Gülarə Munis

Print Friendly, PDF & Email

 Gülarə Munisin uşaqlar üçün yazdığı nağıl və şeir nümunələri

 Kərimova Gülarə Musa qızı
1953-cü il 30 dekabr tarixində Bakıda dünyaya gəlib.
Şairə-publisist. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1988-ci ildən dövri mətbuatda şeirləri, publisist yazıları və elmi məqalələri dərc olunur. 
“Azad Qələm” qəzeti və ”İşıq” qadın jurnalının əməkdaşıdır.
14 kitabı nəşr olunub, geniş oxucu kütləsinin istifadəsinə verilib.

 Təhsil Nazirliyinin qərarı ilə 2009-cu ildən “Danışan hərflər” adlı uşaq şeiri 2-ci siniflər üçün “Azərbaycan dili iş dəftəri”-nə, 2012-ci ildə 6 nağılı 4-cü sinifin “Azərbaycan dili” kitabına  daxil edilib.   G. Munisin uşaqlar üçün yazdığı nağıllar, şeirlər, tapmacalar, yanıltmaclar kitabları məktəblərdə sinifdən xaric oxu kimi istifadə olunur.

 Azərbaycanda ilk dəfə latın əlifbasının bütün hərfləri ilə kiçik mətnlərdən və yanıltmaclardan ibarət “Ana dilim, can dilim” adlı uşaq  kitabı nəşr olunub.

 Gülarə Munis Yaxın və Orta Şərqdə, o cümlədən  Azərbaycanda, azərbaycan türkcəsində “Divan” kitabı yazan ilk qadın şairədir. Hal-hazırda “İkinci Divan” üzərində işləyir. Yaradıcılığında qəzələ geniş yer ayırır.

 2007-ci ildə nəşr olunan “Divan”kitabı barədə tarix elmləri doktoru, professor Şahin Fazil belə yazıb:

 ”XXl əsrin əvvəllərində klassik ədəbiyyat munisi olan şair qadın şimal Azərbaycanında təptəzə bir “Divan” kitabı yazdı. Əslində  ölkəmizin divan ədəbiyyatı tarixində hələ heç bir qadının cürət edib görə bilmədiyi son dərəcə ciddi poetik bir işi-“divan bağlamaq işi”ni nəhayət bir qadın şairə gördü: Adı Gülarə, təxəllüsü Munisdir o şairə qadının.”

                                                                                                                                                (“Divan”5 səh. 3 abzas. Redaktordan)

 “Divan” kitabının əlyazması hal-hazırda Salman Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində xüsusi fondda saxlanılır.

 Yaradıcılığında əsas xətt Vətənpərvərlik mövzusudur. “Hanı ayağın, əsgər” adlı pyesi yeniyetmələr üçün, “Güllü nənənin xalçası” adlı mənzum pyesi isə uşaqlar üçün nəzərdə tutulub.  

 O, tez-tez qocalar evlərində, uşaq evlərində, məktəblərdə, kitabxana və Mədəniyyət Mərkəzlərində  görüşlər keçirir.

 2010-cu ilin oktyabr ayında  İranın Urmiya şəhərində keçirilən şeir festivalında “Diplom”və pul mükafatı layiq görülüb. Bir çox təşkilatlar tərəfindən “Diplom”,”Fəxri Fərman”və “Təşəkkürnamə”lərlə mükafatlandırılıb.

 Orta məktəblərdə yuxarı sinif şagirdləri ilə (qızlarla) “Ailə, məişət, Milli-əxlaqi dəyərlərimiz”mövzusunda söhbətlər aparır.        

 

                                  Kitabları :

 “Bənövşə yağışı” (mənsur şeirlər)

 ”Divan”   (26 yanrda ədəbi nümunələr toplusu)

  “Göydən alma düşmədi”(uşaq nağılları)

  “Lalə gülünün sirri” ( uşaq nağılları)

  “Söylə mənə, ay nənə!”( uşaqlar üçün şeirlər və tapmacalar)

  “Hanı Toplanın topu”(uşaq nağılları və yanıtmaclar)

  “Gizlənmişəm tap məni”(uşaq şeirləri və tapmacalar)

 ” Müdrik zeytun ağacı” ( uşaq nağılları)

  “İtkin”    (vətənpərvərlik mövzusunda sənədli hekayələr)

  “Təsəlli ver mənə…” (mənsur şeirlər)

  “Fərman Allahdan gəlib” (ilahi qəzəllər)

  “Ana dilim, can dilim” (32 hərflərdən ibarət mətnlər və yanıltmaclar)

  “Müdriklərlərdən eşitdiklərim”(hikmətli və ibrətli kiçik hekayələr)

  “Yad planetdən gələn oğlan” (uşaq nağılları)

———————————————————————————————————————————————————————–                                 

Əsərləri 2-ci, 4-cü, 8-ci və 9-cu siniflərin dərsliyinə daxil edilib.
AYB-də 2015-ci ilin Prezident təqaüdçüsüdür. 
2015-ci ildən BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh səfiridir. 
G. Munisin senariləri əsanıda “Vətənin Sahili” və “At, o qara örpəyi” adlı qısametrajlı filmlər çəkilib. 
Yeni kitabları Qarabağ müharibəsi şəhidləri və əlilləri barədə “Son dayanacaq”, Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov haqqında “Sahilin arzuları, arzuların sahili” adlı kitabları, uşaqlar üçün “Böcək yeməz çiyələk” adlı şeirlər kitabı və gənclərə tövsiyyələr məqsədi ilə yazılmış “Munisin deyimləri” adlı kitabları nəşr olunub.
Əmək veteranıdır.  

———————————————————————————————————————————————————————-

–  Rezin topun nağılı.

Biri var idi, biri yox idi. Göydə ulduzlar,  yerdə insanlar çox idi. Insanlar fikirləşib uşaqlar üçün maraqlı oyuncaqlr hazırlayırdılar ki, uşaqlar darıxmasın.
Günlərin bir günündə bir kişi nəvəsinin əlindən tutub   oyuncaq mağazasına gəldi. Onlar  əlvan rəngli  oyuncaqların yanında yumru bir şey  gördülər. Qoca  bilmirdi ki, bu nədir. Kişi satıcıdan soruşdu:
-Bu yumru şey nədir?
Satıcı dedi :
– Bu topdur.
Kişinin gözləri kəlləsinə çıxdı və dedi:

– Heç oyuncaq mağazasında da top satarlar?

 Satıcı qız gülümsəyib  cavab verdi ki, əmi can bu oyuncaq topdur, bunu neftdən hazırlayıblar. Görkəmi top gülləsinə oxşadığı üçün adına top deyirlər.

Kişi bir az fikirləşib topun birini nəvəsi üçün aldı. O əlini uzadıb  topu götürmək istəyəndə top sürüşüb əlindən yerə düşdü sonra da qalxıb kişinin burnuna dəydi . Kişi vay burnum-deyib- burnunu tutdu. Sonra satıcı qıza dedi:

– Bəs deyirdin  bu oyuncaqdır, az qalmışdı burnum qopub, düşsün.

Satıcı qız kişini başa salır ki, bu rezin top olduğu üçün yerə dəyəndə yenə yuxarı qalxır.

Kişi bir şey başa düşməsə də topu nəvəsinə verib dedi:

– Al, evdə oynayarsan amma ehtiyatlı ol.

Onlar evə gəldilər. Evdə oğlanın oyuncaqlarının yanında doldurulmuş bir şar var idi. Top  şarı görən kimi dedi:

– Salam, şar qardaş.

Şar tərs-tərs topa baxıb cavab verdi ki, sən hardan mənim qardaşım oldun? Mənim qardaşım yoxdur.

Bunu eşidən top deyir ki, sən səhv edirsən. Bizim çoxlu bacı qardaşımız var.

Axı biz neftdən hazırlanmışıq. Heç bilirsən neftdən nələr hazırlayırlar ?

Şar kobudluqla cavab verdi ki, bilmirəm, heç bilmək də istəmirəm. Onu bilirəm ki, mən hamından gözələm, yaraşıqlıyam. Görürsən, məni mıxdan asıblar oğlan məni sapdan tutub məni əlində gəzdirir. Səni isə ayağı ilə vuracaq.

Bir azdan dəcəl oğlan oyuncaqların yanına gəldi . O doğrudan da topu ayağı ilə vurdu. Top divara dəyib yenə oğlanın yanına gəldi. Bu oyun oğlanın çox xoşuna gəldi. O topu götürüb küçəyə getdi.Topu bütün dostlarına göstərdi . Onlar topla xeyli oynayandan sonra oğlan toza bulaşmış topu evə gətirib, yerinə qoydu. Topu çirkli görən şar dedi :

– Gördün! Mən sənə demədim ki, səni ayaqla vuracaqlar. Məni isə əldə gəzdirirlər.

– Sən nahaq yerə bu qədər öyünürsən. Sənin canın o sapdadır , sap açılan kimi yerə yıxılacaqsan.

 -Şar topun bu sözlərinə ürəkdən güldü. O güldükcə ona bağlanan sap boşalırdı. Birdən sap açıldı, şar pufff edib havada uçdu. Sonra da yerə düşdü. O büzüşüb yazıq-yazıq topa baxdı. Top ona dedi :

-Sən çox öyünürdün ona görə də bəlaya düşdün. Öyünənlərin aqibəti həmişə belə olur.

Nağılımız sona çatdı. Nağıla qulaq asan uşaqlar da yoruldu, yatdı . İndi göydən alma düşəcək bəs onları kim götürəcək? Amma bu dəfə  göydən üç dənə əlvan top düşdü. Vəssalam. Toplar diyirlənib hərəsi bir yana getdi.

                                           Kirpinin nağılı.

Biri var idi, biri yox idi. Qalın bir meşə var idi.Bütün heyvanlar özləri üçün yuva düzəldib rahatca yaşayırdılar.Bir gün meşəyə xəbər yayılır ki, bu il qış yaman soyuq keçəcək. Hamı özü üçün isti kürk hazırlasın. Ana heyvanlar bu xəbərdən çox narahat olub, balaları üçün tədarük görməyə başlayır. Axı onların balalarının dərisi çox zərifdir, onlara tez soyuq olar.

Dovşan deyir:

-Bizə iynə və sap lazım olacaq.

Tülkü deyir:

– İynəni kirpidən alarıq.

Dovşan soruşur :

– Bəs sapı haradan tapaq?

Dələ cavab verir ki, sapı mən taparam.

Dələ sap axtarmağa gedir. Axtarır –axtarır amma heç yerdən sap tapa bilmir. Birdən onun gözü ağacda tor qüran hörmüçəyə sataşır. Dələ fikirləşir ki, sapı hörmüçəkdən alarıq.

Heyvanlar –tülkü,dovşan,dələ, canavar yığışıb kirpinin evinə gedir. Əvvəl tülkü içəri girir.

Kirpi onu görəndə çox qorxur.

Tülkü deyir:

-Qorxma,  kirpi qardaş. Sənə bir işim düşüb. Mənə bir iynə ver , sonra yenə qaytararam.

Kirpi ona bir iynə verir. Sonra dovşan ,dələ və bir-bir bütün heyvanlar gəlib kirpidən iynə alır.lap axırda çaqqal gəlir. O kirpiyə deyir:

-Kirpi qardaş hamıya iynə vermisən, mənə də birini ver. Deyirlər bu il qış sərt keçəcək, mən də balalarıma kürk tikim.

 Kirpi deyir:

– əlim çatan yerdən iynələri çıxartmışam, kürəyimdə qalan iynələrə də əlim çatmır, yaxın gəl özün bir iynə götür, apar. Çaqqal bu sözü eşitcək çox sevinir. Fikirləşir ki, kirpinin kürəyindən 3-4 iynə çıxarıb heyvanlara paylayaram. O belə də edir. Kirpinin belindən 3-4 iynə götürüb qaçır.

Kirpi onun arxasınca baxıb gülür və yavaşca deyir:

– Ay avamlar. Siz iynə istədiniz, mən də verdim.Bəs baxmadınız ki, sapı hara keçirəcəksiniz? Axı mənim iynələrimin sap keçən yeri yoxdur. Çaqqal  mənim bir neçə iynəmi qoparıb  apardı , elə bildi hiss eləmədim. Ay-hay…

Onsuz da sabah hamınız gətirib iynələri mənə qaytaracaqsınız.

Səhərisi gün doğrudan da bütün heyvanlar səs-küylə kirpinin evinə gəlir və bir ağısdan deyir:

– Sən bizi aldatmısan. Bu iynələrin sap keçirən yeri yoxdur.

Kirpi sakitcə cavab verir :

– Siz iynə istədiniz , mən də verdim. Onda görmədiniz ki, sap yeri yoxdur ? İstəmirsiz , qaytarın iynələrimi.

Heyvanlar kirpinin iynələrini özünə qaytarır.

Nağılımız sona  çatdı. Kimsə göydən alma atdı.

Almalar hara düşdü? Almalar kirpinin belinə düşdü. Kirpi diksinib  tez yuvasına qaçdı. Onun balaları almaları görüb çox sevindi. Almaları yeyib yatdılar, siz də gedin yatın.

                                Üç rəngin  nağılı

Biri var idi, biri yox idi. Dünyada uşaq çox idi. Onlar məktəbə gedir, elm və bilik öyrənirdilər. Bu uşaqların rəngli qələmləri, əlvan şəkilli kitabları var idi. Səliqəli uşaqların çantası tər-təmiz, kitab-dəftərləri səliqəli olurdu. Pinti uşaqların isə barəsində heç nə yazmaq istəmirəm. Onları siz özünüz yaxşı tanıyırsız. Bilirsiz ki, onların kitab- dəftəri  və əlləri nə gündə olur.

Günlərin bir günü Elnarə adlı  qız məktəbdən evə gəlir. Onun çantasının üstünə mürəkkəb ləkəsi düşmüşdü. Elnarə çox səliqəli qız idi. Odur ki,  çantasından kitablarını, dəftərlərini və qələmlərini  çıxarıb yazı masasının üstünə qoyur. Çantanı isə götürüb üstündə olan ləkəni təmizləməyə başlayır. Qız öz işində olsun, sizə kimdən deyim? Kimdən danışım , masanın  üstündə olan məktəb ləvazimatından. Masanın üstünə qoyulan qələmlər darıxdı. Onlar əl-ələ verib qutunun ağzını açdılar. Qələmlər qutudan çıxan kimi yaşıl qələm dedi:

– Kaş bu qız axşama qədər çanta ilə məşğul olaydı, biz də azadlıqda qalaydıq. Qutunun içində qalmaqdan lap bezmişəm. Ora çox qaranlıqdır.

Sarı qələm dedi:

– Sən niyə bezirsən?   Qız səni  qutudan tez-tez çıxarır. Ağac, yarpaq şəkli çəkəndə sən həmişə onun əlində olursan. Mən isə nə vaxtdır ki, qutuda qalmışam. Gözləməkdən sarı rəngim bir az da saralıb. Yəqin sarı rəngi heç kim sevmir.

Mavi rəngli qələm bu sözləri eşidəndə dözə bilmədi, yaxına gəlib üzünü sarı qələmə tutdu:

– Sən də danışırsan? Axı iki gün əvvəl bu qız  payız fəslinin mənzərəsini çəkəndə səndən gen-bol istifatə elədi. Mən isə heç yada düşmürəm. Nə vaxtdır ki, boynumu burub qutuda qalmışam.

 Mavi  qələm bu sözləri deyib, ürəkdən ağladı. O  mavi dəsmalı ilə gözlərini silib dedi:

– Belə çıxır ki, mən keç kimə lazım deyiləm. Ağaclar, yarpaqlar baharda yaşıl olur, payızda isə sarı. Bəs mən nə vaxt lazım olacağam? Qələm mavi gözlərindən mavi yaşlar səpdi.

 Qəhvəyi qələm  mavi qələmin göz yaşlarını görəndə yaxına gəldi. Onun ürəyi çox kövrək idi. Odur ki, mavi qələmi sakitləşdirib dedi:

– Ağlama! Sən gənglərin içində ən gözəli, ən zərifisən! Səma sənin rəngindədir, dəniz sənin rəngindədir. Hələ bəzi  insanların gözünün  də rəngi  mavi olur.

Mavi rəng heç cür sakitləşə bilmirdi. Bütün bu söhbətə qulaq asan qırmızı qələm qırmızı əlini yuxarı qaldırıb dedi:

– Heç sizdən gözləməzdim! Siz belə danışmaqla uşaqları özünüzdən küsdürərsiniz. Axı hər bir rəngin öz yeri var. Bütün rənglər lazımlıdır. Bu rənglərin  içində elə rənglər var ki, onları təkçə uşaqlar yox, böyüklər də sevir.

 Sonra qırmızı qələm üzünü mavi qələmə tutub dedi:

– Mavi rəng, sən bizim üçün çox vacibsən. Axı sən Azərbaycanın bayrağında yuxarıda dayanırsan, səndən bir azca aşağıda mən oluram mənim yaxınlığımda isə yaşıl qardaşımız dayanır. Mən yuxarıya baxanda səni, aşağıya baxanda isə yaşıl rəngi görəndə çox sevinirəm. Biz birlikdə böyük bir Dövləti təmsil edirik. Bütün məktəbli dostlarımız doğma vətəni və  bu üçrəngli bayrağı canından artıq sevirlər. Heç vaxt bir-birinizlə mübahisə etməyin . Yoxsa rəngləriniz solar.

Qırmızı qələmin sözlərini bütün qələmlər maraqla dinləyirdilər. O daha sonra əlavə etdi:

– Yaşıl rəng  təbiətin yaraşığıdır. Sarı Günəşin rəngidir. Mavi səmanın və dənizin rəngidir. Qəhvəyi rəng insanların gözünün , qara isə saçının rəngidir. Bəzən də onların gözünün rəngi  qara , saçının rəngi  isə qəhvəyi olur.

Bu vaxt kənarda dayanıb dodağını büzən bənövşəyi rəngli qələm  dilləndi:

– Belə çıxır ki, heç kimə lazım olmayan rəng mənəm.

Qırmızı qələm ona dedi:

– Sən nə danışırsan? Sən göy qurşağının ən əsas rəngisən. Sən səmada görünəndə bütün canlılar sevinirlər. Sənin əksin  balaca yağış gölməçələrində də əks olunur. Sən rənglərin nazlı bacısısan.

Bənövşəyi qələm bu sözlərdən lap məst oldu. O, ağzını açıb yenə nə isə demək istəyirdi ki, yaşıl qələm qışqırdı:

– Tez olun qutuya girin!  Qız  əlində çanta buraya gəlir!

  Elnarə təmizlədiyi çantanı masanın üstünə qoyub, məktəb ləvazimatını yenidən çantasına yığdı.

Nağılımız da sona çatdı . Qələmlər şirin yuxu tapdı. Siz də şirin yuxu tapasınız.

Elə bu vaxt göy guruldadı, ildırım çaxdı, güçlü yağış yağdı.

Səhər mavi səmada yeddi rəngli  göyqurşağı uzanıb dincəlirdi. Mənim də yadıma bir tapmaca düşdü: “ O yağışdan sonra gəldi, uzanıb göydə dincəldi.”

Kim cavabı tapsa, suallara o cavab verəcək.

Balalara suallar:

1. Azərbaycanın  bayrağında olan rənglər nəyi bildirir?

2. Göyqurşağı nə vaxt yaranır?

                                                  

                                      

                                          Ey bizə rəhbər baba    
                                                                      Ulu öndərimizin 90 illiyinə.

Gözunu açdı səhər,
Yayıldı xoş bir xəbər,
Odur qazanan zəfər,
Canımız  Heydər baba!
Ey bizə rəhbər baba!

Arzular açdı qanad,
Xalqı O etdi azad,
Dillərdə gəzdi bu ad,
Canımız Heydər  baba!
Ey bizə rəhbər baba!

Qaynadı coşdu bulaq,
Titrədi-dindi dodaq,
Nəğmə dedi hər uşaq,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

Gülərüz, xoştəbiət,
Ürəyində məhəbbət,
Həyatın bizə ibrət,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

Məhəbbətin bir dəniz,
Adın qəlbimə əziz,
Vətənimdə qoydun iz,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

Bura gələn hər qonaq,
Verdi babadan soraq,
Dilə gəldi hər uşaq,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

Çəməndə bitən çiçək,
Çiçək üstdə kəpənək,
Qürrələndi hər ürək,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

Nərgiz, süsən, yasəmən,
Meşə,düzən, bağ, çəmən,
Sevindi ana Vətən,
Canımız Heydər baba!
Ey bizə rəhbər baba!

               

                  

                                               Söylə mənə, ay nənə !

Nəvə gedir yatmağa,
Şirin yuxu tapmağa.

Nənə öpür üzünü,
Söyləyir :“Yum gözünü.”

-Yuxum gəlmir, ay nənə !
 Bir sualım var sənə.

-Söylə mənə, ay nənə !
Nədən isinir Günəş ?
Hardan alır o atəş ?

Söylə mənə, ay nənə !
Nədən yaranır duman ?
Niyə qocalır insan ?

Söylə mənə, ay nənə !
Hara yox oldu baba ?
Yetim qaldı el-oba.

Söylə mənə, ay nənə !
Harda dincəlir külək ?
Harda yatır kəpənək ?

Nənə çaşıb qalmışdı,
Onu fikir almışdı.

Suallar yetmir sona,
Nə cavab versin ona ?

Fikirləşdi bir qədər
Cavab tapdı bir təhər.

Dedi : Bağla gözünü,
Allah bilir düzünü !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − ten =