Vətən yanğılı şair

Print Friendly, PDF & Email

 Şairlik  müqəddəs və böyük  vətəndaşlıq  hissindən  başlayır. Yaradıcılığına daima diqqət göstərdiyim, izlədiyim gözəl, xeyirxah insan, mehriban, qayğıkeş ata – şair, publisist, vətəninə vurğun el sənətkarı  Vaqif  Məmmədov 28 iyun 1948-ci ildə  Naxçıvan MR  Sədərək kəndində anadan olmuş, ilk təhsilini həmin kənddə almışdır. Atası Cəfər kişi “Asnı” tayfasının Bayməmməd nəslində dünyaya gəlmiş,  uzun müddət yüksək vəzifələrdə işləmişdir. Anası Zəroş xanım da Bayməmməd nəslindən idi. Cəfər kişinin ailəsində 8 uşaq dünyaya gəldi. 6 oğlan, 2 qız. Oğlanları Vaqif, Vidadi, 

Məmməd, Malik, Müzəffər, Müşfiq. Qızları Aybəniz və Arifə. Ailədə uşaqların içərisində təkcə “Məmmədov” soyadı Vaqif  müəllimə aiddir. Qalan o biri uşaqların hamısının soyadı ”Cəfərov” gedir.Vaqif  müəllimin  gözəl bir ailəsi var. Həyat yoldaşı  Hərgül xanım həlim xasiyyətli, mehriban, gülərüz  və hətta deyərdim ki, çox xasiyyəti Vaqif  müəllimlə eynidir. Onların 4 övladı var. Oğlanları Səbuhi və Tural,  qızları  Şəlalə və Günay. 

     Respublika Yazıçılar və Jurnalistlər Birliklərinin, İLESAM-ın və Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, 35-ə yaxın bədii- publisistik  kitabın müəllifi Vaqif  Məmmədov 40 ildən artıq bir müddətdə  yaradıcılıqla məşğul olmuşdur.  16 il Naxçıvan Dövlət Universitetinə rəhbərlik edən,  AMEA-nın  Ədəbiyyat  İnstitutunun  direktoru,  Vaqif müəllimin ən yaxın dostu (şairin söhbətlərindən bu qənaətə gəlmişəm) akademik İsa Həbibbəyli şair haqqında yazdığı “Sənətə vaqiflik” adlı kitabında  şairin yaradıcılığına yüksək qiymət verərək yazıb: “Vaqif Məmmədov yetkin yaradıcı ziyalı və vətəndaş publisist kimi Azərbaycan ədəbi-ictimai fikrinin inkişafına şərəflə xidmət etmişdir. Vaqif Məmmədov yaradıcılığında sənətə vaqiflik kamil səviyyədə təzahür edir”. Onun  yaradıcılığı  çoxşaxəlidir.  Şairin ilk “Qara” adlı şeiri 1970-ci ildə “İşıqlı yol” qəzetində nəşr edilmişdir. Şair-publisist Vaqif Məmmədovun  ilk  şeirlər  kitabı 1987-ci ildə Bakıda “Yazıçı” nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Bu kitab “Yaşadacaq bu yol məni” adlanır. Onun keçdiyi yol çox da hamar, asan olmayıb:

                                  Mənim yolum hamar yoldan gen düşüb,

                                  Köntöy daşlar çox çıxıbdır önümə.

                                  Yay günü də yollarıma çən düşüb,

                                  Sevinmişəm taleyimə, günümə.

                                  Mənim yolum boransa da, qarsa da

                                  Əzabına dözə-dözə gəlirəm

                                  Hamar yollar, asan yollar varsa da

                                  Yaşadacaq bu yol məni bilirəm.

      Vaqif müəllimin həyatı ilə tanış olduqca, belə düşünürəm ki, o gənc yaşlarından sanki özü bilə-bilə çətin yolu seçib, bütün ömrü boyu  çətinliklərə, əziyyətlərə sinə gərib, dözüb, amma əyilməyib, bu yolla özü getdiyi üçün heç kəsdən inciməyib, küsməyibdir. Vaqif  Məmmədov xalqın ağır günündə əyilmədi, acizləşmədi, əksinə meydanda döyüşü həm sözlə, həm silahla apardı. Şair, xalqı həmrəyliyə çağıraraq, vətənin bölünməsinin böyük faciə olduğunu bildirirdi:

                                           Bölüm-bölüm bölündün,

                                              Xəlbirləndin, ələndin,

                                              Dünyaya səpələndin,

                                              Özünə qayıt xalqım!

      Kitabları müxtəlif mövzularda yazılsa da onun şeirlərində Vətənə,  xalqa, doğma  torpağa bağlılıq həmişə diqqəti cəlb edir. Belə şeirlərindən biri  “Dənizə qar yağırdı”  adlı  kitabında  olan  “Sözlü,  nəğməli  diyar” adlanır.  Şeirdən bir bənd:

                                                  Bura Naxçıvandır,

                                                   Burdan təbiət

                                                   Əsirgəməyibdir

                                                   Heç bir varını.

                                                   Ucalıq istəsən

                                                   Haça dağa get,

                                                   Özündə saxlayır

                                                   Şah vüqarını

          Şeirdə Naxçıvanın  bütün  rayonları gözəl misralarla verilmişdir. Şairin bir sıra şeirləri və publisist məqalələri Sədərək haqqındadır. Sədərəkli olmaqla yanaşı, şair vətəninin ağır günlərində doğma Sədərəyin müdafiəsində yaxından iştirak etmiş, yaşadığı evi qərargaha çevirmişdir.  Şair  doğulub boya-başa çatdığı Sədərəyi canından  artıq  sevirdi.  Vaqif  müəllimin yaradıcılığında, şeirlərində Vətən, Vətənin füsunkar təbiəti, ictimai-siyasi proseslərə və bəşəri problemlərə münasibət, torpaq sevgisi və insan həyatı əsas yer tutur.

         Vaqif  Məmmədov 45 ildən artıq idi ki, gündəlik yazırdı. Həmin gündəliyin 10 ili “Sədərəkdə yazılan gündəlik” adı ilə kitab şəklində çap olunmuşdur.

       Sədərək rayonu Muxtar Respublikanın rayonları içərisində ərazicə  kiçiyi olmasına baxmayaraq bölgənin ən ağır günlərində qəhrəmanlıq nümunəsi göstərərək bütün çətinliklərə mərdliklə sinə gərmiş və qəhrəmanlıq simvoluna çevrilmişdir. Gündəliyi 1966-cı ildə Naxçıvan Pedoqoji məktəbinə qəbul olduğu vaxtdan yazmağa başlayıb. Vaqif müəllim gündəliyi həyatı haqqında deyil, özü şahid olduğu, müşahidə etdiyi hadisələr, ictimai-siyasi proseslər, ədəbi-mədəni mühit haqqında məlumatı gələcək nəsillərə çatdırmaq məqsədilə yazmışdır. Bu kitab-1985-1995-ci illəri əhatə edir. Vaqif Məmmədov 1995-ci ilin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçildi. Bununla da həyatında, tərcümeyi-halında, dəyişikliklər oldu. Ömür yolunu əks etdirən gündəliyinə yeni səhifələr yazıldı.  Yazılan bu yeni səhifələr yəqin ki, bir gün işıq üzü görəcək.

    Gündəlikdə yazılanlardan aydın olur ki, Vaqif Məmmədov 1996-cı ildə ailəlikcə Naxçıvana köçməyə məcbur olur. Çünki deputat seçiləndən bir neçə ay sonra Muxtar Respublika rəhbərliyinin məsləhəti ilə Naxçıvan Muxtar Respublika dövlət Antiinhisar siyasəti və sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunur. 1998-ci ilin iyun ayında Naxçıvan Dövlət Universitetinin rektoru , akademik İsa Həbibbəyli Vaqif müəllimi təcili universitetə çağırır və bildirir ki, universitetdə yeni açılan nəşriyyat üçün direktor səni nəzərdə tutmuşuq. Əvvəlcə Vaqif müəllim bu məsuliyyətli işi öhdəsinə götürməkdən çəkinir. İsa Həbibbəyli bunu hiss edir və deyir ki, biz səni çoxdandı tanıyırıq, sənin savadına, məsuliyyətinə bələdik və həmin gündən son  günlərinədək Vaqif müəllim Naxçıvan Universitetində “Qeyrət” nəşriyyatının direktoru işləmişdir. Qeyrət” nəşriyyatı Naxçıvanda kitab çapı ilə məşğul olan birinci nəşriyyatdır. “Qeyrət” nəşriyyatında işlədiyi bu illər ərzində xeyli miqdarda kitabları, on xarici ölkədə yazıları çap olunmuşdur. Dissertasiya müdafiə edib elmlər namizədi elmi dərəcəsi almışdır. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 60 illik yubileyi Universitet səviyyəsində qeyd olunmuşdur.

1971-73-cü illərdə “Şərq qapısı”, “İşıqlı yol”,  “Azərbaycan müəllimi” qəzetlərində, “Kənd həyatı” jurnalında, 1975-ci ildə “Arazın işıqları” adlı almanaxda, 1976-cı ildə “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində şeirləri çap olunmuşdur.  1990-cı ildə “Sədərək-Şərurun qeyrət qapısı”, “Sədərək hadisələri”, “Güllələnən şəhərə ölüm hökmü”, “Necə yaşayırsan Sədərək?”, “Arazdan keçə bilmədim” adlı publisist məqalələrini dərc etdirmişdir.

       Ədibin istər öz ölkəmizdə, istərsə də beynəlxalq kürsülərdən etdiyi çıxışları insanın ürəyini dağa döndərir. Vaqif  Məmmədov təvazökar  şairdir. Onun 1978-ci ildə yazdığı “Belə yerdə nə var şair olmağa” adlı şeiri bunu bir daha sübut edir:

                                       Azərbaycan- havası nur , suyu nur,

                                       Azərbaycan-baharı nur, yayı nur,

                                       Azərbaycan nur  selində yuyunur,

                                       Ülviləşir yaddaşlarda qalmağa

                                       Belə yerdə nə var şair olmağa.

     Düzdür Azərbaycan  şairlər, alimlər, sərkərdələr, dahilər diyarıdır. Amma  bütün bunlar hamıya qismət olmur.  Şairlik  tanrı tərəfindən verilən vergidir, qismətdir. Vaqif müəllimə də tanrı tərəfindən sanki vergi verilmişdir. Çünki şeirlərinin axıcılığı, məna dərinliyi, az sözlə çox mənanı ifadə etmək bacarığı insanı buna inandırır. Vaqif  Məmmədovun “Ata ömrü“ kitabını vərəqlədikcə, adam sanki başqa bir dünyaya  düşür. Oxuduğum materiallardan belə qənaətə gəlirəm ki, Vaqif müəllimə vətəni sevdirən, doğma torpağa  məhəbbəti oyadan , el-oba qeyrətini çəkmək ona atası Cəfər kişidən keçmişdir. İslam Beytullah Erdi Vaqif  Məmmədov haqqında  demişdir: ”Vaqif  Məmmədovun şeirlərində onun ürəyinin yurd sevgisiylə, millət sevgisiylə döyündüyünü anlamaq çətin deyil. Onun şeirləri ana laylasını, həzin nəğməni və ürəkləri oxşayan saz səsini xatırladır”.              

          2014-cü ildə   Naxçıvan  MR yaranmasının 90 illik yubileyi respublikanın hər yerində qeyd edildi. Vaqif  müəllimin  yubiley münasibətilə “Bura  Naxçıvandır”  adlı  yeni   kitabı  nəşr edildi.  Kitabda şairin ayrı-ayrı illərdə qədim diyar haqqında yazdığı şeirlər toplanmışdır. Həmin şeirlərdə diyarın qədim tarixindən, təbiətinin  gözəlliklərindən, insanların vətənpərvərliyindən söhbət açılır. Vaqif  Məmmədovun tarix, ədəbiyyat, jurnalistika və publisistika sahələrində əldə etdiyi uğurları, nailiyyətləri saymaqla qurtarmaz. Vaqif Məmmədov 67 il ömür sürsədə, çox mənalı, dərin iz və onu sevənlərin qəlbində, ürəyində özünə möhtəşəm abidə qoyub getdi. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın sözləri ilə desək: “İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların sifətlərini, səslərini  yaddaşında saxlayan insanlar olur bu ölənlər də hələ yaşayır – fikirlərdə, xəyallarda, təsəvvürlərdə”.  İnanıram ki, illər, əsrlər keçəcək və özünün dediyi kimi keçdiyi bu yol onu daim yaşadacaq. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

 

                                                  M.S.Ordubadi adına Naxçıvan Muxtar

Respublika Kitabxanası şöbə müdiri: 

Yeganə Rüstəmova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.