Naxçıvan şəhər internat məktəbi 1961-2001

     2013-cü il 29 iyun tarixində Bakıdakı C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 1961-cı ildən 2001-cü ilədək Naxçıvan şəhərində fəaliyyət göstərən Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbin məzun və müəllimlərinin “Təhsilimiz və gələcəyimiz” mövzusunda görüşü-dəyirmi masası keçirildi…
“AqRa”EİDİB olaraq oxucuları  bu mövzu ətrafında müzakirəyə dəvət edirik…!     

     Tədbirin təşkilatçısı həmin məktəbin 1967-ci il məzunu “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin idarə heyətinin sədri Mirələkbər Seyidov toplaşanları səmimi salamlayıb uzun illərdən sonra bu görüşün doğurduğu xoş əhval-ruhiyyəni bölüşdü, vaxtilə internat məktəbin direktoru olan Muxtar Kəngərliyə, direktor müavini Əziz Qurbanova, tərbiyəçi müəllimə Ələviyyə Musayevaya, fizika-riyaziyyat müəlliməsi Qönçə Tarverdiyevaya, fransız dili müəlliməsi – şairə-dramaturq, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevaya, Azərbaycan dili-ədəbiyyat fənlərini tədris edən Zeynəb Hacıyevaya şagirdlərin dəvətlərini qəbul edib görüşə gəldikləri üçün minnətdarlıqlarını bildirdi.

        Bir dəqiqəlik sükutla dünyalarını dəyişmiş müəllim və onların yetirmələri yad edildikdən sonra məzunlar özlərini təqdim etdilər: Nazim Mahmudov, Əsgər Rəsulov, Mirzə Orucov, Nizaməddin Əliyev, Pərvanə Ağayeva, Əli Qəhrəmanov, Fazil Sadiqov, Yenisey Hacıyev, Mirələkbər Seyidov, Muxtar Paşayev , Yelmar Məhərrəmov, Əbdül Quliyev, Eldar Qurbanov, İsa Hətəmov, Kamal Qasımov, Meydan Bayramov, Hidayət Quliyev, Nazim Əliyev, Ələkbər Vəliyev, Əli Həsənov, Əbdürrəhman Pirəliyev, İslam Kazımov, Siracəddin Həsənov, Şamil Səfərzadə, Mirzə Əsgərov, Etibar Musayev, mərhum Fərrux Quliyevin oğlu Anar.

     İnternat məktəbə böyük bir zaman kəsiyində – 29 il rəhbərlik etmiş Muxtar Kəngərli təhsil ocağının mərhum pedaqoq İsa Məmmədovun ilk direktor olduğu dövrdən-1961-ci ildən yarandığını açıqlayaraq təhsil ocağının tarixindən, bu illər ərzində görülən işlərdən, şagird və müəllimlərin möhkəm intizamlarından, təhsilə, tədrisə göstərilən tələbkarlıqdan, məsuliyyətdən ətraflı bəhs etdi. Bildirdi ki, bəzən gecə 2-3-də internatda reyd keçirərkən bir çox şagirdlərin dərs hazırladıqlarını görürdü. Elə bunların nəticəsidir ki, məzunların əksəriyyəti yüksək qiymətlərlə ali məktəblərə daxil olub həkim, mühəndis, yüksək rütbəli hərbçi, müəllim və s. ixtisaslara yiyələndilər. Onların arasında təhsilini Moskva, Xarkov və digər şəhərlərdə davam etdirənlər də olub. Sonralar həmişə təhsil müəssisəsinə əksər məzunların xoş soraqları gəlirdi. Muxtar müəllim həmin illər qızıl, gümüş medallara layiq görülən məzunlar barədə də məlumat verdi.

      Qocaman müəllimlər Ələviyyə xanım, Qönçə xanım, Kəmalə xanım, Əziz müəllim öz təəssüratlarını bölüşüb xəyalən ötən illərə qayıtdılar. Həmin günləri yenə onlara yaşatdıqları üçün məzunlara minnətdarlıqlarını bildirib təşəkkür etdilər, bu görüşdən tükənməz enerji aldıqlarını açıqladılar. Nisbətən gənc, hazırda Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbdə çalışan Zeynəb xanım da ürək sözlərini dedi.

        Sonra məzunlar öz sevimli müəllimlərinə onlara çəkdikləri əziyyət üçün bir daha minnətdarlıqlarını bildirib ürəklərində bu əziz insanlara olan məhəbbətdən danışdılar. Bildirdilər ki, həyatda qazandıqları bütün uğurlara görə məhz bu insanlara borcludurlar. Şagirdlər öz müəllimlərinin şəxsi nümunəsindən çox şey öyrəniblər, hər zaman internatın təəssübünü çəkib onlara layiq olmağa, etimadlarını doğrultmağa çalışıblar.

      Şairə-dramaturq Kəmalə xanımın o illərdə məktəbin divar qəzetində getmiş və son dövrdə yazdığı şeirləri  oxunduqdan sonra o, öz kitablarından tədbir iştirakçılarına hədiyyə etdi. Məzunlar xanım müəllimələrə tər güllər bağışladıqdan sonra xatirə şəkilləri çəkildi. Bildirildi ki, bundan sonra da sıx-sıx belə görüşlər keçiriləcək.

      Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin məsul işçiləri və digər qonaqlar da iştirak edirdilər.    

Həmin tədbirdən görüntülər                                                                                           

Elman Əliyev: “Öyrətmənim” Müəllif haqqında qısa məlumat: Əliyev Elman İslam oğlu (11.01.1959-17.09.2011) Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın görkəmli, lakin sağlığında özünü dərindən tanımadığımız vətənpərvər ziyalılarımızdan biridir. Ssenari: Məhərrəm Zaman, Montaj: İlham Zamanov,Kamil Məhərrəmoğlu Mətni oxudu: Azərbaycan Respublikasının xalq artisti Telman Əliyev

 Naxçıvan şəhər internat məktəbi müəllimlərinin
məzunların bir qrupu ilə görüşündən video görüntülər

İradə Əsədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir