Firudin Həsən oğlu Rzayev

Print Friendly, PDF & Email

1952-ci ildə Naxçıvan Muxtr Respublikası, Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 1975-ci ildən Culfa rayon M.Qasımov adına Xoşkeşin kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayan F.H.Rzayev 1983-cü ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirərək ixtisası üzrə müəllimlik sənətini davam etdirmişdir.

            Orta məktəbdə müəllim işləyərkən o, elmi yaradıcılıqla məşğul olmuş, Xarici Dillər Universitetinin dissertantı kimi fəaliyyət göstərmişdir. 2003-cü ildə “Əlincə çayı vadisi toponimlərinin türk layı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 2004-cü ildə AMEA Naxçıvan bölməsinə işə dəvət olunmaqla, şöbə müdiri vəzifəsinə təyin edilmişdir.

             Ötən 9 il ərzində 2 monoqrafiya və 80-dən yuxarı elmi məqalənin müəllifi olan F.Rzyev, Rusiya, Türkiyə, İran dövlətlərində Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, bir sıra elmi məqalələri bu dövlətlərin mötəbər jurnallarında dərc olunmuşdur. Son illər Naxçıvanla bağlı nəşr olunmuş ensiklopediyaların, antologiyaların da həmmüəllifi olan F.Rzyev, digər elmi monoqrafiyalarda da həmmüəllif kimi iştirak etmişdir.

Naxçıvan əhalisinin m.ö.VI-I minilliklər etnogenezi problemi ətrafında apardığı tədqiqatların elmi nəticələri istər Naxçıvan tarixi və etnogenezi, istər Azərbaycan, istərsə də qonşu dövlətlərin tarixi və etnik tərkibi istiqamətində mühüm elmi əhəmiyyət daşıyır. Onun Assur, Hett, Urartu yazılı mətinləri üzərində qədim türk dili lüğətləri ilə apardığı bir neçə müqayisəli tərcümələr mətinlərin Assur, Hett, Urartu dilində olmasını şübhə altına alır.

F.H.Rzayev hazırda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

 

MƏMMƏD ARAZ YARADICILIĞININ FƏLSƏFİ ALƏMİ
XX əsr Azərbaycan ədəbiyyatının söz sənəti zirvəsinə qalxan Məmməd Araz poeziyası MİLLİ TARİXİN, DİLİN, ADƏT-ƏNƏNƏ və MƏİŞƏTİMİZİN üzərində köklənən elə bir söz zirvəsidir ki, o nə bu gün, nə sabah, nə də yüz illər sonra öz ucalığından enməyəcəkdir. Azərbaycan və ümumtürk ədəbiyyatına Naxçıvan ədəbi mühitindən adlayan bu poetik rənglər dünyasında Vətən bütövlüyü, özünün yüzillər öncəki əzəli görünüşündədir. Öz yaradıcılığında bəşəri realist düşüncələrə, milli fəlsəfi fikirlərə yer ayıran böyük sənətkarın əsərləri ümumtürk ədəbiyyatına öz TÜRK-AZƏRBAYCAN fəlsəfəsi, realist, romantik, metafizik və sufizm istiqamətli düşüncələrlə adlamış əsl söz xəzinəsidir.

Sovetlər dövrünün bayağı sözlər yığımındakı mədhiyyə, tərif və təhrifləri söküb gələn bu söz xəzinəsində Məmməd Araz fəlsəfi dünyası da özünəməxsus ürfan işığında oxucusunu heyrətləndirməkdədir. Onun fəlsəfi aləminə rənglər qatan bu poetik ifadələrindəki fəlsəfi istiqamətlər elə bir ifadə formasıdır ki, şairin özü demişkən “sözlə zarafat etməmiş”, ciddiyyətin mükəmməl formasında fəlsəfi aləmi ümumtürk ədəbiyyatına daşımışdır.

Bildiyimiz kimi fəlsəfi fikirlər toplusunda idealist, materialist düşüncələr hələ bəşəri təfəkkürün formalaşdığı ilk dövrlərdən mövcud olmuş, insan idrakı təbiət hadisələri fövqündə bu iki düşüncə vəhdətində əsl həqiqətə istiqamətlənmiş, onu formalaşdırmışdır (-F.R.). Bu mürəkkəblik içində F.F.Qasımzadə, H.R.İmanov, H.İ.Şirəliyevin də qeyd etdikləri kimi əsas qeyri əsasdan, mühüm olan mühüm olmayandan, zərurət təsadüfdən seçilmiş, həqiqət öz geyimində ortalığa çıxmışdır (5, s. 7).

Məmməd Araz yaradıcılığında qeyri-əsasla əsasın, mühüm olanla mühüm olmayanın, zərurətlə təsadüfün vəhdəti, poetik ifadələrin əsas qayələrindən biri kimi yer alır. “Xəzəli pul olan bağın” şerində

Adı Pənah-pənahı yox,
Günah paylar-günahı yox,
Bu Allahın Allahı yox,

Heç dərdimə şərik çıxmaz…” (9, s. 289) misralarındakı təzadlar içində mücərrədliklər MƏNDƏKİ maddilikdə birləşir. Bu poetik ifadədə idealist fəlsəfi düşüncə, materialist düşüncə ilə, yəni əsasla vəhdətdə götürülür və maddilik yaşantıların önündə durur. Bunun ardınca “Əgər mən özümlə üz-üzə gəlsəm” şerində “Günü sabah mən özümlə üz-üzə gəlsəm”, “İlk baxışdan tanımasaq bir-birimizi”, “Yalanımız doğru olar, doğrumuz yalan” ifadələrinə təsadüf edirik (yenə orada, s. 81). Şairin bu səpkidə idealizmlə realizmi üz-üzə gətirməsi və müqayisədə ruhla cismin, yəni maddiliklə mücərrədliyin bütövlük təzahürünü önə çəkməsi bir mahiyyətdə bütövləşir. Şair düşüncəsində ƏSAS-İNSAN maddiliyindəki “yalan, doğru, ruh” təzahürləri mücərrədliyin maddiliyə dönüşü kimi materiyada bütövləşir, eyniləşir (-F.R.). Materiyaya, maddilik və mücərrədliyə bu cür yanaşma Məmməd Araz yaradıcılığının özünə məxsus çalarlarıdır.

Onun “Göy altında, Yer üstündə”, “Meymuna əl çalmaq öyrədən uşaq” kimi şerləri də, fəlsəfi düşüncə məzmununda real həqiqətləri əks etdirir. Burada əsasla qeyri-əsası, bəzən isə iki maddilikdə mücərrədliklə maddilik, zərurətlə təsadüf birləşir.

“Torpağın üstündə bünövrə daşı,
  Torpağın altında əhlət daşı var” (9, s. 89-90).

Fikrinin “təsdiqində” metafizik fəlsəfi düşüncəyə meyl və əsasla qeyri-əsasın bütövlük mümkünlüyü və təbiətlə dünyanın quruluşu haqqındakı fəlsəfi yön irəli çəkilir. Əgər xatırlasaq Aristotel metafizikanı “təbiətdən sonra gələn alilər haqqında başlanğıc” kimi təsvir edirdi (13). Lakin sonralar bu elm təbiət də daxil olmaqla hüduddan kənar mənalarında izah edilsə də, fikrimizcə, bu ad altında bütöv kainat təzahürləri, yəni kainatın özü dayanmaqdadır. Məmməd Araz bəzi şerlərində ruhun əbədiyaşarlığına, realist düşüncədə zərrələr fövqündə maddilikdə birləşməyin əsas olması qayəsindən çıxış edərək,

“Torpağa söykəndim-gücüm dağ gücü,
Torpaqdan üzüldüm-çürümüş dənəm”…
“Ey atamın ruhu, mənə həyan dur,
Quş olum, bir kola, bir daşa qonum” və ya
“İnsan dünyasından əl çala-çala
Meymun dünyasına qayıda bilər… (yenə orada, s. 89-90, 262-263)

misralarında maddilik-əsas, ruh və çürümüş dən-zərurətlə mücərrədlik təzahürlərində realizm və idealizmin vəhdətini önə çəkir. Bu halda zərrə və maddilik kainatın özü boydadır və bu əsasdan kənar deyil. Əgər yadımıza salsaq böyük sənətkarımız Nəsimidə də biz bu fikirlə qarşılaşırıq. Onun daha çox oxunan “Sığmazam” qəzəlində ruhun idealist nəzəriyyədəki əbədiyaşarlıq konsepsiyası önə çəkilir və

“Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm
Ayətim bundan öncədir, ayəti-şana sığmazam” (3, s. 169-170)

beytində zərrələrə parçalanma və yenidən maddiləşmə təzahürləri əbədiyaşarlığın maddilik ideyasında materializmin mütləqliyidir. Bu Məmməd Araz şerində ruhun yardımı ilə canlı varlığa-quşa dönüşün yeni ifadə formasında zərrələrin maddilikdə vəhdətidir və materiyanınbaşqa quruluşda materiyaya dönüşüdür. Əgər bu fəlsəfi yanaşmaya diqqət etsək, burada Şərq və Qərb fəlsəfi fikrindən daha çox şairin ümumtürk fəlsəfi aləmindən, Şamançılıq ideyalarından bəhrələndiyini görürük. Dədə Qorqud ruhu da keçmiş və gələcəkdən dürlü xəbərlərə vasitəçi idi və maddilikdə-materiyada mahiyyət şəklində idi (4, s. 31).

Hələ yaradıcılığının ilkin dövrlərində “Ölüm yaxşılığı”, “Heykəl ömrü” kimi şerlərində də söz ustadı “yamanları dəfn edir”, “yamanlığı dəfn edə bilmir”, lakin hər ikisi bir maddiliyin təzahüründə cəmləşir. Daha sonra qeyri-əsasla vəhdətdəki maddilikdən qopub “heykəl həyatına köçən”, “heykəllər dünyasında Allaha çevrilən” digər mücərrədsiz maddilik fərqli əsas olsa da belə, qeyri-əsasdan ayrılır və burada yenə də maddilik-əsas önə çəkilməklə materiya tam kimi qəbul edilir (7, s. 105, 124). Əgər sənətkarın bütün ifadə formalarına ayrı-ayrılıqda diqqət etsək, varlıqla mücərrəd düşüncəsindəki vəhdət, realizmlə idealist düşüncənin fövqündə tamdır, ayrılıqda isə hər biri yarımçıqdır.

A.Həsənoğlu fəlsəfi dünyanın mürəkkəbliyini izah edərkən universal təsəvvüfün ümumi şəkildə həqiqətə qovuşma mümkünlüyündən bəhs edir, yaradanla yaradılmışın (xaliqlə xilqətin) vəhdətdə mümkünlüyünü qəbul etməklə onu qüvvətli və nüfuzlu ideya təlimi kimi qiymətləndirir (1, s. 25). Müəllifin ideyası sufizm təlimi baxımından xaliqlə xilqət bütövlüyü kontekstində doğrudur. Lakin Məmməd Araz poeziyasında bu fəlsəfi düşümə ayrı bir aspektdən yanaşılır. Onun “Duman ömrü” şerində biz real varlığın-maddiliyin mücərrədliklə “ünsiyyətini” duman içində, ayrı-ayrılıqda görürük:

“Görüm hər tutanda kəndi, şəhəri
Fatehlər bu dəmdən nə görüb axı.
Nənəmin Allahı illərdən bəri
Nənəmin yurduna nə verib axı?…”

sualında şair idealizm ağuşundakı maddi varlıqdan əsl maddi aləmə-materializmə dönür və maddiliklə mücərrədlik sual altına düşür. Bu sufizm ideyalarında özünü doğrultmur və materiya mütləq kimi ortalığa çıxır. Məmməd Araz şerindəki mütləq varlığın sual ifadəsində səslənməsi maddiliklə mücərrədlik vəhdətinin QEYRİ-TAMLIQ şəklində görünür. Əgər ədəbiyyat nəzəriyyəsində “Sənətkarın realist metodu əsas götürməklə bədii idrakı obyektiv varlıqla qidalandırması” konsepsiyasına istinad etsək (10, s. 209),burada bədii idrak-QEYRİ-ƏSAS, obyektiv varlıqda-MADDİLİKDƏ birləşməlidir. Bu isə sufizmin kamillik mərtəbəsi ideyasıdır.

Bu fəlsəfi fikirlərlə yanaşı Məmməd Araz yaradıcılığında kainat və zərrə yəni metafizik fəlsəfəyə istiqamətlənmiş və tam olaraq onu əks etdirən şerlərlə də qarşılaşırıq. Lakin məhəbbətdə aldanışla-mücərrəd qeyri-əsasla qarşılaşanların itiklərini ümumiləşdirən şair, söz zirvəsində “… son tufan, son ümid, son güman” maddiliyi və mücərrədliyi vəhdətində “Günçıxan, günbatan” arasında kainatı-materializmi önə çəkməklə bədii təsvirdə “o gözlərə”-mahiyyətə baxmır. Burada sevdalının öz məhəbbətində böyüklüyü kainatla vəhdətdə müqayisə edilir və bu duyğularda maddilik METAFİZİK fəlsəfədə gerçəkləşir, bütövləşir. (7, s. 296). Bu makro aləmlə-Bütöv kainatla, mikroaləmin-zərrələrin vəhdəti fövqündə insan duyğularının poetik ifadəsidir.

Bəzən şairin yaradıcılığında insan və kainat poetik düşüncəsi, insan xisləti və kainatda baş verən təzahürlər fonunda İDEYA -MATERİYA vəhdəti ilə METAFİZİK FƏLSƏFƏ birləşir mahiyyət əbədi mövcudluqdakı təzahürlər şəklində görünür. “Yetim ulduzlar”, “Mənli də mənsiz də bu dünya vardı”, “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Mən belə dünyanın nəyindən küsüm” kimi şerlərində kainat və insan bətnindəki təzahürləri

Bir üzü işıqdır, bir üzü buzdur
Məkrli qadındır, gülçöhrə qızdır
Həlimdir, kövrəkdir, sərtdir, quduzdur…
Mən belə dünyanın nəyindən küsüm…

Və ya

Mənli də mənsiz də bu dünya vardı
Göy belə göy idi, qar belə ağdı… (8, s. 217)

kimi misralarla söz ucalığına qaldıran şair düşüncəsində ŞƏR və XEYİR üz-üzə durmaqla bütün KAİNAT daxilində maddiliklə mücərrədliyi birləşdirir. Burada əski türk mifindən gələn xeyir və şər vəhdətdədir. Cəsarətlə demək mümkündür ki, burada şər və xeyir bütöv kainatla yanaşı İNSAN ümumvəhdətində birləşir. Hər hansı birinin yoxluğu ümumfəlsəfi baxışda natamamlıq yaradır.

    Rus ədəbi fikrində romantizmi geniş araşdırmaqla öz fikrini də ortalığa qoyan V.Q.Belinski bunu insan daxili aləminin düşüncəsindən kənarlaşdırmır və “romantizmi insan qəlbinin daxili dünyası” qənaətində təqdim edir (2, s. 152-154). Lakin Məmməd Araz yaradıcılığında romantik düşüncələr təkcə onun daxili aləmi deyil, kainat və zərrə kontekstində yəni metafizik fəlsəfəyə istiqamətlənmiş ifadə formasıdır. Burada mücərrəd olanla maddilikdəki təzahürlər toplumunda bir düşüncə tərzidir və romantizmlə realizm ayrı-ayrılıqda hər biri MAHİYYƏTDİR.

…Didişmə dişləri bitirib insan
…Cələsi yoxların tələsi işlək
…İşıq paylayan kim, işıq qapan kim…
…Ya rəbbim, bu dünya sən quran deyil!
…Harda dinimiz var imanımız yox
…Odunu suyunu dəyiş dünyanın
…Fəzada yerini dəyiş dünyanın(9, s. 79-80)

kimi misraların daxil olduğu “Ya rəbbim, bu dünya sən quran deyil!” şerində də bəşəri demonizm – ŞƏRLƏ XEYİR qarşı-qarşıya insanlıqda maddilikdə təzahür etməkdədir. Burada romantizm, idealizm, realizm və metafizik aləm üz-üzə durmaqla fikir ideyadan real həyata maddiliyə yəni materiyaya istiqamətlənir, ÜMUM MAHİYYƏTDƏ-İNSAN və KAİNAT bütövlüyündə təqdim olunur. Burada şair mövcud həqiqətlə idealist düşüm arasında dumanlı bir aləmi NURA çəkmək istəyir, lakin İDEALİZMİN HƏQİQƏTƏ dönüşü, xəyali təzahür gerçəkliyindədir. Burada zaman və məkan, keçmiş və gələcək sadə bir romantizm olsa da belə, ifadə materialist qətiyyətindədir.

Qeyd edək ki, yer kürəsində canlı aləmin “atası” sayılan Qonur yosundakı bioloji quruluşun cüzi fərqlə birdən sonsuzluğadək bütün kainatı formalaşdırması MAKRO ALƏM VƏ MİKRO ALƏM vəhdətinə təkzibolunmaz sübutdur. Bu kainatda minlərlə oxşar günəş sistemlərinin mövcudluğunu qeyd şərtsiz təsdiq edir (-F.R.). Təkrar kosmik sistemlər fövqündə dünyaların (maddilik və mücərrədliyin-əsasla qeyri-əsasın) fəlsəfi baxımda metafizika ilə fizikanın İNSAN və ONDAKI İDRAK təzahürlərində yeri və MAKRO ALƏMLƏ vəhdəti MÜTLƏQ HƏQİQƏTDİR.

Əgər bunlar nəzərə alınarsa Məmməd Arazın romantik ruhda yazdığı “Nə bilim”, “A zalım” şerlərindəki “…Həm öldürür həm dirildir baxışın”, “…Damağımda bal sevdanın turş dadı” (7, s. 285-286) misraları şairin romantik metoda üstünlük verdiyinə bi işarə olsa da, bu həyat hadisələrində subyektiv “MƏN” önə çəkilir və ikili dünyada qeyri-əsasla əsas, XEYİRLƏ ŞƏR dünyası MAHİYYƏTDƏ-İNSANDA təzahür edir. Bu poetik yol Məmməd Araza məxsus olmaqla ədəbi düşüncədə bir FƏRDİ təmsil edir və şair bu duyğularında maddi-mənfəət aləmindən yüksəkdə durmaqla KAMİLLİK zirvəsindədir.

Qərb fəlsəfi fikrində xüsusi yeri olan Hötedə “həqiqət işığı” fəlsəfi fikrində insanın qurtuluşunu bu işıqda görür (6, s. 190). Lakin burada qədim türklərin hələ m. ö. III minilliklərdən meydana çıxan Şaman-Atəş bütövlüyündə Sufizmin ayaq açıb türk fəlsəfi aləminə gəlişinin təsiri görünməkdədir. Təəssüflə qeyd edək ki, Azərbaycan ədəbiyyatında Sufizmin IX əsrdə Həllac Mənsurla “başlanması” versiyasının tez-tez təkrarı bu cəryanın türklərdə hələ 5 min il öncəki mövcudluğuna bir kölgə salır. Əgər xatırlasaq m. ö. IV əsrdə Makedoniyalı İsgəndərin Azərbaycana hücumu,Şaman Atalara qarşı mübarizəsi, “Avesta”nın yandırılması və məhz onların Hindistana köçü ilə də burada atəşpərəstliyin meydana gəlməsi və yayılması bir tarixi həqiqətdir. Onun burada şaman suffistləri zəka sınağına çəkib əfv etməsi bu fəlsəfi fikrin ən azı hələ m. ö. IV əsrdən türk mifik düşüncəsində geniş yer aldığını sübut edir (11, s. 424-425).

Deməli Hötenin “Faust” əsərində “…həqiqət işığının insanın xilas yolu olması” versiyası Ümumtürk mifi-fəlsəfi fikrinin Qərbə təsirinin izləridir. Məmməd Araz yaradıcılığında Nur və Həqiqət fəlsəfi ideyası dörd ünsür (su, od, torpaq, hava) vəhdətində ortalığa çıxır və o,

Baxışında üfüqlərin baxarı
Əllərində işığının açarı…
…Dünya gözəl dünyadır (9, s. 174)

misralarında “insan baxışı maddiliyində dünyanın əlindəki işığın açarı” Haqqın işığında- yaradılışda bəşərin xilası amili NUR-ƏSASDIR. Onun “Günəş günü” şerində də biz əvvəl “Dünya işığını qorumaqla insana təsəlli və məlhəm” vacibliyində seçilən bir “Günəş günü”nün yaranması fikri ilə qarşılaşır və bunun ardınca

O günə ad verək: ad-Günəş günü
…Bir gün salam verək; -işığın aydın
…Birinci and yeri qoy Günəş olsun
…Son dəfə baxdığı qoy günəş olsun (9, s. 187-188)

kimi misralardakı KAİNAT-İNSAN-NUR vəhdətində bəşəri xilas etmək amili şairin sufizmdən gələn fəlsəfi yoludur.Hələ m. ö. IV minillikdə qədim türklərin mifində Koyaş, Kaşşu, Şar kimi günəş, işıq tanrıları mövcud idi (12, s. 251)ki,bu tarixi keçmiş türk mifindən Məmməd Araz şerinə adlamaqla mövcud həqiqətlər fövqündə poetik təsvirlə bəşərin xilası Həqiqətlə -Nurun bütövlüyündə verilmişdir.

    Bildiyimiz kimi müharibələr, haqsızlıqlar kimi reallıqlar tədricən romantizmə yol tapmış, həyat hadisələrinin güclü təsirində xeyir və şərin əbədi mübarizəsi romantiklərin düşüncəsində reallıq kimi yer almışdır. İtirilmiş yurd yerlərimizin (Bəsrə körfəzindən Dəmir qapı Dərbəndə qədər üzərində 4 dövlət yaradılmış torpaqlarımız), Məmməd Araz şerlərində romantik çalarda ifadəsi ROMANTİZM rəngində REALİST fəlsəfi mahiyyətdir. Onun “Ayağa dur Azərbaycan”, “Nişançı özümüz, hədəf özümüz”, “Murova qar yağırdı”, “İbrət, nifrət muzeyi” kimi yüzlərlə şerində Vətənə və millətə ünvanlanmış romantik ifadələrin realist təsvirləri öz əksini tapır. Lakin onun “kainat və mən”, məhəbbət və təbiətə dair şerlərində romantizmlə realizmin bütövlüyü daha mükəmməl ifadələrlə bu bütövlüyü təsdiq edir.

…Qələmim dünyaya əmanət olsa
Gözümün işığı bir gözə töhfə
Bir də gəlişimə zəmanət olsa
Gəlməzdim mən belə dünyaya, tövbə…

Bu misralarda seçilmiş qeyri-əsaslar və qalmış qələm, dünya, göz, işıq-nur, yenidən maddiləşmə-qayıdış romantik hisslərin qeyri-əsas və əsas vəhdətində ifadəsi romantik baxışla realizmin birgə tərənnümündə ŞƏRT daxilindədir. Bu şərtdə mücərrədliklərin-qeyri əsasların və maddiliklərin-əsasların təzahürlərində materiya METAFİZİK ölçüdə mahiyyətdir. Şairin “O bir gün…”      şerində “İki ömür yolunun bir dəmir yolunda” heç kimin yaşamadığı anların bir də geri dönməyəcəyi şəklində ifadəsi Məmməd Araz ifadə üslubudur. Burada hisslərin bir-birini tamamladığına seçilmiş poetik ifadələrin rəngindəki maddiliklərin mücərrədliklərlə bərabər təzahürü və sonda maddiliyə dönüşdə bütünləşmə ROMANTİZMDƏKİ MAHİYYƏTDİR.

Hərə özlüyündə axdı, duruldu:
Günah ələmədik,
Vəd yoğurmadıq
Qulaq şahid oldu
göz şahid oldu:
O günü günlərin əlindən aldıq
…Bəlkə bu doğrunu yalana büküm,

kimi misralarda ROMANTİZM donunda poetik ifadələr kiçik bir zaman kəsiyində bütövləşib. Bununla bərabər REALİST fəlsəfi mahiyyətdə-YAŞANMIŞ ZAMANIN ROMANTİK İFADƏSİ materiya maddilik ən ali ucalıqda qeyri-əsasların təzahürü formasındadır. Burada REALİZMLƏ ROMANTİZM VƏHDƏTDƏ bütöv əsasdır.

Məmməd Araz şerlərindəki ümumtürk fəlsəfi fikrindəki rənglər müxtəlifliyi o qədər geniş və bənzərsizdir ki, bu şairin özünəməxsusluqdan qopub xalqa və ümumtürk ədəbiyyatına gərəkliyinə bir ZƏMANƏT rəngindədir. Böyük sənətkarın bu ifadə formalarındakı fəlsəfi istiqamətləri ümumiləşdirməklə nəticə olaraq aşağıdakıları deyə bilərik.

Milli tarixin, dilin, adət-ənənə və məişətimizin üzərində türk-Azərbaycan fəlsəfəsi, realist, romantik, metafizik və sufizm istiqamətli düşüncələrində şairin İNSANA MÜNASİBƏTİ maddilikdəki əsasla qeyri-əsasın, iki maddilikdə mücərrədliklə maddilik, zərurətlə təsadüfün, əsasla qeyri-əsasın bütövlük mümkünlüyü birləşimində verilir. Onun metafizik fəlsəfi düşüncəsində zərrə və maddilik kainatın özü boyda olmaqla bu əsasdan kənarda qalmamış, zərrələrə parçalanma və yenidən maddiləşmə təzahürləri əbədiyaşarlığın maddilik ideyasında materializmin mütləqliyi kimi təqdim olunmuşdur.

Məmməd Araz yaradıcılığında sufizm ideyaları materiyaya bağlı olmaqla mütləq kimi ortalığa çıxsa da, mütləq varlığın sual ifadəsində səslənməsi maddiliklə mücərrədlik vəhdətinin QEYRİ-TAMLIQ şəklində görünür. Bu isə ədəbiyyatımızda bədii idrak-QEYRİ-ƏSAS, obyektiv varlıqda-MADDİLİKDƏ birləşmək zərurətini yaradır ki, o halda sufizm KAMİLLİK zirvəsində dayanır.

Metafizik fəlsəfəyə istiqamətlənmiş şerlərin poetik quruluşunda maddilik və mücərrədliyin vəhdətində kainatın-materiyanın önə çəkilməsi mahiyyət olmaqla maddilikdə-METAFİZİK fəlsəfəni gerçəkləşdirmişdir. Burada təzahürlər fonunda İDEYA-MATERİYA vəhdəti ilə METAFİZİK FƏLSƏFƏ birləşimində mahiyyət əbədi mövcudluqdakı təzahürlər şəklində üzə çıxmışdır.

Onun ŞƏRLƏ XEYİR mövzulu şerlərində ÜMUMMAHİYYƏT-İNSAN və KAİNAT bütövlüyündə təqdim olunmaqla mövcud həqiqətlə idealist düşüm arasındakı ZÜLMƏT NURA bələnir və İDEALİZMİN HƏQİQƏTƏ dönüşü gerçəkləşir.

Bu poetik yol Məmməd Araza məxsus olmaqla ədəbi düşüncədə UCA BİR FƏRDDİR və şair bu duyğuların və fəlsəfi aləmlərin daxilində maddi-mənfəət aləmindən yüksəkdə duran bir KAMİLLİK zirvəsindədir.

 

ƏDƏBİYYAT

1. Alqış Həsənoğlu. Ürfan işığında. Bakı: Azərnəşr, 2002, 248 s.
2. Белинский В.Г. Польные собрание сочинений. VIIт. Москва: АН СССР, 1955,
     470 s.

3. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Mən bu cahana sığmazam. Bakı: Gənclik, 1991,
     384 s.

4. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 s.
5. Qasımzadə F.F., İmanov H.R., Şirəliyev H.İ. Tarixi materializm. Bakı: Maarif, 1969,
     350 s.

6. Гёте. «Фауст». II том, Москва: Правда, 1985, 701 s.
7. Məmməd Araz. Dünya sənin, dünya mənim, Bakı: Yazıçı, 1983, 311 s.
8. Məmməd Araz. Oxucuya məktub. Bakı: Gənclik, 1978, 229 s.
9. Məmməd Araz. Yol ayrıcında söhbət. Bakı: Azərbaycan, 1997, 318 s.
10. Mikayılov Ş.A. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Maarif, 1981, 225 s.
11. Плутарх. Избранные жизнеописания. Т. 2, Пер. с древне-греческого
       M.Томашевской; И.В. Медведева. Москва: Правда, 1990, 608 s.
12. Yusifov Y. B. Qədim şərq tarixi. Bakı: Bakı Universiteti, 1993, 496 s.
13. http://az.wikipedia.org/wiki/Metafizika

FİRUDİN RZAYEV filologiya üzrə fəlsəfə doktoru AMEA Naxçıvan Bölməsi

                                                                         E-mail:  firudinr@yahoo> com.tr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.