Müqəddəs kitabımızın uzaqgörənliyi

Print Friendly, PDF & Email

Hər gün öz iş otağıma keçəndə özümə söz verirəm ki, daha qəzetlər üçün məqalə yazmayacağam. Amma haçansa müxtəlif kitablardan götürdüyüm rəngi saralmış qeydlərimi cırıb atmaq istəyəndə düşünürəm ki, bu məlumatları əldə etmək üçün oxucularım onlarla kitabı vərəqləmilidirlər.

Bu dəfə sizə Bermud üçbucağından, suları acı və şirin olan dənizlərdən danışmaq istəyirəm.

İslam dininin müqəddəs təməl kitabı Qurandır. “Quran” sözünün mənası “oxumaq, tələffüz etmək” deməkdir. Bu din İslam (itaətetmə) adlanır. Bu dinin meydana gəlməsi Məhəmməd peyğəmbər (s.ə.s) adı ilə bağlıdır və bizim eranın 610-cu ilindən təbliğ olunmağa başlanmışdır. Bu dini qəbul edənlər müsəlman adlanırlar. Peyğəmbər (s.ə.s) yeni dini Məkkə şəhərində çətinliklə yayırdı. Maneələri aradan qaldırmaq məqsədi ilə və məcburən, Məkkəlilərin dözülməz təkidi altında 622-ci ildə Peyğəmbər (s.ə.s)  Məkkədən Mədinəyə köçdü. Bu hadisə hicrət adlanır. Hicri tarixi də (hicrət-köçmək, getmək) həmin ildən başlayır.

35 Fatir sürəsi. “Yaradanın” ikinci adı “Mələklər”dir. Məkkədə nazil olmuşdur.

Ayə 12. İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən) digərininki isə həddən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyib, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardarsınız. Allahın lütfündən və nemətlərindən ruzi axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsünüz.

55 Ər-rəhman sürəsi (“Rəhmli olan Allah” sürəsi. Məkkədə nazil olmuşdur.)

Ayə 19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).

Ayə 20. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).

18 Əl-kəhf sürəsi (“Mağara” sürəsi, Məkkədə nazil olmuşdur).

Ayə 60. (Ya Məhəmməd!) yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolaşmayınca (bu səfərdən geri dönməyəcəm!”

Əl-Furqan (fərqləndirmə sürəsi. Məkkədə nazil olmuşdur).

Ayə 53. Birinin suyu çox şirin, digərinin isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmaması üçün) maneə və keçilməz sədd qoyan Odur!

Mən, yaradıcılıqla məşğul olan şəxs, bir su mühəndisi kimi, yuxarıda adlarını çəkdiyim və qeyd etdiyim təbiət hadisələri ilə çox maraqlanıram. “Qurandakı elmi sirlər” kitabını, “Cəzirətül xəzra və ya Bermud üçbucağı” kitabını oxumuşam və müqəddəs kitabda su, torpaq, dağlar, dənizlər haqqında olanları dəfələrlə nəzərdən keçirib zəlzələ haqqında maraqlı və məzmunlu bir kitab tərtib etmək məqsədi güdmüşəm. Kitabım hazırdır və hələlik maliyyə problemlərinə görə işıq üzü görə bilmir…

Ancaq bu sahədə bir çox ədəbiyyatı, mətbuatı izləyən zaman əldə etdiyim materialları sizin nəzərinizə çatdırmaq istərdim.

 

Bermud üçbucağı

Bermud üçbucağı adlandırılan bölgədə indiyə qədər sayı dəqiq bilinməyən çox müəmmalı hadisələr yaşanıb və bunlardan geriyə tək bir iz belə qalmayıb. Sözü gedən bölgədə bu günə qədər 30-a yaxın təyyarə və 8 gəminin batdığı bildirilir. Mütəxəssislər Atlantik okeanında ABŞ cənub-şərq sahillərində gəmi və təyyarələrin itkin düşmə səbəbini araşdırmağa davam edirlər. Bu hadisələrin yaşandığı yerlərə sərhəd çəkildiyindən üçbucaq meydana gəlir. Üçbucağın küncləri Bermud, Floridadakı Mayami və Puerto-Riko adalarının payına düşür.

Bermud üçbucağı Atlantik okeanın ən qərb nöqtəsində, Karib dənizinə girişdə və Qolfstrim su cərəyanının üzərində bərqərardır.

Əvvəllər alimlər etiraf edirdilər ki, Atlantik okeanının bu məntəqəsində baş verən hadisələr “pərdə arxasında gizli qalıbdır” və heç kəs onun elmi izahını verə bilməyib. Hətta bu məntəqəni “İlahi üçbucaq” adlandıranlar da tapılırdı.

Hər zaman kütləvi informasiya vasitələrində “Bermud üçbucağı” adı geniş şöhrət qazanaraq digər adları kölgədə qoymuşdur.

Atlantik okeanının bir məntəqəsində gəmilərin və təyyarələrin başına gələn hadisələr o qədər maraqlı və sirli idi ki, eşidənlər onları əfsanə adlandırırdı. Çünki, heç vaxt belə hadisələr dünyanın digər yerlərində baş verməyib. Ona görə də dünyanın elmi dilində bu məntəqə “bermud üçbucağı” kimi şöhrət tapmışdır.

İrəli sürülən mülahizələrdən biri yadplanetlilər tərəfindən yaradılmış maqnetik sahə ilə bağlı iddiadır. İddialara görə, hətta Xristafor Kolumb tutduğu gündəliklərdə, o bölgədə səmada uçan və təyin olunmayan cisimlərdən bəhs edib.

Mövzu ilə bağlı sonuncu araşdırmalarımın nəticələri isə göstərib ki, bu sirli hadisələr əslində bir təbii qaz kütləsinin təsirinə bağlıdır.

Yer altından fışqıran təbii qazlar, həmçinin dəniz və okean dibindən də çıxırlar. Çox dərinliklərə dala bilən robot kameraların bu bölgədə batmış bəzi gəmi dağıntılarını lentə aldıqdan sonra mövzuya belə bir elmi şərh verilib:

“Bu bölgə “Kulf Stream” adlandırılan isti su axınının keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən qaz kütləsi əriyir və sudan yüngül olduqları üçün səthə doğru yüksəlməyə başlayırlar. Bu zaman döşəmədən səthə qədər suyun sıxlığı azalır. Həmin anda aradan keçən nə varsa, dərin bir quyuya düşmüş kimi sürətlə okeanın dibinə gedir. Çünki sıxlığa düşən su gəmiləri qaldırma qüvvəsinə malik deyil. Qazın yüksəlməsi sona çatdıqda sıxlıq təkrar əvvəlki halına dönür və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərlə dərinlikdə batmış olur.”

Bilirik ki, gəminin suda olan hissəsinin sıxışdırdığı suyun çəkisi, gəminin yüklə birlikdə havadakı çəkisinə və ya birlikdə gəmiyə təsir edən ağırlıq qüvvəsinə bərabərdir.

Təyyarələrin də gəmilər kimi, itkin düşərək yox olması da eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar havadan da yüngül olduqları üçün yüksəlməyə davam edir. Bu dəfə sıxlığın azalması bölgənin üzərindəki atmosferdə meydana gəlir. Oradan təsadüfən keçən təyyarənin mühərriki dayanır. Çünki mühərrikdəki təyyarə yanacağının yanması üçün oksigenə ehtiyac var və aşağı sıxlıqlı havanın tərkibindəki oksigenin miqdarı mühərrikin çalışması üçün kifayət etmir. Beləcə təyyarə də gəmilər kimi sürətlə okeanın dibinə doğru gedir.

 

Suları şirin və acı olan dəniz…

Atlantik okeanı sahəsinə görə ikincidir (93 milyon km2 ). Orta dərinliyi 3600 km-ə yaxındır. Okeanın ən dərin yeri isə Puerto-Riko çökəkliyidir (8742 m).

Dünyada ovlanan balığın 40%-ə qədəri Atlantik okeanının payına düşür. Okean sahilində 70 dövlətin olması, neft və neft məhsullarının çox daşınması, sahillərində böyük sənaye şəhərlərinin və müəssisələrinin olması okeanın çirklənməsinin başlıca səbəblərindəndir.

Dünyanın əsas kurort-turizm mərkəzlərindən biri Aralıq dənizi – Atlantik okeanı sahillərində yerləşir.

“Okean” adı mifik okean çayının adındandır. Mədəniyyətin başlanğıcı əsrində Babilistanlıların və Misirlilərin təsəvvürlərinə görə bu çay qurunun yastı diskini əhatə edirmiş. Gəmiçilik inkişaf etdikcə məlum oldu ki, materikləri çay əhatə etmir. Buna baxmayaraq okean adı yenə qaldı.

Dəniz-okeanın quru sahəsi, yaxud sualtı relyef yüksəklikləri ilə qismən ayrılan hissəsidir.

Dünya okeanının səviyyəsinin dəyişməsi, hər şeydən əvvəl, qədim geoloji dövrlərdən indiyə qədər okeanlarda suyun həcminin artması ilə, tərəddüdü isə iqlimin ritmik tərəddüdləri (soyuması və istiləşməsi) ilə əlaqədardır.

Hələ pleystosendən çox əvvəllər Antraktidada və Qrenlandiyada örtük buzlaqlarının yaranması prosesində Dünya okeanının səviyyəsi 70 m aşağı düşmüş, Aralıq dənizi Atlantik okeanı ilə əlaqəsini itirmişdir.

Bu proses geoloji vaxt etibarı ilə çox davam etməsə də, Aralıq dənizində güclü buxarlanma getmiş, onun duzluluğu həddən ziyadə artmış və dənizin dibində çox qalın (2-3 km və daha artıq) duz qatı toplanmışdır. Belə güman edilir ki, elə o zaman (5-5.5 mln il əvvəl) Aralıq dənizinin səviyyəsi 1500 m aşağı düşmüş, ora tökülən böyük çaylar (Nil, Roa) öz mənsəblərini dərinləşdirmiş, çox dərin (1000-1500 m-ə qədər) dik yamaclı dərələr yaratmışdır. Sonralar dənizin səviyyəsinin bərpası prosesində bu dərin dərələr əsasən çay gətirmələri ilə dolmuşdur.

Burada oxucunun fikrini çox mühüm və əhəmiyyətli məqama yönəltmək istəyirik. Belə ki, Atlantik okeanı, Amerika qitəsi XIV əsrdə kəşf olunmuşdur. Quranda isə ondan 800 il əvvəl bu elmi məlumat verilmişdir. Quranda yazılanları alimlər bu yaxınlarda kəşf edə bilmişlər. Buna suyun hərarətini, duzunu, sıxlığını müəyyən etməyə imkan verən müasir cihaz və avadanlıqların köməyi ilə nail olmuşlar.

İnsan gözü iki dənizi (Atlantik okeanı və Aralıq dənizi), onların qovuşduğu yerdə görməyə, fərqləndirməyə qadir deyil. Əksinə onlar bizə bir dəniz kimi görünür.

Müasir elm sübut edir ki, doğrudan da iki dənizin bir-birinə qovuşduğu yerlərdə onları bir-birindən ayıran sədlər vardır. Bu sədlərin sayəsində dənizlər suyun hərarəti, duzluluğu, sıxlığına görə bir-birindən fərqlənirlər. Məsələn, Aralıq dənizinin suyu isti və duzludur, sıxlığı isə Atlantik okeanı suyunun sıxlığından azdır. Aralıq dənizinin suları Cəbəlüttariq sualtı dağ silsiləsinin üstündən keçib Atlantik okeanına tökülür.

 

Qurani Kərim dənizlər haqqında

Bu haqda Quranda deyilir:

“Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qovuşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur”!

“(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). “

Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).”

Bu sular 1000 metrə yaxın dərinlikdə bir neçə yüz kilometr məsafədə okeana yayılır. Bu zaman Aralıq dənizinin suyu öz hərarətini, duzluluğunu, sıxlığını saxlayır, hətta belə bir dərinlikdə Aralıq dənizinin suyu öz keyfiyyətlərini qoruyub saxlayır.

Dalğalara, güclü axınlara, daimi qabarma və çəkilmələrə baxmayaraq okeanın suları qarışmır və birləşmir. Qəribədir, çox qəribə.

 

Eldar Qarqarçay

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.