Şahtaxtı toponimi haqqında el rəvayətləri və həqiqətlər

Print Friendly, PDF & Email

Şahtaxtı yaşayış yeri vaxtilə bir ucu Araz çayına gəlib çatan və Qarahasar deyilən böyük qala divarları ilə əhatə olunmuşdur. Rəvayətə görə Qarahasar Nuhun tufanından sonra, eradan əvvəl IX minillikdə mövcud olmuşdur. Qarahasar, yəni indiki Şahtaxtı kəndi Nuhun tufanın­dan sonra burada əmələ gələn yaşayış yeridir. Vaxtilə ərazinin qərb hissəsindən axan Asnı çayı Araz çayına qovuşurmuş. Bu çayın vadisinin mənbəyi yuxarıda Qalınqaya dağlarının yaxınlığındakı Qarabağlar kəndinə doğru uzanırmış. Asnı çayının vaxtilə bu ərazidən axması qədim Naxçıvan tayfalarının burada məskən salmasında mühüm rol oynamışdır. Ona görə bu ərazi özünün çox qədim tarixi ilə seçilir.

Bura əvvəlki geoloji dövrlərdə dəniz suları ilə örtülmüşdür. Nuhun tufanı baş verən zaman bütün ətraflar, o cümlədən Şahtaxtı kəndi dəniz sularına qərq olmuşdur. Tövrata görə Nuhun tufanı Allahın hökmü ilə baş vermişdir. Elmi məlumatlara görə bu cür tufanların baş verməsi dəniz zəlzələləri ilə əlaqədardır. Dəniz və okeanlarda baş verən zəlzələlər güclü dalğaların əmələ gəlməsinə səbəb olur ki, həmin bu dalğalar da çox dağıdıcı gücə malik olan sunamilə­rin əmələ gəlməsinə səbəb olur. Qədim yunan alimləri olan Ərəstun, Strabon və Sokrat bu cür dəniz zəlzələlərinin baş vermə səbəblərini yerin endogen, yəni daxili qüvvələrinin təsiri nəticəsində əmələ gəldiyini söyləmişlər. Yerdə həyatın məhv olması iki halda mümkündür:
1. Kataklizmalar, yəni su ilə məhv olması, 2. Ekspirozislər, yəni yanğınlarla məhv olmasıdır. Yerin inkişafında 1450 milyon il davam edən Kaledon, 990 milyon il davam edən Hersin, 645 milyon il davam edən Alp orogenezi, həmçinin hazırda davam etməkdə olan IV dövr və Ant­ropogen dövrlərində dağ əmələgəlmə prosesləri endogen qüvvələrin təsiri altında baş verir ki, bu da bəzən çox güclü dəniz zəlzələlərinin-sunamilərin yaranmasına və böyük dağıntılara səbəb olur. Nuhun tufanı da bu cür çox güclü sunamilərin təsiri nəticəsində baş vermişdir.

XIV Lüdovikin həkimi İohan Astrikin fikrincə Tövratda verilmiş Nuhun tufanı yeni era­dan əvvəl IX minilliklərdə, məşhur ilahiyyatçı De Vettanın tədqiqatına görə isə VI minillik­lərdə baş vermişdir. Lakin arxeoloji tədqiqatlar Şərq ölkələrində subasmaların e.ə. V-IV mi­nilliklərdə baş verdiyini göstərir. Ərazinin hər yerində rast gəlinən balıqqulaqları bu ərazidə subasmaların mövcudluğunu bir daha sübut edir.

Nuhun tufanı baş verərkən onun əhatə etdiyi yerlərdə həyat tamamilə məhv olmuş, sular geri çəkildikdən sonra isə həyat yenidən başlanmışdır. Bu ərazidə, yəni Qarahasarda və bü­tövlükdə Naxçıvan ərazisində həyat Nuhun tufanından sonra yenidən canlanmışdır. Ona görə də burada mövcud olmuş yaşayış yerləri və abidələr özünün çox qədim tarixi ilə seçilir.

Qədim yunan, ərəb, İran tarixçiləri, coğrafiyaçıları və səyyahlarının verdikləri məlumat­lara əsasən Naxçıvan şəhəri və onun ətrafındakı yaşayış məskənlərinin əsası eramızdan çox əvvəl qoyulmuşdur. Qədim yunan coğrafiyaşünası Klavdi Ptolomey Naxçıvanın eramızdan əvvəl II əsrdə mövcud olduğunu və onun Naksuana adlandırıldığını göstərmişdir.

Gürcü tarixçisi Stefan Orbeliani, İran coğrafiyaçısı Həmdullah Qəzvini və yazıçı Cəh­rinski Naxçıvanın əsasının eramızdan əvvəl 1539-cu ildə qoyulduğunu göstərmişdir. Bütün bunlar Şahtaxtı yaşayış məskənində ibtidai insanların məskən saldığını, ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir.

Qarahasar indiki Şahtaxtı kəndinin yerləşdiyi ərazi və onun qədim adı olmuşdur. Bəs sonradan necə olmuşdur ki, bu yaşayış yeri Şahtaxtı adlandırılmışdır? Bundan ötəri əvvəl­cə Qarahasar sözünün toponimi, yəni onun mənasını aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə toponimlər, yəni coğrafi adlar xalqın tarixi keçmişi, dil tarixi, yaşadığı ərazi, mədəni və iqti­sadi mərkəzlərin, qədim dövrdə mövcud olmuş tayfa və ölkələrin siyasi-etnik mənşəyinin və onların mənsub olduqları coğrafi sərhədlərin öyrənilməsində çox böyük əhəmiyyət kəsb edir. Şahtaxtı toponimi və bu sözün mənasının düzgün izahı xalqımızın tarixinin, onun keçmişinin hansı dövrdən qaynaqlandığını göstərməkdə böyük əhəmiyyət kəsb edir. Çünki hər hansı bir ərazi, hər hansı bir kənd Azərbaycanımızın bir parçası, orada yaşayan insanlar xalqımızın bir hissəsi, onların keçdiyi yol isə xalqımızın keçdiyi bir yol kimi dəyərləndirilməlidir.

Bəs Qarahasar sözü nə deməkdir? Qarahasar sözünün toponimik mənası nədir?

– Bəzi fikirlərə görə Qarahasar sözündəki qara böyük mənası daşıyır. Bu sözün toponimi­ni Fikrət Rzayevin 2012-ci ildə nəşr olunan “Söz” adlı kitabına əsasən izah etsək görərik ki:

Q = haqq anlamı;

A = qara cismin səthinə düşən ağ işığın xətt üzrə istiqaməti;

RA = həmin səthin, sahənin üzərində işığın sınıb qayıtması;

QAR = qarmalanması;

QARA = işıq içində işıq olan ərazi, həmin səthdə işığın udulması, əks olunmaması;

Hasar sözündə:

H = mühit əlaməti;

A = qara cismin səthinə düşən işıq, hündürlük üzrə xətti istiqamət;

S = birləşdiricilik anlayışı üzrə hörgü, bir yerə yığma;

     A = hasarın sahəsi, səthi, eni, hündürlüyü və ya həcmi;
     R = onun bir yer olduğu;

HASAR = çox işıq olan ərazi, yer deməkdir.

Yəni Qarahasar – səthə düşən işığın qarmalanaraq udulduğu, əks olunmadığı, uca qara bir yer, qara daşlardan tikilən bir hasar, yəni hasar daxilində çox işıqlı yer, işıq içində işıq olduğu aydın olar. Ətraf ərazilərdə qara sözü ilə başlayan və tərkibində “İşıq” mənasını verən “ra” sözü olan bəzi yer adları – Qara hərdə, Qaraquş, Qarakirə, Oara göl, Qarabağlar, Qarahəsən­li, Qaraxanbəyli, Qaraçuğ və başqa bu kimi adlarla yanaşı Yaradan, Quran, İbrahim, Əzrail, Piramida, Turan, Ağra, İran, İraq, qaranquş, saray, haray və başqa bu kimi sözlər də vardır ki, bu sözlərdə olan istər “qa” və istərsə də “ra” işıq mənasını verir.

Həzrəti Nuhun bu ərazidə xilas edilməsi, yaşaması burada Nuhaşan, Nuraşan, Noraşan, Nuhçuvan, Naxçuvan, Nəxçivan və sair kimi sözlərin yaranmasına səbəb olmuşdur ki, bu söz­lər Həzrəti Nuhun adı ilə bağlıdır. Həzrəti Nuh bu əraziyə “İşıq”, “Nur”, “Zər” bəxş etmişdir. Həzrəti Nuh elə “Nur” deməkdir. Onun gəlişi bu əraziyə “İşıq”, “Nur”, “Zər” gətirmiş, başqa sözlə bura Ulu Yaradanın “İşıq məkanı”, “İşıq ərazisi”, “İşıq taxtı”na çerilmişdir. Doğrudan da şimal-şərqdən cənub-qərbə tərəf baxdıqda kənd işıqlı bir ərazi kimi görünür. Naxçıvan və Azərbaycanda topa halında işıq əraziləri olsa da, Şahtaxtı kəndi ərazisində bu işıq daha güclüdür. Azər, Azərbaycan, Xəzər, və sair kimi sözlərdəki “Zər” “İşıq” məvfumu ifadə edir.

A-zər-baycanlıyıq, A-zər-i-lərik,
Pəhləvanıq, qəhrəmanıq, nərlərik,
Zamin deyər, vardır bir Xə-zər-imiz,
Yaradan “İşığı”, “Nuru” zər-lərik.

Bu o deməkdir ki, yurdumuz Ulu Yaradanın “İşıx ərazisi”, “Zər”lərin, “Zərrə” lərin çox güclü yayıldığı ərazilərdir. Bu yurda gələn bütün fatehlər, sərkərdələr bu yerlərdən həmişə məğlub ayrılmışlar. Çünki bu ərazinin İşıq Sahibi var, bu ərazi İşıq Sahibinin nəzarətindədir və Mütləq olan həmin İşıq Sahibinə isə sahib olmaq olmaz.

Bəs necə olmuşdur ki, əvvəllər Qarahasar adlanan yaşayış yeri sonradan Şahtaxtı adlan­dırılmışdır? Şahtaxtı sözünün toponimik izahı hansı məna daşıyır? Şahtaxtı haqqında bir çox rəvayətlər və həqiqətlər mövcuddur.

Bu günümüzə gəlib çatan rəvayətlərin birində deyilir ki, o vaxt buradakı bağlarda yetişən meyvələr, həmçinin bostanda yetişən qovunlar şirinliyindən partlayar və “şəhdi”, yəni şirəsi axarmış. Onu yeyənlər “şəhd”i axır, “şəhd” axdı deyərmişlər. Buna görə də bəzi insanlarda belə fikir formalaşmışdır ki, Şahtaxtı “şəhd” axdı sözündən əmələ gəlmişdir. Yazar, publisist M.Əlizadə yazdığı “Sönməz ocağın dühası”, və “Şahtaxtıdan başlanan ömür” kitbında Şah­taxtının “şəhd” axdı sözündən əmələ gəldiyini göstərmişdir.

Şahtaxtı haqqında ilk rəvayətlərdən biri də 1501-ci ildə Azərbaycan Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətai ilə bağlıdır. Belə ki, Şah İsmayıl Xətai Şirvanı ələ keçirdikdən sonra, Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin 30 minlik qoşunla Naxçıvana gəlməsini eşidən kimi, özünün 7 minlik seçmə “qızılbaş” süvari qoşunu ilə Naxçıvana doğru hərəkət etməyə başladı. Tarixi mənbələrdə bu Şah İsmayılın Noraşan və ya Nuraşan səfəri adlanır. (Faruk Sümər Oğuzlar səh. 297). Buraya gələn Şah İsmayıl Xətai əvvəlcə öz qoşunlarını Şahtaxtı kəndi ərazisində İydəli pir ətrafındakı cəngəlliklərdə, Sadıq gölü, Cin dərəsi, Tülkülər və di­gər ərazilərdə yerləşdirmişdir. Onlar əvvəlcə o dövrün məşhur ziyarət yeri sayılan İydəli piri ziyarət etdikdən sonra gecə vaxtı Şərur düzündə Püsyan kəndindən yuxarıda Əlvənd Mirzə­nin 30 minlik qoşununa hücum edərək onu məğlub etmişlər. Şah İsmayıl Xətainin İydəli piri ziyarət etdikdən sonra, 7 minlik qoşunla Əlvənd Mirzənin 30 minlik qoşununa qalib gəlməsi, Şah İsmayıl Xətainin İydəli piri ziyarət edərkən onun pirdən mənəvi güc alması, niyyətlərinin qəbul olunması kimi dəyərləndirilmiş və insanların pirə olan inamını daha da artırmışdır. “Qı­zılbaşlar” Əlvənd Mirzəni məğlub etdikdən sonra Araz çayının Şahtaxtı kəndi ərazisindəki dayaz yerindən keçərək Təbriz istiqamətində hərəkət etmişlər. 1501-ci ildə Şah İsmayıl Xətai Təbrizdə özünü şah elan edərək taxta çıxmış, bu da Şahtaxtının şahı taxta çıxaran bir yer ol­ması haqqında rəvayətin yayılmasına səbəb olmuşdur. Bu mənim fikrimcə bir qədər real gö­rünmür. Çünki, Şah İsmayıl Xətai Şahtaxtıda deyil, buradan təxminən 290-300 km məsafədə olan Təbrizdə taxta çıxmış, onu öz zəkası, gücü, cəsarəti və qılıncı taxta çıxarmışdır.

Şahtaxtı haqqında rəvayətlərdən biri də Şah Abbasla bağlıdır. Rəvayətə görə I Şah Abbas Tiflisə gedərkən yolunu Şahtaxtıdan salır. Şahın adamları Şahtaxtı kəndi ərazisindəki İydəli pir ətrafındakı iydə və ərik bağları, onlara yaxın göl və bulaqların başında düşərgə salırlar. Yazar, publisist M.Əlizadə yazdığı “Sönməz ocağın dühası” və “Şahtaxtıdan başlanan ömür” kitablarında göstərildiyi kimi Şahın gəlişini əvvəlcədən bilən Usta Mehdi düzəltdiyi taxtı gətirərək şaha verir. Taxt şahın çox xoşuna gəlir. O, Usta Mehdiyə xeyli pul verərək onu razı salır. Sonra taxta əyləşir və guya həmin vaxtdan bura Şahtaxtı deyirlər ki, bu da şah taxta əy­ləşdi, şah taxta çıxdı mənasını verir.

El arasında Nadir Şah Əfşarın Şahtaxtı kəndində olması haqqında belə bir rəvayət indi də qocaların dilində gəzir ki, şah kəndə gələrkən yerə xalça salınır, taxt qurulur və şah kənd camaatına müraciət edir. Hətta Məşəd Əli bəy şahın suallarını cəsarətlə cavablandırdığından, şah ondan kim olduğunu soruşanda, Məşəd Əli bəy deyə cavab verir. (Bu söhbəti qocalardan Məmmədov Əli Hacı Məmmədsün oğlu, Hüseynov Əliş Məşəd Tağı oğlu, Məmmədov Məşə Müslüm Məşə Zellabdın oğlu, Qasımov Əsgər Kalba Cəfər oğlu və Suvarov Məşə Cəfər Rə­him oğlu bir neçə dəfə danışmışdılar). Cavablar şahın xoşuna gəldiyindən, şah ona bu gündən sən oldun Qazı Məşəd Əli bəy deyir. Şahın kənd içərisində qoyulan taxtın üstündə oturması buranın guya Şahtaxtı adlanmasına səbəb olmuşdur.

İstər Nadir Şah Əfşar və istərsə də Ağa Məhəmməd Şah Qacarın da şi mala gedərkən məhz Araz çayını Şahtaxtı kəndi yaxınlığındakı dayaz yerlərdən keçmələri və buradan müvəqqəti dayanacaq kimi istifadə etmələri, burada düşərgə salmaları Şahtaxtı haqqında rəvayətlərin şahlarla əlaqədar olmasına səbəb olmuşdur.

Bəzi alimlərdən filologiya elmləri doktoru hörmətli Adil Bağırov “Şahtaxtı” sözünün “şa­hın taxtı”, “şahın oturduğu yer” mənasında olduğunu, tanınmış alim hörmətli Q.Qeybullayev “Şahtaxtı” sözünün iki sözdən farsca “şah” və Azərbaycanca “taxt” sözlərinin birləşməsindən əmələ gəlib “dağ döşündə çıxıntı”, “dağ döşündə düzənlik” kimi məna verdiyini göstərir.

Tanınmış alim hörmətli Hacı Qadir Qadirzadə isə Cəhri kəndində Şahtaxtı adlı yerin olduğunu və Nadir Şahın burada daş üzərinə çıxaraq öz əsgərlərinə müraciət etməsi ilə bu sözün yarandığını göstərmişdir.

Lakin Şahtaxtı sözünün “dağ döşündə çıxıntı”, “dağ döşündə düzənlik” kimi işlədilməsi, yaxud da bu ərazidən gəlib keçən şahlarla əlaqələndirilməsi real görünmür. Birincisi Şah­taxtı dağlıq ərazidə deyil, alçaq təpəlik ərazidə yerləşmişdir. İkincisi adları yuxarıda qeyd edilən şahlardan istər Şah İsmayıl Xətainin və istərsə də Şah Abbas, Nadir Şah Əfşar və Ağa Məhəmməd Şah Qacarın Şahtaxtı ərazisində düşərgə salması haqqındakı fikirlərə tarixi mən­bələrdə rast gəlinmir. Hətta Əlisa Nicatın “Qızılbaşlar” romanında da Şah İsmayıl Xətainin Şahtaxtıda olması göstərilməmişdir. Həmin romanda Şah İsmayıl Xətainin Biçənək aşırımını keçərək Qaraquş dağlarından Şərur düzünə çıxması göstərilmişdir. Şahların Şahtaxtıda olma­sı yalnız kənd ağsaqqalları tərəfindən bu günümüzə ötürülən rəvayətlərdə öz əksini tapmışdır.

Əlbəttə, bu fikirlər kəndin adının şahla bağlı olması reallığını əks etdirmir və bu rəvayət­lər həqiqətə uyğun görünmür. Çünki kəndin adının Şahtaxtı adlanması istər Şah Abbasdan və istərsə də Şah İsmayıl Xətaidən çox-çox əvvələ gedib çıxır.

Həm də məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun 1934-cü ildə yazmış olduğu “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında kən­din Şahtaxtı adlandırılmasının Şah İsmayıl Xətaidən çox-çox əvvələ gedib çıxdığını göstər­məsi və buraya gələn şahlardan birincisinin Şah İsmayıl Xətai olması, kəndin adının istər Şah İsmayıl Xətai və istərsə də digər şahlarla bağlı olması fikrini tamamilə təkzib edir.

Mənə belə gəlir ki, şahların taxtı onların iqamətgahları olan saraylarında yerləşir. Əks təqdirdə şahların digər düşərgə saldıqları bütün məntəqələr də Şahtaxtı adlanardı.

Tanınmış jurnalist, tədqiqatçı Elxan Şükürlü Şahtaxtı haqqındakı araşdırmalarında çox maraqlı olan Şahtaxtı sirri: “Taxt” sahibi “Şah” kim olub? adlı yazılarında “Nemətullahi” təriqətinin başçısının əmir Nurəddin Nemətullah ibn Mir Abdulla olduğunu göstərmiş və onun Həzrət Əli əleyhissalamın oğlu İmam Hüseynin nəvəsi İmam Məhəmməd Baqir əley­hissalamın nəslindən olduğunu göstərmiş, ona islami biliklərin yayılmasındakı xidmətlərinə görə “Şah” deyə müraciət olunduğunu göstərmişdir. Onun fikrincə onların İydəli pirdə öz xanəgahlarını qurması və onların başçılarına “Şah” deyə müraciət olunması, buranın Şahtaxtı adlanmasına, həmin adın sonradan kəndə aid edilməsinə səbəb olmuşdur. Onun fikrincə dərviş kimi tanınan şəxslər sufi təriqətinin başçıları olub, ticarət və karvan yolları üzərində özlərinə xanəgah qurar, öz bacarıq və qabiliyyətləri ilə insanları özlərinə daha çox cəlb edər, insanların ümid və inam yeri kimi baxdığı bu yerlər onların ölümündən sonra ziyarət yerinə, pirlərə çevrilərdi. Lakin Sah sözü Həzrəti Əliyə məxsusdur və “Ələvilik” təriqətində indi də Həzrəti Əliyə “Sahım” deyə müraciət edirlər.

İydəli pir qədim ziyarətgah olub, kəndin şərqində Baş göl və Şah bağı arasındakı ərazidə Şahtaxtı kəndindən 2 km. məsafədə, qədim İydəli yaşayış yerinin yaxınlığında qayalıq təpədə yerləşir. Üzü Araz çayına tərəf baxan bu təpənin altı sanki bir mağaranı xatırladır. Qayanın al­tındakı bu mağarada insanlar yağışdan, qardan və küləkdən qorunurmuşlar. Şahtaxtı kəndi də bu baxımdan çox münasib yerdə yerləşdiyindən dərvişlərə öz xanəgahlarını burada qurmaq çox əlverişli idi.

Bəzi fikirlərə görə Şahtaxtı sözü Əfşar soylarından olan və İydəli pir ərazisində yaşayan şahtaxtalıların adı ilə bu cür adlandırılmışdır. İydəli pirin bəzi mənbələrdə e.ə. II-I minilliyə aid olduğu göstərilmişdir.

Lakin bəzi fikirlərə görə buranın dini inanc yerinə çevrilməsi daha qədim dövrə təsadüf edir. Hələ Nuh Peyğəmbərin xilasından sonra artıq insanlar Ulu Yaradanı inanc yeri kimi görürdülər. Nuh Peyğəmbərin dövründə Qarahasar ərazisində yaşayan insanlar dini inanclara malik olmuş, inəyə, ata, keçiyə, qoyuna və bəzi əşyalara sitayiş etmiş, sonradan Ulu Yaradana inanmağa başlamışlar.

Sonradan burada Zərdüşt dini yayılmağa başlamış, müstəqil bir din kimi meydana gəlmiş­dir. İngilis alimi Meri Boys bu dinin vəhy dinlərindən ən qədim din olduğunu göstərmişdir. Bu dinin müqəddəs kitabı Avesta, din müəllimi və peyğəmbəri isə Zərdüşt Peyğəmbər olmuşdur.

Bəzi mənbələrə görə o, e.ə 1780-ci ildə İranın şimal-qərbində, indiki Azərbaycanın ərazi­sində dünyaya gəlmişdir. Bəzi mənbələrdə isə Zərdüşt Peyğəmbərin 628-ci ildə Reydə doğul­ması güman edilir. Bəzi fikirlərə görə Zərdüşt Peyğəmbərin keçmiş Qarahasar ərazisində dün­yaya gəlməsi daha çox səslənməkdədir. Rəvayətə görə Zərdüşt Peyğəmbər də Qarahasarda dünyaya gəlmişdir. Zərdüşt Peyğəmbər Miladdan əvvəl 628-ci ildə anadan olmuş, 551-ci ildə isə vəfat etmişdir. Onun Reydə doğulması haqqında fikirlər söylənsə də hazırda onun Qara­hasarda, yəni Şahtaxtıda dünyaya gəlməsi və öz dinini buradan yaymağa başlaması haqqında fikirlər alimlər tərəfindən daha çox qəbul edilməkdədir.

Suffizmin tanınmış nümayəndələrindən biri olan “Yaranış”, “Yaranış haqqında söh­bət”, “Var olandan var olmuşuq” və bir çox başqa kitabların müəllifi olan Vahid Rza­yev və Fikrət Rzayev Zərdüşt Peyğəmbərin vaxtilə indiki Şahtaxtı kəndi ərazisin­də mövcud olan Qarahasar deyilən yaşayış yerində dünyaya gəlməsini qeyd etmişlər(17. V.Rzayev və F.Rzayev “Yaranış” haqqında söhbət səh-46-54.) Zədrdüşt Peyğəmbər indiki Şahtaxtı kəndində dünyaya gəlmiş, 42 (bəzi mənbələrdə 30) yaşı­na qədər kəndin şərqindəki qayalar arasında, indiki İydəli pirdə yaşamış və sonra buranı tərk etmişdir. İndi də insanlar İydəli pirə gedərkən öz niyyətlərinin yerinə yetməsi üçün buradakı qayalara daş yapışdırır və şam yandırırlar. Burada şamın yandırılması hələ Nuh Peyğəmbərin dövründən insanların İşığa inamları ilə bağlı olmuş, sonra “atəşpərəst”lik dövründə də davam etmişdır. İydəli pir Əshabi-Kəhf qədər tanınmış ziyarət yeri olmuş və indi də ziyarət yeri kimi qalmaqdadır. Zərdüşt Peyğəmbər gətirdiyi “Avesta” (“Ahəstə”) kitabı ilə bütün ətraf ərazilər­də öz dinini yaymağa başlamışdır.

Görkəmli alim Elməddin Əlibəyzadə də 1998-ci ildə yazdığı “Azərbaycan xalqının mənə­vi mədəniyyət tarixi” adlı kitabında Zərdüşt Peyğəmbər haqqında tutarlı tədqiqatlar aparmış, onun Naxçıvan ərazisində yaşaması və öz dinini buradan yaymağa başladığını göştərmiş, həmçinin “Avesta”nın burada yazıldığını göstərmişdir. Bu dini yayanlar əslində “işıqpərəst­lər” olmuşlar. Lakin sonradan müəyyən təhriflərə yol verildiyindən onlara “atəşpərəstlər” de­yilmişdir. Bu din təxminən 2500-2700 il bundan əvvəl yaranmışdır. Zərdüşt Peyğəmbər Yer üzünə din gətirməklə bərabər, eyni zamanda elm də gətirmişdir. O, 15 yaşınadək kamil bir din xadimi, 30 yaşından sonra isə, yəni 595-ci ildə peyğəmbərliyə yüksəlmişdir. Zərdüşt Peyğəm­bərə görə hər şeyin başlanğıcı Xeyir və Şər olmaqla, həmişə xeyir qüvvələr şər qüvvələrə üstün gəlir. Əbu Reyhan Biruni Zərdüşt Peyğəmbərlə Makedoniyalı İsgəndərin arasında 250 il, Ərəb müəllifi Məsudinin fikrincə maqların rəvayətində isə Zərdüşt Peyğəmbərlə Makedoniyalı İs­gəndərin arasıda 258 il müddət vardır. Ərəstun (Aristotel) Zərdüşt Peyğəmbərin Platonun ölümündən altı min il əvvəl yaşadığını qeyd etmişdir. Qərbi Avropa mənbələrində “Avesta”­nın tarixini həmişə “Bibliya”dan sonraya salmağa çalışmışlar. Lakin “Avesta” yer üzərində ən qədim dini kitabdır. Əgər “Avesta”nın bizim eradan əvvəl IX-VI əsrdə yarandığını qəbul etsək, onda onun qədim Şumer qəhrəmanlıq dastanı olan “Bil qamıs” dastanından da çox qədim olduğu anlaşılar. “Avesta” əslində Midiya dövlətinin qanun kitabı olmuşdur. Elməd­din Əlibəyzadənin yazdığına görə Zərdüşt bizim ilk peyğəmbərimizdir. “Avesta”nın əsli də Şumer-türk dilində yazılmışdır. Bu da “Avesta”nın vətəninin Atropatena, yəni Azərbaycan olduğunu göstərir. Lakin farslar sonradan onu özününküləşdirmişlər. Farslar Midiyanı süquta uğratdıqdan sonra zərdüştlüyü də zəbt edib öz dinlərinə çevirdilər. Zərdüşt dini Midiya, Əh­mənilər və Sasanilərin rəsmi dini olmuşdur.

VII əsrdə zərdüştlərin yaşadığı ərazilər ərəblərin təsir dairəsinə düşmüş və Zərdüşt Peyğəm­bərin bütün əlyazmaları məhv edilmişdir. Bununla da 21 kitabdan ibarət olan və müxtəlif bi­likləri özündə birləşdirən “Avesta” kitabı məhv olub getmişdir Beləliklə, Azərbaycanın bütün ərazisində olduğu kimi, Şahtaxtı kəndində də İslam dini qəbul edilmişdir. İnsanlar həmin vaxtdan bu günə qədər İslam dininin yarandığı müqəddəs Məkkə və Mədinə, eyni zamanda Kərbəla və Məşhəd şəhərlərini, həmçinin pir və ziyarətgahları özlərinə müqəddəs bir məkan bilərək həmin yerləri ziyarət etməyə çalışmış, Allahın göndərdiyi peyğəmbərlərə inanmış, özlərinin Allah Taalaya yaxın bir bəndə olduqlarını göstərmək istəmişlər. Peyğəmbər İşıqlı, Nurlu adam deməkdir və onların adındakı “Ra”, “Mu”, “Zər” işıqlı, nurlu mənasını verir.

Bir çox kitabların müəllifi olan Fikrət Rzayevin 2012-ci ildə nəşr edilən “Söz” kitabına əsasən Şahtaxtı sözünün mənası izah edildikdə də həmin nəticəyə gəlinməsi aydın görünür: –

Ş = daxili qüvvələrin, hadisələrin, enerjinin şiddət əlaməti;

A = xətt üzrə hündürlük boyunca istiqamət;

H = hal və mühit əlaməti;

T = təmas, toxunma anlayışı uzaqdan da hiss edilə bilən təsir;

X = axın hadisələri üzrə bu yerə yığılma;

T = təmas, toxunma, içində və ya üzərində baş verməsi;

I = içdən çıxma, uzaqlaşma, məxsusluq;

Taxt sözünün izahında da aşağıdakı nəticəyə gəlmiş olarıq:

T = təmas, toxunma, təzyiqsiz toxunma;

A = taxtın uzunu istiqamətini, səthin əlamətini;

X = axın anlayışı üzrə bu yerə yığışma;

T = təmas, toxunma, içində və ya üzərində baş verməsi;

İşıq – sözünün izahında isə (səh-133-əvvəllər işıq sözünə ışıx deyilmiş-dir):

İ = içdə, mənbədə və ya içə doğru;

Ş = SxÇ-ifadəsində olub:

S = s-fonomeni işıq, səs, istilik anlamı üzrə işığın və əlavə olaraq düşüncənin, zəkanın, şüurun (məsələn-İşıqlı adam, ziyalı) əlamətini;

Ç = ç-fonomeni iç (mənbə) anlayışı;

I = işığın içdən (mənbədən) çıxma istiqamətinin əlamətini;

Q = haqq-hüquq anlayışını göstərir.

İşıq sözünün bu variantı içdə olan şiddətli işığın “içdən çıxmağa hüququ, haqqı var” kimi məna verir. Beləliklə, yuxarıdakıları ümumiləşdirsək Şahtaxtı İşığın şiddətli axın halında tə`sir etdiyi ərazi, İşıx ərazisi, İşıx taxtı anlamına gəlir.

Rəvayətə görə Naxçıvanda inanc yeri, ziyarət yeri və simvolu sayılan bu məkan vaxtilə “Əshabi-Kəhf” qədər məşhur bir ziyarətgah olmuşdur.

Eyni zamanda Yer üzünün qədim tarixi mərhələlərində Azərbaycan ərazisində məskunla­şan və oturaq həyat sürən o dövrün insanları bu ərazidə çox mühüm ad daşıyıcıları olmuşlar. “Ba” hecalı adlar mühüm mahiyyət kəsb etmiş, “Bab”lar, yəni İşıq Sahibləri, İşıq Kahinləri, başçılar, öncüllər, söz sahibləri, İşıq Məbədinin sahibi kimi ad daşıyırdı. Bablarla yanaşı, on­ların arasında eyni vaxtda “Ququ”lar, İşıq Kahinləri, İşıq Məbədlərində aparıcı, bu adlıqlar arasında ucada olan, Kainat ucalıqları ilə bağlı olan kəslərdən, Tələt, Təmleyxa, Şax(h) o yeri tutanlardan “Şax taxtı” dedikdə o kəslər ucalıqlara sahib ola biləcək insanlara deyilirdi. O adlar belə bir məna kəsb edirdi ki, Taxtdan (yer, saray, divan) yuxarıda bir kimsə yoxdur18. Buradan belə bir nəticəyə gəlmək olar ki, Şax (h) taxtı, buradan yuxarıda bir kimsənin ola bilməyəcəyi bir taxt, İşıq Sahiblərinin, İşıq Kahinlərinin taxtı, “İşıq (işıx) taxtı” anlamına gəlir.

İstər “Dünya tufanı”na qədər və istərsə də “Dünya tufanı”ndan sonra bu ərazi Azərbaycan, Ur ərazisi, Azərlərin, İşıqlıların, Yer üzündə İlkinlərin, İşıq, Zər daşıyıcılarının ərazisi kimi təmsil olunmuşdur. Zərlərin, Azərlərin ərazisi dedikdə bu ərazi Yer üzündə İlkinlərin ərazisi kimi xarakterizə olunurdu.“Azər”, Ur ərazisinin sahibləri, İşıq daşıyıcıları, İşıq təmsilçiləri mənası daşıyıblar. Bu ərazidə, Ur ərazisində məskunlaşan ilk İnsanlar, “İlkinlər” oturaq həyat sürdüklərindən bu ərazinin sahibləri, ərazi sahibləri idilər.

Çox-çox sonralar Azərlər arasından sufilik məktəbi, məna və məntiq məktəbi törəyib. “Su­filik”də saf, pak, təmiz düşüncə sahibləri kimi İşığa-Kainata bağlı olanlar, mənasını daşıyıb. Azərbaycan ərazisindən sufilik təlimləri yer üzünə yayılıb.

Bir neçə Səmavi Kitabların mətnlərinə baxdıqda ortaya düşündürücü məqamlar çıxır. Hz. Musa bildirir ki, (“Tora”, “Tövrat” mətnlərdə), biz Hz.İbrahim qolundan nəsil törəməsiyik. İb­rahimin atası Azordur. Hz.Muhəmməd bildirir ki, biz Hz.İbrahim qolundanıq, İbrahimin atası isə Azərdir.

Yəni Zər eyni vaxtda həm müqəddəsliyə aid bir İşıq payı olub, eyni zamanda Peyğəmbər­lərin özü də elə İşıq daşıyıcılarıdırlar. Hz.Zərdüşt adının təhlili yenə də İşıq, Zər, Zərrə daşı­yıcısıdır. (Ahəstədə, yəni Avestada adı Spitama keçir). Hz.Eşüa da yenə şüa, işıq təmsilçisidir. Hz.Muhəmməd, adlığı da İşıq daşıyıcısıdır. “Mu” İşıq sahibi, İşıq daşıyıcısı mənasındadır. Hz.Nuhun adını təhlil etdikdə Ad daşıyıcılığı, İşıq, Nur Payı daşıyan mənasını verir (19. V.Rzayev. “Axillesin dabanı, daş daban” adlı yazısı. 30.12.2017.).

Beləliklə, bu yazılar da Şahtaxtı sözünün “İşıq taxtı” olduğunu göstərir. İydəli adlanan yaşayış yeri yaxınlığındakı İydəli pirə verilən Şahtaxtı (İşıx taxtı) adı, tarixi-coğrafi şəraitin dəyişilməsi ilə əlaqədar olaraq kəndin indiki yerləşdiyi əraziyə verilmiş, Qarahasar yaddaş­lardan silinmiş, əvvəllər Şahtaxtı adlandırılan pirə isə İydəli pir yəni, İydəli yaşayış yerinin yaxınlığındakı pir deyilmişdir. İydəli pir yaxınlığındakı ərazidə Şah bağı və Şah arxı da vardır.

K.N.Smirnovun fikrincə Şahtaxtı, Şah bağı və ərazidən axaraq Böyükdüz istiqamətində su gedən və indi də izləri qalan Şah arxı eyni məna daşıyır(20).

Bir faktı da qeyd etmək lazımdır ki, burada hacıleyləklərin yuva qurmaması da buranın müqəddəs bir məkan olmasına sübutdur. Çünki hacıleyləklər heç zaman müqəddəs məkanlarda yuva qurmurlar.

Son zamanlar bütövlükdə Naxçıvan ərazisində həyatın Nuh dövründən başlanması, ilk in­san məskənlərinin burada yaranması, “Qobustan”, “Finikiya”, Orxon-Yenisey” abidələri və sairənin “Gəmiqaya” abidələrindən qaynaqlanması da kəndin tarixinin qədim dövrlərə söykən­məsinə əsas verir.

Duzdağla Ağrı dağı arasında İydəli yaşayış yeri ərazisindəki “Bağı-Cənnət” deyilən bir yer var idi ki, həmin “Bağı-Cənnət” son dövrlərə kimi qalıqları qalan “Şah” bağı imiş. İydəli yaşayış yerinin yaxınlığında yerləşən və indi heç bir əsər-əlamət qalmayan Şah bağı və buna yaxın ərazidəki bağlar 8 hektar ərazini əhatə edir. Burada aşkar edilən kromlexlər, eni 1-1,5 metr olan qədim tikintilərin izləri qalmaqdadır. Burada həmçinin ağ rəngli daşlardan tikilmiş hovuzun olduğu da qeyd edilmişdir.

Kəndin Cənub-Şərqində Cin dərəsi vardır. Cin dərəsi orta əsrlərə aid yaşayış yeri olmuş­dur. Hər tərəfdən alçaq təpəliklər və iri daşlarla əhatə edilən bu dərənin sahəsi 2500 m2-dir. Bu­rada dördbucaq və dairəvi formalı tikililərin özülləri qalmaqdadır. Dairəvi özüllərin diametri 5-10 metrə qədərdir.

“İrs” jurnalının 1999-cu il buraxılışının 128-ci səhifəsində bir şey diqqəti daha çox cəlb edir ki, burada Şahtaxtı kəndi şəhər kimi təqdim olunmuşdur. Orada yazıldığına görə Elxa­nilər tərəfindən XIII-XIV əsrlərdə Şahtaxtı şəhərinin bəylərinə “ağacıq” titulu nəsilliklə ulu babalarından qalmışdır. Lakin əvvəllər Şahtaxtının şəhər tipli böyük yaşayış məskəni olması haqqında müəyyən fikirlər olsa da, bu heç də Şahtaxtının tarixinin XIII-XIV əsrlərdən başlan­ması demək deyildir.

Azərbaycanda İslam dini yayıldıqdan sonra İydəli pir yenə də insanların ziyarət yeri kimi qalmışdır. O vaxt buraya gələn Nemətullahi dərvişləri buranın gözəl bağlıq və ətrafda sərin buz kimi suların olmasını, həmçinin əvvəldən ziyarət yeri olduğunu və Duz yoluna yaxınlığını nəzərə alaraq öz xanəgahlarını burada qurmuşlar.

İran tarixini araşdıran məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnov da burada “Nemətullahi” təriqətinin yayıldığını göstərmişdir. Doğrudan da Naxçıvan suffizmin geniş yayıldığı, sufi şeyxlərinin yaşadığı əsas məkanlardan olub. AMEA Naxçıvan bölməsinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru hörmətli professor Hacı Fəxrəddin Səfərli özünün yazmış olduğu “Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu” adlı monoqrafiyasında Naxçıvanda “Hürufilik”, “Bəktaşilik” “Şeyxilik” “Nöqtəviyyə” “Qələn­dəriyyə” və sairə kimi sufi təriqət və qardaşlıqla rının geniş yayıldığını və onların başçıları olan sufi şeyxlərinin Naxçıvan ərazisində dəfn olunduğunu göstərmişdir. “Qurani Kərim”in, həmçinin şəriət hökmlərinin mahir biliciləri olan sufilər Məhəmməd Peyğəmbərin (s.ə.və s.) əmisi oğlu və kürəkəni Həzrəti Əli ibn Əbu Talib və onun övladlarına, on iki İmamətə yük­sək hörmət göstərməklə yanaşı, həm də bunlara olan inamın qorunub saxlanmasında böyük xidmətlərə malikdirlər. Onun fikrincə bu təriqətin başçısı Əmir Nurəddin Nemətullah ibn Mir Abdulla suffizmdə yüksək pilləyə çatdığından ona “Şah” titulu verilib.

Lakin suffizmdə “Şah” titulu Həzrəti Əli əleyhissalama məxsusdur. Elə indinin özündə də “Ələvilik” təriqətinə mənsub olan insanlar arasında Həzrəti Əliyə “Şahım” deyə müraciət olunur.

Daha sonralar ana babası Pirqulu xanın qoşunu ilə birlikdə buraya gələn Seyid Mir Abdul­la da özünün iki qardaşı Seyid Mir Fətulla və Seyid Mir Əsəd ilə, İslam dinini yaymaq üçün çox əlverişli olan məhz İydəli pirdə məskən salmışdır. Nəsil şəcərəsi Həzrət Əli əleyhissala­mın nəvəsi İmam Hüseynin oğlu olan İmam Zeynalabdinə gedib çıxan Seyid Mir Abdulla, Seyid Mir Fətulla və Seyid Mir Əsədin köhnə ziyarətgah kimi tanınan İydəli pirin qorunub saxlanmasında və islam dininin, islam ideyalarının yayılmasında çox böyük rolu olmuşdur.

Bir sözlə buranın sonrakı dövrlərdə də ziyarətgah kimi fəaliyyət göstərməsi o nəslin se­yidlərinin adı ilə bağlıdır. O zaman təkcə Şahtaxtı kəndindən deyil, Şərur Mahalının bir çox kəndlərindən də insanların Müqəddəs yerlərə, o cümlədən Məkkə ziyarətinə gedərkən onlara bələdçilik edən, ətraf yerlərdə böyük nüfüza malik olan və kənddə “Ağa dayı” kimi tanınan Seyid Mir Əsəd ağa Mir Cəfər oğlunun da İydəli pirin qorunub saxlanmasında böyük səyi ol­muşdur. İydəli pir sovet dönəmində də ziyarətgah kimi fəaliyyət göstərmiş, insanların ziyarət yeri olaraq qalmışdır. Lakin o zaman hökm sürən sovet ideologiyası məscidlərin fəaliyyətini dayandırdığı kimi, ziyarətgahlara getməyə də qadağa qoymuşdur. Buna baxmayaraq insanlar gizlində də olsa İydəli piri həmişə ziyarət etmişlər.

Buranın İslam dövründə də ziyarətgah kimi fəaliyyət göstərməsi, İydəli pirin İslam zi­yarətgahı kimi insanların yaddaşında qalmasına səbəb olmuşdur. Pirə ziyarətə gələnlər orada olan qəbirləri də ziyarət edirdilər.

Şəkildən göründüyü kimi qəbirlərin yanında təqribən 14-16 kq ağırlığında iki daş var idi ki, onlardan biri boz, digəri isə qara rəngə çalırdı. Ziyarətə gələnlər bu daşları qaldıranda on­ların niyyəti yerinə yetmiş sayılırdı. Qocaların dediyinə görə bu daşlar bəzən yerini dəyişirdi.

Ziyarətə gələnlər pirin ətrafındakı iydə və ya söyüd ağaclarının altında oturub yemək yeyər, ocaqda və ya samovarda çay qaynadıb içərdilər.

Bir maraqlı cəhət də bu idi ki, camaat ziyarətdən qayıdanda güclü yağış yağardı. Sonradan pirin arxasındakı qəbirlərin ətrafına Hacıyev Hüseyn Hacı oğlunun təşəbbüsü və vəsaiti ilə daş hasar çəkilmişdir. Lakin 1990-cı ilin yayında buradakı qəbirlər bəzi insanlar tərəfindən sökülmüşdür. Buraya ziyarətə gələnlər çox böyük inam hissi ilə gələrdilər. Gələnlərin qayalara daş ya­pışdırması, şam yandırması, niyyətlərinin yerinə yetməsi buranın müqəddəs yer, ziyarətgah kimi tanınması heç kəsdə şübhə yeri qoymamışdır. Şam yandırmaq adəti Həzrəti Nuh döv­ründən insanların “İşığa” inamı ilə əlaqədardır. Burdakı qayalar zaman-zaman parçalanıb da­ğılmışlar.

İydəli pir çox tanınmış bir ziyarətgah olduğundan burdan gəlib keçən şahlar da buranı ziyarət edərmişlər. 1501-ci ildə 7 minlik “qızılbaşlar” qoşunu ilə Əlvənd Mirzənin 30 minlik qoşununun üzərinə gələn Şah İsmayıl Xətai pir ətrafındakı Sadıq gölü, Cin dərəsi, Tülkülər və başqa yerlərdə yerləşərək, əvvəl İydəli piri ziyarət etmiş, buradan mənəvi güc aldıqdan sonra düşmənin üzərinə hücum edərək onu məğlub etmişdir. Şah İsmayıl Xətainin 7 minlik qoşunla Əlvənd Mirzənin 30 minlik qoşununa qalib gəlməsi, insanlar arasında onun İydəli piri ziyarət edərkən niyətlərinin hasil olması kimi qəbul edilmiş, ona inam daha da artmışdır.

İydəli pirin qabağında böyük yeraltı su axını vardır. Bu suyun kiçik bir hissəsi yerin sət­hinə çıxsa da, qalan hissəsi yeraltı axınla Araz çayına doğru axır. İydəli pirin ətrafı qədim ya­şayış yeri olmuşdur. Bunu buradakı çoxsaylı quyular, kəhrizlər, göllər, yaşayış məskənlərinin qalıqları və buradakı köhnə qəbirlər də sübut edir.

Əvvəllər gecə vaxtı suların gurultusundan insanlar yata bilmirmişlər. Ağsaqqalların dedi­yinə görə həmin guruldayan suların gözünə iri daşlar atmışlar ki, suların gurultusu kəsilsin. Daşların üstünü sel sularının gətirdiyi lillər örtmüş, zaman keçdikcə səthə çıxan sular azalmış və suların gurultusu da kəsilmişdir. İydəli pir oba yeridir. Buranın İydəli pir adlanmasını bəzi insanlar əvvəlki dövrlərdə burada çoxlu iydə ağaclarının olması ilə izah etmişlər. Lakin bu­rada İydəli adında oba yeri, yurd yeri olmuşdur ki, Azərbaycanda bu adla bir neçə oykonim vardır. Dəlilər, İydəli, İydəlilər, Dəliməmmədli, Tərs Dəliməmmədli və sair bu oykonimlərə misal ola bilər ki, buradakı İydəli yaşayış yeri də bu oykonimlərdəndir21. Beləliklə, buranın İydəli pir adlanması ətraflarda çoxlu iydə ağaclarının olması ilə deyil, buranın İydəli oba yeri yaxınlığında yerləşməsi ilə bağlı olub, İydəli oba yerinin yaxınlığındakı pir mənasındadır. Həm də, qədimdə burada iydə ağacları ilə yanaşı çoxlu söyüd, ərik, tut və sair ağaclar da ol­muşdur.

Beləliklə, bir neçə min illik tarixi ərzində Şahtaxtı kəndi tarixin qanlıqadalı səhifəllərin­dən keçmiş, bir çox tarixi hadisələrin şahidi olmuş, Azərbaycanın tarixinə öz şanlı səhifələrini yazmışdır. Bu şanlı səhifələr silsiləsində Şahtaxtı kəndi nəinki Azərbaycana, hətta bəşəriyyətə böyük şəxsiyyətlər bəxş etmişdir.

Şahtaxtı haqqında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik, AMEA Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli “İqtisad elminin fəxri” məqaləsində yazır: – Azərbaycanda xüsusi yeri və mövqeyi olan Şahtaxtı haqqında düşünəndə ilk növbədə Şah­taxtı soyadında olan sülalə göz önünə gəlir.

Bu xüsusda böyük ədib Cəlil Məmmədquluzadənin bir fikrinə diqqət yetirmək kifayətdir. Qarabağ tərəfə getsək hamının soyadı Vəzirov və ya Cavanşirdir. İrəvanda və Naxçıvanda bi­lirik ki, Kəngərlilərdən və Şahtaxtılılardan savayı bir kəs yoxdur. O, Şahtaxtıdan söz açarkən “Naxçıvan şəhərinin yavuqluğunda, Araz kənarında məşhur bir qəsəbə” adlandırdığı bu iri yaşayış məntəqəsini “sahib mənsəb və ziyalıların vətəni” kimi qiymətləndirmişdir.

Şahtaxtı kənd sakini, ictimai xadim Süleymanov Qəhrəman “Şahtaxtı böyük şəxsiyyət­lərin vətənidir” adlı məqaləsində yazır: – “Siz mənə elə bir kənd adı deyə bilərsinizmi tarix boyu yetişdirdiyi böyük şəxsiyyətlərin, böyük elm sahiblərinin sayına görə Şahtaxtı kəndi kimi öndə getsin? Şuşa musiqinin beşiyi olduğu kimi, Şahtaxtı da elmin beşiyidir”.Şahtaxtı kəndi Azərbaycana onlarla akademik və elmlər doktorları, çoxsaylı elmlər na­mizədləri, görkəmli hərbçilər, generallar, siyasətçilər, müəllimlər, həkimlər, mühəndislər, rəssamlar, heykəltaraşlar və sair bəxş etmişdir. Bunlardan akademik Əziz Əliyev, akademik Zərifə Əliyeva, akademik Həbibulla Şahtaxtılı, akademik Toğrul Şahtaxtılı, akademik Məhəm­məd Şahtaxtılı, akademik Əhməd Mahmudov, akademik Firudin Məmmədov, görkəmli, dün­ya şöhrətli ictimai xadim və maarifçi, Rusiya dövlət Dumasının deputatı, Parisdə Sorbon­na Universitetinin professoru olmuş Məmməd ağa Şahtaxtılı, nəsillərə örnək olan, qısa bir ömür yaşayan, görkəmli şair, yazıçı, publisist, filosof, şərqin Şekspiri sayılan Hüseyn Cavid, görkəmli diplomat Azərbaycanın Rusiyada və Türkiyədə səlahiyyətli nümayəndəsi Behbud bəy Şahtaxtılını göstərmək olar. Bunlardan əlavə Adilə Şahtaxtılı, Zəhra Şahtaxtılı, Elmira Şahtaxtılı, Naira Şahtaxtılı, Aleksis (Ələsgər) Şahtaxtılı, Mir Həsən Seyidov, Məhəmmədəli Rəhimov, Mir Hüseyn Seyidov, Heydər Qazıyev, Rəşid Qazıbəyov, Mahmud Məmmədqu­liyev, Bahadur Hüseynov, Sabir Hüseynov, Nadir Hüseynov, Fəxrəddin Qazıbəyov, Səftər Məmmədov, Həmzə İbrahimov, Hüseyn İbrahimov, Qadir Nağıyev, Qadir Süleymanov, Qəh­rəman Süleymanov, Adil Qasımov, Adil Seyidov, Asif Rəsulov, İsmayıl Əhmədov, Əbülfəz Əliyev, Malik Fərəyev, Mayis Qasımov, Muxtar Səfərov, Hidayət Qasımov, Qasım Qasımov, Hüseyn Səfərov, Cavanşir Məmmədov, Qəhrəman Ağayev, Tağı Bəşirov, İsmayıl Hacıyev, Fərəməz Əsədov, Oqtay Rzayev və başqalarını göstərmək olar.

Şahtaxtı kəndindən bu qədər elmli insanların, “İşıxlı” insanların, ziyalıların çıxmasına səbəb məhz buranın Ulu Yaradanın “İşıx məkanı”, “İşıx taxtı” olması və daim Ulu Yaradanın nəzər nöqtəsində olmasıdır.

Qarahasar ərazisindəki tanınmış yerlərindən biri çox qədim tarixə malik olan Gavurqa­ladır. İndi Gavurqala uçub dağılmış, yerində konusabənzər bir təpə qalmışdır. Bəzi rəvayətə görə bu qala Həzrəti Nuh Peyğəmbərin, bəzi rəvayətə görə Həzrəti Zərdüşt Peyğəmbərin dövründə inşa edilmişdir. O, dövrdə Qarahasar böyük yaşayış yeri, Gavurqala isə o dövrün möhtəşəm qalalarından olmuşdur. Keçmişin qədim tarixi, mədəniyyəti və ənənələrini özündə əks etdirən bu qala xalqımızın tarixinin öyrənilməsində çox böyük əhəmiyyətə malikdir.

Rəvayətə görə Qalanın qədim adı Gebr və ya Gaor olmuşdur ki, bu sözün əsl mənası “uzaqda olan, ziyankar” deməkdir.

Bu sözün hərfi mənasını açsaq onda:

G = güc anlamı üzrə əşya və hadisələrdə güclülük;

A = xətt üzrə hündürlük boyunca istiqamət;

E = həcm, əhatəlilik, müəyyən bir səth əlaməti, bir nöqtə, subyekt əlaməti, bir xətt üzrə istiqamət əlaməti, elm, bilik, ilahiyyat, yazı, səs əlaməti, məkan əlaməti;

O = hər hansı tək bir nöqtə obyekti, bir əşyanı, söhbətdə iştirak etməyən kənar bir fərdi, ya da bir hadisəni əlamətləndirə bilir, hadisələr arası müddətin, zamanın olduğunu, uzunluğu, uzun zamanlılığı əlamətləndirə bilir;

B = bərk anlayışı üzrə bərkliyin, bütövlüyün, birliyin əlaməti.

R = güc anlamı üzrə əşya və hadisələrdə güclülük;

Buradan bu sözün əsl mənasının uzaqda olan, ziyankar olduğu aydın olar. Burada yaşa­yanları “Səyyavşxanlar” adlandırmışlar ki, bunun da mənası “İşıqlı” adamlar deməkdir. Rə­vayətə görə bu qala təxminən 6-7 min il əvvəl inşa edilmiş, qalanın dağlardan yeraltı borularla çəkilən su xətti, Cənub tərəfdə bir qapısı və bir neçə yeraltı dalanları var imiş. Sonradan baş verən zəlzələlər nəticəsində qala uçub-dağılmış və həmin su bataraq qalanın yerində qalan təpənin müxtəlif yerlərindən zəif formada səthə çıxmışdır. Bəs necə olmuşdur ki, bu qala sonradan Gavur qalası adlandırılmışdır.

Gebr qalasının Gavur adlandırılmasını bəzən Səlcuq soyundan olan Alp Arslanın oğlu Məlik hökmdarın əmisi Gavurun adı ilə bağlayırlar. O zaman Məlik Şahın əmiləri ona hücum edir və bu hücumda məğlub olurlar. Məlik Şah öz əmisi Gavurun bu hücuma başçılıq etmə­sinə baxmayaraq onu bağışlayır. Lakin Məlik Şahın tərəfdarları Gavuru guya qalada öldürür­lər və buna görə də qala Gavur qalası adlandırılmışdır. Lakin Gavur qalada öldürülməmiş və qalanın onun adı ilə Gavur qalası adlandırılması həqiqətə uyğun deyildir. Çünki Məlik Şah 1072-1092-ci illərdə hakimiyyətdə olsa da, qalanın tarixi və Gavur adlanması xeyli qədim dövrə təsadüf edir. Buna görə də bu fikir qətiyyən həqiqətə uyğun deyildir22.

1827-ci ildə Naxçıvan general-feldmarşal İvan Fyodroviç Paskeviçin rəhbərliyi altında rus qoşunları tərəfindən işğal edildikdən sonra Şahtaxtı kəndi və onun əyilməz vüqarı olan Gavur qalası da rusların əlinə keçir. Qalada və onun ətraflarında rus qoşunları yerləşdiyin­dən, guya qalaya Gavur qalası adı verilmişdir. Bu fikir də qətiyyən həqiqətə uyğun deyildir. Çünki qalanın Gavur adlandırılması xeyli qədim dövrə aiddir.

Qalanın Gavur adlandırılması İslam dininin yayıldığı dövrə təsadüf edir. Belə ki, İslam dini yayılmağa başlayanda, bu dini yayanlar onun əxlaqından, fəlsəfəsindən, kamilliyindən, paklığından danışaraq insanları islama sövq edirdilər. O zaman İslam dinini yayanlar öz xanə­gahlarını İydəli pirdə, yəni əvvəllər Zərdüşt Peyğəmbərin olduğu yerdə quraraq, bu dini təbliğ etməklə onun mahiyyətini açıb göstərmiş, bu zaman insanların xeyli hissəsi daha kamil olan İslam dinini qəbul edərək onun tərəfdarlarına çevrilmişlər. Təbii ki, bu belə də olmalı idi. Çünki İslam dini sonra gələn və daha yetkin bir səmavi din olduğundan insanlar bu dinə daha çox meyl göstərirdilər. İslam dinini qəbul etməyənlər isə Gebr qalasına qayıtmışlar. Həmin vaxtdan bu insanlara “gavurlar”, yəni İslam dinini qəbul etməyənlər, qalaya isə “Gavur” yəni dinsizlər qalası adı verilmişdir.

Əlbəttə mənə görə bu fikir həqiqətə daha çox yaxındır. Çünki qalanın qədim tarixə malik olması da bu fikrin doğruluğuna əsas verir.

Bilinmir tarixi, bilinmir yaşı,
Bir zaman göylərə ucalmış başı,
İndi qalmasa da daş üstə daşı,
Uzaq keçmişlərdən gəlir sədası,
Qədim bir qaladır Gavur qalası.

 

Əvvəllər Gebr olmuş qalanın adı,
Qorumuş şərəfi, şöhrəti, adı,
Bu yerə qoymamış heç zaman yadı,
Olmuş neçə dalan, dərin zağası,
Qədim bir qaladır Gavur qalası.

 

Uzaq bir zamanda tikmişlər bunu,
Mərdliklə qorumuş igidlər onu,
Dağlardan çəkmişlər bura suyunu,
Nə memarı bəlli, nə də ustası,
Qədim bir qaladır Gavur qalası.

 

İslamı yayanlar gəlmiş buraya,
İnsanlar onları almış araya,
İslamı sevməyən dönmüş qalaya,
Qoyulmuş o sözün burdan əsası,
Gebrə demişlər Gavur qalası.

 

Qala zəlzələdən batmış dərinə,
Kiçik bir təpəlik qalmış yerinə,
Çox çətindir bələd olmaq sirrinə,
Olmamış kimsənin burda xətası,
Qədim bir qaladır Gavur qalası.

 

Zaminəm, sirrindən çıxmayır başım,
Saçım ağarsa da yetməyir yaşım,
Sözünü söyləsin alim qardaşım,
Bilinsin tarixi, yaşı, əsası,
Qədim bir qaladır Gavur qalası.

Qaladan Araz sahillərinə doğru uzanan və Araz sahlində üzə çıxan yeraltı yol və bir neçə yeraltı dalanlar var imiş. Qaladan Araz çayına doğru uzanan həmin yeraltı yol vasitəsilə düş­mən qüvvələrinin arxasına keçməklə onlara ağır zərbələr endirirmişlər. Qalanın cənub tərəfdə bir giriş qapısı da var imiş. Qala üç dəfə müxtəlif vaxtlarda zəlzələlərin təsirinə məruz qala­raq yerin altına çökmüşdür. Əvvəlki dövrlərdə və hazırda qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan ox ucluqları, daş alətlər, sapand daşları, dəstər, dibək daşları və bəzi zinət əş­yaları qalanın yaşının 6 min ildən də o tərəfə gedib çıxdığını göstərir. Gavur qalasının yaxın­lığında bir karvansaray da var imiş. Bu karvansaray zəlzələ nəticəsində əyilmiş, buna görə də ona “Əyri” karvansaray deyirmişlər. Zaman keçdikcə bu karvansaray yerini də dəyişirmiş. Buna görə ona “Gəzən” karvansaray da deyirmişlər23.

Qalada və ətraf təpələrdəki qəbiristanlıqlar da o dövrə aiddir. Lakin bu qəbiristanlıqlarda rast gəlinən bəzi küplərin simmetrik formada düzülüşü və içərisinin boş olması çox maraq doğurur və çox güman ki, müəyyən məna daşıyır.

Şahtaxtı kəndi ərazisində ondan çox qəbiristanlıq vardır. Bunlardan üçü kəndin şərqində İydəli pir, Cin dərəsi və Gavur qalası yaxınlığında olub Nuh dövrünə, Şimal-şərqində Kazım gölünün və Gavur qalasının yaxınlığındakı qəbirisranlıqların birinin Zərdüşt dövrünə aid ol­ması güman olunur. O dövrə aid olan qəbirlərin bəzilərinin üstündə deşiklər, bəzilərində isə birindən digərinə yol vardır ki, bu da inanclara görə ruhların bir qəbirdən digərinə keçməsi üçün nəzərdə tutulmuşdur. Bəzi küplərin içində kül vardır ki, bu da meyidlərin yandırılması ilə bağlıdır. Bəzi mənbələrdə isə atəşpərəstlərin meyidi çöllərdə qoyaraq vəhşilər ətini yedik­dən sonra sümüklərini küplərə yığaraq dəfn etmələri göstərilmişdir. Atəşpərəstlər meyidləri yumurmuşlar. Qalan iki köhnə və təzə qəbiristanlıqlar həmçinin kəndin içərisindəki itən qəbi­ristanlıqlar İslam dövrünə aiddir. Təzə qəbiristanlıq 1918-ci ildə ermənilərin kəndə hücumun­dan sonra salınmışdır. Şahtaxtı yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı çoxlu boş küplərin tapılması da buranın çox qədim tarixə malik olduğunu göstərir. Bəs bu küplərin içi nə üçün boşdur. V.Rzayev bu boş qəbirlərə başqa prizmadan yanaşır. Onun fikrincə aparılan arxeoloji qazıntılardan əşyalar, şəhər ərazisi aşkar olunur. Amma o ərazidə yaşamış olan o əhalinin çox qədim məzarlıqları aşkar olunmur. Ancaq yaşayış sahəsi, şəhər qalıqları varsa, deməli o ərazidə əhali də mövcud olub. Qazıntı zamanı boş məzarların tapılması belə bir sual doğurur. Bəs buradakı meyidlər necə olmuşdur? Ehtimal ki, onlar çürümüş, ya da bu skeletsiz qəbirlər xatirə abidələri olmuşdur.

Elə mən özüm də belə qənaətdəyəm. Çünki 1975-ci il “Yer kürəsinin əhalisi” kitabında Həzrəti Adəmdən indiyədək Yer üzünə 79 milyard insanın gəlib-getməsi göstərilmişdir. Bu insanların sayını Yer kürəsinin quru sahəsinə, yəni 149 milyon km2-ə bölsək, onda Yer üzü başdan-başa qəbirlərdən ibarət olardı.

Beləliklə, 6-7 min ilə yaxın tarixə malik olan bu qalanın yerləşdiyi ərazi, qədim Azərbay­can torpağı olmaqla bərabər, Azərbaycanın qədim tarixini özündə əks etdirən, onu qoruyub saxlayan, onun öyrənilməsində çox böyük əhəmiyyət kəsb edən bir tarixi məkandır.

Kitabı yüklə

Zamin Seyid
“Şaxtaxtı” Kitabının 69 – 82 səhifəsi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.