Naxçıvana görə qisas: Şahtaxtinski öz başına 4 güllə “sıxdı”…

Print Friendly, PDF & Email

9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması günüdür. Düz 100 il öncə yaşı 7.500 olan Naxçıvan muxtar status alıb.

Bu gün mütləq yada salınmalı və Naxçıvanın Azərbaycan dövlətinin tərkibində qalmasında mühüm rolu olan, Naxçıvan mahalının qədim Şahtaxtı kəndində 1881-ci ildə anadan olmuş Behbud ağa Şahtaxtinski xatırlanmalıdır.

O, mürəkkəb zamanda – 1921-ci il martın 1-də Leninə məktub yazaraq Zəngəzur, Qarabağ və Naxçıvanın Azərbaycana məxsusluğunu sübut etməyə çalışan, hər cür əziyyətə qatlaşmağı bacaran diplomat və siyasi xadim idi.

Azərbaycan sovet hakimiyyətində Naxçıvan ərazisinin Ermənistan Sovet Respublikasına verilməsinə dair təşəbbüslər olmuşdur. Anastas Mikoyan və Levon Mirzoyan Naxçıvanın Ermənistana verilməsini tələb edirlər.

Bu təhlükəli işin reallaşacağını görən Azərbaycan İnqilab Komitəsinin üzvü və xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtinski heç bir icazə və razılıq almadan birbaşa Naxçıvana gələrək, burada əhali arasında Naxçıvanın Ermənistana verilməsi ideyasının əleyhinə və Azərbaycanın tərkibində qalması uğrunda təbliğat işləri aparmışdır. Yerli əhalini Naxçıvanın Azərbaycana məxsus ərazi kimi saxlanılması üçün referendum tələbi ilə çıxış etməyə təşviq etməsi və buna nail olması Behbud ağa Şahtaxtinskinin Naxçıvanı qoruyub saxlamaq sahəsindəki və sonralar burada muxtar respublikanın yaradılmasında mühüm iş idi.

Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan, S.Orconikidze hələ 1921-ci ilin iyununda Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar.

Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri Vladimir Leninə göndərdiyi 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və teleqramlarında, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilmiş səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri çatdırmış, təklif və mülahizələrini bildirmişdi. Məhz bunlar ermənilərin planını pozmuşdur.

Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Naxçıvan bölgəsinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil etməsi müqavilənin üçüncü maddəsində razılaşdırılmışdı. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi əhəmiyyətə malik oldu.

Behbud ağanın fəaliyyətinin ən əhəmiyyətli məqamlarından biri də Qars müqaviləsinin hazırlanmasındakı iştirakı, oradakı qətiyyəti və nümayəndəlik missiyasıdır.

Onun Ermənistana Naxçıvanın “itirilməsi” bahasına başa gəlmiş “özbaşınalığı” Moskvanın yadından çıxmamışdı. 1923-cü ildə Şahtaxtinski Azərbaycan hökumət başçısının birinci müavini vəzifəsindən azad olunur və Tiflisdəki Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvlüyünə təyinat alır.

1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi.

1924-cü il mayın 31-də isə Tiflisdə nəşr olunan “Şərqin şəfəqi” qəzetində Şahtaxtinskinin intihar etdiyinə dair məlumat yayılır.

Məlumatda bildirilir ki, o, naqandan öz başına 4 güllə sıxsa da, sağ qalıb, lakin xəstəxanada dünyasını dəyişib. Qəzet səhəri gün Şahtaxtinskinin ölümü ilə bağlı nekroloq da dərc edir. Mərhumla vidalaşma mərasimi keçirilmir. İstintaq aparan qrup sonradan sənədləri yoxa çıxardır. Bu günə qədər də tapılmır.

Ruslar və ermənilər onun ölümünə intihar donu geyindirməyə cəhd etsələr də, bir insanın öz başına dörd güllə sıxması faktı əsla real ola bilməzdi. Sonradan məlum olur ki, əsl qatillər onun başına 3 min qızıl pul qoyan Daşnaksütun Partiyasının üzvləridir və onlar da hadisədən sonra Fransaya köçüb gediblər.

Mənbə: https://axar.az/news/layiheler/830906.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.