Yallı adlarında qədim dilimiz və tariximiz

Print Friendly, PDF & Email

 Bütöv Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan torpağı, bəşər tarixi və mədəniyyətinə öz arxeoloji abidələri, qayaüstü rəsmləri, yazı nümunələri ilə qiymətli elmi yeniliklər verməklə yanaşı, musiqi mədəniyyətimizin özünəməxsus inciləri ilə də dunyanı heyrətləndirməkdədir.

       Azərbaycan müsiqi və xoreoqrafiya  sənətinin əvəzsiz incilərindən olub tarixi ilk tünc dövründən də  qabağa  gedən yallıların Naxçıvanda ümum Azərbaycan yallılarından  fərqli  ifadə  forma və imkanları əski tariximizlə sıx bağlı olmuş, qayaüstü rəsmlərdə günümüzə qədər gəlib çatmışdır. Bu ecazkar müsiqi və xoreoqrafiya sənətinin adı da qaynaqlarda maraqlı mə`naya malik olmaqla qədim türk dilində Yallı/Yalı/yalın yazılışlarında “atəş”, “alov” mə`nalarında işlənmiş (1, s. 229) qədim inancımızla bağlı olmuşdur.

        Xüsusi  qeyd  etmək  istərdik ki, tarzən – pedaqoq Əkrəm Məmməd oğlu Məmmədlinin  14 Azərbaycan muğamını notlaşdırıb dərs vəsaiti kimi nəşr etdirməsi, musiqi sənətimizin ən uğurlu nəticələrindən biri idi (ətraflı bax, 3). Qədim  qam – şamanlardan  günümüzə gəlib çatmış bu sənət əsərlərinə bu gün digər  millətlər  sahib  çıxmaq istəsələr də, ustad tarzənin muğamları  notlaşdırması bu qədim sənət əsərlərinin dünya ictimaiyyətinə inteqrasiyasına yol açır və Azərbaycan xalqına məxsusluğunu bir daha sübut edir. Ömrünün müdrüklük çağında bu istiqamətdə öz işini davam etdirən görkəmli tarzənimiz, oğlu gənc musiqişünas  Kənan Məmmədli ilə birgə zəhmətinin məhsulu olan “Naxçıvan – Şərur El yallıları” kitabı isə, ümumtürk dünyasında  bu  musiqi yanrının Azərbaycan xalqına mənsub olduğunun bir uca kimliyi (pasportu) yerindədir..

        Qeyd edək ki, yallı adlarının daşıdığı mə`nada dil, tarixi və mifoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Adlara diqqət edərkən rast gəldiyimiz protoazərbaycanlılara  məxsus tayfa adları ilə yanaşı qədim sözlərimiz, eləcə də əski  mifik  inancımız Naxçıvanın bəşər sivilizasiyasının ilk beşiklərindən olduğunu bir daha sübut edir. Bu həm də qədim mifdən sonralar isə şaman ayinlərindən öz mənbəyini götürən yallıların ilk beşiklərindən birinin də məhz Naxçıvan olduğuna tarixi sübutdur.

      Müəlliflərin toplayıb notlaşdırdığı 92 yallıdan Nazilə, Xəlili, Mərcanlar, Mərcanı, Qəmbər yamanı, Bəndi, Bəndil, Gülşanə, Kərimbəy, Leylahanı, Baharı, Nuran, Salamı kimi bir qrupu insan adları ilə (antroponimlərlə) adlanmışdır. Heç şübhəsiz ki, bu amil qədim yallılara əlavə rəqs hərəkətləri və yenilik  gətirən  milli  mə`nəvi  dəyərlərimizin  təəssübkeşləri  olmuş  şəxslərin  adı ilə  bağlıdır. Burada Qəmbər adındakı “yamanı” sözü təbii ki, “yaxşı” mə`nasındadır  və  biz  hazırda  da  “yaman  oynadı,  yaman oxudu, yaman çaldı” və s. ifadələrdə bu sözü “yaxşı” mə`nasında işlədirik.

     Yallı  adlarının  bir  qismində  isə rəqs hərəkətinin icra formaları və ifa tərzi öz əksini tapır. Bura  Çökəli,  Narıncı,  İkiayağı,  Dönə, Üçayağı, Asta Qarabağı,  Qazı-qazı,  Qazayağı,  Dikdabanı,  Sər-səri,  Xanı-xanı, Nanay, kimi yallılar aiddir.  Təbii ki, Naxçıvan ərazisindəki El, Qarakilsə, Hərilli, Göyçəməni, Hoynəri (fikrimizcə bu Xoy – Xok  nəri, igidi yallı adıdır), Dağı, Dalan, Dağ gülü kimi  yallı  rəqsləri  isə yarandığı ərazi, kənd və elin adını daşıyır.

      Naxçıvan  yallı adlarının  maraqlı  cəhətlərindən  biri  də onların ifasında rəqs edənlərə müraciətlər, xitablardır. Ola bilsin ki, Söylə, Köçginən gəl, Ay xanım, Aman gəl, Aman Lelo kimi yallı adlarında müəyyən rəqs hərəkətinin icrasına hər hansı  bir  xəbərdarlıq  nəzərdə tutulmuşdur. Bu adlardan bir qismi eyni zamanda geyimə – Tirməşal,  hər hansı bir ictimai prosesə – Köçəri,  eləcə də rəqsin  xarakterinə  uyğun –Nanay,  Cərgəbaz kimi adlarla yallı adına çevrilmişdir.  Bütün  bunlar milli rəqslərimizin son minilliklər inkişafı ilə bağlı adlar olmaqla asanlıqla anlaşılır. Lakin bu yallıların dairəvi ifa tərzi, rəqs hərəkətləri icrasında əyilib qalxmalar, müxtəlif qeyri – adi  ifalar və rəqs zamanı müəyyən həmahəng  səslərin nə ilə bağlı olduğu və nə mə`na daşıdığı  günümüzədək aydınlaşdırılmamışdır.

       Biz qədim qaynaqlara baxdıqda bu yallı adlarından bir qisminin mə`naca milladdan öncəki minilliklərin tayfa adı və inancları ilə bağlı adlar olduğunu görürük  və  adlar  müasir dilimizdə anlaşılmır. Yallıda əsasən dairəvi rəqs amilinin qədim mifik inancımızla bağlı olduğu da qədim qaynaqlar hesabına anlaşılır. Bu adların tarixi qaynaqlar və qədim türk dili sözlükləri ilə etimoloji izahları milli musiqimizin, eləcə də yallı rəqslərimizin hələ neçə minilliklər əvvəl yarandığını ortaya  çıxarır.  Bu  isə milli mədəniyyətimizin qədimliyinin sübutu ilə yanaşı, bu rəqslərin  Gəmi – qaya,   Qobustan,  Təbriz,  Nüvədi, Mingəçevir və s. ərazilərin qayaüstü rəsmlərində e.ə. minilliklərə aidliyi yallı janrı mədəniyyətinin  məhz Azərbaycan  xalqına  məxsus  olduğunu  da təsdiq edir  (7, s. 113-122). Rəqslərin dairəvi  ifa amilinə  gəldikdə isə qədim qaynaqlara diqqət etdikdə bu rəqsin qədim azərbaycanlıların Günəş və Ay inancı ilə bağlı olduğu ortaya çıxır. Yallı  rəqsində  hərəkətlərin dairəvi  tamamı günəşə və Aya işarədir. Hələ e.ə. minilliklərdə  Şar –  “Günəş”  və “Ay” tanrısı qədim xalqımızın inancında xüsusi yer almış onlara aid inam şamanlarımızın ayinlərində yallı rəqslərinə  uyğun  icra  olunmuşdur (6, II c., s. 88 ). Təbii ki, yallı rəqslərimiz də bu tarixi inancımızın izləri olmaqla buradan qaynaqlanıb minilləri ötərək günümüzə qədər gəlmişdir.

       Şərili, Şərili köçərisi,  Sərsəvan,  Sareyi, Şirhan kimi yallı adları həm qədim türk mifi Şar – “Günəş tanrısı” adından, həm də Tanrı adını daşıyan Şir (Şirak –  “Uca Şir”) tayfa  adlarından öz adlarını götürmüşlər (6, II c., s. 88 ). Adlara  qoşulan il – “yurd”, kan – “məkan”,  “mənbə”, sav – “insan dolu dünya”, eyi/öyi – “yaradan , cənab, 4 cahanın  sahibi”  (1, 289, 492) kimi qədim Azərbaycan sözləri adları  Şərili  – “Şar tanrısının yurdu”,  Sərsəvan – “Şar tanrısını  insan  dolu  dünyası”,  Sareyi – “4 cahanın sahibi Şar tanrısı”  Şirhan –“Şar məkanı”,  mə`nalarında  uzaq  tariximizə  bağlayır. Bu yallılar Günəş tanrı adına dairəvi icra olunan ayin olub qədim inanc və mədəniyyətimizin rəqs hərəkətləri  ilə  ifa  üsuludur. Bütün bu qədimliyin, babalarımızın mirasının bir yerə yığılıb sistemləşdirilməsi və notlaşdırılması isə, Əkrəm və Kənan Məmmədlilər tərəfindən musiqi tariximizin keçmişinə olan vətəndaş məhəbətinin və sənətkar qeyrətinin təcəssümüdür.

       Yallı adlarımızdan Noraşan – “Onuncu As ərlər”, Türkan, Tello, Desoy/Tusay,  Qaleyi, Çaleyi, Əfsəri, Gilani, Hazıravicin – “Şanlı Xəzərevi”,Ağrı  gülü,  Osmanlı,  Qızılbaş  kimi adlar da tarixi   baxımdan  xüsusu əhəmiyyət daşıyır. Bu adlar qədim Azərbaycan və onun qədim ayrılmaz yurdlarından  olan  Naxçıvan  əhalisinin  4 – 5 min il bundan öncəki ulu babalarından olan As, Türk, Tal, Tus, Ağri-Oğuz,  Xəzər, Gel,  Kol, Çul, Əfşar, Səfəvi,  Osmanlı,  Qızılbaş  kimi  tayfa  adlarının  adını  özündə qorumaqdadır  (2, s.29; 4, s.104; 8, s.129, 354, 418).  Bununla  bərabər Desoy/Tusay yallı adı qədim Ay inancımızdan da xəbər verir. Yallı adlarından tayfa adlarına qoşulan eyi/eya/iya –  “yaradan, 4 cahanın sahibi”, kan – “xaqan”,  bəzən də  “məkan”, av-“ev”, can/san – “şan-şöhrət” kimi qədim sözlər də adların əski minilliklərdən gəlməklə qədim türklərdə Tanrıya aid işarənin daşıyıcılarıdır (1, s.167, 205). Qədim əsatirlərə görə Ay tanrısı azərbaycanılıların inancında ayrıca yer almış, Asay, Doray, Talay, Matay kimi onlarla tayfa adlarımızda bu izlər qalmışdır (8, s.442). Bundan  başqa  Ay  hunlarda  Tanrı  adı olmuş, Günəşlə birgə Meteni hakim təyin etmişdir (9,s. 118). Bunlar nəzərə alınmaqla Tusay – “Ay tanrısı Tuslarının yallısı”, Qaleyi – “Yaradanın  Kol  tayfa  yallısı”, Çaleyi – “Yaradanın Çul  tayfa  yallısı” və  Güneyi – “4 cahanın sahibinə məxsus Gun” yallısı,     Kafeyi – “4 cahanın sahibinə məxsus Yurd”, Gilan – “Gillərə məxsus”, Şahsevən (Şahsevəri) yallı adları bu mə`naları ilə qədim mifik kökümüzlə bağlı adlardır. Bundan  sonra  tayfa  adı və bir qrup Sələni – “Döyüşçü yallısı”,  Papil/Babil– “Başçı  yurdunun yallısı” (1, s.76, 482), Səfəvi adlarının sonundakı i “izafət” sonluğu adlara  ərəb  işğalından sonra  artırılan  şəkilçidir (yenə orada, 289, 492). Bu tayfa adlarından yaranan yallılar ümumxalq arasından çıxan qədim türk- Azərbaycan mifik  inancını  özündə  saxlayan  ayin  rəqsləri olmasını bir daha sübut  edir. Eyni hal Tənzərə – “Dan işığı, ziyası” mə`nasındakı Günəş tanrısına işarə olan bu yallı adında da təkrarlanır. Bu yallı eyni adda Türkiyənin Artvin, Şavşad bölgələrində rəqs zamanı səcdə xarakterli hərəkətlərlə qeydə alınır.  Bu da yallının Tanrı adına icra olunan qədim ayin, rəqs növü olduğunu göstərir və şübhəsiz,  ifa tərzi Naxçıvan  mədəni  mühitindən ümumtürk ərazilərinə adlamışdır. Eyni  qədimlik  İrəvani, Urfanı yallı adlarında təkrarlanır. Bu adlardakı  insanı  yaradan  türk  tanrısı  Anu adı və qədim türk  sözləri ur -“məskən, yurd”, ban – “uca” (1, s. 81; 5, I ç. s. 164”) sözləri adları “Uca Anu yurdu”,“Uca yurd”  yallsı mə`nalarını da izah edir.

Əkrəm  və  Kənan  Məmmədlilər  tərəfindən  tarixi keçmişdən günümüzə gələn, milli mədəniyyətimizin bir parçası olan yallılarımızın toplanıb notlaşdırılması və kitab şəklində əbədiləşdirilməsi  ağır və  məsuliyyətli zəhmətin nəticəsidir.

                                                                             Firudin Rzayev

                                                       Filologiya üzrə fəlsəfə doktoru,

                                                                                              dosent.

                                                                Mənbələr

1. Дрвнетюркский словрь. Ленинград: Наука.1969, 676 с.

2. Cəfərоv C.İ.Milli etnik yaddaşın izi ilə. Bakı: Səda, 2005, 171 s.

3. MəmmədliƏ.M. Azərbaycan muğamları. Bakı: —- 2012, 328 s.

4. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 138 s.

5. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. I c., Ankara: Basımevi, 1985, 530 s.     

6. Мифы народов мира. Энциклопедия. Т. II, Москва: Советская энциклопедия.1988, 719 с.7. 7. Rzayev F.H. Gəmiqaya təsvirlərinin və toponimlərinin ümumtürk çağırışı //  AMEA NB  Xəbərlər, Naxçıvan: Tusi, 2005, №1, s. 113-122.

8. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən.I c. Bakı:ADPU-nun mətbəəsi, 2013, 529 c.

9. Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.