş ordenlərinə məxsus adamların yaşadığı, yaxud da xanəgah və zaviyələrin fəaliyyət göstərdiyi yerlər olmuşdur (11, s. 102, 104, 110, 114, 119). Alimin fikrincə Hacıvar kəndindəki “Xudu-divanə” pirində ziyarət olunan qəbir bir Səfəvi dərvişinin, Tumbul kəndində boğaz xəstəliyi olan uşaqların aparıldığı ziyarətgah isə Səfəvi dərvişlərindən bir həkimin dəfn olunduğu yerdir (13, s. 102).

K.N.Smirnovun fikrincə orta əsrlər zamanı Naxçıvan bölgəsində Nemətul-lahiyyə, Heydəriyyə, Nöqtəviyyə, Bəktaşiyyə və s. sufi təriqətlərinə mənsub dərvişlər fəaliyyət göstərmişlər. Alimin yazdığına görə o, Naxçıvan şəhərində olarkən Əlixan məhəlləsində “Tək armud” adlanan yerdə dərviş təkyəsi olmuşdur. Bu təkyədən Naxçıvana gələn dərvişlər sığınacaq yeri kimi istifadə etmişlər. Həmin vaxt təkyəni dərviş İsmayılın davamçıları idarə edirmişlər (13, s. 92).

Alışar kənd adını Əlişah adlı dərvişin adı ilə izah edən alim (13, s. 110), Şaxtaxtı toponimini kənddə “Nemətullahiyyə” sufi təriqətinə mənsub dərvişlərin daşıdığı “Şah” ləqəbli dərvişlərin təkkəsinin (xanəgahının – H.Səfərli) fəaliyyət göstərməsi (13, s. 119), Sədərək rayonunun cənubunda yerləşən Vəli dağı isə yaxınlıqda yaşayan Vəli adlı dərvişin adı ilə əlaqələndirir (13, s. 112).

Alimin şahadətinə görə hazırda Naxçıvan şəhərinə daxil olan Tumbul kəndində Tumbul-Sacağı adlı yer var imiş. K.Smirnov ehtimal edir ki, burada Səfəvi dərvişlərindən bir həkimin qəbri olmuşdur. Ocaqzadə soyadlı mərhumun xələfləri XX yüzilliyin 30-cu illərində orada uşaqların müalicəsi ilə məşğul olurmuş (13, s. 102).

Ordubad bölgəsindəki Xaraba Gilan şəhər yerində, Plovdağdan şimalda, Cüpey dərə adlanan yerdə, ticarət-karvan yolunun kənarında mağara tipli qazmadan ibarət olan Pir Baba ziyarətgahının da sufiliklə bağlı mərkəz olması şübhəsizdir.

Ordubad rayonunun Biləv kəndindən təxminən 3 km qərbdə yerləşən Ab-dal dağının (1925 m) adının da sufi abdalları ilə əlaqəli olduğunu düşünmək olar. Gilançayın sol sahilində, Babək qalasından şimalda yerləşən bu dağın adının orta əsrlər zamanı ərazidə fəaliyyət göstərən sufi təriqəti mənsubları-abdal qələndərlərdən yadigar qalması şübhə doğurmur.

“Abdal” kəlməsi ilə dünya işlərindən qurtularaq özünü Allah yoluna həsr edən və ricalül-qayb (hər kəs tərəfindən asan tanınmayan, gizli olan həqiqətlərə, sirlərə vaqif olan) adı verilən sufi və ya ərənlərə müraciət edilirdi (11, s. 59). XV-XVI əsr qaynaqlarında “Abdal” yol və hal adamı, təriqətə təmənnasız xidmət edən, dərviş-qələndər, gəzərgi həyat keçirən sufi təriqəti mənsubları kimi təqdim olunurlar.

“İslam ensiklopediyası”nda sufi abdallarından bəhs edilərkən qeyd olunur ki, “Abdal” təbiri böyük bir ehtimalla XII-XIV yüzilliklərdən başlayaraq İranda yazılmış olan ədəbi mənbələrdə “dərviş” mə`nasında işlənmişdir. XIV yüzillikdə İranda qələndərlərə bənzəyən sərsəri dərvişlərə “abdal” deyə müraciət olunmuşdur. XV yüz il qaynaqlarında isə bu kəlmə “məczup, divanə” mə`nasında işlənmişdir. Artıq XVII-XVIII əsrlərdə “Abdal” deyərkən daha çox sərsəri və dilənçi dərvişlər nəzərdə tutulmuşdur (11, s. 61).

XVI yüzilliyin ortalarından etibarən Abdallarla Bəktaşilər arasında başlayan yaxınlaşma XVII-XVIII əsrlərdə Abdal təkkələrinin bir hissəsinin Bəktaşilər tərəfindən ələ keçirilməsinə və onların Bəktaşilərə assimilyasiya olunmasına gətirib çıxartdı.

Orta əsrlər zamanı müsəlman şərqinin bir çox yerlərinə yayılmış Abdallar saç və saqqalları bir-birinə qarışmış, solğun üzlü, hərəkətsiz, işsiz-gücsüz, övladsız, yer üzündə tək bir tikili ağacı da olmayan və yalnızca, “özlərinə göstərilən hədəfə ulaşmaq üçün qatılacaqları sabahkı yarışa bu gündən hazırlanan” adamlar olmuşlar (11, s. 59). Fikrimizcə, ərazidən keçən karvan-ticarət və köç yollarının kənarında yerləşən dağda “Bəktaşiyyə” sufi təriqətinə mənsub dərvişlərin xanəgahı olmuş, burada dərvişlər yaşayıb fəaliyyət göstərmiş, bu səbəbdən də dağ “Abdal dağı” adlanmışdır.

Biləv kəndi ərazisində indiyədək mövcud olan “Xəlifəli” məhəllə adı (1, s. 86), “Xəlifəli” bağ yeri (1, s. 108), “Pir Əhməd şamı” bağ yeri (1, s. 109) və s. coğrafi adlar da orta əsrlər zamanı bu bölgədə sufi təriqətlərinə mənsub dərviş-abdalların yaşayıb fəaliyyət göstərməsindən xəbər verən mötəbər şahidlərdir.

Orta əsr Naxçıvanında sufiliklə bağlı mərkəzlərin geniş yayıldığını hazırda bölgədə mövcud olan bir sıra tayfa adları və onlarla əlaqədar yaranmış toponimlər də təsdiq etməkdədirlər. Naxçıvanda yaşayan və sufiliklə bağlı olan ən məşhur tayfalardan biri də  Bəktaşilərdir. Bu tayfanın adı XIII əsrdə Anadoluda Hacı Bəktaş Vəlinin yaratdığı “Bəktaşiyyə” sufi cəmiyyəti ilə bağlıdır. Bu təri-qət yarandıqdan sonra xeyli inkişaf etmiş, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində də yayıl-mışdır. İdeyaları yaxın və oxşar olduğu üçün Səfəvi şahları tərəfindən himayə olunan Bəktaşilər Naxçıvanın bir sıra yerlərində öz xanəgahlarını qurmuş, ideyalarını yaymışlar.

Əsasən oturaq həyat keçirən Bəktaşi dərvişləri Naxçıvanın daimi sakininə çevrilmiş, həmçinin yerli əhalidən “Bəktaşiyyə” cəmiyyətinə daxil olanlar da, cəmiyyətin adı ilə “Bəktaşi” adlanmışlar. Hazırda Naxçıvanda, həmçinin Bakıda və Azərbaycanın digər yaşayış məskənlərində yaşayan və “Bəktaşi” soyadını daşıyan adamlar vaxtilə ərazimizdə yaşayıb fəaliyyət göstərən Bəktaşi dərvişlərinin törəmələri, nəvə-nəticələridir.

Vaxtilə Naxçıvan şəhərinin şimal-şərqində Bəktaşilər tərəfindən çəkilən və indiyədək mövcud olan, el arasında “Bəktaşi arxı” deyilən kanal vardır Canan bəy kəhrizindən başlanan bu kanal Səfəvilər dövründən əvvəl çəkilmişdir. Yerli əhalinin söylədiyinə görə Canan bəy kəhrizinin (hazırda Cananbər kəhrizi adlanır) özü də Naxçıvanda yaşayan və fəaliyyət göstərən Bəktaşilər tərəfindən qazdırılmışdır.

XX yüzilliyin 30-cü illərində Naxçıvanda olan rus alimi K.N.Smirnov yazır ki, görünür Naxçıvanda yaşayan Bəktaşi dərvişlərinin torpaq sahəsi olmuş və həmin sahəni suvarmaq üçün bu kanalı çəkdirmişlər. Alim sözünə davam edərək A.A.Qordlevsikinin “Konyada sudan istifadə etmənin tarixindən” əsərinə istinad edir və göstərir ki, Konyada Bəktaşi dərvişləri sudan istifadə etməni öz əllərində saxlamışlar. Bəktaşi dərvişlərinin hörmətli şeyxlərindən biri Pir-Ab-Sultan adlanmışdır (13, s. 88-89).

Əlbəttə, orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən sufi təriqətləri ilə əlaqədar yaranmış toponimlər qeyd olunanlarla məhdudlaşmır. Sözsüz ki, ərazidə bu qəbildən olan və bir qismi zaman keçdikcə unudulan, ancaq öz tədqiqini gözləyən onlarla toponimlər vardır.

 

ƏDƏBİYYAT

1. Aslanlı H. Biləv. Bakı: “E.L.” Nəşriyyat və Poliqrafiya şirkəti, MMC, 2008,

    460 s.

2. Bağırov A. Zeyvə oykonimi haqqında / Azərbaycan onomastikası problemlə-

    ri. IX elmi nəzəri konfransın materialları. Bakı: ADPU-nun nəşri, 2000, s.

    108-109.

3. Bağırov A. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm,  

    2002, 288 s.

4. Cəfərov H. Naxçıvan şəhəri və onun məhəllələri haqqında / Naxçıvan tarixi-

    nin səhifələri («Uluslararası qaynaqlarda Naxçıvan» beynəlxalq simpoziumu-

    nun materialları). Bakı: ADPU, 1996, s. 54-58.

5. Evliya Ç. Səyahətnamə (Azərbaycan tarixinə dair seçmələr). Bakı: Azərnəşr,

    1997, 92 s.

6. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: BDU nəşriyyatı,

    1991, 317 s.

7. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəl-

    lifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 1996, 184

    s.

8. İslam. Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985, 164 s.

9. Naxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akade-

    mik Z.Bünyadov və t.e.n. H.Məmmədov. Bakı: Sabah, 1997, 336 s.

10. Səfərli H.F. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı: Elm, 2002, 80 s.

11. İslam ansiklopedisi. Cild I. Istanbul: Türkiye Diyanet Vakfı, 1988, 560 s.

12. Сафаров Ф.Я. Арабо-персоязычные надписи Нахичеванской АССР

      (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на

      соссикание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ

      НАН Азербайджана. Инв. № 8383.

13. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского

      края. Баку: Озан, 1999, 159 с.

HACI FƏXRƏDDİN SƏFƏRLİ

AMEA Naxçıvan Bölməsi

                                                          AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRI

İctimai və humanitar elmlər seriyası, 2010, №3(səh 29-35)

 

Гаджифахраддин Сафарли

ТОПОНИМЫ КАК СВИДИТЕЛИ СУФИЙСКОГО ТАРИКАТА СУЩЕСТВУЮЩИЕ НА ТЕРРИТОРИИ В СРЕДНЕВЕКОВОМ НАХЧЫВАНЕ

В статье исследуется топонимы как Ханагях, Ханага, Завия, Абдал, Бакташ архы (канал) и т.д. связанные с тарикатом Суфизм существующие в регионах средневековом и нынешнем Нахчыване.

Путём исследования выявлены многие научные результаты связанные с этим таригатом.

 

ИЗВЕСТИЯНАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА

Серия общественных и гуманитарных наук, 2010, №3

 

Hajifakhreddin Safarli

THE TOPONIMIES AS A WITHNESS OF SUFI SECTS

WHICH ARE CARRING OUT ACTIVITY IN NAKHCHIVAN

 IN THE MIDDLE AGES

In the article have been given information about toponimies (Khanegah, Khanaga, Zaviye, Abdal, Sufiler, Bektashiler etc.) connecting with Sufi sects wich are carring out activity in Nakhchivan region in the Middle Ages. In the result of investigation have acquired important scientiaic results.

 

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES

The series of social and humanities sciences, 2010, №3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.