Sağır nun haqqında

Print Friendly, PDF & Email

Hərf səsin qrafik işarəsidir. Gəmiqaya-Qobustan əlifbasında sağır nun belə işarələr sırasında xüsusi yer tutur. Bu işarə Orxon-Yeniseydə və Şumerli türkdə də işlənib. Tədqiqat göstərir ki, əlifbamızın kiril mərhələsindəki N (N) sağır nun işarəsinin güzgü üsulundan istifadə edilməklə yaranmışdır. Başqa əlifbalarda da həmin “bütöv” sağır nundan – N hərfindən istifadə olunmuşdur. Sağır nun ərəb  əlifbasında “nuni-səqir” adı ilə, həm də dörd formada işlənmişdir. Gəmiqaya-Qobustanda sağır nun bir növ “yarım en” (N) –kəsilmiş nun – məzmunundandır. Elə sözün “səq” kodunun qəs – kəs – kəsilmiş – söz açımı bu fikri təsdiq edir.

“Sağır nun” sözü ərəb mənşəli hesab edilsə də, yuxarıda gördüyümüz kimi, məzmun daha qədim çağlardan xəbər verir. Fikrimcə, bu işarə prototürkcədə sakır – səkir, yəni yarısı güzgü altında qalır – məzmununu ifadə etmişdir.

“Saqın gəzin, laçın görməsin” (Vaqif) – misrasında durnalara müraciətlə deyilir ki, ehtiyatla gəzin, “güzgü altında görünməyin”, yırtıcı quşlardan uzaq olmağa çalışın.

Sağır nun hərfi də işıq xəttindən – İ (i) hərfindən yaranmışdır. İ hərfinə – yandan bir çıxıntı əlavə etməklə sağır nun yaranmış olur. (-l). Bu qayda ilə İ hərfinə yanaşan sağır nun İn (inq) başlanğıcı olur. Yenə də İ hərfinə – işarəsinə ikinci sağır nun əlavəsi – çıxıntısı qoymaqla Ki sözü alınır. Bu da Ki və İn başlanğıcı üçün əsas olur. Burada Ki – od, in (inq.?) isə su başlanğıcıdır.

Gəmiqaya-Qobustan əlifbasının başqa hərfləri də yaradılışla bağlı şəkil (piktoqraf) mərhələsini keçməklə müstəqil hərfə çevrilmişdir.

Yazının – əlifbanın A ilə başlanması Göy öküzünün başının (alov) piktoqrafik timsalı kimi, A hərfi – durna qatarında başçı rolunu öz üzərinə götürmüşdür. Gəmiqaya-Qobustanda piktoqrafların oxunuşunda soldan sağa və əksinə, güzgü üsulu köməyə gəlmişdir. Piktoqraf bəzən ifadə edilmiş sözü tamamlamışdır, bəzən piktoqrafa bir neçə hərf əlavə edilmişdir. Bəzi piktoqraflarda hərflərə o neçə mənada qənaət olunmuşdur ki, söz – işarə daha yığcam alınsın. Məsələn, Gəmiqayadakı “kök”, “kökümüz, közümüz” piktoqraflarında K və Z hərfləri eyni işarə ilə iki dəfə təkrar edilir (oxunur) . Bu sətirlərin müəllifi Gəmiqaya-Qobustan piktoqraflarının hələlik bir qismini aça bilmişdir. Bu açım davam etdirilmədədir. Gəmiqaya-Qobustan piktoqrafları xalqımızın qədim dünyagörüşü haqqında geniş bilik vermək imkanındadır. Gəmiqaya-Qobustan piktoqrafları tarixi məlumat kimi çox dəyərlidir.

Z.T.Hacıyeva yazır: “Sağır nun haqqında elmi təsəvvürləri itirməklə ana dilimiz özünün qüdrətli imkanlarından birini ədəbi dil səviyyəsindən çıxarmışdır” (Z.T.Hacıyeva. Əski əlifba. 1989. Səh. 45). Bu fikrin özü də Gəmiqaya-Qobustan əlifbasının 1.100 il əvvəl Azərbaycan xalqına qadağan edilməsinin çoxlu faciələrindən yalnız birinin etiraf edilməsidir. Çünki başımıza gətirilmiş faciələrin çoxundan xəbərimiz yoxdur.

Nəhayət, belə fikir var ki, J səsi dilimizdə nisbətən son dövrlərdə formalaşmışdır. (Z.T.Haciyeva, göstərilən əsəri. Səh 25). Amma Gamiqaya-Qobustan əlifbasında J səsinin qrafik işarələri Ж hətta çoxdan çoxdur və görünür ki, gələcəkdə bunların ayrıca tədqiqat mövzusuna çevrilməsi vacib olacaq.

Ərəb əlifbasının Azərbaycan xalqı üçün əski əlifba – qədim milli əlifba adlandırılması bu günədək kökündən səhv olmuşdur. Əski əlifbamız – qədim milli əlifbamız Gəmiqaya-Qobustan əlifbasıdır.

Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev)

Ə.Fərzəli “Gəmiqaya – Qobustan Əlifbası” kitabı səh.24 – 26

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =