Zəfər günümüz mübarək olsun 🇦🇿🇹🇷

Print Friendly, PDF & Email

Zəfər günü

Soyuq bir noyabr günü idi…

Qarabağa güclü qar yağmışdı. Qarabağın qara günlərinə son qoyulmuşdu. Ağ qar torpağa axan şəhid qanlarını gizlətmək üçün yağmışdı.

Səmada saysız -hesabsız ağ göyərçinlər qanad çalırdı.

Yerdəki insanlar heyrətlə səmada uçan göyərçinlərə baxıb, bir-birindən soruşurdular:

-Bu qədər göyərçin hara uçur? Bu nə uçuşdur belə?

Göyərçinlər var güclərini qanadlarına verib Qarabağa tərəf uçurdu. Birdən qarşıdan sinəsi ağ bir qaranquş onlarla üz-üzə gəldi. Göyərçinlərin başçısı soruşdu:

-Səndən nə əcəb? Sən axı baharda gəlirsən!

Qaranquş suala sualla cavab verdi:

-Bəs siz hara uçursunuz?

Göyərçinlərin başçısı dedi:

-Biz dimdiyimizdə şəhid analarınin göz yaşlarını Qarabağa aparırıq ki, anaların göz yaşları ilə torpağa axan şəhid qanlarını yuyaq, axı sabah bayramdır, Zəfər günüdür! Bəs sən hara uçursan?

Qaranquş cavab verdi:

-Mən xoş xəbər müjdəçisiyəm, analara xoş xəbər aparıram. Anaların göz yaşlarını qanadlarımla silməyə tələsirəm. Axı Azərbaycan Ordusu Zəfər çalıb, Azərbaycan oğulları Qələbə qazanıb!

Sabah ən əziz bayramdır, bu xəbəri ellərə çatdırmalıyam!

Aydın, mavi səmada saysız-hesabsız ağ göyərçinlər üzü Qarabağa, ağ sinəli qaranquş isə Qarabağdan üzü bəri uçurdu…

Quşlar da, xoş xəbəri, Zəfər xəbərini tez çatdırmağa tələsirdi…

Zəfərin mübarək, Azərbaycan!

 

Gülarə Munis. AYB və AJB üzvü.                          

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.